XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 11:36

Qərbin Sərkisyanı cəzalandırmaq qərarı Rusiyanın işinə yarayacaq: Erməni inqilabı Köçəryanı hakimiyyətə qaytarır – Təhlil

Ermənistanda hökumətə qarşı kütləvi etirazlara çoxdan zəmin vardı. Ağır sosial-iqtisadi durum, gəlirlərin qeyri-bərabər bölgüsü, bürokratiya, məmur özbaşınalığı, dövlət qurumlarını ağuşuna almış rüşvət, korrupsiya cəmiyyətdə hakimiyyətə qarşı qəzəb yaratmışdı. Bu ölkənin ən böyük problemlərindən biri ondan ibarətdir ki, gənc nəsil ölkənin gələcyinə inanmır, Rusiyada, Avropa ölkələrində perspektiv axtarır. Ermənistanın sürətlə boşalması, məhsuldar qüvvələrin tədricən yoxa çıxması, hakimiyyəti ələ keçirmiş hərbçilərin, onlara bağlı oliqarxiyanın iqtisadiyyata tam nəzarəti ələ alması yoxsul ermənilərin səbr kasasını daşırmalıydı.

Elektrik enerjsinin 25 fazi bahalaşdırılması barədə qərar isə dolmuş bu kasanı daşıran son damcı oldu.

Artıq qonşu ölkədə başlayan aksiyalar yeni bir prosesin təməlini qoyub.

Bəs, etirazları kim təşkil etdi? Yaxud, cəmiyyətdə rejimə qarşı aqressiv münasibətdən hansı qüvvələr istifadə etməyə qərar verdi? Ənənəvi müxalifət prosesdə niyə iştirak etmək istəmədi? Regionda maraqlı olan beynəlxalq güclərin prosesə reaksiyası nədən ibarətdir? Hadislərin gedişi Ermənistanı necə dəyişəcəck? Etirazların perspektivdə Qarabağ probleminə təsiri nədən ibarət ola bilər?

Hazırda təhlilçilər bu suallar ətrafında hadisələrin mümkün inkişaf ssenariləri haqqında proqnozlarını bölüşürlər.

İki gündür davam edən etirazların təşkili forması tanış mənzərələri xatırladır. Türkiyədə Gəzi hadisləri, Azərbaycanda 2011-ci ilin 2 aprel etirazları, əsgər ölümlərinə qarşı gənclər şəbəkəsinin təşkil etdiyi razılaşdırılmamış mitinq, Ukraynada Maydan inqilabı, sankı, eyni təşkilatçı tərəfindən düzənlənib.

Bir qayda olaraq, etirazlar sosial şəbəklər üzərindən təşkil olunub, Qərb fondları ilə əməkdaşlıq edən şəbəkələr aksiyaların əsas iştirakçılardır və eyni zamanda ənənəvi müxalifət prosesdə gözləmə mövqeyində durub.

Ermənistanda isə etirazlar daha effektli alındı və hadisələrin gedişi göstərir ki, proses mütləq konkret nəticə ilə yekunlaşacaq.

Mümkündür ki, hökumət hadisələrin əsas səbəbi olan elektirk enerjsinin bahalaşdırlması barədə qərarına yenidən baxsın. Amma bu, narazı erməni cəmiyyətini sakitləşdirməyəcək.

Eyni zamanda, indiki həssas geosiyasi şəraitdə prosesdə maraqlı olan xarici qüvvələrin də bu kiçik nəticə ilə kifayətlənəcəyi gözlənilmir.

Ermənistanda Qərb donorları ilə işləmək xeyli rahatdır: qanunvericlik liberaldır, siyasi rejim də hələlik bu sektora dözümlə yanaşır. Yüzdən artıq QHT, gənclər təşkilatları ildə milyonlarla dollar həcmində qrant layihələri həyata keçirir. Rəsmi Yerevanın iki il əvvəl Avropa İttifaqi ilə Asossativ Sazişi imzalamaqdan imtina edib Rusiyanın patronajlığı altında olan Avrasiya İttifaqına üzvlüyü qəbul etməsi bu ölkədə Qərblə işləyən dairələri məyus etmişdi. Amma o zaman kiçik aksiyalardan başqa, hökumətin qərarına ciddi ictimai təpki olmadı. Hökumətin bu qəfil qərarının səbəbini bu günlərdə Ermənistan XİN başçısı Edvard Nalbandyan belə açıqlamışdı: “Avropa qəfildən bizdən seçim tələb etdi: ya biz, ya da Rusiya. Biz də Rusiyanı seçdik, amma belə qəfil tələb bizim əməkdaşlığımızın mahiyyətinə uyğun deyildi…”.

Əlbəttə, Yervanın seçimi bu ölkənin modernləşdirilməsinə milyonlarla dollar xərcləyən Qərb strukturlarında hiddətlə qarşılandı və bu qəzəb açıq şəkildə ifadə olundu. Amerikalı, avropalı siyasətçilərin qırğınlığı təkcə hökumətdən deyildi, bu ölkədə əməkdaşlıq etdiyi qrəbyönlü şəbəklərdən idi. ABŞ dövlət katibinin müavini, “inqilab qırğısı” Viktoriya Nuland Yerevandakı QHT rəhbərləri ilə ABŞ səfirliyində keçirdiyi görüşdə hiddətini açıq-aşkar ifadə etmişdi. Hökumətin seçiminə – yəni, “Rusya ilə əməkdaşlığı seçməsinə niyə etiraz olmadı, biz belə danışmamışdıq axı?!”.

Tənqidlərin bir ünvanı da Ermənistandakı Qərb diplomatlarına, missiya başçılarına ünvanlanmışdı: “Bəs siz hara baxırsız?!”…

Beləliklə, Ermənistanda Qərb şəbəkəsi yenidən mobilizasiya olunmağa başladı, yeni layihələrə start verildi, sosial şəbəklərdə aktivlik yüksəldi, hakimiyyətin tənqidi vüsət aldı…

Gedişat, əlbəttə ki, bu ölkənin səhmlərinə tam nəzarət edən Rusiyanın daim diqqət mərkəzində olub. Amma siyasi sistemin bütün iştirkaçılarının-iqtidarın, müxalifətin, oliqarxiyanın möhkəm iplərlə Kremlə bağlanması, rus hərbi bazalarından, Rusiya bazarlarından dolanan bir qism əhalinin “böyük qardaş sevgisi” Moskvanı arxayın salıb. Son 25 ildə bu ölkədəki bütün proseslər, hakimiyyət dəyişiklikləri Kremldən idarə olunub. Hazırki müxalifətin də bütün ümidləri ora bağlıdır, siyasi dəstəyi məhz Moskvadan gözləyirlər.

Bu reallıq, regionda ciddi maraqları olan Qərbi tədbirlər görməyə vadar edib. Qərb pulları ilə bəslənən şəbəklərin formalşdırlması, Rusiyanın erməni cəmiyyətinin gözündən salınması (bəzi müşahidəçilər rus hərbçisinin törətdiyi qətli, rus əsgərlərinin tez-tez öldürülməsini təsadüf saymır) isitqamətində sistemli fəaliyyət, erməni lobbsinin prosesə cəlb olunması bu istiqamətdə məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.

Hazırda Qərbin aparıcı KİV-ləri Ermənistanda cərəyan edən hadisləri geniş işıqlandırır, Vaşinqton, Brüssel hökuməti dinc nümayişlərə imkan verməyə, zoraklıqlardan çəkinməyə çağırır. Moskvadan gələn bəyanatlar isə Kremlin olanlardan əndişə duyduğunu göstərir. Prezident V.Putinin köməkçisi Dmitri Peskov bildirib ki, Ermənistanda baş verən hadisələri narahatlıqla izləyirlər. Bu narahatlığın hansısa mərhələdə müdaxiləyə çevrilməsi tamamilə realdır. Amma getdikcə böyüyən etirazların fonunda xarici müdaxilə əks effekt də verə bilər.

Gözlənilir ki, Kreml prezident Serj Sərkisyandan ölkədə qayda-qanun yaratmağı tələb etsin, bu da aksiyaların qanla boğulması deməkdir. “Qayda-qanunu” başqa cür ancaq geri çəkilməklə yaratmaq olar ki, bu da rejimin siyasi iflasının başlanığıcı deməkdir.

Yekun olaraq, qeyd edək ki, hadislər istənilən halda Sərkisyan hakimiyyətini zəiflədəcək. İndiki mərhələdə qərbmeyilli qüvvələrin əldə edə biləcyi maksimum nəticə də elə bundan ibarət ola bilər.

Rejim tamamilə yarasız hala düşərsə, onun dəyişməsi zərurəti meydana gələ bilər ki, bu zaman Rusiya ehtiyat variantlarını işə salacaq. Daha çox ehtimal olunan isə, keçmiş prezident Robert Köçəryana bağlı qüvvələrin hərəkətə keçməsinə göstərişin verilməsidir. Oliqarxiyanın, siyasi elitanın, keçmiş hərbçilərin bir hissəsini nəzarətdə saxlayan Köçəryanın çevriliş yolu ilə hakimiyyəti ələ keçirməsi üçün kifayət qədər resursları var…

Proses hələ indi əsas mərhələyə keçid alır..
.

Tuqay Kərimli

Strateq.az