XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 18:18

“Parlamentin 80 faizi dəyişilməz qalırsa, seçkilər nəyə görə keçirilir?” – Sərdar Cəlaloğlu (MÜSAHİBƏ)

Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə bir çox dividentlər gətirsə də, bu, daxildəki siyasi qüvvələr – konkret olaraq iqtidar əleyhdarları arasında ikitirəliyə səbəb oldu. Daha doğrusu, bəzi müxalifət qüvvələri digər silahdaşlarından fərqli olaraq, belə bir həssas məqamda da daxili mübarizədən əl çəkməyib, hakimiyyətə qarşı təzyiqlərini davam etdirdilər.

ADP sədri Sərdar Cəlaloğlu isə “Reytinq”ə müsahibəsində deyib ki, indiki beynəlxalq iqtisadi böhran şəraitində belə bahalı, böyük maliyyə vəsaitləri tələb edən tədbirlərin keçirilməsi iqtisadi cəhətdən səmərəli olmasa da, mədəniyyətimizin, tariximizin təbliği baxımından əhəmiyyətlidir:

– Amma Avropa Oyunlarının icra olunmasında bir sıra problemlər meydana çıxdı. Turist axını ilə bağlı gözləntilər özünü doğrultmadı, bu da qoyulan xərclərin ödənilməsi baxımından müəyyən problemlər yaratdı. Eyni zamanda, nəzərdə tutulan bir sıra siyasi dividentləri aradan qaldırdı. Lakin ümumi götürdükdə, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, açılış mərasimində müəyyən ideyaların qoyulması müsbət bir hadisə kimi yadda qaldı. Bu, Azərbaycan mədəniyyətinin, tarixinin təbliği baxımından əhəmiyyətli oldu.

– Müxalifət partiyasının rəhbəri olaraq, Siz də açılış mərasiminə dəvət olunmuşdunuz və getdiniz. Amma müxalifət düşərgəsində Sizin bu addımınızı başqa cür qiymətləndirənlər də oldu.

– Hərənin öz mövqeyi var və buna uyğun qiymətləndirmə aparmalıdır. Biz siyasət apararkən nəzərdə tutmuruq ki, Azərbaycanda hamı bizim siyasəti müdafiə eləsin, hamı bizim kimi düşünsün. Məsələn, biz müxalifətik, bəyəm Azərbaycan xalqının hamısı müxalifətdir? Yəni, bu, tamamilə təbii bir şeydir ki, insanlar fərqli münasibət bəsləyəcəklər, fərqli mövqe sərgiləyəcəklər.

Biz Azərbaycan iqtidarı ilə dialoq mühitinin yarıdılmasının tərəfdarıyıq, ona görə də Avropa Oyunlarının açılış mərasiminə dəvət olunmağımızı da həmin dialoqun tərkib hissəsi hesab edirik. Bu yanaşmanı əsas tutaraq, açılış mərasimində iştirak eləmişik. Kimlər ki, dialoq istəmir, iqtidarla siçan-pişik oynamaq istəyir, onlar, təbii ki, belə tədbirlərdən imtina etməlidir. Bu səbəbdən də kimlərinsə bizim bu addımımızı bəyənməməsi normaldır və mən burada narahat olacaq bir şey görmürəm.
Onu da deyim ki, Avropa Oyunlarının açılış mərasimi gözlədiyimdən də yüksək səviyyədə baş tutdu. Demək olar ki, burada idmandan çox Azərbaycanın mədəniyyəti, tarixi dünyaya təqdim olundu. Orada çox ciddi şəkildə Azərbaycan mədəniyyəti, xüsusən də, miniatürlər, Qobustan qayaları həddən artıq gözəl nümayiş etdirildi. Açılışı həddən artıq yüksək səviyyədə qiymətləndirirəm.

– Sərdar bəy, Avropa Oyunları ərəfəsində diqqətçəkən məqamlardan biri də bəzi Qərb dairələrinin, beynəlxalq təşkilatların Azərbaycana yönəlik qərəzli hücumları oldu. Sizcə, bu hücumların arxasındakı əsas məqsəd nədir?

– Mən məsələyə bir qədər fərqli yanaşıram və bunları hücum hesab etmirəm. Sadəcə, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri səmimi şəkildə yerinə yetirmir. Beynəlxalq administrasiyanın iştirakı məsələsinə mənfi yanaşır. Bu da qloballaşan dünyada əsas şərtlərdən biridir. Əgər sən dünya ilə qloballaşırsansa, iqtisadi inteqrasiya edirsənsə, onda siyasi inteqrasiya da qaçılmazdır. Ona görə də, Avropa ilə bu qədər sıx iqtisadi əlaqəyə girmiş bir ölkədə siyasi müstəvidə Avropadan bu qədər uzaq olmaq yolverilməzdir. Avropalılar da bunu tələb edirlər. Deyirlər ki, sən bizimlə bir yerdəsənsə, Avropa Oyunları keçirirsənsə, ən azı Avropa dəyərlərini qəbul eləməlisən. çox təəssüf ki, Azərbaycan iqtidarı addımbaaddım Avropaya yaxınlaşsa da, o biri tərəfdən siyasi sahədə uzaqlaşma xətti götürür. Avropa da bunu qəbul eləmir. İndi rast gəldiyimiz vəziyyət də bununla bağlıdır.

– Məsələ ondadır ki, Qərb Azərbaycana ikili standartlarla yanaşır. Amma analoji münasibəti Azərbaycana qarşı olan işğal siyasətində sərgiləmir…

– O məsələlərin buna aidiyyatı yoxdur. Deməli, ermənilər bizim hüquqlarımızı pozub deyə, biz də xalq olaraq özümüz özümüzün hüququnu pozmalıyıq? Yanlış yanaşmadır. Söhbət ondan gedir ki, bizim Qarabağla bağlı hüquqlarımız ermənilər tərəfindən pozulub. Amma Qərbin təpkiləri Azərbaycan iqtidarının ölkə daxilində vətəndaşların hüquqlarını pozması ilə bağlıdır.

– Hakimiyyət mənsubları da bunu əsas gətirir ki, Qərb bu qədər ədalətlidirsə, niyə Qarabağ məsələsində israrlı mövqe nümayiş etdirmir?

– çünki Qarabağ problemi ilə insan hüquq və azadlıqları məsələsi eyni müstəvidə həll olunan məsələ deyil. Biri beynəlxalq hüququn təhlükəsizlik normaları ilə bağlıdır, digəri əməkdaşlıq normaları ilə. Yəni, bunlar bir-biri ilə əlaqəli deyil ki, birinin həlli o birinin həllinə təsir etsin. Ona görə də, mən bu məsələdə hakimiyyət mənsublarını haqlı saymıram.

– Bəs, Azərbaycanın daxilindəki qüvvələr – AXCP və Müsavatın boykot çağırışlarına dəstək verməsi və buna adekvat fəaliyyət aparmalarını necə qiymətləndirirsiniz?

– Mən bu addımları yanlış hesab edirəm. çünki artıq Avropa Oyunları ilə bağlı qərar verilmişdi və kifayət qədər də addımlar atılmışdı. Bundan sonra boykot həmin yarışlardan Azərbaycana gələ biləcək dividentləri aradan qaldıra bilərdi. Avropa Oyunları ilə bağlı Azərbaycan dövlət büdcəsindən kifayət qədər vəsait xərcləyib. Bundan sonra Avropa Oyunları yalnız dövlətin və millətin maddi maraqlarına xidmət etməlidir. Yəni, bu oyunlardan büdcəyə vəsait gəlməlidir, vəsaitin ən azı müəyyən hissəsi geri qaytarılmalıdır. Avropa Oyunları boykot olunarsa, qoyulan vəsait batacaq və bunun zərəri dövlətə və xalqa dəyəcək. Bu baxımdan boykot qərarı yanlış idi.

– Sizcə, bu oyunlar Azərbaycana hansısa dividentlər qazandıra bilər?

– Əgər Avropa Oyunlarında Avropa liderləri iştirak eləsəydi, bəlkə də müəyyən siyasi dividentlər barədə də düşünmək olardı. Təəssüf ki, Avropa liderlərinin bir çoxu bu tədbirdə iştirak etmədi, Azərbaycanla bağlı bir-birinin ardınca arzuolunmaz bəyanatlar səsləndi. Bu da əks-effekt yaratdı.

– Sərdar bəy, yəqin ki, Avropa Oyunları bitəndən sonra qarşıdan gələn parlament seçkiləri gündəmi zəbt edəcək. ümumiyyətlə, seçki ilə bağlı hansı gözləntiləriniz var?

– Mənə elə gəlir ki, bu ərəfədə Azərbaycanda ciddi hadisələr baş verməyəcək. Nə qədər ki, Rusiya hazırki siyasətini davam etdirir, keçmiş sovet respublikalarında ciddi demokratik dəyişikliklər gözləmək çətindir. çünki bu ölkələrdə insan hüquq və azadlıqlarının pozulması, demokratiyanın məhdudlaşması Rusiyanın tutduğu mövqe ilə bağlıdır.

– Daxili qüvvələr nisbətinə nəzərən hər hansı kiçik dəyişikliklərin olması mümkündürmü?

– Demokratik seçkilər keçiriləcəyi təqdirdə indikindən fərqli bir parlament meydana çıxacaq. Təbii ki, seçkilər əvvəlki illərdəki kimi total şəkildə saxtalaşdır
ılacaqsa, hər şey olduğu kimi qalacaq, status-kvo dəyişməyəcək.

– Hazırki situasiyanı nəzərə alanda qeyd etdiyiniz versiyalardan hansı daha real görünür?

– Bunu Avropa Oyunlarından sonra müəyyənləşdirmək olar. İndi iqtidarın başı Avropa Oyunlarına qarışdığından seçki ilə bağlı hakimiyyətin atacağı addımları proqnozlaşdırmaq çətindir.

– Görünən odur ki, budəfəki seçkilərdə müxalifət pərakəndə mübarizə aparmalı olacaq. Sizcə, müxalifətin vəziyyəti necə olacaq?

– Mənə elə gəlir ki, hamının bir araya gəlməsi mümkün olmayacaq. Ən azı, müxalif qüvvələr bir neçə blok şəklində seçkiyə qatılsalar, bu, daha səmərəli olar. çünki həddən artıq dağınıqlıq seçki bataqlığı yaradır. Faktiki olaraq, seçicilər seçim etməkdə çəktinlik çəkəndə, əksər hallarda əks cəbhəyə səs verirlər. Ona görə də, biz elə situasiya yaratmalıyıq ki, seçicilər seçim etmək imkanına malik olsunlar.

– Seçkiyə elə də uzun müddət qalmayıb. Bu dövr ərzində demokratik seçki keçirmək üçün hansı addımlar atıla bilər?

– Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyalarının formalaşdırılması, iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə çıxarılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilə bilər. Bu istiqamətdə addımlar atılarsa, situasiya müəyyən qədər dəyişər. Amma bütövlükdə götürəndə, fundamental dəyişikliklərin olacağını gözləmirəm.

– Hazırki status-kvo hakimiyyətə sərf edir. Sizcə, belə vəziyyəti hakimiyyət niyə dəyişməlidir?

– Hər bir hakimiyyətin əsas vəzifələrindən biri ölkədə siyasi inkişafa nail olmaqdır. Bu gün Azərbaycan hakimiyyəti nə qədər bəyan etsə ki, iqtisadi, siyasi, hüquqi inkişafa nail olmuşam, real vəziyyət başqa cürdür. Bu gün ölkədə siyasi inkişaf yoxdur. Siyasi inkişafın əlaməti siyasi qüvvələrin yerdəyişməsidir. Yəni, hakimiyyətin tərkibinin, mahiyyətinin dəyişməsi zəruridir. Azərbaycanda 25 ildir ki, eyni adamlar deputatdır. Bəs, bu seçkilər nəyə lazımdır? Parlamentin 80 faizi dəyişilməz olaraq qalırsa, bu seçkilər nəyə görə keçirilir? Adam var ki, 4 dəfə deputat olub, amma bu 20 ildə bir dəfə ağzını açıb parlamentdə bir kəlmə söz deməyib. Yəni, bu cür siyasi ətalətin yaradılması, siyasi dəyişilmələrin qarşısının alınması Azərbaycana yaxşı heç nə vəd eləmir. Ona görə də, Azərbaycan hakimiyyəti ölkədə apardığı iqtisadi inkişafa uyğun olaraq, siyasi inkişafa səbəb olacaq addımlar atmalıdır. Əks halda, iqtisadiyyatla siyasət arasında yaranmış kobud ziddiyyət iqtisadiyyatı çökdürəcək. Azərbaycan iqtidarı da özü bilmədən çox böyük məğlubiyyətə uğrayacaq. Bu səbəbdən də, ölkədə təcili siyasi inkişaf aparılmalıdır.

Bu gün Azərbaycanda bir çox problemlər var. Korrupsiya, rüşvət, inhisarçılıq və bu kimi problemlərin qarşısının alınmasının yeganə yolu var – o da Azərbaycanda iqtidardaxili müxalifəti təmin eləməkdir. Hakimiyyətdə aşkarlıq təmin olunmadan, nəzarət mexanizmləri formalaşmadan heç bir siyasi qrup effektli siyasət apara bilməz. Yəni, dövlətçilik, ölkədəki iqtisadi siyasətin səmərəliliyi baxımından, inkişafa nail olmaq istəyirsə, hakimiyyət ciddi dəyişikliklərə yol açacaq addımlar atmalıdır. Yox, əgər bu yöndə heç bir addım atmayacaqlarsa, onda az-çox görünən bu iqtisadi inkişaf da hakimiyyətin əleyhinə işləyəcək.
Amma əvvəllər deyirdiniz ki, bu komanda demokratik dəyişikliklər istiqamətində islahat apararsa, normal seçki keçirərsə, hakimiyyətdən gedəcək. İndi hakimiyyət bilə-bilə özünə quyu qazarmı?
– Dövlət və milli maraqlara xidmət edən hakimiyyətlər bu barədə düşünmürlər. Hakimiyyətdə qalıb, yaxud getmələrini düşünənlər və bütün addımlarını buna görə atanlar normal hakimiyyət sayılmır. Kimlər bu cür düşünürsə, onlar birinci növbədə özlərinə hansı nəticələr verəcəyini hesablayırlar. Nəticədə milli və dövlət maraqlarına zidd qərarlar verirlər. Bu baxımdan, Azərbaycan iqtidarı öz maraqlarını düşünəcəksə, siz deyəndi, yox dövlətin və millətin maraqlarını düşünəcəksə, mən deyəndi.
Bilirsiniz, söhbət insanların və siyasi qüvvələrin yerdəyişməsindən getmir. Hakimiyyət idarəetmə mexanizmində özü dəyişikliklər edə bilər ki, Azərbaycanda gözlənilməz siyasi dəyişilmələr olsun. Hakimiyyət həm cəmiyyətə münasibətini dəyişməlidir, həm də iqtisadi siyasətdə dəyişikliklər etməlidir. İnkişafa məruz qalmayan sistem dağılmağa məhkumdur.
– Əsas yükü hakimiyyətin çiyninə qoyursunuz, bəs, müxalifətin missiyası nədir?
– Azərbaycan müxalifəti ilə iqtidarı bir-birlərinə əkslik təşkil elədiklərinə görə vəhdətdirlər. İqtidarda ciddi dəyişiklik olmayana qədər müxalifətdə ciddi dəyişiklik ola bilməz. Faktiki olaraq, bu iki qüvvə eyni taleyi bölüşürlər. Tərəqqi varsa, ikisi də tərəqqi edir, tənəzzül varsa, ikisi də tənəzzülə uğrayır.
Bu gün Azərbaycanda müxalifət tənəzzül vəziyyətindədir, ona görə ki, iqtidar da tənəzzül edib. İqtidar siyasi cəhətdən tərəqqi eləmək istəyirsə, müxalifətin tərəqqisinə səbəb olacaq addımlar atmalıdır.