XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 11:48

Attestatla Türkiyədə “tələbə olan” azərbaycanlıların “çirkli biznesi” – Araşdırma

usakuniversiteti-2.jpg

Son illər Azərbaycan gənclərinin xarici ölkələrdə, xüsusən də qardaş Türkiyədə təhsil almağa maraqlarının artması daha çox bəzi “işbazların” işinə yarayıb. Yəqin, Türkiyədəki universitetlərə attestatla qəbul olmaq imkanları vəd edən və bu məqsədlə öz xidmətlərini təklif edən ayrı-ayrı şirkət və firmaların elanlarını siz də görmüsüz…

Strateq.az həmin elanların izi ilə apardığı araşdırma zamanı çox maraqlı fakt və tendensiyaları üzə çıxarıb. Bəlli olub ki, ilk baxışda tələbə adı almaq istəyənlər üçün cəlbedici görünən bu xidmət əslində, ölkəmizin xaricdəki nüfuzunun aşağı salınmasına yönəlmiş məqsədli bir plandır.

Araşdırmalarımız göstərir ki, Türkiyəyə imtahansız və yalnız attestatla ali məktəbə qəbul olmaq istəyənlər, əsasən digər yerli və xarici ali təhsil müəssisələrinə imtahanla qəbul ola bilməyən gənclərdir. Onlar ilk vaxtlar sadəcə şöhrət naminə bu addımı atırlar ki, bu hissin əsiri olmaq sonradan onlar üçün bitmək bilməyən faciəli həyatın başlanğıcı olur. Eyni zamanda, universitetlərə imtahansız qəbul aparan şirkətlərin xidmətindən məqsədli şəkildə yararlanan və onu böyük, həm də çirkin bir qazanc mənbəyinə çevirənlər isə daha çoxdur. Elə biz də bu araşdırmamızda hələlik daha çox məsələnin bu tərəfinə diqqəti yönəltməyi lazım bildik.

Tələbə adı altında “çirkli biznes”

Türkiyədə təhsil alan bir qrup tələbə ilə söhbətimizdən aydın olur ki, qonşu ölkəyə tələbə kimi gedən azərbaycanlı gənclərin böyük əksəriyyəti əslində rüsvayçı əməllərlə məşğul olurlar. Tələbə adı isə onlara, sadəcə, Türkiyədə yaşamaq izni əldə etməyin asan bir vasitəsi kimi gərəklidir. Bu icazəni aldıqdan sonra onlar asanlıqla öz “çirkli bizneslərini” davam etdirirlər.

Tələbələrin dediyinə görə, “tələbə” adı ilə Türkiyədə xeyli sayda azərbaycanlı gənc qız yerləşib ki, əksəriyyəti “qədim peşə” ilə məşğul olurlar. İş o yerə çatıb ki, qonşu ölkədə artıq bütövlükdə azərbaycanlı qızlar haqda olduqca neqativ, aşağılayıcı bir fikir formalaşıb: “Əsasən əyalətlərdə fəaliyyət göstərən universitetlərdə yalnız adları siyahılarda gedən bu cür insanlar ölkəmizin, millətimizin imicinə çox böyük zərbə vurur. Artıq elə vəziyyət yaranıb ki, tələbə olduğumuzu deməyə utanır, çəkinirik. Azərbaycandan tələbə olduğumuzu deyəndə, əksəriyyət bizə fahişə kimi baxır. özümüzü sübut etməyə çalışsaq da, çox zaman buna nail ola bilmirik. çünki “tələbə” adıyla çirkin işlərlə məşğul olanların sayı sırf təhsil almaq niyyətiylə bura gələnlərdən daha çoxdur. Onlar ölkəmizin imicini tam korlayıblar. Bunun qarşısını almaq lazımdı. Daha küçəyə də çıxa bilmirik”.

Şok statistika: 600 nəfərdən yalnız 10-u dərsə gedib!

Bu gün Türkiyədə yaşayan və həqiqətən təhsil alan, yüksək nəticələr əldə edən tələbələr digərlərinin məsuliyyətsizliyinin acısını çəkdiklərini qeyd ediblər. Deyilənlərin gerçəkliyi nə dərəcədə əks etdirib-etdirmədiyini yoxlamaq üçün təkcə bir universitetdə üzə çıxan rəqəmlərə baxmaq kifayətdir. Məsələn, tək bir ildə Ankaradakı Uşak Universitetinə Azərbaycandan 600 nəfər tələbə qəbul olunub. İlin sonunda onlardan yalnız 10 nəfərinin dərslərdə davamlı olaraq iştirak etdiyi üzə çıxıb. Bu 600 nəfərdənsə yalnız 4-ü yaxşı nəticələr göstərərək növbəti kursa keçə bilib!

Əsasən əyalətlərdə yerləşən universitetlərin azərbaycanlı “tələbələri”nin məqsədli şəkildə dərslərə getmədikləri də aydınlaşıb. Şübhəsiz ki, dərsdə iştirak etsələr, müəyyən nəticələri də olacaq və onlar kursdan-kursa keçə, beləliklə, ancaq 4 il Türkiyədə qala biləcəklər. Ancaq hər il kursda qalan “tələbə” daha bir il Türkiyədə yaşamaq izni qazanmış olur. Beləcə, illər uzanır və onlar da öz “bizneslərini” genişləndirirlər.

Yeni universitetlərin yaşam çabaları

Burada haqlı olaraq bir sual yaranır: bəs, həmin universitetlər niyə illərlə dərsə gəlməyən, heç bir nəticə göstərməyən xarici tələbələri öz sıralarından xaric etmir?

Araşdırmamız zamanı bu məsələlərin daha çox ölkənin son illərdəki daxili siyasətiylə bağlı olduğunu da aydınlaşdıra bilmişik.

Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olduğu vaxtda təhsilin səviyyəsini yüksəltmək, hamı üçün daha əlçatan etmək məqsədilə ölkənin bütün əyalətlərində universitetlərin yaradılmasına göstəriş verib. Həmin qərara əsasən, hətta ən ucqar rayonlarda belə, yeni universitetlər açılıb. Lakin kadr çatışmazlığından orada təhsil keyfiyyətli olmadığı üçün yerli kontingent onların xidmətindən imtina edib. Universiteti saxlamağın yeganə yolu isə xaricdən tələbə cəlbini gücləndirməkdir. Hər şeydən asan pul çıxarmağı bacaran bəzi azərbaycanlı işbazlar isə Türkiyədəki həmkarları ilə birləşərək, bu boşluqdan dərhal və məharətlə yararlanıblar. Beləcə, “ortaq anlaşma” nəticəsində həmin universitetlər pul qazanaraq yaşamaq, orada adı gedib özü olmayan “tələbələr” isə Türkiyədə qalmaq izni alırlar. Hər iki tərəfə yaxşıca qazanc gətirdiyindən, bundan nəinki imtina olunmur, əksinə bu təcrübə bir qədər də genişləndirilərək, artıq dərinə kök atmış böyük bir cinayətkar şəbəkənin formalaşmasına gətirib çıxarıb.

Azərbaycana zərbə vuran millət vəkilləri

İşin daha ilginc tərəflərindən biri də budur ki, Azərbaycana, onun Türkiyədə və digər qonşu ölkələrdəki nüfuzuna zərbə vuran “mütəmadi tələbə göndərişlərini təmin edən” belə şirkətlərin arxasında yüksək çinli məmurların adları hallandırılır. Hətta aralarında “millət vəkili” olanlar da var (bu haqda ayrıca araşdırmamız var-red.)…

Məlumat üçün bildirək ki, Azərbaycanlı “tələbələrin” siyahısı və Türkiyədəki “fəaliyyətləri”, eləcə də tələbə göndərişlərini təmin edən şirkətlərin adları və arxalarında duran şəxslər barədə məlumatlar Azərbaycanın Türkiyədəki səfirliyində də toplanıb. Ancaq bu problemin aradan qaldırılması üçün indiyədək niyə səy göstərilmir, bax, bunu hələ çözə bilmirik…

ümid edək ki, dövlətimizin və millətimizin adını, şərəfini qorumağa, uca tutmağa borclu olan aidiyyəti qurumlarımız bütövlükdə Azərbaycanın xaricdəki nüfuzuna xələl gətirən belə halların qarşısının alınması üçün tez bir zamanda qətiyyətli addımlar atacaq…

Strateq.az