XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 08:42

Putin məsuliyyətə cəlb edilməkdən qorxur – Hakimiyyəti asanlıqla verməyəcək (Təhlil)

Rusiya Ukraynadakı keçənilki təcavüzün nəticəsində bir çox önəmli mövqelərdə dəyişilib. Lakin bir ciddi dəyişiklik çox mənada hiss edilmədən qalır: strateji düşüncə tamamilə yoxa çıxıb və Rusiya rejimi daha gələcək haqqında danışmır. Rusiya rəhbərliyinin açıqlamalarının əsas mövzusu Ukraynadakı və Qərblə (həmçinin onların daxildəki “oyuncaqları” ilə) münaqişə və qəhrəman keçmiş (əsasən, II Dünya savaşı) haqda xatirələrdir. Rejim indiki anda bütün diqqətini özünün salamat qalmasına yönəldib.

Həmişə bu cür olmayıb. Vladimir Putin 2000-ci ildə Kremlə onillik “Qref proqramı” ilə gəldi. Rusiya bu proqram çərçivəsində açıq və çağdaş dövlət kimi görünürdü. Putin birinci prezidentlik müddətində həmin proqramın bir qismini həyata keçirtdi. 2012-ci ilədək uzunmüddətli inkişaf strategiyası müzakirə olundu və hazırlandı. Hətta Putin 2012-ci ildə prezident postuna qayıdarkən Rusiya qəzetlərində iqtisadiyyat, sosial siyasət, idarəçilik, federalizm və xarici siyasət sahəsində uzunmüddətli inkişaf planlarını şərh etdiyi silsilə proqram məqalələr dərc etdirdi. O bu planları üçüncü prezidentlik müddətinin elə ilk günündəcə imzaladığı bir sıra prezident sərəncamları ilə həyata keçirtdi. Bu sərəncamlarda, onun vəd etdiyi kimi, 2018-ci ildə əldə ediləcək şəffaf hədəflər göstərilmişdi.

İndi aydın olur ki, – hətta Putinin özü də bunu təsdiq edir – bu sərəncamlar yerinə yetirilməyəcək.

Rusiya prezidenti öz vətəndaşlarına hansı alternativ gələcəyi təklif edir? Bu suala cavab yoxdur. Hazırda Rusiyada uzunmüddətli siyasi planlaşdırma mövcud deyil.

Rusiya əvvəllər bununla fəxr edirdi ki, birillik büdcədən üçillik büdcəyə doğru hərəkət edir. Bu, daha yoxdur: Kremlin 2016-cı ildən sonrakı dövrə mötəbər maliyyə planı yoxdur, onun ümidi ancaq neft qiymətlərinin yenidən artmasına qalıb. Onun xarici siyasət doktrinası rejimin salamat qalmasının başında fırlanır. Rusiya bütün dünya üzrə qeyri-demokartik hökumətlərin müddətsiz hakimiyyətdə qalmasını var gücüylə müdafiə edir.

Rejim düz edir ki, bilavasitə özünün gələcəyi sarıdan rahatsız olur. Rusiya iqtisadiyyatı geriləmə durumundadır və hətta geriləmə qurtarsa – əgər ümumiyyətlə qurtarsa – çətin ki, ildə 2%-dən çox artım nümayiş etdirə. Putin idarəçiliyinin 15 ili ərzində ilk dəfə rusiyalıların gəlirləri azalmağa başlayıb.

Krımın ilhaqının təbliğat qiyməti də tədricən enməyə başlayıb. ölkə daha bir müharibəni isə özünə rəva bilməz: birbaşa hərbi xərclərdən başqa, onu Rusiya banklarını məhv edə biləcək sanksiyaların sərtləşdirilməsi təhdid edir ki, bu da panikaya və rejimin iflasına dönə bilər.

İndiki şəraiti nəzərə almaqla Qərbin Rusiya ilə ancaq qısamüddətli siyasətə dair məsələləri müzakirə etməyi heç kimi təəccübləndirmir. Lakin gələcək haqda düşünüb-düşünməməyimizdən asılı olmayaraq, o, hökmən gələcək. Bu rejim hansısa bir anda getməli olacaq və nəyin onu əvəz edəcəyi, dəyişimlərin nə qədər coşqun olacağı və nəticədə Rusiyanın demokatik ölkə olub-olmayacağı əsla aydın deyil. Ərəb baharı nümunəsinin bizə göstərdiyi kimi, rejimlərin bu cür dəyişilməsi həm dinc, həm də son dərəcə qızğın şəkildə baş verə bilər.

Rejimin dinc şəkildə dəyişilməsi tamamilə mümkündür. Rusiya ərəb baharının cövlan etdiyi ölkələrlə müqayisədə daha varlı və savadlı ölkədir.

Hətta Rusiya tarixdə demokratiyanın xeyrinə diktaturadan imtina etmiş istənilən hər hansı ölkədən daha varlı və savadlıdır. Lakin aydındır ki, rejim rəhbərliyi hakimiyyəti asanlıqla əldən verməyəcək. O, beynəlxalq hüquq və insanlığa qarşı cinayət, Rusiyadakı dəhşətli korrupsiyaya görə məsuliyyətə cəlb edilməkdən qorxur. ümid ediləsi ən yaxşı ssenari gedən elitaya zəmanət verən və yeni seçkilərin keçirilməsini təmin edən bu və ya digər biçimdə keçid hökuməti olardı.

Sözsüz ki, Qərb “Rusiyanı təzədən itirmək”də maraqlı deyil. Rusiyanın nüvə potensialı, həmçinin iqtisadiyyatı, energetik və geopolitik rolunun önəmi nəzərə alınsa, hakimiyyətin coşqun şəkildə dəyişilməsi və digər təcavüzkar qeyri-demokartik rejimin yüksəlişi dünyaya baha başa gələ bilər. Demokratik və kapitalist Rusiyası kürəsəl iqtisadiyyata ciddi pay verəcək və ayrı-ayrı bölgələrdəki sabitsizlik, ətraf mühit üçün təhlükə, terrorizm və korrupsiya kimi problemləri həll etməkdə önəmli rol oynayacaq.

Qərb hansısa formada son nəticəyə təsir edə bilərmi? Rusiyanın taleyini son nəticədə rusiyalılar həll edəcəklər. Lakin Qərb yenə də müəyyən rol oynaya bilər. O, korrupsiyanın məhv etdiyi iqtisadiyyatın bərpasına kömək, dövlət idarəçiliyində islahatları dəstəkləməklə yeni Rusiyanın formalaşmasına “Marşall planı” ruhunda öz payını əlavə edə bilər. Ən vacib olanı budur ki, Qərb Rusiyanın yenidən azad dünyaya inteqrasiya olunması üçün plan hazırlamalıdır. Nəhayət, rusiyalılar özlərini Avropa sivilizasiyasının bir hissəsi sayırlar və hətta Putin də öz təcavüzkar ritorikasında qərbli “tərəfdaşlar”ı yada salır və deyir ki, onun siyasətinin kökləri əsil Avropa dəyərlərindən qaynaqlanır.

Qərb aydın şəkildə izah etməlidir ki, yenidən Avropa Birliyi, NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və başqa beynəlxalq qurumlarla yenidən yaxınlaşa bilməsi üçün Rusiyadan məhz nələr tələb olunur.

Bu, kifayət qədər ciddi intellektual və siyasi səylər tələb edən mürəkkəb bir vəzifədir. Narahatlıq doğuran odur ki, Qərb liderləri bu problemlərin həllində əziyyətə qatlaşmağa görə onu çox uzaq hesab edirlər. Biz 1991-ci ilin dərslərini unutmamalıyıq: Sovet İttifaqının qəflətən dağılması bütün dünyanı pis vəziyyətdə qoydu. Lakin 1991-ci il çevrilişinin qismən dinc keçməsi bizi aldatmamalıdır. Hakim elitanın bu dəfəki istinadı xeyli yüksəkdir. Qərb Rusiyadakı gözlənilməz və coşqun dəyişikliklərə hazırlıq görməlidir.

Sergey Quriyev

Paris Siyasi Araşdırmalar İnstitutunun iqtisadiyyat professoru, Rusiya İqtisadiyyat Məktəbinin rektoru

“The Washington Post” (ABŞ), 14.06.2015