XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 16:04

Azərbaycana qarşı məkrli plan: Kürd saytı Laçın köçkünlərinin qələbəsini “Qırmızı Kürdüstanın zəfəri” saydı

Xəbər verildiyi kimi, iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsnin (AİHM) Böyük Palatası Azərbaycanın Laçın rayonundan olan bir neçə məcburi köçkünün şikayətini təmin edərək, onları yurd-yuvalarından didərgin salmış Ermənistanın əleyhinə qərar çıxarıb.

Azərbaycan Xarici İşlər Nazirliyi, eləcə də bir sıra rəsmi şəxslər bu məhkəmə qərarını Azərbayan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin beynəlxalq miqyasda növbəti dəfə tanınması faktı kimi bildirərək, olayı Azərbaycanın uğuru kimi təqdim edir və faktın gələcək danışıqlar prosesində əlimizi gücləndirəcəyini vurğulayırlar.

Maraqlıdır ki, AİHM-in bu qərarını təkcə biz yox, hazırda Quzey İraqın kürd hakimiyyətinə yaxın informasiya vasitələri də zəfər kimi təqdim edib: ancaq Azərbaycan Respublikasının deyil, “Qırmızı Kürdüstan”ın zəfəri kimi!

Strateq.az bildirir ki, kürdlərin informasiya portalı rudaw.net AİHM-n bu qərarını “Avropa İnsan Haqları Məhkəməsi Laçın bölgəsində (“Kürdüstana Sor” – “Qırmızı Kürdüstan”) yaşayan və Ermənistan tərəfindən sürgün edilən kürdləri haqlı saydı” formasında təqdim edib.

Daha sonra “Qırmızı Kürdüstan” haqqında qısa məlumat verən portal bilridirir: “Paytaxtı Laçın olan Qırmızı Kürdüstanın Dağlıq Qarabağ bölgəsində Ermənistan-Azərbaycan arasında 1991-94-cü illərdə baş verən müharibədə 30 min adam həyatını itirib. Döyüşlərdə 750 min azəri yerindən olub, 390 min erməni də Azərbaycandan didərgin düşüb. Yurd-yuvasından didərgin salınıb Bakıya sığınanlardan 10 mini isə kürd idi”.

Göründüyü kimi, kürdlərin rəsmi informasiya saytı hesab olan portalda Laçın qaçqınlarının xeyrinə Avropa Məhkəməsində alınan qərar məhz “Qırmızı Kürdüstanın zəfəri” kimi təqdim olunur. “Kürd kartı”nın böyük güclərin əlində əsas siyasi oyun predmetinə çevrildiyi bir ərəfədə, bu hadisə və onun bu sayaq təqdimatı, istər-istəməz, müəyyən şübhələrə və suallara yol açır: Əcəba, illərlə Azərbaycan ərazilərinin işğal olunması faktına göz yuman Avropanın indi nədən həqiqəti müdafiə etmək yadına düşüb? Olmaya, bu işdə də Azərbaycan əleyhinə hansısa məkrli plan var? Görəsən, AİHM-nin verdiyi qərarda iddiaçı laçınlı köçkünlərin etnik mənşəyi məsələsi nə kimi rol oynayıb? Bu qərardan Dağlıq Qarabağla bağlı danışıqlarda nə kimi istifadə ediləcək?

Qeyd edək ki, “Qırmızı Kürdüstan” ifadəsi təsadüfən ortaya atılmış ideya deyil. Laçın rayonu ərazisində, həqiqətən, 1923-cü ildə belə bir muxariyyatlıq yaradılıb, ancaq Mustafa Kamal Atatürkün və İran şahı Məhəmməd Rza Pəhləvinin Stalinlə şəxsi danışıqları nəticəsində 1929-cu ildə ləğv olunub.

Kürdlərin tarixində ilk qondarma dövlət hesab olunan “Qırmızı Kürdüstan” indi post-sovet məkanında yaşayan kürd millətçilərinin ən böyük ideallarına çevrilib. Yenidən o muxtariyyatlığı qurmaq və müstəqillik elan etmək iddiasıyla ortaya çıxan kürd separatçıları bu mübarizələrini əsasən beynəlxalq arenalarda davam etdirirlər. Bu məqsədlə eyni adlı məcmuələr çıxarır, toplantılar keçirirlər…

İndi – Dağlıq Qarabağla bağlı sülh danışıqlarının intensivləşdiyi, eləcə də Türkiyədəki seçkilərdə kürdlərin partiyası olan HDP-nin ciddi siyasi uğur qazandığı və “Böyük Kürdüstan” proyektinin aktuallaşdığı bir ərəfədə bu məsələnin gündəliyə gətirilməsi təsadüfi sayla bilməz və Azərbaycan tərəfi mütləq şəkildə mövzunu diqqətdə saxlamalı, işin qaranlıq tərəfləri barədə ictimaiyyəti məlumatlandırmalıdır.

Strateq.az