XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 01:03

Ölüm saçan dərman bazarı: Dərmanların keyfiyyətinə niyə nəzarət olunmur? – Araşdırma

Apteklərdə satılan və xüsusilə uşaqlar üçün nəzərdə tutulan keyfiyyətsiz dərmanlarla bağlı mediada vaxtaşırı məlumatlar verilir. Dövlət müəssisəsində, daha dəqiqi, Dəmiryol Xəstəxanasında çalışan bir həkimin canlı yayımda xaricdən gətirilən dərmanlarla bağlı açıqlaması isə bu sahəyə diqqəti daha da artırıb. Lakin dərmanların keyfiyyəti və biznesindəki problemlər hələ də yerindəcə sayır.

Xatırladaq ki, Strateq.az-ın bu günlərdə daha çox körpələr üçün istifadə edilən “Leyner” mazının qeybə çəkilməsi ilə bağlı təqdim etdiyi araşdırmada da məqsəd məhz dərmanların keyfiyyəti məsələsinə diqqət çəkmək idi. Həmin araşdırmada vurğulanırdı ki, mazın tərkibi dəyişdirildiyindən, xeyli sayda körpə uşaq problem yaşayıb və məhz valideynlərin şikayətlərindən sonra dərmanın satışdan yığışdırılmasına qərar verilib. Bu barədə əczaçılardan biri Strateq.az– demişdi: “Həmin maza tələbat çoxdur. Sözügedən maz isə Azərbaycanda istehsal olunur. Ancaq bir müddətdir ki, “Leyner” dərman bazarından yığışdırılıb və buna səbəb maza səhvən (?!-red.) streptasitdən ibarət başqa tərkibin vurulması olub. Bunun da nəticəsində bir çox istifadəçilərdə mənfi fəsadlar yaranıb. Edilən çoxsaylı şikayətlərdən sonra mazın laborator analizi aparılıb və onun, həqiqətən də, standartlara cavab vermədiyi təsdiqlənib”.

Təkcə mətbuatda gedən məlumatları araşdırsaq, görərik ki, belə hallar bundan əvvəl də digər dərman vasitələri ilə bağlı baş verib.

Deməli, hadisənin qısa zamanda təkrarlanması satışa çıxarılan dərmanların keyfiyyətinə nəzarətin hələ də lazımı səviyyədə qurula bilməməsi faktını ortaya çıxarır.

Onu da qeyd edək ki, araşdrımalar son aylarda “tərkibindəki dəyişiklikliklərə görə” dərhal satışdan yığışdırılan dərmaların hamısının istehsalının yerli əczaçılıq müəssisələrinə aid olduğunu üzə çıxarır. Hazırda apteklərdə satılan dərman və tibbi ləvazimatların 98 faizinin xaricdən gətirildiyini nəzərə alsaq, cəmi 2 faizi yerli istehsalın payına düşən hissəyə belə nəzarətin təmin edilməməsi, həqiqətən, təccüblü, utancverici və həm də çox təhlükəli haldır.

Dərmanların yoxlanmasına laqeyd münasibət

Belə bir vəziyyətdə isə bu günlərdə daha bir rəsmi açıqlama yayılıb ki, xaricdən gətirilən dərmanların çoxu artıq Azərbyacanda istehsal ediləcək. Bunun üçün hətta yeni müəssisə də yaradılır.

Ancaq dərman bazarındakı mövcud vəziyyət istehsal olunacaq dərmanların keyfiyyəti barədə indidən ictimaiyyətdə haqlı suallar və ciddi narahatlıq yaradır.

Araşdırmalarımız onu göstərir ki, elə xaricdən gətirilən dərmanların keyfiyyəti də arzuolunan səviyyədə deyil. Bu hal dəfələrlə sübut olunub ki, eyni adda və tərkibdə dərmanı istehsal edildiyi ölkədən alanda xəstələr effetkini görür, lakin həmin dərmanı yerli apteklərdən – özü də çox baha qiymətlərə – alanda heç bir nəticə vermir. Deməli, ölkəyə saxta dərmanlar gətirilir.

Dərmanların keyfiyyətinə və bununla da insanların sağlamlığına birbaşa cavabdeh olan qurumlar isə problemi özlərinə yaxın buraxmaq istəmir, min bir bəhanəylə vəziyyəti ört-basdır etməyə çalışırlar.

Fakta nəzər salaq: bir neçə ay əvvəl, tərkibi şübhə doğuran bir dərmanı analiz etmək üçün Səhiyyə Nazirliyinin Respublika Sanitar-Karantin Müfəttişliyinə təqdim etdik. Uzun “müzakirələrdən” sonra sorğumuza cavab ala bildik. Sanitar- Karantin Müfəttişliyinin həkim-müfəttişi Sabir Əmiraslanovun sözügedən dərman haqda yekun rəyi necə olsa, yaxşıdır? Belə: “Ola bilsin ki, saxlanma şəraitinə düzgün əməl edilmədiyinə görə, keyfiyyətini itirib”. Vəssalam…

İnformasiya mübadiləsinə lüzum görmürlər

Cavabdan belə bəlli olur ki, keyfiyyətsiz dərmanın satışına səbəbkarlar onu ölkəyə gətirənlər yox, məhz apteklərdi. Yəni, adıçəkilən dərman məhz aptekdə – saxlanma şəraitinə riayət olunmadığından, xarab edilib.

Hər bir halda, bu məsələdə Səhiyyə Nazirliyinin məsuliyyət payı ortadadır. çünki apteklərin fəaliyyətinə Nazirliyin nəzdində fəaliyyət göstərən Əczaçılıq və Tibb Sənaye Birliyi nəzarət edir. Əgər dərman satışı ilə məşğul olan obyekt və oradakı dərmanların saxlanma şəraiti qanunvericilikdə nəzərdə tutulan standartlara cavab vermirsə, Birlik bu barədə tədbir görməlidir.

Digər tərəfdən, Respublika Sanitar-Karantin Müfəttişliyi aşkarladığı təhlükəli məqamlarla bağlı quruma məlumat verməlidir. Bu barədə sualımıza Sabir Əmiraslanovun cavabı da maraqlıdıdr: “Keyfiyyətsiz dərmanlarla bağlı kütləvi hallar aşkarlananda, biz Əczaçılıq və Tibb Sənaye Birliyinə məlumat veririk. Amma bu halda yalnız bir müraciətdir. Ona görə də, belə hallarda məlumat verməyə ehtiyac duymuruq”.

Deməli, insanların sağlamlığına xidmət etməli olan qurumlar onlara fərdi yanaşmaq prinsiplərini hələ də qəbul etməyiblər. Bir uşağın və beləliklə, bir ailənin taleyi həmin insanların ödədiyi vergilər hesabına işləyən dövlət qurumları üçün o qədər də maraqlı deyil. Yalnız dərmandan zəhərlənmə halları kütləvi xarakter daşımalıdır ki, bunlar harasa müraciət etsinlər. Bəs, kütləvi müraciət yoxdursa, kimsə belə hallara məsuliyyət daşımamalıdırmı?!

İldə 1 milyon insan saxta dərmanın qurbanı olur

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada 1milyon nəfər saxta dərman qəbul etdiyi üçün dünyasını dəyişir. Bu siyahıda azərbaycanlıların da olmasına isə şübhə etməyə dəyməz. Səhiyyə Nazirliyinin açıqlamasına görə, apteklərin bir qismində aparılan yoxlamalar nəticəsində orqanizm üçün təhlükəli olan 27 min adda (!) dərman dövriyyədən çıxarılıb. Yəqin ki, reallıqda bu rəqəm daha çoxdur, çünki yoxlamalar mütəmadi davam etdirilir.

Satışı qadağan edilən və sağlamlıq üçün təhlükəli olan dərmanların, demək olar ki, hamısı xaricdən gətirilənlərdir.

Bəs onlar bazara necə yol tapır? Niyə bu qədər dərman bolluğunda xəstələr sağalmır, xəstəliklər dərinləşir? İnsanlarımızın taleyi ilə oynayanlar və daha çox məsuliyyət payı olanlar kimlərdir: ölkəyə dərman gətirənlər, onu satanlar, yoxsa bu bazara nəzarət etməli olnlar?

Bu və başqa sualları isə növbəti araşdırmamızda cavablandırmağa çalışacağıq…

Fərqanə Vəkilova

Strateq.az