XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 08:14

Türkiyə “Böyük Kürdüstan”ı tanıyırmı? – Təhlil

Suriya türkmənləri dünyaya car çəkib ABŞ-ın yardımı ilə kürd yaraqlılarının onları yurd-yuvalarından çıxartdıqlarını, etnik təmizləmə siyasəti apardıqlarını bəyan etdikləri bir vaxtda Türkiyənin baş naziri Əhməd Davuqoğlunun PYD lideri Müslüm Salehlə görüşəcəyi xəbəri gəldi. Xəbər rəsmən təsdiqini taparsa, Türkiyənin siyasi dairələrində xeyli müzakirələrə yol aça bilər. Nədən ki, PYD liderinin ən yüksək dövlət adamı tərəfindən qarşılanması və tərəflər arasında görüş keçirilməsi adi bir hadisə deyil, bir çox cəhətdən qəbul edilməsi çətin, diplomatik və siyasi anlam daşıyan aksiyadır.

Məsələni qəlizləşdirən nüanslardan biri PYD-nin siyasi baxışlarıdır. PYD-nin təşkilat olaraq ortaya qoyduğu əsas siyasi hədəfləri mahiyyət etibarilə PKK-dan heç nəyiylə fərqlənmir. Hətta bəziləri bu yaxınlığa əsaslanaraq iki partiyanın bir-biriylə üzvü şəkildə bağlı olduğunu bildirir, birini digərinin uzantısı adlandırırlar. PYD-nin yarandığı coğrafiyanın PKK-ya yad olmaması da bu ehtimalı qüvvətləndirir.

Bilindiyi kimi, PKK-nın qurucusu Abdullah öcalan uzun müddət – 1970-ci illərin ikinci yarısından tutulana qədər, Suriyanın şimalında fəaliyyət göstərib, oradakı insanlarla sıx təmaslarda olub. Türk ədalətindən qaçıb gizləndiyi dövrlərdə onun Suriyada öz ideyası ətrafında təşkilatlanma işi apardığı da sirr deyil. PYD rəsmən 2003-cü ildə təsis olunsa da, onun üzvlərinin əsasən öcalan tərəfdarlarından formalaşdığı təxmin olunur. Bir növ, PKK liderinin Ankaranın nəzarətindən kənardakı nümayəndəsi kimi tanınan Müslüm Salehin Türkiyənin dövlət yetkililəri tərəfindən qəbul olunması terror təşkilatını siyasi qurum kimi tanımaqla eyni mənaya gəlir ki, qardaş ölkənin siyasi iradəsi uzun illər bu fikri yaxına buraxmamışdır.

Düzdür, AKP iqtidara gəldikdən sonra hökumət öcalanla dolayı müzakirələrə başlamış və bu təşəbbüsün önünü açmışdır. Fəqət İmralıyla indiyə qədər yürüdülən görüşlər birbaşa rəsmi şəxslər tərəfindən yox, PKK liderinin nümayəndələriylə aşağı ranqlı məmurlar arasında aparılmışdır. İndi isə Müslüm Salehi Türkiyə hökumətinin ən yüksək səlahiyyətlisi qəbul edir. Bu da, istər-istəməz, hökumətin separatizmi tanıması məntiqini doğurur.

Digər tərəfdən, Davudoğlunun qonağı sifətilə Türkiyəyə gələn Müslüm Saleh Suriyanın şimalında son zamanlar başlayan kürdləşdirmə siyasətinin baş aktyorudur. O, təkcə hansısa bir siyasi partiyaya deyil, həm də bu partiyanın strukturunda yaranan silahlı qüvvələrə – YPG-yə (Xalq özünümüdafiə Birlikləri) rəhbərlik edir. YPG və PYD qüvvələri isə şimali Suriyanın müstəqilliyi, “Böyük Kürdüstan” proyektinin reallaşması üçün mübarizə aparır. Hələ də beynəlxalq birlik tərəfindən leqal qurum kimi tanınmayan bu təşkilatın idealları reallaşarsa, bundan ən çox əziyyət çəkən tərəfin Türkiyə olacağı da bəllidir. Kürd separatizmi açıq-aşkar qardaş ölkənin ərazi bütövlüyünü təhdid edir, uzun illərdən bəri bunun mübarizəsini verir. Bu durumda rəsmi Ankaranın PYD-ni tanıması ən son düşünülə biləcək məsələlərdən olmalıdır.

Nə yazıq ki, Əhməd Davudoğlunun Müslüm Salehlə gözlənilən görüşü, faktiki olaraq, Türkiyənin şimali Suriyada qurulmaqda olan siyasi-inzibati coğrafiyanı hələ indidən tanıdığı və onun siyasi iradəsiylə hesablaşdığı mənasına gəlir.

Türkiyə hökumətinin bu addımı təkcə ölkə daxilindəki ziddiyyətləri artırmaqla qalmır, onun xaricdəki nüfuz dairəsinə mənfi yöndən təsir göstərir. Sözügedən görüş ölkənin Suriyadakı əsas “yumşaq gücü” sayılan türkmənləri qəlbən yaralaya, onların Türkiyəylə münasibətini soyuda və İranın təsir dairəsinə düşməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, rəsmi Ankaranın Qüzey İraqdakı bənzər siyasəti də həmin nəticəni doğurmuşdu. Barzani hakimiyyətiylə qurulan isti əlaqələr İtaq türkmənlərini tamamilə yalnızlaşdırmış, onların Sistani tərəfindən qurulan Həşdi-Şəbi birlikləri arasında yer almasına səbəb olmuşdu.

Eyni prosesin indi Şimali İraqda təkrarlanması beynəlxalq güc mərkəzlərinin “Böyük Kürdüstan” proyektinin həyata keçirilməsinə yaraya bilər.

Heydər Oğuz

Strateq.az