XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 00:59

Türkiyə üçün itirilmişlərin bərpa yolu – Asiyaya doğru (Təhlil)

Son onillikdə Türkiyə Respublikasının xarici siyasi kursu əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Ənənəvi olaraq Türkiyə beynəlxalq münasibətlərin həm regional, həm də qlobal sistemində “Qərblə Şərq arasında körpü” kimi qəbul olunurdu. Qərb üçün o, hər şeydən öncə, İslam dünyasında etibarlı müttəfiqdir. Ərəb ölkələri üçün Türkiyə Osmanlı İmperiyasının varisi, qeyri-müsəlman qüvvələrlə bərabər səviyyədə danışıqlar apara bilən ölkədir.

Yeni əsrin başlanğıcı Türkiyənin inkişafında dönüş nöqtəsi oldu, bu isə, şübhəsiz ki, xarici siyasətin inkişafındakı prioritetlərin dəyişməsində əks olundu. Son onillikdə Türkiyə iqtisadiyyatının əhəmiyyətli uğurları hakimiyyət nümayəndələrinə ölkənin 2023-cü ilədək aparıcı qlobal iqtisadiyyata çevriləcəyini deməyə imkan verir. Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsi ilə ölkə həyatında baş verən transformasiyalar, ilk olaraq, ölkə rəhbərliyinin yeni xarici siyasət konsepsiyasının tapılması zərurəti ilə daha müstəqil inkişaf yolu seçmək cəhdində özünü büruzə verdi. Nüfuz dairəsinin genişləndirilməsi onun əsas prinsiplərindən birinə çevrildi.

Nəhəng Osmanı İmperiyasının dirçəlişi ideyasına əsaslanan “Strateji dərinlik” konsepsiyasıyeniosmanlıçılıq XXI əsrin əvvəlində Türkiyənin müstəqil xarici siyasətinin fəallaşması üçün əsas oldu. Burada əlaqələrin inkişafındakı prioritet Qərb ölkələrinə deyil, münasibətlərin inkişafındakı çoxistiqamətli yanaşmaya əsaslanır. Bu konsepsiyanın əsl ideoloqu olan Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlu həmişə qeyd edib ki, Türkiyənin digər mümkün variantları nəzərə almamaqla ABŞ, Aİ və NATO-ya əsaslanaraq yürütdüyü ənənəvi xarici siyasət ölkənin dəfələrlə beynəlxalq arenada xarici siyasi problemlərlə və təhlükələrlə təkbaşına qarşı-qarşıya qalması ilə nəticələnib. Türkiyə Asiyada yeni güc mərkəzləri axtarmaqla itirilmişləri bərpa etmək istəyir. Bu konsepsiyanın digər prioritetlərindən biri də yaxın qonşularla problemlərin aradan qaldırılmasına (“qonşularla sıfır problem”) və regiondan kənardakı ölkələrlə çoxistiqamətli münasibətlərin inkişafına cəhd etməkdir.

Əsrin birinci onilliyində bu yanaşma aşkar müsbət nəticələr verdi. Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, professor Bülent Arasın fikrincə, Türkiyənin xarici siyasətini üç struktur sahəsinə ayırmaq olar. Birincisi – ən yaxın Yaxın Şərq qonşuları; ikincisi – Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Balkanlar kimi Türkiyəyə qonşu regionlar; üçüncüsü – ABŞ, Aİ, Rusiya kimi ənənəvi və daha nüfuzlu uzaq ölkələr, həmçinin Afrika, Latın Amerikası, Cənub-Şərqi Asiya kimi nisbətən yeni regionlar. 2000-ci illərdə Türkiyənin bütün sahələrində gözlə görünən müsbət irəliləyişlər var idi. Türkiyənin, demək olar ki, bütün qonşu dövlətlərlə münasibətləri tarazlaşmışdı, hətta Ermənistanla əlaqələrin normallaşması ehtimal edilirdi.

Bu dövrdə daha sonra siyasi arenadan uzaqlaşdırılmış Hüsnü Mübarək rejimi ilə də münasibətlər fəal şəkildə inkişaf edirdi. Bir çox tədqiqatçılar qeyd edirlər ki, Rəcəb Tayyib Ərdoğan hökumətinin Yaxın Şərqin bir sıra ölkələrindəki fəallığının artması müsbət qəbul olunurdu, İslami dəyərlərə göstərdiyi diqqət də pis qəbul olunmurdu. Məsələn, 2010-cu ildə Türkiyəyə səfəri zamanı Livanın baş naziri Saad Həriri ictimaiyyət qarşısında R.T.Ərdoğana “qarşılıqlı ziddiyyətləri aradan qaldırmaqda Livan siyasətçilərinə və partiyalarına kömək” və “sarsılmaz regional və dindaş əməkdaşlıq qurmaq” üçün cəhd etmək çağırışı ilə müraciət etmişdi.

Eyni zamanda, Türkiyə ərəb ölkələri ilə əlaqələrin inkişafında əhəmiyyətli addımlar atdı: Suriya, İordaniya, Livan, Liviya, Tunis, Mərakeşlə viza rejimi ləğv olundu. KİV-lər dərhal bu addımı “Yaxın Şərq regionu üzrə “Şengen”” yaratmaq layihəsi adlandırdılar. Mərkəzi Asiyanın türkdilli ölkələri ilə də humanitar əməkdaşlıq fəal inkişaf edirdi, Türkiyənin Afrikada səfirlikləri (bütün qitədə 25 səfirlik) açıldı.

Hökumətin xarici siyasi kursunun daha çox müstəqillik cəhdinə baxmayaraq, R.T.Ərdoğan ABŞ-la da münasibətləri yüksək səviyyədə saxlayırdı. Avropa ilə münasibətlərdə avrointeqrasiya ideyasının ikinci plana düşməsinə, Türkiyə ictimaiyyətində daha az tanınmasına baxmayaraq, dostluq münasibətləri qorunub saxlanılırdı.

Rusiya ilə təkcə ticari-iqtisadi münasibətlərdə deyil, həm də qlobal inkişafla bağlı bir sıra məsələlərin ümumi siyasi ritorikasının bənzərliyində də aşkar müsbət irəliləyiş müşahidə olunurdu. Məhz 2000-ci illərdə çinlə Türkiyə arasında beynəlxalq sülhün və sabitliyin qorunması və dünyada davamlı iqtisadi inkişafın təmin olunması ilə bağlı razılıq əldə olundu. Xarici siyasətdə “Türkiyə – mərkəz ölkə” yanaşması çinin akademik və siyasi dairələrində “Şərqə (Asiyaya) istiqamətlənmiş” müsbət siyasət kimi qəbul olunurdu. 2010-cu ilin oktyabrında hər iki ölkə Türkiyə-çin əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla bağlı niyyətlərini bəyan etdilər; ikitərəfli ticarətin dollarla deyil, milli valyutalarda aparılması ilə bağlı razılıq əldə olundu. Bununla da, çin bənzər sazişin bağlandığı üçüncü (Rusiya və İrandan sonra) ölkə oldu.

XXI əsrin ikinci onilliyinin əvvəli Türkiyənin regionun qonşu ölkələri ilə əlaqələrinin pozulması ilə yadda qaldı. Müstəqil xarici siyasət çərçivəsində Türkiyənin son illərdə regionun ənənəvi müttəfiq ölkəsi – İsraillə münasibətləri də əhəmiyyətli dərəcə pisləşdi. Fələstinin HAMAS təşkilatına dəstək, 2010-cu ilin mayında Türkiyə gəmisinin İsrail blokadasını pozması nəticəsində baş verən hadisədən sonra iki ölkə arasındakı əlaqələr əhəmiyyətli dərəcədə soyudu. Bəzi tədqiqatçılar bunu, Türkiyənin o qədər də uğurlu olmayan və düşünülməmiş özünütəsdiq cəhdi hesab edirlər.

2010-cu illərdə Yaxın Şərqdə vəziyyətin dəyişməsi, ilk növbədə “Ərəb baharı” hadisələri Türkiyənin xarici siyasəti üçün dönüş nöqtəsi oldu. Ankaranın yaxşı tanıdığı və dost olduğu siyasi rejimlərin dəyişməsi ilə nəticələnən inqilablarda boğulan Liviya, Misir, Tunisdəki hadisələrin nahamar və birmənalı olmayan inkişafı vəziyyəti formalaşdırdı. Eyni zamanda, yeniosmanlıların həm NATO və ABŞ-ın siyasətini dəstəkləməklə ənənəvi Avroatlantik sadiqliyini nümayiş etdirmək, həm də vəziyyətdən öz maraqlarına uyğun istifadə etmək imkanı yarandı.

Qısa zaman ərzində türkiyəli liderlər köhnə müttəfiqləri Hüsnü Mübarəkdən üz döndərərək və hakimiyyətdən devrilmiş Müəmmar Qəddafiyə müxalif qüvvələri dəstəkləyərək bəzi keçmiş tərəfdaşları ilə münasibəti radikal surətdə dəyişdilər. Misird
əki “Müsəlman qardaşları” hərəkatına dəstək verməklə Türkiyə hakimiyyəti aşkar səhv buraxdı. 2013-cü ildə Məhəmməd Mursinin hakimiyyətini devirən hərbi çevriliş Ankaranın “Ərəb baharı”ndan öz maraqlarına uyğun istifadə etmək təxminlərini tamamilə pozdu. Eyni zamanda, hökumətin (Türkiyə tərəfin) daxili işlərə (Misir tərəfinin) qeyri-qanuni müdaxiləsi ilə bağlı dövlətlər arasında bir sıra narazılıqlar yarandı, bu isə dövlətlərin ikitərəfli münasibətlərində özünü aydın büruzə verdi. Bununla yanaşı, Misirdəki çevrilişi dəstəkləməyərək Ankara enerji sahəsində mürəkkəb və mühüm əlaqələrə malik olduğu Səudiyyə Ərəbistanı ilə də münasibətləri pozdu.

Türkiyəli ekspertlərin fikrincə, bu, ölkənin xarici siyasətdəki mövqeyinə ağır zərbələrdən biri oldu. Türkiyə hakimiyyətinə növbəti və daha ağır zərbə Suriyadakı “Müsəlman qardaşları”nın “əl-Qaidə”nin regional döyüş birliyinə çevrilməsi oldu. Faktiki olaraq, Türkiyə tədricən sərhədyanı rayonlarda vəziyyətə nəzarəti itirdi. Türkiyənin həmin dövrdəki prezidenti Abdullah Gül hələ 2013-cü ilin sentyabrında bəyan etdi ki, “Suriyada fəaliyyət göstərən ekstremist qruplaşmalar bizim təhlükəsizlik qüvvələrimiz üçün böyük narahatlıq mənbəyinə çevriliblər”, çünki “biz, təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sərhədi tamamilə bağlamaq və onların ölkəmizin ərazisinə keçməyinin qarşısını almaq iqtidarında deyilik”. Bu vəziyyətdə ən önəmli hadisə Suriya probleminin nizamlanması prosesinin faktiki olaraq ənənəvi vasitəçi Türkiyə hakimiyyətinin iştirakı olmadan keçməsidir. Türkiyə bu proseslərdən kənarda qaldı, bu isə onun Yaxın Şərq regionunda əsas vasitəçi roluna, beləliklə də Qərbin müsəlman dünyasındakı nümayəndəsi statusuna böyük zərbə vurdu.

Tamamilə obyektiv səbəblərlə Türkiyənin ənənəvi əlaqələrində dövlətin regiondakı nüfuzunu gücləndirmək vasitəsi hesab edilən enerji amilinə diqqət çəkmək istərdim.

Birincisi, Türkiyə iqtisadiyyatı hətta müasir iqtisadi vəziyyətdə belə, kifayət qədər sürətlə inkişaf edir və onun enerjidən asılılığı kifayət qədər yüksək – 90 faizdir. Eyni zamanda, Türkiyə Mərkəzi Asiyanın və Fars körfəzinin enerji mənbələrinin Avropa ölkələrinə çıxışını təmin edən özünəməxsus tranzit körpüdür. Amma məsələ təkcə bununla bitmir. Bir neçə onillikdir ki, Türkiyə hakimiyyəti ölkənin tranzit imkanlarını artırmaq üçün səy göstərir. Azərbaycan-Türkiyə birgə layihələri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin istifadəyə verilməsinə imkan yaradıb. Bu isə Türkiyənin neft-qaz tranzitində aparıcı mövqeyə iddia etmək imkanını göstərir. Azərbaycan, Türkmənistan və Qazaxıstanın Avropa ilə enerji əməkdaşlığında maraqlı olması, Fars körfəzinin neft hasil edən ölkələrinin potensial imkanları və aşkar marağı da bunu aydın şəkildə nümayiş etdirir. Münasibətlərin bu sferasında Türkiyənin liderliyinin perspektivi göz qabağındadır.

Eyni zamanda, bəzi ekspertlər qeyd edirlər ki, son illərdə elə məhz bu istiqamətdə Türkiyənin ənənəvi Yaxın Şərq tərəfdaşları ilə problemləri olub. Bunun səbəbi R.T.Ərdoğanın həddindən artıq iddialı xarici siyasəti ilə bağlıdır. İraqla münasibətlərdə və Səudiyyə Ərəbistanı-Qətər-Türkiyə strateji enerji üçbucağında daha aydın dəyişikliklər müşahidə olunur. Suriya məsələsi ilə bağlı Ankaranın və Bağdadın mövqelərinin ayrılması Türkiyə-İraq münasibətlərini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirib. Bağdad Türkiyənin Suriyanın işinə müdaxiləsini qəbul etmir. Bu fonda Türkiyə hakimiyyəti İraqdakı kürd muxtar icması ilə fəal siyasi və iqtisadi əlaqələr qurmağa çalışır. Bu əlaqələrin əsas məqsədi mərkəzi hökumətdən yan keçməklə (ekspertlər bunun daha sürətli və ucuz olacağını təsdiq edirlər) Türkiyə ərazisinə neft və qaz təminatını artırmaqdır.

Yuxarıda qeyd edilən bir sıra xarici siyasət problemləri ilə yanaşı Səudiyyə Ərəbistanı ilə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi fonunda Ankara qaz sahəsində Qətərlə əlaqələrin inkişafına cəhd etdi. Bu bumeranq şiə dövləti İranın müttəfiqi olan və Fars körfəzinin sünni monarxiyalarını qıcıqlandıran Bəşər Əsədlə münasibətlərin pisləşməsində özünü göstərdi.

Qısa müddət ərzində Türkiyənin hakim dairələri keçmiş müttəfiqlərlə (İsrail, İraq, Liviya, Suriya, Misir) münasibətləri korladılar, eyni zamanda, regionda etibarlı tərəfdaş qazanmadılar (Qətəri, çətin ki, tərəfdaş hesab etmək olar). Etiraf etmək lazımdır ki, Yaxın Şərqdə və Şimali Afrikada geosiyasi vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Türkiyənin hakim dairələrinə yeni xarici siyasətin mühüm hissəsini – “qonşularla sıfır problem”i həyata keçirməyə imkan vermir. ölkə rəhbərliyi Türkiyənin regiondakı statusuna mənfi təsir göstərən bir sıra nöqsanlara yol verdi. Hazırda ərəb şərqi ilə əməkdaşlığı inkişaf etdirmək Türkiyə üçün, demək olar ki, mümkün deyil. ölkə regiondakı bir sıra aparıcı mövqelərini itirir. Mürəkkəbləşən vəziyyətdə Türkiyə öz mövqeyini başqa istiqamətlərdə möhkəmləndirməlidir. Birinci, Qərblə əməkdaşlığa qayıdışdır. Ola bilsin ki, bu, Türkiyənin Avropa İttifaqına üzvlüyünə olan marağı da artırdı. İkinci, Mərkəzi Asiya və hətta çinlə münasibətlərin inkişafı və dərinləşməsi bu ölkəyə Böyük Yaxın Şərqdə öz mövqeyini möhkəmləndirməyə imkan verəcəkdir.

Elsevər Abdullayev

Newtimes.az