XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2015 - 20:47

Eks-spiker Yaqub Məmmədov: “Sərt tədbirlər görülməsə, bu cinayətlər daha pis xarakter alacaq”
Azərbaycan hazırda həssas bir dönəm yaşayır. I Avropa Oyunları, bu müstəvidə ölkəmizə qarşı bəzi Qərb dairələri tərəfindən təzyiqlərin artması, eyni zamanda, parlament seçkiləri ili olması vəziyyəti daha da kritikləşdirir. Hər halda, ciddi təlatüm, ajiotaj olmasa da, ümumi gərginlik var.
Bu və ya digər məsələlərlə bağlı keçmiş Ali Sovetin sabiq sədri Yaqub Məmmədovla söhbətləşdik.
– Yaqub müəllim, öncə hazırda əsas gündəm mövzusu olan Avropa Oyunlarından başlayaq. Bu tədbirin Azərbaycanda keçirilməsini necə qarşıladınız?
– Bu, çox böyük tədbirdir və bunu yalnız müsbət qiymətləndirmək olar. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün əhəmiyyətə malikdir. Bu tədbir vasitəsiylə Azərbaycan bütün dünyada tanınır, 60-da çox ölkənin nümayəndəsi bura gəlir, ölkəmizlə tanış olur, məlumat əldə edir. Hesab edirəm ki, bu, Azərbaycanın dünyada tanıdılması baxımından önəmli hadisədir. Eyni zamanda, dünyanın bir sıra ölkələrinin rəhbərlərinin Azərbaycana gəlməsi də bu tədbirin sıradan bir tədbir olmadığını göstərir. Bununla yanaşı, Azərbaycanın da dünyada nüfuzlu bir ölkə olduğunu göstərir. Ona görə də, mən Avropa Oyunlarının ölkəmizdə keçirilməsini təqdir edir və bunu müsbət qiymətləndirirəm.
– Bu tədbirin təşkilatçısı kimi, Azərbaycanın kifayət qədər maliyyə vəsaiti xərclədiyini əsas gətirərək fərqli mövqe səsləndirənlər də var. Bu barədə nə düşünürsünüz?
– Burda təəccüblü bir şey yoxdur. Bu cür möhtəşəm tədbir təşkil eləmək üçün böyük pul xərclənməlidir. Onsuz da həmin pullar harasa xərclənməli idi. Həmin vəsaitin tədbirə xərclənməsi pis bir şey deyil. Nəzərə almaq lazımdır ki, bu tədbirlərdə Azərbaycan təbliğ olunur, dünyaya tanıdılır. Yəni, bu pullar Azərbaycanın təbliğatına xərclənib, göyə sovrulmayıb ki… Hesab eləmək lazımdır ki, bu pullar dünya ölkələrinin, xalqlarının Azərbaycana münasibətinin müsbət istiqamətə dəyişməsinə, ölkəmizin daha da yüksək səviyyədə təqdim olunmasına sərf edilib. Eyni zamanda, böyük infrastruktur qurulub. Tikinti işləri aparılıb, abadlıq, quruculuq işləri həyata keçirilib. Bu yollar, körpülər, tikililərin hamısı xalqa qalır. Avropa Oyunlarına görə Bakıda, eləcə də rayonlarda xeyli işlər görülüb. Sözsüz ki, gələcəkdə də onun bəhrəsini görəcəyik.
– Avropa Oyunları ərəfəsində bəzi Qərb ölkələrindən, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hücum başladı. Hətta bu hücumlar “qara piar” kampaniyası formasında bu gün də davam edir. Qərbdən gələn bu təpkiləri nə ilə əlaqələndirirsiniz?
– Avropadan bu cür təzyiqlər, hücumlar hər zaman olub. özü də buradan təkcə Azərbaycana qarşı deyil, başqa ölkələrə qarşı da bu cür münasibət sərgilənir. Yadınızdadırsa, Soçi olimpiadası ərəfəsində Rusiyanın da əleyhinə böyük kampaniya aparıldı. Bir sıra dövlət başçıları həmin tədbirə qatılmaqdan imtina etdi. Guya, onun nə təsiri oldu ki? Tədbir necə planlaşdırılmışdısa, elə də həyata keçirildi.
İndi də Azərbaycana qarşı analoji addımlar atılır. Bizi istəyənlər də, istəməyənlər də, qısqanclıq, paxıllıq edənlər də var. Ayrı-ayrı şəxslər, QHT nümayəndələri, diplomatlar və digərləri öz mövqelərini bildirirlər. Hesab edirəm ki, bu cür mövqelərə əhəmiyyət vermək lazım deyil. Əgər qərəzli yanaşırlarsa, deməli, əhəmiyyətsiz bir şeydir. Danışacaqlar, axırda da susacaqlar, Azərbaycan isə öz yolu ilə gedəcək.
– Səslənən iddialar həm də ondan ibarətdir ki, Azərbaycanda siyasi məhbus, insan haqları və demokratiya sahəsində ciddi problemlər var…
– Siyasi məhbus məsələsini qaldırırlarsa, bu problemi həll eləmək lazımdır. Mənim fikrim ondan ibarətdir ki, siyasi məhbuslar azad edilməlidir. Əgər eləsəydilər, bəlkə də bu “qara piar” kampaniyası da olmazdı.
– Yəni, Azərbaycanda siyasi məhbus olduğunu qəbul edirsiniz?
– Siyasi məhbus var ki, bu barədə danışırlar da… İndi onların hamısını cinayətkar adlandırmaq da düzgün deyil. Konkret deyə bilmərəm ki, adı siyasi məhbus siyahılarında olanlardan kim cinayətkardır, kimin əməlində nə var. Mən hüquqşünas deyiləm və buna hüquqi qiymət verə bilmərəm. Bu barədə mətbuatın yazdığı qədər məlumatlıyam. Bütün hallarda bu məsələyə həssas yanaşmaq, əgər problem varsa, qısa müddətə həll etmək lazımdır.
– Belə bir həssas məqamda daxildəki bəzi qüvvələrin də bu kampaniyaya qoşulmasını necə qiymətləndirirsiniz?
– Bu cür mövqelər daxildə də, xaricdə də həmişə olub, bundan sonra da olacaq. Qeyd etdiyim kimi, bu cür fikirlərə böyük əhəmiyyət vermək lazım deyil.
– Vaxtilə münasibətiniz olan müxalifət liderləri də bu mövqeyin daşıyıcılarıdır…
– Hər hansı mövqe ifadə etdiklərinə görə onlara nəsə deyə biləmərəm. Amma gərək belə məsələlərə yol verməsinlər, xaricdən Azərbaycan əleyhinə gələn hücumlara qoşulmasınlar.
– Yaqub müəllim, bir müddət öncə ölkədə diqqətçəkən məqamlardan biri də bəzi iş adamlarının, vəzifə sahiblərinin həbsləri oldu. Bu barədə də mövqeyiniz maraqlı olardı...
– Bu məsələ çox mürəkkəbdir və bununla bağlı danışmaq çətindir. Mən bu sahə üzrə mütəxəssis deyiləm ki, hansısa fikir söyləyəm. Hər halda, yerli və xarici mətbuatda gedən tənqidi məqalələrin hamısı göstərirdi ki, həbs dalğası, repressiya nə vaxtsa olacaq. çünki ölkədə iqtisadi cinayətkarlığın olduğu heç kimə sirr deyil. Azərbaycanda korrupsiya və rüşvətxorluğun olduğunu ölkə rəhbərliyi də etiraf edir. ölkədə böyük korrupsiya oyunlarının, maliyyə fırıldaqlarının olduğu faktdır ki, buna qarşı mübarizə aparılır. Bütün bunlar, gec-tez, açılmalı və həmin adamlar cəzalarını almalıdırlar.
– Bakıda faciə ilə nəticələnən yanğın hadisəsindən sonra da bir sıra məmurların cəzalanacağı bildirilirdi. Amma bir müddət keçəndən sonra ara səngidi, həbs-filan da olmadı. Sizcə, oyunlardan sonra yeni həbslər ola bilər?

– Bunu həyat göstərəcək. Prezident müşavirədə qeyd etdi ki, məsuliyyət daşıyan hər kəs cazalanacaq, bu istiqamətdə lazım olan bütün addımlar atılacaq. Biz də gözləyirik ki, baş verən hadisəylə bağlı məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində tədbirlər görülsün. Tədbir görülməsə, bu cür məsuliyyətsizliklər, cinayət əməlləri daha da genişlənəcək. Artıq sözdən əmələ keçməyin zamanıdır. Dəfələrlə deyilib ki, idarəetmədə qüsurlar var, kimlərsə məsuliyyətsizlik edir, qanunları pozur, onların haqqında ciddi tədbir görüləcək. Mənə belə gəlir ki, sərt tədbirlər görüləcək, çünki başqa yol yoxdur. Əgər təcili tədbir görülməsə, bu qanunsuzluqlar, yeyintilər, məsuliyyətsizliklər, xalqın malının talan olunması davam edəcək və bu, daha pis nəticələrə gətirib çıxaracaq.
ölkə rəhbəri də sonuncu müşavirədə qətiyyətlə tədbir görüləcəyini bildirdi və artıq mən də buna əminəm.
Bəziləri iddia edir ki, Azərbaycanda korrupsiya sistem şəklindədir, aşağıdan yuxarıya doğru davam edir…
– Bu, bir az mürəkkəb məsələdir. Bu suala gərək araşdırıb cavab verəsən. Ancaq fakt odur ki, Azərbaycanda korrupsiya və rüşvətxorluq geniş yayılıb. özü də heç kəs bunu inkar eləmir. Sadəcə olaraq, dövlət bu barədə çox ciddi tədbir görməlidir.
– Vaxtilə bu ölkənin birinci şəxsi olmusunuz. Əgər qərar vermək iqtidarınız olsaydı, korrupsiya və rüşvətin kökünü kəsmək üçün nə edərdiniz?
– Rüşvətin, korrupsiyanın kökünü kəsmək olar. Dövlətin aşağı mərtəbəsindən yuxarı mərtəbəsinə qədər hər kəs ona qarşı mübarizə aparmalıdır. Əgər hamılıqla buna qarşı gedilsə, məsələni kökündən həll eləmək olar. Niyə uzağa gedirik? Sadəcə olaraq, qəbul olunmuş qanunlara hamı əməl eləməli, hamı qanun qarşısında bərabər olmalıdır. Heç kimə xüsusi imtiyaz verilməməlidir ki, istədiyini eləsin. Əgər qanunlar işləsə, rüşvət də, korrupsiya da olmaz, hamı özündə məsuliyyət hiss edər.
– Dedikləriniz nəzəriyyədir, mən taktiki gedişləri, konkret hansı qərarların verilməsini soruşuram. Sizcə, mübarizəyə korrupsiyaya bulaşan yüksək vəzifəli məmurların həbsindən başlamaq olarmı?
– Bu, çox mürəkkəb məsələdir, gəlin, dərinə getməyək. özün də yaxşı bilirsən ki, korrupsiyanın kökünü kəsməyin çox asan yolları var. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün böyük tədqiqat aparmağa da ehtiyac yoxdur, hamısı göz qabağındadır. Kimlərin korrupsiya ilə məşğul olduğu məlumdur, sadəcə olaraq, tədbir görmək lazımdır.
– Yaqub müəllim, başqa bir mövzuya keçmək istərdim. Hazırda seçki ilidir, bir neçə ay sonra ölkəmizdə parlament seçkiləri keçiriləcək. Nə gözləyirsiniz?
– Ciddi bir şey gözləmirəm. Seçki ilə maraqlanmıram. çünki artıq seçki ilə bağlı ambissiyam yoxdur. Əvvəlki seçkilərdə bir neçə dəfə cəhd elədim, münasibətləri gördüm, ondan sonra seçkidən bir şey gözləmirəm.
– Axı, qanunverici orqanın formalaşmasına bu qədər etinasız yanaşmaq olmaz…
– Hesab edirəm ki, bizdə indiyə qədər seçki olmayıb, bundan sonra da yəqin ki, olmayacaq.
– Nəyə əsasən qətiyyətlə “olmayacaq”,- deyirsiniz?
– Yoxdur da… Yalandan nə deyim? Uzağa getmirəm, öz təcrübəmdən deyirəm. İki-üç dəfə seçkidə iştirak elədim, iki dəfə buraxılmadım. üçüncü dəfə seçkiyə buraxıldım, qalib gəldim, amma mandatımı vermədilər. Seçilməyən bir namizəd mənim əvəzimə parlamentə getdi.
– Saxta seçkidən küsmüsünüz deyə...
(Sualı sona qədər dinləmir-Z.Ə) Mən küsməmişəm, olan şeyi deyirəm. Dediklərim də reallıqdır. özü də bunu təkcə mən demirəm…
Belə çıxır ki, hamı küsüb kənarda dayanmalıdır?
– Kənarda dayanmayıb, nə edəcəyik? Belə baxanda kənarda dayanmamışıq, amma edə biləcəyimiz bir şey yoxdur.
– ölkənin öndə olan ziyalılarındansınız, təklifi Siz verməlisiniz.
– Azərbaycanda ziyalı qalıb ki?
– Şəxsən mən Sizi ziyalı hesab edirəm.
– İndi tək-tək ziyalı hesab elədiyiniz adamlar var. Onların da səsi eşidilmir, qulaq asan da yoxdur. Seçki ilə bağlı mənim fikrimi soruşdunuz, dedim ki, Azərbaycanda seçki keçirilmir, təyinatdır. Siyahı verirlər, təyinat olur, sonra da elan edirlər ki, filankəs deputatdır.
– Bəs, bu situasiyanın dəyişməsinin yollarını bilirsinizmi?
– Hazırkı şəraiti yalnız yuxarılar dəyişə bilər. Aşağıların bunu dəyişməsi mümkün deyil. Aşağıdan dəyişmək inqilabdır, inqilabı da istəmirəm. Vəziyyəti dəyişmək üçün seçkini keçirənlərin məsuliyyəti olmalıdır. Onlar xalq, dövlət qarşısında məsuliyyət hiss eləməlidirlər. Hələlik bu məsuliyyət hissi yoxdur deyə, belə davam edir.
– Görünən odur ki, budəfəki seçkilərdə namizəd olmaq niyyətində deyilsiniz?
– Xeyr. Seçkidə iştirak etmək fikrim yoxdur.
– Namizəd olmasanız da, hər hansı bir blokun yaranması təşəbbüsünü vermək olar…
– Heç bir blok yaratmaq, kimisə dəstəkləmək niyyətində deyiləm. Əgər seçki olsa, bir vətəndaş kimi, özüm və ailə üzvlərim seçkiyə gedib istədiyimiz namizədə səs verəcəyik.
Zaur ƏHMƏD,
“Reytinq”



Yuxarı Əvvələ Ana Səhifə