XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2015 - 11:47

Atatürkün partiyasının “separatçılığı”: CHP nə qazandı nə, itirdi? – Təhlil

Türkiyədə AKP hakimiyyətini sona çatdırmaq üçün CHP-nin xeyli mübahisə doğuracaq addımlar atdığı ortaya çıxdı. Bu addımlar içərisində ən diqqət çəkəni isə onun kürd separatizminin siyasi qanadı kimi tanınan HDP-yə dəstək verməsi oldu. Söhbət təkcə ondan getmir ki, CHP AKP-siz yeni koalisiya hökuməti qurulmasını arzulayır və bu səylərini HDP üzərindən yürüdür, hətta bir-birinə düşmən kəsilən iki millətçi partiyanı – MHP və HDP-ni bir araya gətirərək özünün də içərisində bulunacağı ittifaqda yer tutmalarını istəyir. Söhbət həm də ondan gedir ki, CHP 13 ildir hakimiyyətdə möhkəmlənmiş AKP-nin sosial bazasını əlindən çıxarmaq üçün kürd separatizmini Türkiyə siyasi həyatının ən həlledici qüvvəsinə çevrilməsində əlindən gələni edir. Türkiyə mətbuatında yayılan bir xəbər bu cür düşünməyə əsas verir.

Mətbuatın yazdığına görə, dünən CHP idarə heyətinin ictimaiyyətə qapalı toplantısı keçirilib. Xeyli gərginliyin yaşandığı toplantıda əsas mübahisə mövzusu son parlament seçkilərində CHP-nin oynadığı rolla bağlı olub. Müzakirələr zamanı aydın olub ki, Atatürükün qurduğu partiyanın xeyli sayda üzvü seçkilərdə özlərinə yox, HDP-yə səs verib. Seçicilərin mövqe dəyişməsinin səbəbi isə CHP-nin seçki taktikasından irəli gəlirmiş. Maraqlıdır ki, bunu partiya sədrinin müavini Murad özçəliyin özü açıq şəkildə etiraf edib. O, müzakirənin qızğın yerində ayağa qalxaraq “burda nə var ki? Mən və ətrafımdakılar da HDP-yə səs verdik” – deyib.

özçəliyə qarşı çıxanların etirazı elə bu etirafdan sonra başlayıb. Onlar tutduğu vəzifə baxımından, faktiki olaraq CHP-nin ikinci adamı statusunda olan birinin bunu necə edə bildiyini anlayıb, öz partiyasının səsini azaldıb, HDP-nin parlament partiyasına çevirməyə çalışmasını bəyənməyiblər.

CHP liderinin müavininə ən sərt reaksiya verənlərdən birinin millət vəkili Musa çam olduğu bildirilir. Məlumata görə, İzmirdən seçilən deputat əsəblərini cilovlaya bilməyib ayağa qalxaraq öz partiyadaşına “sən necə partiyalısan? Necə bunu edər və sonra utanmadan söylərsən?”- deyib.

O da maraqlıdır ki, “Radikal” qəzetinə sızdırılan məlumatı sözügedən millət vəkilinin özü də etiraf edib. Musa çam həmçinin vurğulayıb ki, əslində HDP-nin “baraj”ı keçməsini onun özü də istəyirmiş. Lakin CHP-nin səsləri sayəsində yox. Toplantının ictimaiyyətə qapalı olduğunu xatırladan deputat bundan artıq heç nə danışmayacağını və yaxın günlərdə mövzuyla əlaqədar araşdırmalar aparacağını bildirib.

CHP HDP-nin “qara qaşına” niyə aşiqdir?

Qeyd edək ki, Türkiyənin indiki seçki sisteminə görə, parlamentdə yer almaq istəyən bütün partiyalar səsvermədə iştirak edən seçicilərin, ən azı, 10%-nin səsini toplamalıdır. HDP əsasən kürd separatçılarından səs aldığına görə, indiyə qədərki seçkilərdə heç vaxt bu limiti keçə bilmirdi. Dolayısıyla topladığı səslər də özünə yox, limiti keçən digər partiyaların işinə yarayırdı. Son seçkilərə qədər bölgədə ən çox səs toplayan AKP məhz bu limitin sayəsində əksər deputat yerlərini götürür, təkbaşına hökumət qururdu.

Xüsusilə son parlament seçkilərində AKP-nın bu “baraj” avantajına böyük ehtiyacı var idi. O, Türkiyəni parlamentli respublikadan prezidentli respublikaya çevirmək istəyir və öz məqsədinə çatmaq üçün, ən azı, 330 millət vəkili çıxaracağına ümid bəsləyirdi. Avtoritar xarakterli Rəcəb Tayib Ərdoğanın prezident seçildikdən sonra bu arzuya düşməsi bütün demokratik qüvvələri xoflandırırdı. Görünür, CHP də məhz bu xofun təsiriylə HDP-nin barajın üstünə çıxmasını arzulamışdı və prinsipcə, haqsız da deyildi, HDP-nin parlament partiyasına çevrilməsi, həqiqətən də, AKP-nin 80 millət vəkili itirməsiylə nəticələndi. Əks halda HDP-nin topladığı səslər onun xeyrinə işləyəcək və bu günkü koalisiya dartışmalarına ehtiyac belə qalmayacaq, hətta konstitusiya dəyişikliyi etmək imkanının yolu açılacaqdı.

CHP-nin seçki taktikasıyla AKP-nin bu imkanını aradan qaldırmasına baxmayaraq, bu planı öz halal səslərini HDP-yə vermək hesabına reallaşdırmasını anlamaq, doğrudan da, asan deyil. Ən azı, Musa çam üçün. Zira deputat heç cür başa düşə bilmir ki, niyə seçkinin nəticələrinə görə, HDP heç gözlənilmədiyi halda, Atatürk ideallarının güclü dayaqlarının olduğu məntəqələrdən səs alıb. Və bu da, istər-istəməz, ağıllara “əcəba, HDP-yə səslər CHP-dənmi getdi?” sualını gətirir.

İstanbul kimi seçicinin çox olduğu şəhərdə HDP-nin ötən seçkilərə nəzərən səsini 6.4%-dən 13%-ə çatdırması və bu şəhərdən 11 millət vəkili çıxarması, bunun əvəzində isə CHP-nin son bir neçə ildə nüfuzu artdığı halda, səslərinin azalması da bu versiyanı təsdiqləyəcək mahiyyətdədir.

üstəlik, İstanbulda 7%-lik səs seçkilərin ümumi nəticəsinə birbaşa təsir edəcək rəqəmdir. Hesablamalara görə, həmin şəhərdəki seçicilərin 7 faizi ümumi seçicilərinin 2-3 faizinə bərabərdir. Bu da HDP-nin parlamentə düşməsi üçün kifayət qədər böyük rəqəm hesab olunur. Deməli, məntiqlə HDP-ni parlamentə düşməsinə mandatı əslində CHP verib. Seçkidən əvvəl HDP Sarıyer rayon sədri Aylin Hacaloğlunun CHP-li seçicilərin ailələrində səslərin yarısını CHP-yə, yarısını HDP-yə vermək barədə razılığa gəldiklərini bildirməsi də məlum ehtimalı qüvvətləndirir. İndi həmin faktın ən yüksək CHP liderləri tərəfindən etiraf edilməsi partiyanı belə bir oyuna getdiyini ortaya çıxarır.

Əslində CHP-nin İstanbulda həyata keçirdiyi bu seçki taktikası Musa çamın qeyd etdiyi kimi anlaşılmaz deyildi. ölkədəki mövcud seçki qanunvericiliyinə görə, İstanbuldakı 7 faizlik səs itkisi, ümumi seçicilərin 2-3 faizinə bərabər olsa da, bu, CHP-nin boxçasından sadəcə 2 və ya 3 millət vəkilinin azalmasıyla nəticələnə bilərdi. Digər regionlarda seçkinin nəticəsinə təsir edəcək qədər güzəşt isə daha çox millət vəkilinin itirilməsi deməkdi. Görünür, CHP də məhz bu faktı nəzərə alaraq həmin taktikanı İstanbulda həyata keçirib.

CHP niyə kürd separatizmini dəstəkləyir?

Sözsüz ki, bu seçki taktikasında məqsəd kürd separatizmini dəstəkləmək də deyildi. Əsas niyyətlərdən biri AKP-nin təkbaşına hakimiyyətinə son qoymaq və AKP qarşısında öz təsir gücünü artırmaqdı. HDP parlamentə düşməsəydi, AKP yenə təkbaşına hakimiyyət quracağına görə, digər partiyalar kimi CHP-nin də Türkiyə siyasətini müəyyənləşdirmə gücü sıfıra bərabər olacaqdı. İndi isə AKP digər partiyaların koalisiya ortaqlığına möhtac vəziyyətə düşüb və CHP onun müttəfiq seçimində daha avanta
jlı durumdadır. Odur ki, bu taktikanı həm CHP-nin partiya maraqları, həm də ölkənin demokratikləşməsi baxımından müsbət hal hesab etmək olar.

Di gəl ki, məlum taktikanın mənfi cəhətləri də yox deyil. Başlıca mənfi cəhət HDP-nin də bir siyasi qurum kimi özünü möhkəmləndirməsi oldu. İndiyə qədər parlament üzünə həsrət qalan kürd separatizmi birdən-birə koalisiya hakimiyyətində ən kilid quruma çevrildi. İstər CHP-MHP-HDP, istərsə də AKP-HDP koalisiyası ehtimalında həlledici söz Dəmirdaşın mövqeyindən asılı olacaq. Məsələyə bu aspektdən baxanda CHP-li millət vəkilinin əndişələri başadüşüləndir.

Şairanə təbirlə desək, bu əndişələr Məmməd Arazın məşhur bir şeirini yada salır:

“Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?!”

Heydər Oğuz

Strateq.az