XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2015 - 07:30

Təməli olmayan təhsil ancaq uçuruma aparır – Araşdırma

Son günlər mediada builki buraxılış imtahanlarının rüsvayçı nəticələri geniş müzakirəyə çıxarılıb. Təhsil ekspertləri, jurnalistlər, müəllimlər məsələyə müxtəlif aspektlərdən qiymət verməyə çalışırlar.

Əhalinin, demək olar ki, hamısının bu və ya digər formada bağlı olduğu təhsil sistemində ciddi problemlərin mövcudluğu inkarolunmaz faktdır. Dərs vəsaitlərinin, tədris metodlarının dəyişməsi, yeni üsulların tətbiq olunması özü ilə həm də sayısız problemlər gətirib. Diqqətçəkən məqam odur ki, bir-birinə bağlı olan təhsilin bütün mərhələlərində özünəməxsus çətinliklər, çatışmazlıqlar yaşanır.

Strateq.az beynəlxalq təhsil ekspertlərinin qiymətləndirmələrinə və yerli şəraiti əks etdirən məlumatlara əsaslanaraq, bu sektora aid müəyyən araşdırma aparıb və maraqlı məqamları üzə çıxarıb .

UNESCO-nun təhsil ekspertlərinin yanaşmasına görə, orta təhsildən yaxşı nəticələr almaq, savadlı yeniyetmələr qazanmaq üçün öncə məktəbəqədər təhsil sisteminə xüsusi diqqət yetirmək lazımdı. Əks halda, həmin mərhələnin inkişaf etmədiyi ölkələrdə orta təhsildən keyfiyyətli nəticə gözləməyin mənasız olduğunu vurğulayırlar.

Ekspertlər fikirlərini belə əsaslandırarlar ki, 3-6 yaş arası uşaqların beyninin sürətli inkişaf dövrüdür. Bu dövrdə təhsil mühiti vasitəsilə uşaqlarda bilik və bacarıqların formalaşdırılması olduqca vacibdir. Söhbət uşaqların ibtidai təhsil mərhələsində daha yüksək bilik qazanması üçün bünövrə rolunu oynayan bilik və bacarıqlardan gedir.

Necə deyərlər, bünövrəsiz tikilən bina isə uçmağa məhkumdu…

Sənədlər var, amma icra olunmur

Təhsil mütəxəssislərinin həmin fikirlərini əsas götürən bəzi inkişaf etmiş ölkələrdə (məsələn, Niderlandda) məktəbəqədər təhsil orta icbari təhsilin tərkib hissəsi hesab olunur. Azərbaycanda da qanunvericiliklə məktəbəqədər təhsil məcburudir. Lakin hələ ki, “Təhsil haqqında” qanunun bu tələbini icra etməyə şərait yoxdur. Qarşıdakı illərdə isə təhsilin bir illik məktəbəhazırlıq mərhələsinin icbariliyinin təmin olunması qərara alınıb. Bu məsələ ölkə başçısının sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. İri həcmli və təhsilin bütün mərhələlərini əhatə etməsi ilə seçilən Strategiyada hətta valideynlərin də tədris prosesinə fəal müdaxiləsi nəzərdə tutulub.

Sənəddə, eyni zamanda, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması nəzərdə tutulub.

Kifayət qədər əhatəli və əhəmiyyətli olan sənəddə niyə məhz məktəbəqədər təhsil sisteminin yenilənməsi ilə bağlı məsələlərin qabardılması maraq doğurmaya bilməzdi. çünki təhsilin ilk və vacib mərhələsi sayılan bu sahədə uzun illərdir durğunluq yaşanır.

Baxmayaraq ki, son illərdə barmaqla sayılacaq qədər yeni uşaq bağçaları tikilib və ya köhnələri təmir olunaraq maddi-texniki bazası yaxşılaşdırılıb, ancaq bu sferada ciddi problemlər hələ də qalmaqdadır. Elə Təhsil Nazirliyinin rəsmi saytında yayımlanan hesabatlar da bunu təsdiqləyir.

Rəqəmlər nə deyir?

Hazırda ölkədə 1 666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu da cəmi 114 min nəfərə yaxın azyazlı uşağın təlim-tərbiyə və təhsilə cəlb olunmasına imkan verir. Başqa sözlə, respublikadakı məktəbəqədər yaşlı uşaqların yalnız 16 faizi bu xidmətdən yararlana bilir. Bunun da çox hissəsi, yəni 23,4 faizi şəhərlərin payına düşür.

Kənd yerlərində isə bu rəqəm, təxminən, 3 dəfə aşağıdır- cəmi 8,6 faiz. ölkənin yaşayış məntəqələrinin 75 faizində, ümumiyyətlə, məktəbəqədər təhsil müəssisəsi yoxdur. Hətta son illərdə Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl bağçaların sayının artması da vəziyyəti dəyişməyib. özəl bağçalarda təhsil haqlarının çox yüksək olması əhalinin aztəminatlı hissəsinin bu xidmətdən yararlanmasını əngəlləyir.

UNESCO-nun 2013-2014-cü illər üzrə “Hamı üçün Təhsil Qlobal Monitorinq Hesabatı”nda məktəbəqədr təhsillə əhatə səviyyəsinə görə, ölkələr 3 qrupa bölünöb:

1) əhatə əmsalı 70 faizdən yüksək olan inkişaf etmiş ölkələr. Bu ölkələrdə 3-6 yaşlı hər 100 uşaqdan 70-100 nəfəri məktəbəqədər təhsil mərhələsini keçir. Keçmiş SSRİ coğrafiyasından Baltik ölkələri, Rusiya, Ukrayna və Belorus bu qrupa daxildir;

2) əhatə əmsalı 30-69 faiz intervalında olan ölkələr. Bu ölkələrdə 3-6 yaşlı hər 100 uşaqdan 30-69 nəfəri məktəbəqədər təhsil mərhələsini keçir. Postsovet məkanından Qazaxıstan və Ermənistan bu təsnifata daxildir;

3) əhatə əmsalı 30 faizdən yüksək olan ölkələr. Bu ölkələrdə 3-6 yaşlı hər 100 uşaqdan 0-30 nəfəri məktəbəqədər təhsil mərhələsini keçir. Azərbaycan da yuxarıda salananan göztəricilərinə əsasən bu sonuncu qrupa daxildir.

Bağçalarda yer tapmaq müşkülə çevrilib

2011-ci ilin dekabrından ölkədəki məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeçiliyindən çıxarılaraq icra hakimiyyətlərinin tabeçiliyinə verilməsi isə onsuz da ağır olan vəziyyəti bir qədər də qəlizləşdirib. Kiçik yaşlı övladlarını məktəbəqədər tərbiyəyə cəlb etmək məqsədilə həmin müəssisələrə müraciət edən valideynlərin, demək olar ki, hamısı eyni cavabı alır: “Yerimiz yoxdur”. Sanki, bütün bağça müdirləri sözü bir yerə qoyaraq uşaqları özlərindən və təhsildən kənarlaşdırmağa söz veriblər. Bunun səbəblərini araşdırmaq istədikdə isə səlahiyyətli şəxslər müxtəlif bəhanələrlə sualdan yayınırlar.

2012-ci il mayında yaradılan Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi birmənalı olaraq mətbuatla əlaqə qurmaqdan imtina edib. Qeyd edək ki, 2012-ci il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞİH-ə verilib.

Belə qeyri-müəyyənlikdən əziyyət çəkən və hüquqları ayaqlar altına atılan isə yalnız günahsız körpələrdir.

Uğurun başlanğıcı

Hətta son illərdə müəyyən nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqlar həkimə müraciət edərkən, mütəxəssislər onun durumunu yaxşılaşdırmaq üçün uşaq kollek
tivlərində olmasını, onun inkişafı və səhhətindəki problemlərin aradan qaldırılması üçün öz həmyaşıdları ilə ünsiyyətinin vacibliyini vurgulayırlar. Bunun üçün ən ideal məkan uşaq bağçasıdır ki, bu da uşaqların üzünə bağlıdır. Bağlı qapıları açmaq üçünsə valideynlər bağça müdirlərinə, azı, 200-300 manat rüşvət verməlidir. Bu da əksər ailələrin bir aylıq gəliri həcmindədi.

Uşaqları tərbiyə müəssilərindən uzaq salan digər mühüm məsələ tərbiyəçilərin onlarla davranışlarıdır. Sosial şəbəkələrdə vaxtaşırı uşaqların fiziki zorakılığa məruz qalmasını əks etdirən foto və videolar yayılır.

Bütün bu problemlər uşaqların haqları olan məktəbəqədər təlimdən yararlanmalarına ciddi manelər yaradır. Bu da gələcəkdə onların həm psixi inkişafında, həm də təhsildə göstərdikləri nəticələrə mənfi təsir edir.

Yapon alimləri məktəbəqədər təhsil alan uşaqlarla almayan uşaqların müqayisəsini apararkən, belə nəticəyə gəliblər ki, məktəbəqədər təhsil alan uşaqlar digərlərinə nisbətən həyatda daha çox uğur əldə edirlər. Həmçinin, bu təhsil forması müasir dövrdə psixoloji olaraq onların inkişafında əvəzsiz rola malikdir.

Beləliklə, uşağın həm psixo-nevroloji inkişafında, həm də təlim-tərbiyə almasında, sosiallaşmasında və ilkin biliklər qazanmasında mühüm mərhələ sayılan məktəbəqədər təhsilin hazırki durumu körpələrə hərtərəfli zərbə vurur.

Heç bir məntiqə sığmayan imtahan

Xatırladaq ki, məktəbəqədər təhsil mərhələsinin və müəssisələrinin inkişaf etdirilib müasir tələblər səviyyəsinə çatdırılması, əhatəliliyinin artırılması ətrafında əvvəllər də xeyli müzakirələr aparılıb. Nəhayət, 2009-cu ildə “Təhsil haqqında” yeni qanun qəbul edildikdə bu sahədə də yeniliklər ediləcəyi gözlənilirdi. çünki məktəbəqədər təhsilin məcburi olması məsələsi (maddə 18) həmin qanunda nəzərdə tutulurdu. Buna sevinən vətəndaşlar prosesin nə zaman gerçəkləşəcəyini səbrsizliklə gözləyirdi. Lakin həmin ərəfədə keçmiş təhsil naziri Misir Mərdanov açıqlama verərək onları daha bir neçə il səbr etməyə çağırdı. Onun sözlərinə görə, hazırda uşaq bağçalarının sayının az olması 5 yaşadək uşaqların hamısının məktəbəqədər təhsilə cəlb edilməsinə imkan vermir. Ona görə də qanunun həmin maddəsinin icrası bir neçə il yubadılacaq.

Eyni zamanda M.Mərdanov bildirmişdi ki, məktəbə hazırlıq orta məktəblərdə də təşkil ediləcək. Yalnız bundan sonra birinci sinfə qəbul olunarkən uşaqlar imtahan ediləcəklər.

Lakin ötən 6 ildə bu istiqamətdə heç bir addım atılmadı. Hələ də 5 yaşadək olan uşaqların 80 faizindən çoxu məktəbəqədər təhsildən kənarda qalır. Ancaq 6 yaşında təhsilə başlamaq üçün evdən birbaşa məktəbə yollanan uşaqdan imtahan götürülür. Rayon yerlərində, bəzi Bakıətrafı qəsəbələrdəki orta məktəblərdə bu proses nisbətən yüngül formada aparılsa da, şəhər məktəblərində, xüsusilə lisey tipli müəssisələrdə çox sərt qaydalar tətbiq olunur. Axı bu, hansı məntiqə sığır? Uşağın qanunla verilən hüququnu təmin etmədən ondan “qanun çərçivəsində” akademik biliklər tələb etmək nə dərəcədə məqbuldur? Məktəbə qəbul zamanı belə çətinliklərlə üzləşən uşaqlar məcbur qalaraq müəyyən kurslara, fərdi hazırlıq məşğələlərinə üz tutmaq məcburiyyətində qalırlar. Bu da hamının narazılıq etdiyi və ləğv olunmasına çalışdığı “repititorluq” fəaliyyətinin daha da çiçəklənməsinə şərait yaradır…

Fərqanə Allahverdiqızı

Strateq.az