XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 09:19

Türkiyə Yaxın Şərqdəki son qalasını da itirə bilər: Ankara “kürd kartı”na qarşı Rusiya və İranla birgə hərəkət edəcək – Təhlil

Suriyanın şimalındakı Tel-abyad qəsəbəsinin işğal olunmasının digər bir strateji önəmi məlum oldu. “Böyük Kürdüstan” layihəsində Şimali İraqı Aralıq dənizinə bağlayan əsas kilid nöqtələrindən biri kimi tanınan qəsəbə, sən demə, həm də İŞİD-in Mosulla yeganə əlaqəsini təmin edirmiş. Bunu Şimali İraq kürd muxtariyyətinə bağlı Rudaw.net informasiya portalı da etiraf edir. Portala görə, bundan bir müddət əvvələ qədər İŞİD əsasən İraqın Duhok əyaləti vasitəsilə Mosula hərbi və mülki ləvazimatlar daşıya bilir, ticari-iqtisadi əlaqələr qururdu. Şimali İraq kürd muxtariyyəti Duhok ərazisinə tam hakim olduqdan sonra isə vəziyyət dəyişdi və “xilafət” əsgərləri Mosula Tel-abyad vasitəsilə daxil olmaq məcburiyyətində qaldı. Bir ildir davam edən bu vəziyyət indi Tel-abyadın işğalıyla daha da mürəkkəbləşdi. İŞİD üçün Mosula gedən bütün yollar artıq bağlanmış oldu.

Dolayısyla, son nəfəsliyi tıxanan Mosulda sosial həyatın xeyli ağırlaşdığı bildirilir. Ərzaq qıtlığı qiymətlərin artmasına, yolların bağlanması xəstələrin başqa vilayətlərə gedib müalicə oluna bilməməsinə səbəb olur. Hər an çıxa biləcək müharibə qorxusu şəhəri vahimə içərisində saxlayır. Gərginləşən vəziyyət İraqın neftlə zəngin olan bu vilayətini əlində tutan “xilafət”çiləri gizli yollarla oranı tərk etmək məcburiyyətində qoyur və təxminən, bir aydan sonra başlanması planlaşdırılan Mosulu xilasetmə əməliyyatının asanlıqla uğur qazanmasına şərait yaradır.

Tel-abyadın digər bir önəmi Türkiyənin Suriyaya açılan əsas qapılarından olmasındadır. Rəsmi Ankara sərhəddindəki bu qəsəbə vasitəsilə Bəşər Əsəd rejiminə qarşı döyüşən qüvvələri silah və sursatla təmin etməkdə ittiham olunurdu. Zaman-zaman onun İŞİD-ə silah verdiyi bildirilsə də, Türkiyə rəsmiləri bu ittihamları yaxına buraxmır, ortaya çıxan video-görüntülərin türkmənlərə yardım əsnasında çəkildiyini deyirdi. Hansı iddianın doğruluğundan asılı olmayaraq, Tel-abyadın işğalıyla qardaş ölkənin Suriyaya təsir imkanlarının ciddi ölçüdə azaldığını güman etmək olar. Bunu mətbuat açıqlamasında YPG sözcüsü Rədur Xəlil də etiraf edib. Tel-abyadın kürd separatçıları üçün strateji önəminə aydınlıq gətirən R. Xəlilin fikrincə, qəsəbə İŞİD-in ən strateji məntəqəsiydi: “İŞİD-in xarici dünya ilə bağlantı mərkəzi əlindən çıxdı. Tel-abyad onun üçün çox önəmliyidi, şah damarıydı. Əməliyyatla bu damar kəsildi. Əməliyyatın ən önəmli nöqtəsi Türkiyəylə əlaqədardır. İŞİD-in Türkiyəylə də bağı kəsildi. Bundan sonra Ankara yalnız Cərablus üzərindən onunla əlaqə saxlaya bilər. O bölgədə isə Nüsra cəbhəsi və Azad Suriya Ordusu var”.

YPG sözcüsünün haqqında danışdığı Cərablus Suriyanın şimali-qərbində yer alan rayondur. Rəsmi statistikaya görə, cəmi 25 min sakinin yaşadığı əyalət həm Aralıq dənizinin sahilində, həm də Türkiyəylə sərhəddə yerləşməsi səbəbindən mühüm strateji əhəmiyyət daşıyır. Cərablus Şimali Suriyada yaranan və yerli sakinlər tərəfindən “Qərbi Kürdüstan” adlanan ərazi vahidinə birləşsə, beynəlxalq güc mərkəzlərinin qurmağa çalışdığı yeni dövlətin inşası tamamlanacaq.

Əhalinin azlığı, ərazisindəki mövcud silahlı qüvvələr arasında olan anlaşmazlıq Cərablusun işğalını asanlaşdıracaq amillərdən sayılır. Bu baş verərsə, Türkiyənin, illərdir, yürütdüyü Bəşər Əsədsiz Suriya siyasəti tamamilə iflasa uğrayacaq və hər şey rəsmi Ankaranın özünə qarşı çevriləcək. Bəli, söhbət AKP tərəfindən Bəşər Əsədə qazılmış quyuya düşmək ehtimalından gedir. Demək istədiyimizi daha rahat anlamaq üçün qarşımızda yaranan tabloya nəzər salaq.

“Ərəb baharı” zamanı xüsusilə Liviyada öz maddi mənfəətini düşünən Türkiyə ABŞ-a qarşı tövr sərgiləmişdi. Fəqət bu dirəniş fayda vermədi. Müəmmər Qaddafinin devrilməsindən sonra milyardlarla dollar qazancını itirən Ankara güclünün qarşısında olmağın heç də yaxşı perspektiv vəd etmədiyini öyrəndi və Yaxın Şərqin növbəti qurbanlıqlarının kəsilməsi zamanı qəssabların yanında dayanmağa qərar verdi.

Qlobal imperializmin növbəti qurban isə Suriya idi. ölkənin şimalında PKK yandaşları məskunlaşdığından yaranacaq hər hansı avtoritar boşluq Türkiyənin də başını ağrıda bilərdi. Qardaş ölkənin Suriya məsələsində tələsik davranmasının önəmli səbəblərindən biri də bu idi və bütün bu amilləri nəzərə alan rəsmi Ankara ABŞ-ın yeni oyununda baş rollardan birini könüllü olaraq öhdəsinə götürdü. Bununla Yaxın Şərqin formalaşmasında söz sahibinə çevrilmək istəyən AKP hakimiyyəti yeni roluna elə ciddi şəkildə hazırlaşdı ki, hətta ssenaristi belə kölgədə qoydu.

“Papadan artıq katolik olmaq” adlanan bu tövr bir müddətdən sonra, nə yazıq ki, Türkiyənin əleyhinə çevriləcəkdi. Səbəbi isə çox sadəydi: Rəsmi Ankara bu addımı atarkən, nə Rusiyanın və İranın prosesə reaksiyasını, nə ssenari müəllifi olan ABŞ-ın maraqlarının altında yatan gizlinləri, nə də Bəşər Əsəd rejiminin öz taxt-tacı uğrunda hansı cinayətlərə gedə biləcəyini hesablamışdı.

Türkiyə rəsmilərinin həyata keçirdikləri “Bəşər Əsədə qarşı olan bütün suriyalılar dostumdur” siyasəti də taktiki baxımdan səhv idi. Nəyin bahasına olursa-olsun, rejimi dəyişdirmək istəyi onu Suriyada kimi gəldi müdafiə etməyə, silah və lojistik dəstək verməyə götürdü. Nəticədə gah İŞİD-i, gah Azad Suriya Ordusunu, gah da əl-Qaidənin Suriyadakı uzantısı Nüsra cəhbəsini dəstəkləyən Ankara bölgədə yaranan hərc-mərcliyin ortasında qaldı. Artıq onun nə başladığı yola davam etmək, nə də geri qayıtmaq imkanı vardı. Rusiyanın, İranın və Əsəd rejiminin bölgədəki xəfiyyə orqanlarının çalışmaları ilə tərkibi xeyli mürəkkəb olan Suriya müxalifəti hissələrə bölündü, öz aralarında döyüşüb bir-birini zəiflətməyə başladı. Beləcə, Ankaranın bölgədəki təsir gücünü zəiflədən proseslər Bəşər Əsədə və Türkiyənin sərhədlərində məskinlaşan kürd separatçılarınn işinə yaradı.

Rəsmi Ankara baxımından hazırda tərs gedişatın ən bariz şəkildə yaşandığı əsas nöqtə isə Cərablusdur. Şəhər Suriyanın silahlı müxalifət qüvvələri tərəfindən 2012-ci ildə ələ keçirilib. Daha sonra Azad Suriya Ordusu, İŞİD və əl-Nüsra cəbhələrinə bölünən həmin silahlı qüvvələrin rejimə qarşı mübarizəsindən gözlənilən nəticə əldə edilməyincə, birgə aparılan dava da məğlubiyyət sindromunun gətirdiyi daxili hesablaşmalara çevrildi.

Vətəndaş müharibəsindən əvvəl Bəşər Əsədə qarşı mübarizənin giriş qapısı olaraq lojistik əhəmiyyətli bölgə kimi düşünülən Cərablus indi daxili hesablaşmaların mərkəz
i durumundadır.
Şəhər gah İŞİD, gah əl- Nüsra cəbhəsi, gah da Azad Suriya Ordusu arasında əldən-ələ keçib, hazırda isə tamamilə zəiflədilmiş vəziyyətdə “tələnin əsl sahibini”-YPG-nin gəlişini gözləyir. Əhalisinin 40%-i kürdlərdən, 60%-i ərəblərdən ibarət olan Cərablusu itirmək Türkiyənin öz təbii sərhədləriylə əlaqəsinin tamamilə kəsilməsi anlamına gəlir. Bu baş verərsə, Yaxın Şərqin taleyi tamamilə Səudiyyə Ərəbistanı, İran və İsrailin ümidinə qalacaq.

Bununla belə, Cərablusu ələ keçirmək YPG üçün Tel-abyad qədər asan olmayacaq. “Böyük Kürdüstan”ı Aralıq dənizinə bağlayan ən strateji kilid nöqtəsində yerləşməsi onu regional güclərin maraq dairəsinə daxil edir. Əvvəla, sözügedən əyalət Rusiyanın Aralıq dənizindəki yeganə hərbi limanı Tarsusa yaxındır və ən əsası isə Tarsus- Qara dəniz marşrutu üzərində yerləşir. Suriyanın 14 milyard borcu qarşılığında 2047-ci ilə qədər kirayə götürülən limana Rusiya ona görə bu qədər xərc çəkməyib ki, bu hərbi-strateji məntəqəni hansısa gəlişigözəl proseslərə qurban verə. Aralıq dənizində bulunmaq Kreml üçün dünya dövləti olduğunu təsdiqləyən vizyondur (görsənişdir) və Cerablusun işğalı bu görsənişə kölgə salan ən mühüm problemə çevrilər.

Ərazisində yaşayan kürdlərlə başı dərddə olan İran da məsələyə həssas yanaşan ölkələrdəndir. “Böyük Kürdüstan” layihəsinin reallığa çevrilməsi sabah İrandakı separatçı qüvvələrə də mənəvi dəstək ola bilər. Təbii ki, eyni sözləri Türkiyə haqqında da demək olar.

Zənnimizcə, bu 3 ölkə arasındakı ortaq əndişə onları birgə fəaliyyətə sürükləyəcək və siyasi gücünü regiondan xaric qüvvələrdən alan kürd separatizmini çətin vəziyyətdə qoyacaq. Türkiyə strateji hədəflərinin təlqin etdiyi fürsətlərdən necə yaranacaq, bunu zaman göstərəcək. Hələlik isə o, girdiyi Yaxın Şərq bataqlığında son qalasını da itirmək təhlükəsi ilə üz-üzədir.

Heydər Oğuz

Strateq.az