XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2015 - 12:39

Corc Sorosdan Ukrayna üçün qələbə strategiyası: Silahlı üsyanın olmaması üçün nə etməli? (Təhlil)

İlin əvvəlində sanksiyaların Rusiya üçün yetərli olmadığına əsaslanan strategiya təklif etmişdim. Təklifləri Ukraynanın müttəfiqlərinin siyasi qərarları ilə birləşdirmək lazımdır və bu ölkənin salamat qalması üçün mümkün hər şeyi etmək lazımdır. Rusiya prezidenti Putin tərəfindən sərt basqılara baxmayaraq, Ukraynada genişmiqyaslı siyasi-iqtisadi islahatar keçirilməlidir.

Sanksiyalar zəruri olsa da, təkcə Rusiyaya deyil, həm də Avropa iqtisadiyyatına ziyan vurur. Əksinə, Ukrayna iqtisadiyyatının inkişaf təminatı həm Ukraynaya, həm də Avropaya faydalı olardı.

Daha önəmlisi odur ki, sanksiyalar özlüyündə Putinin, guya, Rusiyanın gah onu fövqəldövlət statusundan məhrum etmək yönündə ingilis-sakson, gah da Qərb sui-qəsdinin qurbanı olması haqda tezislərini təsdiqləyir. Kreml təbliğat maşınının iddiasına görə, Rusiyanın bütün iqtisadi və siyasi çətinlikləri Qərbin düşmənçiliyindən törəyib.

Bu tezisi təkzib etməyin yeganə üsulu sanksiyaları Ukraynaya effektli dəstəklə uyğunlaşdırmaqdır. Rusiyanın tənəzzülü Ukraynanın inkişafı ilə müşayiət olunsa, buna görə Putini ititham etməyin gərəkliliyini heç bir təbliğat ört-basdır edə bilməz.

Təəssüf ki, Avropa liderləri başqa bir kurs seçiblər. Onlar Ukraynanı daha bir Yunanıstan kimi qəbul edirlər. Sanki, o, sadəcə, maliyyə çətinlikləri keçirdən və eyni zamanda hətta Avropa Birliyinin üzvü olmayan bir ölkədir.

Bu səhvdir. Ukrayna inqilabi dəyişim prosesindən keçir, indiki hökumət isə radikal dəyişiklikləri təmin etməyə daha qabildir.

“Köhnə Ukrayna” ilə Yunanıstan arasında, doğrudan da, xeyli oxşarlıq var. Hər iki ölkə korrupsiyalaşmış bürokratiya və oliqarx iqtisadiyyatından əziyyət çəkib. Lakin yenu Ukrayna yeniləşmək qətiyyəti ilə doludur. Avropa Ukraynanı qısa maliyyə yedəyində saxlamaqla onun inkişafını təhlükə altında qoyur.

Avropanın yeni Ukraynanın doğulmasını tanımaqdan imtina etməsi müəyyən mənada təəccüblü deyil. Xalq üsyanları öz-özünə tez-tez baş verir. Məsələn, “ərəb baharı” dalğa kimi Quzey Afrikanı və Yaxın Şərqi bürüdü.

Yeri gəlmişkən, üsyanlar daha çox qısamüddətli olur. Onların enerjisi tez tükənir – on il əvvəl Ukraynada narıncı inqilabda olduğu kimi. Lakin bugünkü Ukrayna, etirazın millətin konstruktiv quruculuq layihəsinə çevrildiyi çox nadir durumu təmsil edir. Bu transformasiya prosesində iştirak etsəm də, etiraf etməliyəm ki, yeni Ukraynanın mətinliyini hətta lazımınca qiymətləndirmədim. Eyni səhvi Putin də etdi, lakin daha geniş miqyasda. O, ictimai rəyi o qədər uğurla yönəltdi ki, öz-özünə törəyən insan fəaliyyətinə inanmaq halında deyildi. Bu da onun “Axilles dabanı” oldu.

Putin bilir ki, Ukraynanı güzəştcil müttəfiqdən barışmaz düşmənə məhz o çevirib. O vaxtdan bəri onun əsas işi yeni Ukraynanı sabitsizləşdirmək olub. Tam ötəri olsa da, bu fonda, həqiqətən də, xeyli müvəffəqiyyətə nail ola bilib. Onun tələsikliyi həm də bununla izah olunur ki, neft qymətinin yüz dollardan aşağı durumunda Putin rejimi iki-üç ildən çox tab gətirməz.

Avropa liderləri Ukraynanın önəmini lazımınca qiymətləndirə bilmədilər. Ukrayna özünü müdafiə etməklə həm də AB-ni müdafiə edir.

Putin Ukraynanı sabitsizləşdirməkdə nəyəsə nail olsa, sonra həmin hibrid müharibə və hibrid dünya modelindən Avropanı parçalamaq və onun bəzi üzvlərini zəbt etmək üçün istifadə edə bilər. Ukrayna uğursuzluğa düçar olsa, AB özünü müdafiə etməli olacaq. Ona görə də AB üzvləri Ukraynaya yardıma müdafiə xərcləri kimi yanaşmalıdır. Ukraynaya ayrılan vəsaitlər bu fonda son dərəcə dəyərsiz görünür.

Bu ilin əvvəlində təklif etdiyim Ukraynaya yardım strategiyası üç maneə ilə üzləşdi.

Birincisi, 15,3 milyard dollar təşkil etməli olan dövlət borcunun BFV-nun rəhbərliyi altında yenidən tərtiblənməsi yalnız cüzi şəkildə baş verdi.

İkincisi, AB makromaliyyə yardımı haqda yeni çərçivə müqaviləsinin hazırlanmasına hətta girişmədi də.

üçüncüsü, AB liderləri Ukraynaya yardım üçün “zəruri hər şeyi etməyin” cüzi nişanələrini də sərgiləmədilər.

Almaniya kansleri Merkel və Fransa prezidenti Olland ikinci Minsk sazişinin müvəffəqiyyətini təmin etməyə can atırlar. çünki bu sənədin altında onların da imzaları var. Problem bundadır ki, Ukrayna tərəfi bu müqaviləni basqı altında imzalayıb, Rusiya tərəfi isə bilə-bilə onu çoxmənalı edib.

Bu saziş Ukrayna hökuməti ilə Donbas bölgəsi arasında danışıqlara çağırır, lakin bu təmsilçilərin kim olacağını dəqiqləşdirmir. Ukrayna hökuməti Ukrayna qanunlarına əsasən seçilmiş təmsilçilərlə danışıq aparmaq istəyir. Putin isə istəyir ki, Ukrayna hökuməti hakimiyyəti zorla zəbt etmiş separatçılarla danışıq aparsın.

Avropa hökumətləri bu pat vəziyyətindən çıxmağa çalışırlar. Lakin ikinci Minsk sazişinin çoxmənalılığına münasibətdə bitərəf mövqe tutan və Ukraynanı qısa yedəkdə saxlayan Avropa liderləri, istər-istəməz, Putinə öz məqsədinə çatmaqda kömək edirlər: ümumukrayna maliyyə və siyasi böhranı törədilir.

Ukraynaya maliyyə qırıntıları atmaq ölkə iqtisadiyyatını kollaps həddinə çatdırıb. Etibarsız maliyyə sabitliyi hazırda iqtisadi süqutun sürətlənməsi hesabına əldə edilir. Siyasi və iqtisadi islahatlar hələ də davam etsə də, tempi itə bilər.

Ukraynaya bu yaxınlardakı səfərim zamanı gerçək durumun aşkar şəkildə pisləşməsi ilə “yeni” Ukraynanın islahatçı cəhdləri arasında həyəcanlı təzad hiss etdim. Prezident Poroşenko və baş nazir Yatsenyuk birgə hərəkət edəndə parlamenti onların ardınca getməyə inandıra bilirlər. Lakin bu cür imkanlar getdikcə azalır. Hətta Poroşenko və Yatsenyuk oktyabrda yerli seçkilərdə rəqib olacaqlar. İctimai sorğulara görə, oliqarxların müdafiə etdiyi müxalifət bu seçkilərdə güclü dəstək ala bilər. Bu, son aylarda oliqarxların dövlət büdcəsindən iri pul vəsaitlərini oğurlamasına mane olan ciddi uğurlar fonunda geri addım ola bilər.

Hökumət ən pis və ən güclü rəqibi İqor Kolomoyski ilə kəskin qarşıdurmada qalib gəldi.

Avstriya məhkəməsi Dmitri Firtaşın ABŞ-a ekstradisiyasına razılıq verməsə də, Ukrayna hökuməti hazırda onun bəzi aktivlərini müsadirə edir və onun qazpaylayıcı monopoliyasını nəzarətə götürür.

Bundan başqa, Ukraynanın bank sistemi yenidən kapitallaşmanı başa çatdırmasa da və zəif olsa da, Ukrayna Milli Bankı durum üzərində effekli nəzarət əldə edib. Elektron hökumətin tətbiqində və dövlət alqılarının şəffaflığında da müəyyən tərəqqi var. Təəssüf ki, mə
hkəmə sisteminin islahatı üzrə cəhdlər məyusluq yaradır.

Ukrayna iqtisadi islahatlarının guşə daşı qaz sektorudur. Bu sahədə radikal dəyişikliklər Rusiyadan energrtik asılılığı ləğv edə bilər, korrupsiyanın ən irimiqyaslı formalarının kökünü kəsər, büdcədəki ən böyük çatı bağlayar və Avropa vahid qaz bazarının inkişafına əsaslı pay verə bilər.

Bütün islahatçılar qazın bazar qiymətlərinə maksimal şəkildə yaxınlaşdırmaq əzmindədirlər. Bu, ehtiyacı olan ailələrə növbəti isitmə ilinin başlanğıcına qədər birbaşa subsidiyalar tətbiqini tələb edir. Ehtiyaclı ailələrin qeydiyyatında səhvlər və ləngimələr narazılıq partlayışı törədər və qarşıdakı seçkilərdə koalisiya hökumətinin etibarını sarsıda bilər.

Subsidiyalar haqda xahişlərin bir isitmə mövsümü boyunca avtomatik olaraq təmin ediləcəyinə əhalini inandırmaqla bu təhlükəni aradan qaldırmaq mümkündür. Lakin bu, büdcədən əlavə yardım tələb edə bilər. Ən pisi odur ki, hökumətdəki əksəriyyət hazırda qaza bazar qiymətinin tətbiqinə nisbətdə tərəddüd edir. Hələ indiki vəziyyətin əlverişli olduğu oliqarxları demirik.

Poroşenko və Yatsenyukun öz üzərlərinə xüsusi məsuliyyət götürməyi və islahatlara görə hər cür müxalifətə qarşı mübarizə aparmaları lazımdır. Əks təqdirdə Ukraynanın islahat fitili zəifləyə bilər.

Xarici iqtisadi gerçəkliyin pisləşməsi və AB-nin indiki kursu saxlaması nəzərə alınsa, Ukraynanın islahatları tamamilə ölgünləşə bilər. Qaz sektorunun radikal islahatı uğursuzluğa düçar olar. Bundan sonra yeni maliyyə böhranı dalğasından yayınmaq çətin olacaq. Koalisiya hökuməti isə ictimai dəstəyi itirə bilər.

Ən pis ssenaridə hətta mümkünlüyü artıq açıqca müzakirə olunmuş silahlı üsyan perspektivini də istisna etmək olmaz. Bu gün Ukraynada ölkə daxilində 1,4 milyondan çox adam yurd-yuvasını tərk edib. İki milyondan çox ukraynalı qaçqın Avropaya axa bilər.

Digər tərəfdən, “yeni” Ukrayna öz mətinliyi ilə hamını dəfələrlə heyrətləndirib. O, bizi yenidən heyrətləndirə bilər. Lakin Ukraynanın müttəfiqləri, xüsusən də AB daha yaxşı hərəkət edə bilər. Onlar öz siyasətlərini yenidən nəzərdən keçirdib yeni Ukraynanın uğuruna zəmanət verə bilr.

Corc Soros

“Project Syndicate” (ABŞ), 20.06.2015