XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

29 İyun 2015 - 11:11

Putinin Maydanda uduzduğu Qarabağ –TƏHLİL

putin ilham sarkis esas.jpg

Siyasətçi və ekspertlərin Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesi barədə nikbin rəylər səsləndirməsi, heç də bu məsələdə hər şeyin “yağ kimi” getdiyi anlamına gəlmir

Qarabağ münaqişəsi və Putinin “yeni SSRİ” planı

SSRİ-nin bahalı “mirası” olan Qarabağ davası 1992-ci ildən etibarən, imperiyanın dağılması ilə daxili münaqişə statusunu itirərək beynəlxalq müstəviyə çıxdı. Yeltsinin zəif Rusiyası iki qonşu dövlətin – Ermənistanla Azərbaycanın dünya müstəvisində ədalət axtarışına çıxmasına heç cür mane ola bilmədi.

ATƏT-in Minsk Qrupunun son 23 ildəki fəaliyyəti isə münaqişənin həllinə deyil, onun dondurulmasına xidmət edib. 90-cı illərdə və 2000-lərin əvvələrinə qədər ABŞ və Rusiyanın bu münaqişə ilə bağlı razılaşdırılmış siyasəti üstə qurulan danışıqlar prosesi tərəflərə “vəba zamanı kef” prinsiplərini ehtiva edən modeli təqdim etməkdən başqa heç nəyə yaramadı.

Qarabağ danışıqlarının hazırkı durumu isə dünyada baş verən son proseslərin fonunda tamamilə yeni keyfiyyət alaraq, geopolitik güclərin söz sahibi olmaq uğrunda savaşına çevrilib. Bunu son günlər həmsədrlərin və həmsədr dövlətlərin mövqeyini göstərən bəyanatlarından da görmək mümkündür.

İlk növbədə Rusiya Cənubi Qafqazdakı maraqları uğrunda çarpışa biləcəyini ortaya qoyaraq münaqişə ilə bağlı mövqeyinə korrektələr etməyə başladı. Hələ 3 il əvvəl – 2012-ci ildə Putin Rusiyanın xarici siyasətindəki prioritetlərini elan edərkən, Dağlıq Qarabağ münaqişəsinin də bu sırada olduğunu bəyan etmişdi. Bu bəyanat Moskvanın ədalətli hakim olacağına yox, özünü münaqişənin “tarixi sahibi” kimi aparacağına işarə idi. Bu, o zaman idi ki, Putin yeni geopolitik zəlzələ yaradacaq planına – Avrasiya İttifaqının formalaşdırılmasına ciddi-cəhdlə hazırlaşırdı. Burada hər bir detal zərgər dəqiqliyi ilə hesablanmalı idi.

Təsadüfi deyil ki, rus KİV-nin və ekspertlərinin dilindən xorla “Avrasiya İttifaqına girin, Qarabağı qaytaraq” tipli mesajlar səslənməyə başladı. 2012-ci ildən qurulmasına start verilən Avrasiya İttifaqı Putinin postsovet məkanını yenidən “bir çətir” altına yığmaq cəhdi idi. Orta Asiya respublikaları ilə ciddi problem yaşamayan Putin Azərbaycan, Ermənistan və Ukraynada ilişdi.

serj putin oxuyet.jpg

Moskvanın Qarabağ nizamlanması ilə bağlı müəmmalı sükutu

2013-cü ilin martında Putin Ukrayna prezidenti Yanukoviçə bu İttifaqa qoşulması ilə bağlı çağırış etdi: “Sosial-iqtisadi baxımdan mənə elə gəlir ki, Rusiyada, Ukraynada bütün ciddi ekspertlər bu üzvlüyün Ukrayna üçün müsbət proseslərə gətirəcəyini inanırlar”. üstəlik bir qədər əsəbi tonda, “bu, siyasi məsələdir və bu barədə siyasi qərarı Ukrayna verməlidir”– söyləmişdi.

Əvəzində Yanukoviç bir qədə ehtiyatlı formada “hələlik daha çox iqtisadi yox, siyasi proses gedir”, – deyərək “Gömrük İttifaqı ilə bağlı olan bütün sənədlər ölkə daxilində müzakirə prosedurundan keçməlidir”, – cavabını vermişdi. Kiyevin bu mövqeyi Putinin uzağa hesablanan perspektiv planı ilə üst-üstə düşmürdü. çünki Ukraynanın İttifaqdan kənarda qalması onun müttəfiqi olan Azərbaycana da əlavə kozır verərək Bakını öz qərarında saxlamağa sövq edirdi.

Bakı isə hay-harayla aparılan “Avrasiya İttifaqı” təbliğatında soyuqqanlılığını saxlayaraq ona ünvanlanan mesajları məharətlə özündən yayındırdı. İctimai rəy üçün Moskvanın Qarabağla bağlı hansı mövqeyi ortaya qoyacağı mühüm idi.

Bakı gözlədi ki, onun üçün əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsi haqqında bu Birlik hansı siyasətini açıqlayacaq? Putin münaqişə həll olunmadan Yerevanı üzvlüyə qəbul edəcəkmi? Yoxsa Qarabağa üçün Avrasiya İttifaqının xüsusi təklifləri olacaq?

Əslində Putinin Avrasiya müstəvisində Qarabağ münaqişəsinin həlli paketini təklif etməsi ilk baxışdan cazibədar idi. Bakı, 23 il əvvəl başlanan münaqişənin ilkin “beşiyinə” qayıdaraq Moskvanın vasitəçiliyi ilə problemin ədalətli həllinə nail olmaq istəyərdi. Bunun üçün Bakının əlində haqlı olduğunu təsbit edən bütün faktlar və dəlillər vardı.

Hər şey Kremlin yeni reallıqlara necə yanaşacağından asılı idi: Putin ya Avrasiya İttifaqının xilası üçün Qarabağ “kələfini” kəsməli, ya da ATƏT-in təklif etdiyi formatı bu müstəviyə müncər etməli idi. Qazaxstan prezidenti Nazarbayevin də Ermənistanı hansı sərhədlərlə birliyə qəbul olunmasının müəyyənləşdirliməsi təklifi bu baxımdan Putinə mesaj oldu.

Putin ilk əvvəl Qarabağ danışıqlarını görməməzliyə vurmaqla Bakı və Yerevanla anlaşa biləcəyini düşündü. Lakin uzun çəkməyən sükutu ABŞ dağıtdı. Vaşinqton Ukrayna böhranı ilə Avrasiya İttifaqı sistemini sındıraraq bununla da yeni regional güc mərkəzini yaratmaq arzusunu Moskvanın əlindən aldı. Ukrayna böhranı ilə postsovet düşərgəni Avrasiya İttifaqına yığmaq siyasəti uzun illər üçün geriyə atıldı.

Eyni zamanda, Qarabağ probleminin təkbaşına həll etmək barədə niyyəti də baş tutmamış görünür…

putin ilham.jpeg

Putinin uda bilmədiyi Qarabağ döyüşü

ABŞ-dan olan həmsədr Uorlikin vasitəsiylə Vaşinqtonda nizamnaməyə dair təkliflərin təqdimatı Rusiya üçün prosesləri arzuedilməz məcraya apardı. ABŞ elan etdi ki, Qarabağ danşıqlarında bağlanacaq sülh sazişi beynəlxalq zəmanəti əhatə etməlidir və bura bütün tərəflərin güvəndiyi sülhməramlı fəaliyyət də daxil olmalıdır. Bununla da Vaşinqton Qafqazda münaqişələrin həllinin onsuz mümkün olmadığını vurğulayaraq format dəyişkənliyinin əleyhinə olduğunu nümayiş etdirdi.

Rusiya isə 2014-cü ilin sonlarında tez-tələsik Ermənistanı Avrasiya İttifaqına üzv etməklə prosesləri ənənvi rakursa saldı: artıq bəlli idi ki, Avrasiya ittifaqı məhdudiyyətləri daha çox olan ikinci MDB-dən başqa bir şey deyil. üstəlik, burada Rusiyanın tam dominantlığı mövcuddur.

Beləliklə, təxmin etmək olar ki, Ukrayna böhranı, Qərbin bu məsələdə dirənişi Putinin bir çox planlarına əngəl olmaqla yanaşı, “yeni SSRİ planı” çərçivəsində Qarabağ münaqişəsinin mümkün həlli düsturunu işləmək səylərini də puça çıxardı.

Moskva mümkün olan ən asan varianta əl atdı: Ermənistanı daha bərk ağuşuna aldı. Azərbaycanla münasibətlərin xarakterini müəyyənləşdirmək isə ertələndi. Hazırda Kremlin Azərbaycana münasibətində sanki, Qarabağ münaqişəsini
n həlli perspektivinə yanaşma prioritet deyil. Hər halda Moskvada belə təəssürat yaratmağa və Bakının bu məsələni ikitərəfli əlaqələr kontekstində aktullaşdırmaqla bağlı kövrək cəhdlərini görməməzliyə vururlar.

Amma “Rusiya üçün Qarabağ münaqişəsinin həlli ilə bağlı “Madrid prinsipləri”ndən fərqli, daha ədalətli əlahiddə yanaşma ortaya qoyulmaması nə dərəcədə fayda verəcək?” sualına, şübhəsiz ki, Kremldə də cavab axtarırlar….

Xaqani SƏFƏROĞLU