XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 14:26

AKP-nin yanlış hesabları və “Kürdüstan”ın Suriya ayağı – Təhlil

Suriyanın şimalında qonşu ölkələri, xüsusilə də rəsmi Ankaranı uzun müddət narahat edəcək tarixi proseslər baş verir. Türkiyəylə sərhəddə yerləşən Tel-Abyad qəsəbəsinin kürd yaraqlılarının əlinə keçməsi bu proseslərdən ən önəmlisidir. Məlumata görə, qəsəbəyə qərb və şərq cəbhələrindən hücuma keçən YPG (kürdcədən tərcümədə Xalq Müdafiə Birlikləri mənasına gələn “Yekitiya Parastina Gel” ifadəsinin baş hərfləri-müəllif) qüvvələri Şimali Suriyada çoxdan pozulan inzibatı əlaqələri bərpa edərək bölgəni tam nəzarət altına alıblar.

Maraqlıdır ki, kürd separatçıları bu strateji əhəmiyyətli zəfəri təkbaşına əldə etməyiblər. Onların nailiyyətində ABŞ silahlı qüvvələri mühüm rol oynayıb. Hərbi əməliyyatda iştirak edən kürd hərbi hissələrinin sözcüsü Bavə Leyla bunu etiraf edərək Rudaw.net xəbər portalına açıqlamasında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstəyi ilə Tel-Abyadı ələ keçirdiklərini bildirib. Fikrinin davamında o deyib: “Onlar havadan vurdu, biz irəlilədik. Bu cür əməliyyatlarda hərbi təyyarələr çox təsirli olur”.

İŞİD-lə mübarizə bəhanəsiylə türkmən və ərəb kəndlərini bombardman edən ABŞ hərbi gücü sayəsində Tel-Abyadı ələ keçirən YPG indi boşalmış evlərə kürd ailələrini yerləşdirərək, bir növ, ona hədiyyə edilmiş torpaqlarda möhkəmlənməyə çalışır. Regiondakı bu zorakı demoqrafik dəyişimdən ən çox təsirlənəcəyi düşünülən Ankara isə əli-qolu bağlı şəkildə yaşananları izləyir, bombardmandan canını qurtarıb Türkiyəyə qaçmaq istəyənlərin sərhəddi keçməsinə izn verməyərək, sanki, onları öz yurd-yuvaları uğrunda vuruşdurmaq istəyir. Əllərində özlərini müdafiə etmək üçün heç bir silah-sursatı olmayan əhali isə qlobal və regional qüvvələrin apardığı etnik təmizləmə siyasəti qarşısında tamamilə acizdir. Görünür, suriyalıların bu çarəsizliyini anladığına görə, Türkiyə 3 gün gözlədikdən sonra öz siyasətindən vaz keçdi, sərhədlərini didərginlərə açdı.

Hakimiyyətinin ilk illərində ABŞ-ın “Böyük Yaxın Şərq” proyektinin ən aparcı tərəfdaşı kimi çıxış edən Ərdoğan atdığı səhv strateji addımının bədəllərini indi ölkəsinə ödətdirir və deyəsən, özü də bunun fərqindədir. YPG məlum hərbi əməliyyatlara başladığı vaxtlarda Türkiyə prezidentinin dilə gətirdiyi etiraz dolu açıqlamalar da bunu sübut edir. Ərdoğan 10 İyun 2015-ci il tarixli həmin çıxışında deyirdi: “Buyurun, seyr edin! Sərhədlərimizdə, Tel-Abyadda ərəbləri, türkmənləri təyy
arə ilə vuran Qərb, nə yazıq ki, onların yerinə terror təşkilatı PYG və PKK-lıları yerləşdirir. Biz buna necə müsbət yanaşa bilərik?! Bu Qərbə biz necə səmimi baxa bilərik?!”

Halbuki, Qərbə nə qədər etiraz etməsinə baxmayaraq, Ərdoğanın Bəşər Əsədə qarşı yürütdüyü və indi də səhv olduğunu anlaya-anlaya, sırf inadına davam etdirdiyi siyasətin Şimali Suriyada durumu içindən çıxılması mümkün olmayan hala gətirəcəyi gözlənilməz deyildi. Əsəd rejiminin bölgədəki hakimiyyəti zəiflədikcə, istər-istəməz, etnik və dini baxımdan qarmaqarışıq olan regionun vətəndaş müharibələrinə səhnə olacağı, bütün bunların PKK tərəfdaşlığıyla seçilən PYG-nin işinə yarayacağı əvvəlcədən bəlliydi və müxtəlif siyasi xadimlər, analitiklər tərəfindən dilə gətirilirdi. Nə yazıq ki, ABŞ-ın bölgə siyasətində strateji müttəfiqliyinə arxayınlaşan və kürd separatçılarının səsini alıb ölkə tarixinin ən sarsılmaz iqtidarını qurmağı planlaşdıran AKP zehniyyəti bu təhlükəni real hesab etmir, bölgənin İŞİD, əl-Nüsra kimi dini həssasiyyəti ilə seçilən təşkilatlara veriləcəyini və özü də islamçı olduğundan onlar üzərində rahat hegemoniya quracağını düşünürdü. Ərdoğanın “regional patron” olmaq xülyaları zamanla öz ağır nəticələrini verdi və Suriyanın şimalını İraqın şimalından betər hala gətirdi.

Sual oluna bilər: ABŞ silahlı qüvvələri tərəfindən göz görə-görə təmizlənərək kürd separatçılarına hədiyyə edilən Tel-Abyad niyə bu qədər önəmlidir? Nədən Vaşinqton əhalisi bir neçə min nəfər olan kiçik bir qəsəbənin kürdlərə verilməsi uğrunda Türkiyə kimi bölgədəki ən güclü müttəfiqini belə qurban verməyə hazırdır?

Yaxın Şərqə hökm etmək istəyən bütün qüvvələri Tel-Abyada çəkib gətirən, təbii ki, onun geostrateji önəmidir. ABŞ-dan tutmuş İsrailə, İsraildən Səudiyyə Ərəbistanına qədər bütün qlobal və regional güclərin qurmağa çalışdıqları Kürdüstan dövlətinin taleyi böyük ölçüdə Şimali Suriyanın kimin əlində olmasından asılıdır. Şimali Suriya bir ucu İran sərhədlərindən başlayıb Aralıq dənizinə qədər uzanan xəyali Kürdüstanın dünyaya açılan qapısı ola, ayaqda durmasını asanlaşdıraraq ona nəfəs verə bilər. İstər Şimali İraq, istərsə də Şimali Suriya neftinin nəqli üzərində yerləşən bu kiçik qəsəbə həm qlobal neft maqnatlarının, həm də Kürdüstan ideoloqlarının əsla vaz keçə bilməyəcəkləri strateji önəmə sahibdir.

İraqda, faktiki olaraq, Kürdüstanın təməllərini atan güclərin bu istiqamətdəki növbəti vəzifələrindən biri eyni prosesi Suriyada davam etdirməkdir. 3 milyon kürdün yaşadığı təxmin edilən Şimali Suriya bu qədər az əhaliyə malik olmasına baxmayaraq, Kürdüstan proyektinin həyata keçirildiyi ən aktiv coğrafiyalarından sayılır.

Təsadüfi deyil ki, PKK-nın qurucusu Abdullah öcalan da 1978-ci ildə Türkiyədən qaçarkən, bu regiona sığınıb, Suriyanın o dövrdəki dövlət başçısı Hafiz Əsədin dəstəyiylə Türkiyəyə qarşı separatçı fəaliyyətə başlayıb. O vaxtdan həbs olunduğu illərə qədər bu bölgədə məskunlaşan və öz ideologiyasını yayan öcalanın yaşadığı Kobani vilayətində hər ailənin şəxsən qonağı olduğu, onları siyasi mübarizəyə dəvət etdiyi bilinir. Elə bu səbəbdən də bölgənin kürd sakinləri arasında PKK ideologiyası geniş yayılıb, hər kəs bu mübarizə üçün səfərbər olunub.

Hafiz Əsəd, Türkiyə əleyhinə qucaq açdığı kürd separatizminin Suriyaya qarşı yönələ biləcək təhdidini aradan qaldırmaq üçün Rojava adlanan bölgəni üç vilayətə bölmüş, vilayətlər arasında ərəb ailələrindən ibarət kəndlər, qəsəbələr yaratmışdı. İndiyə qədər Rojavanın tamamilə kürd separatçılarının əlinə keçməsini əngəlləyən bu demoqrafik siyasət indi ABŞ-ın bombarımanlarıyla darmadağın olur, ərəblər və bölgənin əsas yerliləri sayılan türkmənlər yurd-yuvalarından didərgin salınır. Məqsəd kürdlərin nəzarətinə veriləcək ərazilərin bütövlüyünü təmin etmək və onlar vasitəsiylə İraqdan Aralıq dənizinə uzanan neft kəməri üçün təhlükəsizlik zolağı yaratmaqdır.

Sözsüz ki, qlobal güc mərkəzlərinin Kürdüstan proyektinin başqa səbəbləri də var. İsrail bu layihəyə özünü təhlükəsizlik strategiyası, Səudiyyə Ərəbistanı isə sünnü imperatorluğu qurmaq səyləri kimi baxır. Bu məsələ üzərində ötən yazılarımızda dayandığımızdan təkrarlığa varmaq istəmirik. Maraqlananlar aşağıdakı linklərdən daha geniş məlumatlar əldə edə bilərlər1,2.

Biz isə bu yazıda Tel-Abyadın strateji əhəmiyyətindən bəhs etmək istərdik.

Yuxarıda da qeyd etdiyimiz kimi, bölgənin coğrafi bütövlüyünü aradan qaldırılması üçün Əsəd rejimi tərəfindən 3 vilayətə bölünən Rojavanın iqtisadi cəhətdən ən önəmli hissəsi Suriyanın şimal-şərqində yerləşən Cizirə bölgəsidir. Böyük neft yataqlarıyla tanınan vilayətin yeraltı sərvətləri Kərküklə müqayisə edilir. Yəni Kərkük qədər zəngin neft ehtiyatına malikdir.

Suriyanın 3 milyonluq kürd əhalisinin 3/2-sinin yaşadığı Cizirə, kənd təsərrüfatı məhsullarına görə də ölkənin ən bərəkətli torpağı hesab olunur. Statistik məlumatlara görə, Suriyada yığılan buğdanın 50%-nə yaxını bu kiçik vilayətin payına düşür. Dəclə və Fərat çaylarının arasında yerləşən bölgə digər kənd təsərrüfatı məhsullarında da ciddi potensiala malikdir və əslində, adını da bu özəlliyindən alıb. Ərəbcə “ada” mənasına gələn Cizirə, həqiqətən də, qızmar günəş altında yarımsərhaya çevrilən Suriyanın “yaşıl adası”, ən bərəkətli vadisi kimidir.

Təbii ki, yaradılması planlaşdırılan Kürdüstanın Şimali Suriya ayağının iqtisadi cəhətdən tam müstəqilliyi üçün bu bölgədə yetişdirilən kənd təsərrüfatı məhsullarına da ciddi ehtiyac var. Cizirə Şimali İraqın istər ortasında yerləşən Kobani, istərsə də qərbindəki Efrin üçün ərzaq anbarı, Kobani Cizirə üçün neft kəmərini qoruyacaq güvənlik zolağı, Efrin isə təkcə Rojavanın yox, həm də bütünlüklə “Kürdüstan”ın Aralıq dənizinə açılan qapısının son astanası ola bilər. Amma bu arzunun reallaşması o zaman mümkündür ki, Kobani ilə Cizirə arasında yerləşən Tel-Abyad türkmən və ərəb əhalidən təmizlənsin.

Nə yazıq ki, artıq dünən ABŞ silahlı qüvvələrinin hava dəstəyi ilə bu xəyal reallığa çevrildi. Bu zamana qədər “kürd açılımı” və ABŞ-ın “Böyük Yaxın Şərq” siyasətinin həmsədrliyi ilə bu prosesə ən böyük dəstəyi verən Ərdoğan hakimiyyəti isə Qərbi yamanlamaqla və sərhədlərini bombardımanlardan qaçanlara bağlamaqla öz missiyasını tamamlanmış hesab etdi. Halbuki, Şimali Suriyada yaşanan bu hadisədən ən çox zərər görən də elə yerli türkmənlərdən sonra Türkiyə olacaq. Suriyalı kürdlərin ən bərəkətli torpaqlarına Cizirə adı vermələri də bunun sübutudur və qardaş ölkəyə qarşı torpaq iddiası irəli sürməkdən başqa bir şey deyil.

Qeyd edək ki, kürd separatçıları tərəfindən Cizirə adlandırılan və bir müddət əvvəl müstəqilliyini elan edən bölgə öz adını Türkiyənin Siirt vilayətində yerləşən eyniadlı əyalətdən alır. Yəni kürd separatçıları bölgəyə bu adı verməklə, Türkiyənin bir əyalətini həmin coğrafiyanın davamı olaraq gördüklərini rəsmi şəkildə ortaya qoyurlar. Bu isə Suriyada öz missiyasını tamamlayan separatizmin tədricən Türkiyəyə daşınacağının ən bariz dəlilidir.

Heydər Oğuz

Strateq.az

  1. Türk yüksəlişinə qarşı “Kürdüstan” xəyalı və sionizmin “Davamlılıq” strategiyası – Təhlil
  2. Kürdüstan, İŞİD və Haşimi Krallığı uğrunda qurban edilən türkmənlər – Təhlil