XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 13:42

Gənclər İŞİD və PKK-ya niyə qoşulurlar? – Azərbaycan siyasi-ideoloji sahədə ciddi şəkildə xarici təhlükələrə uduzur!

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin PKK-ya qoşulması və bununla bağlı videorolik hazırlayıb ictimailəşdirməsi cəmiyyətimizdə ciddi rezonans doğurdu. Nədən ki, “iki dövlət, bir millət” düşüncəsinin hakim olduğu toplumumuzda PKK-ya münasibət birmənalıdır. Azərbaycan insanı kürd separatizmi məsələsinə bir sıra türkiyəlidən belə, mühafizəkar yanaşır, qardaş ölkənin ərazi bütövlüyünü təhdid edən separatçıları düşmən olaraq görür.

Vətəndaşlarımızın PKK-ya bu cür aqressiv yanaşması təkcə qardaşlıq hissləriylə də məhdudlaşmır. Separatizm əleyhinə bu mövqenin ortaya çıxmasında ölkəmizin milli maraqlarından qaynaqlanan əndişələr mühüm rol oynayır. Erməni separatizmiylə başı dərddə olan, torpağının 20%-i işğal edilən Azərbaycan etnik münaqişələrin necə böyük ağrı olduğunu yaxşı anlayır və bu da nəinki onu Türkiyənin, həmçinin bənzər problem yaşayan digər xalqların dərd ortağına çevirir, eyni səngərdə çiyin-çiyinə dayanmasını şərtləndirir.

üstəlik, Dağlıq Qarabağ probleminin həllində xarici amillərin müstəsna rol oynadığını görən xalqımız, istər-istəməz, gözünü özünə ən yaxın müttəfiqə dikir, ondan mənəvi və siyasi dəstək alır. Türkiyə dövlətinin ərazi bütövlüyünü təhdid edən PKK-nın qarşıya qoyduğu məqsədə çatması isə ümidlərin bağlandığı bir gücün xeyli zəifləməsinə və regionda təsirsiz hala düşməsinə gətirib çıxara bilər ki, bu da qardaş ölkənin dövlət maraqlarını bizim üçün də vacib məsələyə çevirir, hadisələrə eyni münasibət bəsləməyimizi tələb edir.

Başqa sözlə, Türkiyəyə qarşı yönəlmiş təhdid, bütün mənalarda, Azərbaycana qarşı təhdid deməkdir.

Belə bir şəraitdə azərbaycanlı hər hansı gəncin iki qardaş ölkə üçün ortaq təhdid ünsürünə qatılması, onun sıralarını genişləndirilməsi üzərindən asanlıqla keçiləsi məsələ deyil. İctimaiyyətimizin xəbərə sərt reaksiyası bu mənada başadüşüləndir.

Zənnimizcə, Azərbaycan siyasi iradəsi bu sosial gözləntini nəzərə almalı, məsələni dərinləməsinə araşdırmalı, onun yalnız hüquqi –kriminal tərəfləri üzərində durmamalı, siyasi, sosioloji, iqtisadi, mənəvi səbəblərini də ciddi şəkildə incələməli, problemi ortaya çıxaran amillərin qarşısını almalıdır.

çoxlarımız düşünə bilər ki, gənclərin bu addımı individual hadisədir və onu şişirtməyə ehtiyac yoxdur. Hər ölkədə müxtəlif xarakterli insanlar ola və bu insanlar bəzən dövlətlərinin milli maraqlarına zidd addımlar ata bilərlər. Dövlət maraqlarına zidd addımların isə yeganə həll yolu var: “Qırmızı cizgiləri” aşan asiləri başqaları da örnək alsın, deyə cəzalandırmaq!

İlk baxışdan tamamilə haqlı görünən bu mülahizə gənclərin addımıyla ortaya çıxan problemin həlli üçün yetərli görünmür. Ən azı bu səbəbdən ki, onların PKK-ya qoşulması, düşündüyümüz kimi, individual məsələ də deyil. Bəlkə də, gənclərimizin dövlət maraqlarımıza yadlaşmasının bir göstəricidir.

Problemin individual xarakter daşımadığını təsdiqləyən bir çox dəlillər var. Başlıca dəlillərdən biri PKK-ya qoşulan gənclərin müxtəlif üniversitelərdə oxuması, böyük ehtimalla, bir-birilərini əvvəlcədən tanımamalarıdır. özlərini təqdimatlarından anlaşılır ki, onlardan biri Turqut özal, digərləri isə İldırım Bəyazit adına universitetlərdə təhsil alırmış. Gənclər özlərini tanıtdığı həmin videoda Azərbaycanda xeyli yoldaşlarının olduğunu bildirir və bu da PKK-nın artıq ölkəmizdə ciddi kök salması qənaətini yaradır.

O ehtimal qətiyyən ciddi deyil ki, PKK sıralarına qatılan bu adamlar Azərbaycanda yaşayan kürd toplumunun nümayəndələridir və onların öz milli davaları üçün bu yolu seçməsində qeyri-adi heç nə yoxdur. Hər halda, haqqında danışdığımız həmin videoda gənclərin kürd millətinə aid olması barədə hansısa bir arqument tapmaq imkan xaricindədir. Əksinə, onlardan birinin çox məharətlə ləzginka rəqsini ifa etməsi, Azərbaycan xalq mahnılarından nümunələr səsləndirməsi gənclərin bizim milli mədəni irsimizlə böyüdüklərini göstərir. üstəlik, hər üç gəncin PKK-ya qoşulmasının səbəbini izah edərkən kürd millətçiliyindən çox, sosializm nəzəriyyəsindən bəhs etməsi və lazım gələrsə, dünyanın başqa əzilən xalqlarının sırasında mübarizələrini davam etdirəcəklərini bildirməsi atdıqları addımın milli deyil, sinfi zəmindən qaynaqlandığı barədə ip ucları verir.

Düzdür, bu və bu kimi ifadələr sırf təbliğat xarakterli də ola bilər. Mümkündür ki, videonu hazırlayanlar cəmiyyətə öz imkanlarını şişirdilmiş şəkildə təqdim etsinlər və davalarına bütün dünya xalqlarından qatılanlar olduğunu göstərmək istəsinlər. Fəqət MTN-nin hadisəylə bağlı açıqlaması bu versiyanı istisna edir. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzindən Moderator.az-a açıqlama verən yetkili bildirib: “Bu qəbildən olan şəxslər barədə MTN-də məlumatlar var və bu istiqamətdə zəruri araşdırmalar aparılır”.

MTN yetkilisi olduqca aydın şəkildə “bu qəbildən olan şəxslər” barədə danışır. Deməli, PKK-ya qoşulmaq xəbərləri gündəmə bomba kimi düşən gənclər tək deyillər. Onlar kimi xeyli sayda “eyni qəbildən olan” insanlar var və durum MTN-i narahat edəcək, araşdırma aparmaq məcburiyyətində qoyacaq qədər ciddidir. Elə bu etirafın özü hadisənin individual olmadığından, bəzi gənclərimizin getdikcə milli-mənəvi dəyərlərimizdən uzaqlaşmasından, dövlət maraqlarımıza biganələşməsindən xəbər verir və istər-istəməz, bu cür sualın otaya çıxmasına yol açır: adətən, dövlət maraqlarının ən aktiv müdaifəçiləri mövqeyindən çıxış etməli olan gənclərimizin milli dəyərlərimizə yadlaşmasının səbəbi nədir? Onlarda aşınan milli məfkurəmizi yenidən bərpa etmək üçün nə edilməlidir?

Zənnimizcə, milli məfkurəyə yadlaşmanın siyasi, mədəni, iqtisadi və sosial əsaslara söykənən bir neçə səbəbi var. ölkəmizdə gəlir bölgüsünün düzgün aparılmaması, bütün iqtisadi imkan və səlahiyyətlərin bir ovuc insanın əlində cəmləşməsi, böyük çoxluğun isə maddi sıxıntılar içərisində çabalaması başlıca səbəblərdən biridir. İqtisadiyyatı hakim zümrənin nəzarəti altında tutmağa çalışan monopoliyalar, dövlət idarəçiliyində fərdi qabiliyyətə deyil, qohumbazlıq, yerlibazlıq, siyasi əqidədaşlıq kimi faktorlara daha çox önəm verilməsi insanları təkcə idarəçilərə yox, həm də öz dövlətinə yadlaşdırır, istər-istəməz, “mənim haqqımı qorumayan dövlət mənim dövlətim deyil” məntiqini formalaşdırır.

Əslində bu, təsadüfi və gözlənilməz də deyil. Tarix boyu qullara və quldarlara bölünən heç bir toplumda aşağılar öz dövlət dəyərlərinə sahib çıxmayıblar. çünki heç dövlət iradəsi də onların olmayıb. Bu mənada, dövlət maraqlarına sahib çıxmaq döv
lətin sahibi olmaq hissindən keçir.

İnsan oğlunun demokratik siyasi dəyərləri kəşf etməsinin əsas səbəblərindən biri də əslində vətəndaşlarda bu əhval-ruhiyyənin yaradılmasıyla bağlıdır. Siyasi idarəçisini seçən, bütün hər kəsin maraqlarını təmin edən qanunlarla idarə olunan, bu qanunları təmsilçiləri vasitəsilə özü yaradan, ondan hər kəs kimi ədalətli şəkildə yararlanan vətəndaş, təbii ki, özünü ölkəsinin də sahibi hesab edər, onun maraqlarını qoruyar. Həmin duyğudan mərhum insan isə ona qarşı çıxar, heç bir hərəkətində bu maraqları düşünməz, yeri gələndə, regional tendensiyalara qarşı mübarizə aparmaq üçün nə mümkündürsə, etməyə çalışar.

Bu gün daha ədalətli cəmiyyətdə yaşamaq üçün xarici təsirlərə düşən vətəndaşlarımız təkcə PKK-ya qoşulan tələbələr də deyil. Heç vaxt tanımadığı Yaxın Şərqdə öz qanını belə axıtmaqdan çəkinməyən nə qədər ölkə vətəndaşlarımız var. Onların hamısı eyni anda dəli olub, Məcnun kimi səhralara çəkilmək eşqinə Yaxın Şərq çöllərinə düşməyiblər. öz doğma ölkələrindən onları soyudan, qan və barıt qoxusu gələn diyarlara aparan səbəblər tapılıb aradan qaldırılmayınca, bu məcburi didərginliyin də qarşısı alınmayacaq.

Dövlət iradəsi öz ölkəsinə özgələşmə təzahürləri kimi ortaya çıxan bu amillərə barmaqarası baxmamalıdır. Qürbət yolçuluğuna çıxanlar bu gün hakim zümrə üçün təhdid meydana gətirməyə bilərlər, fəqət sabah onların yenidən öz doğma vətənlərinə xüsusi missiya üçün qayıtmayacağına da kimsə təminat verə bilməz. Odur ki, həm PKK, həm də İŞİD sıralarına qoşulan həmvətənlərimizin öz canları bahasına verdikləri mesaj düzgün anlaşılmalı və problem böyümədən onu yaradan səbəblər ortadan qaldırılmalıdır.

Şəxsən bizim sözü gedən mesajdan çıxartdığımız nəticə isə bundan ibarətdir: PKK-yla İŞİD-ə qoşulanların arasında yeganə fərq hərəsinin fərqli inanışlara sahib olmasıdır. Hər ikisinin yad təsirlərə düşməsi isə eyni motivlərdən qaynaqlanır daha ədalətli cəmiyyət axtarışı!

Nə yazıq ki, bu insanların heç birinin öz ölkəsində daha ədalətli cəmiyyət qurmaq imkanları da yox kimidir. İran kimi kifayət qədər demokratik olmayan ölkələrdəki insanlar belə, öz idarəçilərini ədalətli seçkilər vasitəsilə seçmək hüququna malikdirlər. Nəzəri olaraq bizim də belə bir haqqımız var. Fəqət 10 illərdir ki, bu hüquq sadəcə kağız üzərində qalır. Millətin vəkillərini millətin özü yox, icra hakimləri, MSK, müxtəlif nazirliklər və dövlət komitələri kimi siyasi hakimiyyətin müxtəlif qanadları müəyyənləşdirir. Beləcə, vətəndaşların son ümidləri də qırılır, topluma demokratik mübarizənin mümkün olmadığı fikirləri aşılanır. Narazı qüvvələrin qeyri-demokratik təşkilatlara yönəlməsini təşviq edən də əslində budur.

İstər PKK-ya, istərsə də İŞİD-ə qoşulan Azərbaycan vətəndaşlarının bu addımları ölkəmizin siyasi-ideoloji təbliğat baxımından da xarici faktorlara uduzduğundan xəbər verir. Bu məğlubiyyətin yeganə səbəbi rəsmi siyasi ideologiyanın inandırıcılıq gücündə olmamasındadır. Konstitusiyanı dünyanın ən hümanist prinsipləriylə bəzəyə bilərsiniz. Lakin bu, cəmiyyəti inandırmağa yetməz. Cəmiyyət bütün günü ona təlqin olunan dəyərlərin inikasını cəmiyyətdə tapmalıdır. Tapmasa, hər gün yerli televiziyalarla boğazdan yuxarı təlqin olunan prinsiplərin təsiri Məlimməmməd nağılının effektindən heç nəyiylə fərqlənməz. Nə yazıq ki, hər gün vəhşi kapitalizmin ən amansız təzahürləriylə üzləşən insanlarımız rəsmi sənədləri bəzəyən insan hüquq və azadlıqlarının real mənzərəsini həyatda görə bilmirlər. Nəticədə, inandırıcılığını itirən dövlətçilik prinsiplərimiz də dəyərsizləşir, hətta PKK-çılığa, İŞİD-çiliyə uduzur.

öz dövlətçilik dəyərlərindən üz döndərənlərin xüsusilə gənclər arasından çıxması da anlamlıdır. Zira cəmiyyətimiz onillərlə dəyişilməyən idarəçilər muzeyinə çevrilib. Qoca məmurlar nəyin bahasına olursa olsun, oturduqları kreslolarını başqalarına buraxmaq istəmirlər. Bu da nəticə etibarilə cəmiyyətimizdə durğunluq yaradır, gənclərin yüksəlməsini, özünüifadə imkanlarını məhdudlaşdırır. Halbuki, müasir texnoloji tərəqqi baxımından cəmiyyətimizin inkişafında gənclərin daha çox fayda vermək imkanları var. Di gəl ki, dəyişilməyən “canlı inventar”larıyla hakimiyyət orqanlarımız onların bu imkanlarının da qarşısını alır və gənclik enerjisinin faydasız və təhlükəli məcralara yönəlməsinə səbəb olurlar.

Hansı məmləkət olursa-olsun, onun vətəndaşlarını özgə ideoloji təsirlərdən sığortalayan qurumlardan biri də siyasi partiyalardır. Müxtəlif düşüncəli vətəndaşlar bu partiyalarda təmsil olunmaqla dövlətdən gözləntilərini həyata keçirməyə çalışırlar. Patiyalar müxalif düşərgədə yer alsalar belə, siyasi idarəetmə sisteminin bir parçası olduqlarından, onu qorumağa səy göstərir, öz tərəfdarlarını da bu cür yetişdirir. Azərbaycanda isə müxalif partiyalara, az qala, düşmən kimi baxılır, rejimin siyasətiylə razılaşmayanlar ya aclıqla, hə həbslə, ya da ən amansız təqiblərlə imtahana çəkilirlər. Bir növ, şüurlu şəkildə siyasi qurumları sıradan çıxarma siyasətiylə yaradılan bu boşluğu isə yad elementlərə söykənən anti-demokratik təşkilatlar doldururlar.
Daha yığcam desək, Azərbaycan siyasi iradəsi gənclərin bu addımına soyuq ağılla yanaşmalı, verilən mesajı düzgün qavramalı, insanları öz dəyərlərinə özgələşdirən amilləri təsbit edib aradan qaldırmalıdır. Ən azı ona görə ki, selin qopardığı kiçik cınqıl belə, bəzən böyük bəndlərin yıxılması üçün ilk addım rolunu oynaya bilər. Bu təhlükədən sığortalanmağın yeganə mümkün yolu isə seldəki suyun təzyiqini azaltmaqdan keçir.

Heydər Oğuz

Strateq.az