XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 09:16

İki liderin Bakı görüşündə şok olaylar – Ərdoğan kimə və niyə qəzəblənib?
“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminin səhərisi gün Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ilə başladı. Amma hər şey dramatik alındı.
Strateq.az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovun reportajında deyilir.
Məqalədə deyilir ki, Putin Ərdoğanın qaldığı “Four Seasons” otelinə gəlməli idi.
Bir anlığa Ərdoğan Türkiyənin xarici işlər naziri Mövlud çavuşoğlu və öz ölkəsinin nümayəndə heyətinin daha bir neçə üzvü ilə ikinci mərtəbədəki geniş danışıqlar otağında göründü.
Bu, yumşaq desək, gözlənilməz idi. çünki hələ nəinki Putin, heç Rusiya nümayəndə heyətindən də heç kim gəlməmişdi. Ərdoğan, yəqin ki, həmkarını tapmaq üçün ətrafa göz gəzdirdi. Amma onu tapmadığı üçün qaşqabağını tökdü.
Bu, adi hadisə deyildi. Bu, protokol qaydalarının, özü də görünür, türklərinkinin iflası idi. Türkiyə protokol xidməti öz prezidentini danışıqlar otağına çağırır, Rusiya prezidenti isə hələ heç qaldığı oteldən də çıxmayıb. Yaxud da ola bilər ki, onlara lazımi siqnal verilməyib. Yoxsa onlar nəyə görə çağırmalı idi ki?!
Nəticədə belə mənzərə yarandı: Türkiyə prezidenti ətrafa göz gəzdirir, Putin isə nəinki sadəcə olaraq gecikmir, o, hətta heç yerə getməyə hazırlaşmır. Amma gələn kimi, çıxıb getmək də qəribə görünərdi.
Və birdən, belə demək mümkünsə, xilaskarlar – Rusiyanın xarici işlər naziri Sergey Lavrov və “Qazprom”un rəhbəri Aleksey Miller iti addımlarla otağa daxil oldular. Onların dalınca “Rosatom”un rəhbəri Sergey Kiriyenko və energetika naziri Aleksandr Novak da gəldilər.
Lavrov dərhal Ərdoğana yaxınlaşdı. Ərdoğan onunla salamlaşdı, amma gülümsəmədi. Heç etika xatirinə də…
Cənab Lavrov Ərdoğanla fəal söhbətə girişdi. Belə görünürdü ki, Türkiyə prezidentinin ona cavab verib-verməməsi rusiyalı nazirdən ötrü əsas məsələ deyildi. Amma Türkiyənin xarici işlər naziri baş verənlərə maraq göstərirdi. çavuşoğlu söhbətə qoşulub nələrisə əlavə edir, ümumiyyətlə, diqqəti özünə çəkmək istəyirdi. çavuşoğlu Türkiyənin Krımın ilhaqını tanımadığını və heç vaxt da tanımayacağını dəfələrlə bəyan edən adamdır. Ola bilsin ki, o, bunu Lavrova bir daha xatırlatmaq istəyirdi. Yoxsa çavuşoğlu, nəhayət, nəyə görə Lavrovla kənara çəkilməli və söhbəti ikilikdə davam etdirməli idi? Söhbət zamanı çavuşoğlu tez-tez gülür, həmkarının çiyninə vururdu. Elə görünürdü ki, türk nazir öz şefini unutmuşdu. Ərdoğanın isə əsəblər dözmədi və o, iti addımlarla otaqdan çıxdı.
Vəziyyət artıq tamamilə qalmaqallı kimi görünürdü.
İki azərbaycanlı xidmətçinin sakitliyi isə heyrətamiz idi. Onlar, təxminən, üç dəqiqədən sonra salona dəyirmi masa gətirdilər, onu iki kreslonun arasına yerləşdirdilər. Sonra isə, görünür, nəyisə düz eləmədiklərini başa düşüb gətirdiklərini də geri apardılar.
Birdən Ərdoğan gözlənilmədən və bu dəfə başqa bir qapıdan içəri girdi. Dəhşət içində belə düşünmək olardı ki, o, sonra yenə çıxacaq. Doğrudur, əvvəlcə Lavrov gəlməli, Türkiyə prezidenti ilə bir-iki kəlmə danışmalı və çavuşoğlu ilə bir tərəfə çəkilməli idi. Yəni Ərdoğanın hələ 5-7 dəqiqəsi var idi…
Lakin hər halda cəmi 3 dəqiqədən sonra Putin gəldi. Ərdoğan Putini qarşıladı, əlini sıxdı, başını yellədi, amma dodağını da tərpədib bir söz demədi. Ərdoğan dərhal da kresloya oturdu. Görünür, əlavə heç bir söz deməyə hazırlaşmırdı. Heç Rusiya prezidenti də tələsmirdi.
Beləliklə, onlar jurnalistlərin, ən əsası isə bir-birinin iştirakı ilə heç bir söz demədən, kəlmə də kəsmədən bir neçə dəqiqə oturdular.
Putin mətbuat katibi Dmitri Peskova işarə verə və jurnalistlərdən dərhal otaqdan çıxmağı xahiş edə bilərdilər. Amma Rusiya prezidenti bunu etmədi. Görünür, Putin heç bir diskomfort hiss etmirdi.
Türkiyə prezidentinin isə əsəbləri dözmədi. O, jurnalistlərin getməyəcəyini başa düşdü. Qəfildən dedi ki, Avropa Oyunlarının açılış mərasimi çox xoşuna gəlib, amma burada Avropa İttifaqı liderlərindən heç kim iştirak etməyib.
Ərdoğanın niyə məhz belə dediyi aydın deyil. Görünür, onda hamısı üst-üstə yığılmışdı (o cümlədən, başqa şəraitdə heç vaxt dilinə gətirməyəcəyi bu müşahidəsi də).
Putin buna çox qəribə şəkildə reaksiya verdi: “Eybi yox! Əvəzində Türkiyə Avropa İttifaqına üzvlüyünə namizəd kimi bütün Avropa İttifaqını təmsil edir”.
Bu da kobud alındı. Axı aydındır ki, bu məsələ neçə illərdir Aİ üzvlüyünə namizəd olan bir ölkənin prezidentindən ötrü necə ağrılı məsələdir.
– Biz bu prosesin içindəyik… – Ərdoğan dilucu dilləndi.
Bununla mübahisə etmək çətin idi. Bütövlükdə həmsöhbətlər bir-birinə uyğun idi.
Bundan sonra görüş bir saatdan çox davam etdi. Ərdoğan “Türk axını”nın tikintisində iştirak etmək niyyətində olduqlarını təsdiqlədi. özü də əvvəl razılaşdırdıqları müddətdə…
Bu görüş onların hər ikisindən ötrü, görünür, çox vacib imiş.
Ərdoğan bunu özü istəməsə də, yumşalacaqdı. çünki onların ikisi də heç-heçəyə məhkumdur…