Türkiyədə zaman kimin xeyrinə işləyir? Sürpriz nəticələrlə bitən seçkilərdə uğur qazanan hansı partiyaların koalisiya hökuməti qurulacaq? Qurulmasa, erkən seçim müxalifətin, yoxsa hakim partiyanın maraqlarına uyğundur? Türkiyəni yeni mərhələdə nələr gözləyir?
Hazırda bu suallar ətrafında qardaş Türkiyədə baş verən prosesləri izləyən bütün dairələrdə geniş müzakirələr gedir. Situasiya kifayət qədər mürəkkəbdir. çünki siyasi qüvvələrin mövqeləri, platformaları uzlaşmadan xeyli uzaq görünür. Eyni zamanda hər bir partiyanın erkən seçim təlaşı var, uzlaşma olmasa, xalq buna necə təpki verəcək?
AKP, CHP, MHP və HDP-nin hər biri fərqli siyasi cərəyanları təmsil edir. 13 illik müxalifət dönəmində bu siyasi qüvvələrdən ikisi yalnız prezident seçkisində ortaq möqedən çıxış edə bilib. HDP milliyyətçilər tərəfindən separatçı, bölücü qüvvə kimi tamamilə inkar olunur, CHP isə zaman-zaman ondan AKP-yə qarşı siyasi alət kimi yararlanmağa çalışıb.
Uzun müddət iqtidarda olan AKP bu seçkilərə Türkiyə siyasi sistemini birmənalı şəkildə dəyişmək hədəfi ilə qatılmışdı. Hakim partiyanın lideri R.T.Ərdoğan ümumxalq seçkisi ilə prezident olduqdan sonra özünün hakimiyyətini nominallıqdan çıxarmağa çalışır. Parlamentar sistem AKP iqtidarı dövründə ona problem yaratmayıb. Amma koalision hökumət, yaxud AKP-nin müxalifətə keçməsi Ərdoğan üçün böyük risklərə yol açır. çünki müxalifət onu korrupsiyada, cinayətlərdə, seçkilərə qanunsuz müdaxilədə ittiham edir. Bu səbəbdən hakim partiya koalision hökumət qurmaq üçün əsas şərtlərini bu cür şəkilləndirdi:
1. “Paralel dövlət”ə güzəşt oluna bilməz: 17-25 dekabrda çevrilişə cəhd edən, dövlətin kapillyar damarlarına sızan “paralel dövlət” “milli təhlükəsizliyə təhdid” olaraq qəbul edilib. Koalisiya necə qurularsa “paralel dövlət” xəyanətinin cavabını verəcək, dövlətin içindəki əlaqələri təmizlənəcək.
2. “Həll prosesi” davam edəcək: AKP səslərin düşməsini gözə alaraq, hökumətlə PKK arasındakı “həll prosesi”nin arxasında dayandı. “Həll prosesi” bundan sonra da davam edəcək.
3. Ərdoğanın leqallığı şübhəsizdir: İlk dəfə 52 faiz xalqın səsini toplayaraq seçilən prezident Rəcəb Tayyib Ərdoğanın leqallığı mübahisəolunmazdır. Prezident və parlament seçkilərini müqayisə etmək isə yanlışdır.
Şərtlərdə birmənalı şəkildə Ərdoğanın leqallığı və seçkilər zamanı fəaliyyətinin müzakirə olunmaması tələbi qoyulur və bu, AKP-nin yuxarıda qeyd olunan əndişəsini göstərir.
AKP-nin digər şərtlərinə gəldikdə, “paralel dövlətə qarşı mübarizənin davam etdirilməsi” CHP-nin strategiyası ilə ziddiyyət təşkil edir. Hökumətin Fətullah Gülən tərəfdarlarına qarşı basqıları daim Klıçdaroğlunun əsas tənqid hədəfi olub. AKP-nin bu vazkeçilməz tələbi üzərində ana müxalifətlə anlaşması çətin görünür.
Hakim partiyanın HDP ilə əməkdaşlığı nəzərdə tutan kürd separatçıları ilə “çözüm sürəci”nini davam etdirilməsi şərti isə MHP-nin siyasəti ilə kəskin ziddiyət təşkil edir. Milliyətçilər əvvəldən bu prosesi sərt şəkildə tənqid edir, Ərdoğanı ölkənin milli təhlükəsizliyinə zərbə vurmaqda ittiham edir.
AKP-nin bu 3 maddəsindən yalnız HDP ilə koalisiya hökuməti mümkün görünür. Amma kürdlər birmənalı şəkildə AKP ilə hökumət qurmayacaqlarını bəyan edirlər.
MHP-nin koalisiya üçün təməl şərtləri bunlardır:
1. Prezident idarəetmə üsuluna keçilməsi fikrindən imtina və parlament sistemi ilə davam etmək;
2. Türk şəxsiyyəti və unitar dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı konstitusiyaya heç bir dəyişikliyin edilməməsi;
3. 17-25 dekabr əməliyyatı (2013-cü il) zamanı adı rüşvətə qarışan şəxslərin məsuliyyətə cəlb edilməsi;
4. PKK ilə danışıqlardan imtina edilməsi.
Milliyyətçilər prosesin gedişindən AKP və ya CHP qədər narahat görünmürlər. Onların bütün şərtləri hakim partiya ilə ortaq hökumət qurulmasını əngəlləyir. Əminliklə demək olar ki, MHP heç bir halda hökumət formalaşdırılmasında iştirak etməyəcək. Doğrudur, CHP Ərdoğanı prosesləri yenidən öz maraqlarına istiqamətləndirəcəyindən ehtiyat edərək, MHP-ni dilə tutmağa çalışır. Solçular AKP-siz hökumət təklif edir ki, formatda HDP-nin yer alması milliyyətçi partiyanı qətiyyən razı sala bilməz.
Hazırda AKP ilə sürəkli dialoq içərisndə olan ana müxalifət partiyası CHP-dir. Klıçdaroğlunun fəallığının bir neçə səbəbi var. Onları şərti olaraq belə sıralamaq olar:
1. CHP müxalifətdə olsa da, seçkilərdə böyük səs itirdi. Kılıçdaroğlunun seçki kampaniyası cəlbedici iqtisadi proyektlər, əhaliyə müxtəlif vədlər üzərində qurulsa da heç bir faydası olmadı. Partiya lideri Klıçdaroğlu səs itirəcəkləri təqdirdə istefa verəcəyi barədə bəyanatını da nəzərə alsaq, ana müxalifətin narahatlığını anlaya bilərik.
2. CHP və AKP ilə müzakirələrdə olmaqla bərabər, digər iki partiyaya koalisiya qurmaq təklif edir ki, erkən seçim gündəmə gələrsə, xalq qarşısına avantajla çıxsın. Yəni “mən səslərimizin hədər getməməsi üçün çaba göstərdim, amma alınmadı”…
3. CHP erkən seçimdən ən çox ehtiyatlanan partiyadır. Kamal Kılıçdaroğlunun liderliyi ilə keçilən iki mərhələdə heç bir uğur əldə olunmayıb. Son seçkidə xalqın bu partiyaya inamının azaldığı ortaya çıxdı və bunun əsas səbəbi xarici dairələrlə gizli işbirliyi barədə ittihamlardır. Ərdoğanın “paralel dövlət”ə qarşı mübarizəsində həmişə CHP-yə yüklənib və bu əks-təbliğat türk seçicisinin mövqeyinə təsir edib. Ona görə də CHP-nin AKP ilə koalision hökumət qurmaqda marağı ola bilər.
AKP-yə gəldikdə, seçkilərdə böyük zərbə alan hakim partiya dilemma qarşısında qalıb: erkən seçim, yoxsa CHP ilə ortaq hökumət? İki partiya üzlədikləri çətin durum səbəbindən qarşılıqlı güzəştlərə gedə bilərlər. Amma bundan kim faydalanacaq? Ana müxalifətlə koalisiyada olmağın kifayət qədər ağır şərtləri var. 13 ildir rahat idarəetməyə öyrəşmiş AKP-nin CHP-nin qılıncını boynunun ardında hiss etmək rahat deyil. Amma hakim partiyada da CHP-nin ağır durumunu dəyərləndirirlər, əgər orta hökumət yaranarsa, Kılıçdaroğlu da kifayət qədər ağır şərtləri qəbul etməlidir.
Ərdoğan erkən seçim variantını kənara qoymayıb. Amma bu prosesə elə bir halda getmək istəyir ki, koalisiya hökumətinin alınmamasının məsuliyyəti müxalifət partiyalarının üzərində qalsın. Ona görə prezident və Davudoğlunun mövqeyi üzdə kifayət qədər uzlaşdırıcı görünür. Ərdoğan bildirib ki, hətta 3 partiyanın hökumət qurmasına da qarşı deyil. Bununla cəmiyyətə AKP-nin dövlətçi, barışdırıcı mövqeyi göstərilir. Amma reallıqda müxalifətin hökumət qurması üfüqdə də görünmür. 45 günlük müddətdə Türkiy
ə iqtisadiyyatında cərəyan edəcək proseslərin də erkən seçim qərarına ciddi təsiri olacaq. İqtisadi durğunluq, lirənin daha da ucuzlaşması, şirkətlərin dəyər itirməsi baş verərsə, bu, AKP-ni təkrar seçkilərə getməyə daha da ürəkləndirəcək. Bu zaman AKP liderlərinin Türkiyə cəmiyyətinə deməyə sözü var: tək partiyalı iqtidarın olmaması ölkəni istiqrarsızlığa sürükləyir, tək çarə AKP ilə yola davamdır.
Proseslərdə HDP-nin mövqeyinə gəlincə, kürdlər böyük qələbəni ortaya çıxaran qüvvələrin mövqeyini nəzərə almaq məcburiyyətindədir. HDP-nin parlamentə düşməsi birmənalı şəkildə Ərdoğanı zəiflətmək istəyən xarici dairələrin istəyi ilə baş verib. ölkəboyu əşirətlər, tayfalar, milli azlıqlar bir araya gətirilib, bu camiələrdən vaxtilə AKP-yə gələn səslər HDP-yə verilib. Türkiyə siyasi sistemində indi xarici əllə idarə olunan çox böyük qüvvə formalaşıb. İstənilən hakimiyyət koalisiyası onun mövqeyini nəzərə almağa məcburdur. Əks halda, biz Türkiyənin iri şəhərlərində hökumət binalarının qarşısında tez-tez çoxminlik mitinqləri izləyəcəyik…
Tuqay Kərimli
Strateq.az