XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyun 2015 - 08:35

ABŞ-ın Yaxın Şərqdə hərbi-strateji oyunları – Təhlil

“CNN-Türk” telekanalına açıqlamasında Şimali Suriya kürdlərinin lideri Saleh Müslüm ABŞ-ın rəhbərliyi altında koalisya qüvvələrinin özəlliklə kürd separatçılarına hərbi dəstək verdiyinin səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu, kürd yaraqlılarının daha yaxşı döyüşməsi ilə bağlıdır. Beynəlxalq güclərin YPG/PYD-ni İŞİD-ə qarşı ən yaxşı döyüşən qrup olaraq gördüyünü etiraf edən kürd lideri ələ keçirdikləri yerlərdə etnik təmizləmə apardıqları iddialarını da yalanlayıb1.

PYD və onun silahlı qanadı YPG-nin lideri olan Saleh Müslümün özündənrazı ədası, əlbəttə, səbəbsiz deyil. Bir neçə gün bundan əvvəl ABŞ Müdafiə naziri Aşton Karter, həqiqətən də, İraq ordusunu əzmsizlikdə günahlandıraraq Suriyalı kürdlərdən ibrət dərsi almağa çağırmışdı. ABŞ Konqresinin Nümayəndələr Məclisi Silahlı Xidmətlər komitəsinin iclasında ölkəsinin Yaxın Şərq strategiyasına aydınlıq gətirən nazirin İraq ordusunu ağ yuyub qara sərdiyi bildirilir. Aşton Karter deyib: “İraq təhlükəsizlik güclərindən gözlədiyimiz mübarizəni kürd silahlı qüvvələri aparırlar. Döyüş iradəsi, savaşma qabiliyyəti göstərirlər. Bu adamlar həqiqətən savaşırlar” 2.

Karterin fikrincə, kürd silahlılarının bu fədakarlığının əvəzində İraq hökuməti nəinki bənzər mübarizə aparmır, hətta peşmərgələrə dəstək olmaq belə istəmir. İraqın müdafiəsi üçün göndərilən silahları kürdlərə verməyə həvəssiz yanaşan rəsmi Bağdada dəfələrlə təpindiklərini bildirən ABŞ müdafiə naziri yalnız bu basqılardan sonra İraq hakimiyyətinin Barzani tərəfdarlarını silahla təmin etdiyini vurğulayıb. O, həmçinin rəsmi Bağdada çoxməzhəbli və çoxmillətli İraq inşa etmək istədiklərindən silahı mərkəzi hakimiyyətə göndərdiklərini xatırladıb və bununla sanki “özünüzü yaxşı aparmasanız, “B” variantını – parçalanmış İraq proyektini işə sala bilərik” mesajını göndərib.

Qeyd edək ki, cənab Karterin İraqı ev tapşırığını yaxşı yerinə yetirməyən şagird kimi qabağına qoyub danlaması ilk hadisə deyil. Bir müddət əvvəl də bənzər ittihamlarla gündəmə gələn nazir İraq ordusunu qorxaqlıqda günühlandırmış, ABŞ-ın onlara yalnız silah-sürsat verə biləcəyini, amma əzm verə bilməyəcəyini demişdi.

Aşton Karterin bu danlağına cavab isə İrandan gəlmişdi. Müdafiə nazirinin çıxışına xeyli təəccübləndiyini bildirən İran generalı Qasım Süleymani ABŞ-ın iraqlılara nəinki yardım etmədiyini, əksinə mane olduğunu, mübarizələrini əngəllədiyini bildirmişdi.

Doğrudan da İraqdan gələn bəzi xəbərlər Qasim Süleymaninin fikirlərini təsdiqləyir. Xatırlayırsınızsa, bir neçə ay öncə İŞİD-in ən böyük qalalarındanTikriti ələ keçirən İraq silahlı qüvvələri daha sonra Mosula hücum planlaşdırırdı. Qazanılan ilk zəfərin sevincini isə ABŞ-ın basqıları gözdə qoydu. Pentaqonun təzyiqlərinə duruş gətirə bilməyən İraq ordusu həmin şəhərdən çıxmağa məhkum oldu və Mosul əməliyyatını dayandırdı.

İraq ordusunun döyüş əzmini qırılmasında bu hadisənin mühüm rol oynadığı bildirilir. Müqtəda əs-Sədr kimi bir çox könüllü batalyon rəhbərlərinin anlaşılması çətin olan bu qərara etiraz edərək Həşdi-Şəbi sıralarından ayrılması və bir daha ABŞ-ın rəhbərliyi altında döyüşməyəcəklərini bəyan etməsi bunun sübutudur. Gözlənilən Mosul hərbi əməliyyatı da bu zamana qədər “İraq ordusu döyüşlərə hazır deyil” bəhanəsiylə yenə ABŞ tərəfindən indiyə qədər əngəllənir. Verilən son qərara görə, kürdlü, şiəli, sünnülü bütün İraq silahlı qüvvələrinin birgə hazırladığı Mosul hərbi əməliyyatı bu ayın ortalarında keçirələcəkdi. Dünən yayılan məlumata görə, yenə ABŞ-ın israrı ilə əməliyyat avqust ayına qədər təxirə salınıb. Bəhanə isə eynidir-İraq ordusu buna hazır deyil!

Əslində İraqda son zamanlar bir-birinin ardınca gələn məğlubiyyətlərdə ABŞ-ın bu anlaşılmaz mövqeyi müstəsna rol oynayıb. Bağdada bağlı qüvvələrin bu irəliləyişlərinin qarşısının alınması Həşdi-Şəbiyə qoşulan könüllülər arasında ciddi ruh düşgünlüyü yaratdığı kimi, İŞİD-in əks-hücuma keçməsinə də imkan verib. Maraqlıdır ki, İŞİD-çilər ABŞ silahlılarının gözləri qarşısında Ənbar kimi İraqın ən böyük və strateji əhəmiyyətli vilayətini ələ keçirdilər, Suriya ilə İraq arasındakı son əlaqə qapısını da nəzarətləri altına alıb qurduqlarını elan etdikləri islam xilafətinin ərazi bağlantılarını möhkəmlətdilər. İraqlıları əzmsizlikdə günahlandıran koalisiya qüvvələrindən isə səs çıxmadı. İŞİD-ə qarşı amansız mübarizə apardığını bəyan edən ABŞ prezidentinin bu ağır məğlubiyyətlə bağlı açıqlamaları da ilginc oldu. Dünyanın ən böyük hərbi gücünə malik ölkənin rəhbəri bunu İŞİD-ə qarşı mübarizədə heç bir hərbi strategiyalarının olmamasıyla əsaslandırdı.

Obamanın bu sözlərinin inandırıcılığına şübhə ilə yanaşan İranlı general Qasim Süleymaninin təsbitləri isə başqa mətləblərdən xəbər verir. Yaxın Şərqi hər kəsdən yaxşı tanıyan generala görə, Ramadidəki məğlubiyyətin bir səbəbi vardı: ABŞ-ın İŞİD-lə mübarizə aparmaq istəməməsi. Generalın bu fikirləri irəli sürərkən söykəndiyi məntiq isə olduqca sadədir. O, İRNA agentliyi vasitəsilə üzünü Obamaya tutub deyirdi: “Hörmətli Obama, İŞİD-in ələ keçirdiyi Ramadi ilə ABŞ-ın hərbi təyyarələrinin saxlandığı əl-Əsəd hava limanı arasında məsafə nə qədərdir, bilirsinizmi? Necə olur ki, İraq xalqını mühafizə öhdəliyi ilə bu ölkədə mövcud olursunuz, amma heç bir şey etmirsiniz?”

Qasım Süleymani həmin çıxışında ABŞ-ın bu hərəkətsizliyini İŞİD-dən ucuz neft almasıyla əsaslandırsa da, zənnimizcə, daha önəmli səbəb ölkənin üç yerə-Kürdüstana, şiə və sünnü İraqına parçalanması niyyəti ilə bağlıdır. Görünür, bu səbəbdən də Ramadidən cəmi bir neçə km uzaqlıqdakı hərbi hava limanında yerləşən ABŞ təyyarələri, Qasım Süleymaninin təbiriylə desək, öz ətrafında baş verənlərə laqeyd qaldığı halda, hər gün Şimali İraq və Suriyada baş verən kiçik hərəkətlənmə görən kimi havalanır, İŞİD-çilərin başına bombalar yağdırır.

Zənnimizcə, bu əzmi qıran ən mühüm amillərdən biri də aparılan mübarizənin separatçıların işinə yaraması idi. ABŞ-ın Mosulu xilase
tmə əməliyyatında kürd separatçılarına daha ciddi yer verməsi, mərkəzi hakimiyyəti regional muxtariyyətin yedəyində görmək istəməsi istər-istəməz rəsmi Bağdadda şübhələrə yol açır, şiə könüllülərini döyüşlərdən soyudur. Apardıqları mübarizənin nəticə etibarilə dövləti parçaladığını düşünən istənilən ölkənin vətəndaşları zorən məhkum olunduqları savaşda qəhrəmanlıq göstərə bilməzlər. Bir düşmənə qarşı o biri düşmənin səfində yer almaqdansa, hər iki tərəfin vuruşaraq özlərini zəiflətməsində maraqlı olarlar. Məhz bu səbəbdən də ABŞ-dan asılı olan İraq hakimiyyəti öz torpaqlarının qurtarılmasına həvəssiz yanaşdığı kimi, qərb sərhədlərinin o biri tərəfindəki Suriya rejimi zaman-zaman İŞİD-in işinə yarayan həmlələr edir, Azad Suriya Ordusuna hava hücumları təşkil edərək onu zəiflədir və digər bir düşməninin hərbi əməliyyatlarına şərait yaradır. Bunu Suriyadakı keçmiş ABŞ səfirliyinin müxtəlif sosial şəbəkələrdə paylaşdığı statuslardan da görə bilərik4.

İraq və Suriyada gedən bu proseslərin mürəkkəbliyi yerli əhalini istər-istəməz ərazi bütövlüyü uğrunda döyüşlərdən yayındırır, onları yalnız yaşadığı ərazilərin müdafiəsinə yönəldir.

Aşton Karterin böyük ehtiramla bəhs etdiyi və İraq xalqına örnək göstərdiyi Suriyalı kürdlərin mübarizə apardığı bölgələrdə isə ABŞ-ın tamamilə fərqli siyasət yürütdüyünü görürük.

Yanlış anlaşılmasın, bu sözləri deyərkən YPG-nin əzmli döyüş qabiliyyətini şübhə altına almaq fikrində deyilik. Onlar uzun illərin təcrübəsiylə, həqiqətən də, ciddi döyüş qabiliyyətinə yiyələniblər. 1970-ci illərdən bəri apardıqları müstəqillik mübarizəsi, sözsüz ki, bu qüvvələri bərkə-boşa salıb, mətinləşdirib. Fəqət qazanılan uğurları yalnız subyektiv amillərlə, bir xalqın digərindən daha qəhrəman olmasıyla əsaslandırmaq da məsələyə səthi yanaşma olardı. Zənnimizcə, bu subyektiv amillər qədər, hətta ondan daha çox, obyektiv reallıqlar da kürdlərin qazandıqları uğurda mühüm rol oynayır.

Uğurun ən mühüm obyektiv səbəbi isə ABŞ-ın fərqli bölgələrdə fərqli hərbi strategiyalar həyata keçirməsiylə bağlıdır. Mərkəzi İraqda Həşdi-Şəbi qüvvələri əldə keçirdikləri bölgədən zorla çıxarıldığı halda, Suriyanın şimalındakı Kobani ABŞ-ın hava qüvvələrinin ciddi dəstəyi sayəsində müdafiə olundu. İraqda Ramadi işğalına göz yuman və məğlubiyyətin məsuliyyətini “qorxaq” iraqlıların boynuna atan Pentaqon Tel-Abyadda İŞİD-in ən adi hərəkətini nəzarət altında saxladı. Bunu əməliyyatları izləyən müstəqil müşahidəçilər də etiraf edirlər. İngiltərə mərkəzli Suriya İnsan Haqları Müşahidə qrupunun rəhbəri Rami Əbdülrəhmanın BBC-yə açıqlaması bu etiraflardan sadəcə biridir. Müşahidəçi deyir:

“Kürdlər Tel-Abyabı almamışdan 10 gün əvvəl bəzi İŞİD-çilərin ratsiya danışıqlarını dinlədik. Bir döyüşçü Rəqqaya “hazırda mühasirə altındayıq, dəstəyinizə ehtiyacımız var”-deyirdi. O biri tərəf isə “sizi dəstəkləyə bilməyəcəyik. çünki təyyarələr yerdəki ən kiçik hərəkəti belə vururlar5.”-cavabını verirdi.

Rami Əbdülrəhman Tel-abyabın YPG tərəfindən ələ keçirildiyi zaman qəsəbədə sadəcə 150 İŞİD-çinin qaldığını da etiraf edir. O zamana qədər isə ABŞ-ın ağır bombardımanı nəticəsində İŞİD-çilərin böyük əksəriyyətinin ya öldürülmüş, ya da qəsəbədən qaçıb gedibmiş. Nəticədə “Böyük Kürdüstan” proyektinin önündə ən həlledici məntəqə olan Tel-abyadın işğalı düşünüldüyündən xeyli asan başa gəlib.

Tel-abyadın əslində hərbi əməliyyatlardan öncə İŞİD tərəfindən boşaldılması mənasına gələn bu faktı digər müşahidəçi olan jurnalist Aməd Dəclə də təsdiqləyir və bunu İŞİD-in səhv hərbi strategiyası ilə əsaslandırır: “İŞİD-in ümumi bir müharibə tərzi var. İşğal etdiyi ərazilərdə özündən bir neçə döyüşçü qoyub, onların nəzarəti altında yerli əhalini öz silahlı qüvvələrinə qəbul edir. Tel-abyadda da eyni şeylər etdi. Xətasının fərqinə varanda isə iş-işdən keçmişdi”5.

Aməd Dəclənin bu əsaslandırmasına rəğmən, İŞİD-in, xüsusilə, Mərkəzi İraqda bu cür hərbi strategiyadan istifadə etmədiyi müşahidə olunur. Əksinə, İŞİD-çilərin bombardıman altında yerlə yeksan olunan şimaldan mərkəzə doğru çəkildikləri xəbərləri gəlir. Xüsusilə bölgə xaricindən gələn əsas qüvvələrin şimali İraq və Suriya ərazilərini başlı-başına qoyub getdikləri bildirilir.

Maraqlıdır ki, eyni proseslər Mosulun İŞİD işğalından xilas əməliyyatlarının hazırlıq mərhələsində də müşahidə olunur. Həşdi-Şəbinin ən güclü çağında “döyüşə hazır deyilsiniz” bəhanəsiylə hərbi əməliyyata imkan verməyən ABŞ hücum tarixini avqusta qədər təxirə saldı. İndi gözlənilən hücuma bir aydan bir az çox zaman qalıb. Bu zamana qədər dəfələrlə vaxtı dəyişdirilən əməliyyat təhlükəsini eyninə belə almayan İŞİD-in yavaş-yavaş Mosulu tərk edib, Ənbara axışdığı xəbər verilir. Görünür, Mosul da bir aydan sonra eynilə Tel-abyad kimi kiçik bir həmləylə qurtarılacaq.

İraq Demokrat Partiyasının Mosul üzrə rəsmisi Səid Məmuzininin aşağıdakı etirafları da bu ehtimalı qüvvətləndirir: “ABŞ rəhbərliyi altında koalisiya qüvvələrinin hava hücumları nəticəsində İŞİD-in Mosulda hərəkət qabiliyyəti xeyli zəifləyib. Təşkilatın, demək olar ki, heç bir təsir gücü qalmayıb. Mosulu xilas əməliyyatları haqqında xəbərlər İŞİD-i narahat edir. Döyüşlərin baş verəcəyi ərazilərdə bütün evlərə bomba və partlayıcılar yerləşdirilərək tələlər qurulur. Bu arada əcnəbi İŞİD-çilərlə yerli terrorçular arasında anlaşmazlıqların ortaya çıxdığı barədə xəbərlər alırıq. İraqlı olmayan bir çox terrorçunun Mosulu tərk edərək Suriyanın Raqqa əyalətinə qaçdığını öyrəndik6“.

Zənnimcə, Səid Məmuzininin bu etiraflarında xoruzun quyruğu bütün çılpaqlığıyla görünür. Aydın olur ki, “Böyük Kürdüstan” layihəsində ərazi vahidliyini tamamlayan növbəti “yamaq” Mosul olacaq. İŞİD isə istər İraqın, istərsə də Suriyanın şimalında onun üçün hazırlanan yeni vətəninə çəkiləcək. Təbii ki, o vətəndə məskunlaşmağa əl-Nusra cəbhəsi imkan verərsə…

Heydər Oğuz

Strateq.az

İstidafə olunan qaynaqlar:

1.Müslim: Koridor falan yok bunlar kurgu / Sputnik Türkiye – Haberler, Analiz ve Radyo

2.Carter, Irak ordusuna 'gerçekten savaşan' Kürtleri örnek gösterdi / Sputnik Türkiye – Haberler, Analiz ve Radyo

3.İranlı general Süleymani: Asıl ABD savaşmakta isteksiz | Ortadoğu | Dünya Bülteni Haber Portalı

4. Türk yüksəlişinə qarşı “Kürdüstan” xəyalı və sionizmin “Davamlılıq” strategiyası – Təhlil

5. IŞİD Tel Abyad'da nasıl yenildi? – BBC Türkçe

6 .IŞİD, Musul'da kontrolü kaybediyor