XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 06:54

Amerikanın Avropadakı nüfuzunu bərpa etmək olarmı? – Təhlil

Mən son zamanlar bir neçə dəfə – biçimlənmiş sxem haqqında danışmağa bəs edincə – Avropanın haralarındasa qızğın diskussiyaların iştirakçısı olmuşam. Bu, Rusiya, Liviya və Yunanıstandaklı iqtisadi böhran haqda söz açıldığı konfrans və yaxud nahar da ola bilər. Lakin hansısa bir anda söhbətə qatılanlardan biri təəccüblə dedi: “Məgər qəribə deyil: biz ABŞ-ı heç bir dəfə də yada salmadıq!” Qalanları razılaşdılar: “Bəli!” və bu, olduqca təəccüblüdür! Həm də müzakirənin mövzusu dərhal dəyişdi.

Müxtəlif eskspertlər bizə fərqli şərhlər təqdim etsələr də, bu gün artıq heç kimin şübhəsi yoxdur ki, Amerika dünyanın başqa bölgələrinə aludə olduqca onun Avropadakı nüfuzu zəifləyir.

Bəziləri hesab edirlər ki, ABŞ-ın bu qürubunun başlanğıcı 2003-cü il İraq müharibəsi və həmin müharibəni başlayan kiçik Buçun idarəçilik dönəmi oldu. Avropa ölkələri ABŞ-ı müdafiə edib-etməmək məsələsində məhz onda iki yerə bölündü. ABŞ-ı dəstəkləyənlər sonradan ağır bədəl ödədi. Şübhəsiz ki, Toni Bler İraq kampaniyasına qatılma qərarından sonra özünə gələ bilmədi və Böyük Britaniyanın indiki zəif xarici siyasəti qismən həmin müharibənin nəticəsidir.

Başqaları da yetərincə əsaslı dəlilıər gətirməklə ABŞ-ın indiki administrasiyasını ittiham edirlər. Prezident Obamanın Suriyada öz “qırmızı xətt”inin üstündə durmaq bacarıqsızlığı və İŞİD-lə mübarizədə dəqiq strategiyasının olmaması onun Yaxın Şərqdəki durumla maraqlanmasına prinsipcə şübhələr oyadır.

Eyni problem Rusiya məsələsində də mövcuddur. Belə ki Rusiyanın Baltikyanı və Skandinaviya, həmçinin Ukraynadakı manevrləri və qəribə tərzdə nikbuin davranan Ağ Evə görə son dərəcə kəskin qiymətləndirmə ilə çıxış edən NATO-nun hərbi liderləri arasında qəribə təfriqə müşahidə olunur. Hələlik NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı general Filipp Bridlav “qisasçı Rusiya” haqda xəbərdarlıq edir.

Obama laqeydcəsinə Rusiyanı heç bir ciddi təhlükə yaratmayan “bölgə dövləti” adlandırır.

Təbiətdə vakuum ola bilməz və bu cür passivlik və qətiyyətsizlik prezident postuna iddialı bir yığın Amerika siyasətçiləri üçün asan hədəf ola bilər. Respublikaçılar artıq qət ediblər ki, xarici siyasət seçkilərdə ciddi zərbə hədəfi olacaq. Ceb Buş isə bu həftə Almaniyada Vladimir Putini “kimsədən cavab almayınca dediyini yeridəcək qəddar praqmatik” adlandırdı və Qərb alyansının dirçəldilməsinə çağırdı. Marko Rubio da “Amerikanın qüdrəti”ni və dünya lideri statusunu bərpa etməyi tələb etdi.

çox güman ki, Hillari Klinton da tezliklə Obamanın birinci və ikinci müddətləri arasında diqqətlə fərq axtarmağa başlayıb tənqidi çıxışlara başlayacaq.

Bütün bunlar çox yaxşıdır, lakin nə qədər qətiyyətli görünsə də, “hazır olmaq haqda” heç bir açıqlama əsas problemi aradan götürmür. Sərt bəyanatlarla çıxış etmək kifayət qədər asandır, amma növbəti prezidentin əsas vəzifəsi ritorika sahəsi ilə məhdudlaşmayacaq. Əgər növbəti prezident həqiqətən də Qərb lideri statusunu ABŞ-a qaytarmaq istəyirsə, istənilən prezident – o cümlədən indiki, çünki onun ehtiyatda hələ iki ili var – alyansda və onun bütün institutlarında radikal şəkildə islahat aparmalıdır ki, Buşla Obamanın irsini tamamilə qaydaya salsın. İndi 1979-cu il deyil və reyqanizmin dirçəldilməsi baş tutmayacaq: müttəfiqlər ABŞ-ın davakarlığına elə onun qətiyyətsizliyi qədər şübhə ilə yanaşır.

Bu prosesin başlanğıcı üçün ən uyğun məqam NATO-dur. Qərar qəbul etmək üçün alyansa yaxşı nizamlanmış prosedur, həmçinin təhlükə təhdid edən şərq tərəfdaşlarını müdafiə etməkdən ötrü qəti əzmkarlıq tələb olunur. Lakin Qərbin üzləşdiyi problemlər hərbi sahədən kənara çıxır. Bizə yeni təhdidlərlə mübaizə aparmağı bacaran yeni institutlar lazımdır. ABŞ növbəti onillikdə artıq indi yeni səviyyəyə qalxmış kompüter casusluğu, həmçinin siyasi debatlarımızın gedişinə effektli şəkildə təsir etməyi və hərc-mərclik yaymağı öyrənmiş Rusiya, çin və başqa ölkələrin dezinformasiya kampaniyaları haqda beynəlxlaq müzakirənin liderliyini öz üzərinə götürməlidir.

Amerika Qərbin daha zəif ölkələrinin siyasi müstəqilliyinə əngəl olan beynəlxalq korrupsiya ilə mübarizədə müttəfiqlər tapmalıdır. Ədliyyə nazirliynin FİFA-nın ünvanına ittihamları yetərincə maraqlı nümunə oldu: bütün dünya üzrə oliqarxları, həmçinin onların qərbli tərəfdaşlarını varlandıran pulların yuyulması sxeminin araşdırılmasına niyə bu cür enerji sərf etməyək?

Güman edirəm ki, istənilən namizəd üçün başlıca məsələ bunlardır: NATO-da islahatlar və güclənmə, transmilli korrupsiya və kibertəhlükə ilə mübarizə üçün yeni institutların yaradılması – bütün bunlar seçkiqabağı kampaniyada “Gəlin, Amerikanı yenidən qüdrətli edək” şüarına uduzacaq. Lakin növbəti prezident, doğrudan da, dünya lideri statusunu ABŞ-a qaytarmaq istəyirsə, Qərb alyansına yeni həyat üfürməkdən ötrü Amerikanın köhnə dostlarla birlikdə yeni layihələrə həyat verməsi lazımdır. Təkcə bəyanatlar kifayət etməyəcək.

Ənn Əpplbaum

“The Washington Post” (ABŞ), 15.06.2015