XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 22:35

Ermənistanda gərginlik: ortaya yeni Koçaryan çıxdı və şərtləri açıqladı

Polisin xəbərdarlığına baxmayaraq, erməni fəallar dünən də paytaxt İrəvanda etirazlarını davam etdiriblər. Strateq.az erməni mediasına istinadla xəbər verir ki, «Talana son!» Təşəbbüs Qrupunun fəalı Artur Koçaryan aksiyaçılar qarşısında bəyanatla çıxış edərək, artıq etirazın yeni mərhələsinə başladıqlarını vurğulayıb: «Etirazları daha geniş tərkibdə davam etdirəcəyik. İctimai müzakirə təşkil ediləcək. Hüquqşünaslardan və iqtisadçılardan ibarət qrup yaradılacaq. Paralel olaraq küçə və meydanlarda mübarizə aparacağıq. Sarkisyanın bəyanatı bizi qane etmir. Tələblərimizin sonadək yerinə yetirilməsini istəyirik».

Koçaryan nümayişçilərin hansı tələbləri irəli sürdüyünü də açıqlayıb: «Elektrik enerjisi tariflərinin bahalaşdırılması barədə iyunun 17-də qəbul edilmiş qanunsuz qərar ləğv edilsin! ötənilki tariflərə yenidən baxılsın! İyunun 23-də «Baqramyan» prospektindəki aksiyanı dağıdan, dinc nümayişçilərə güc tətbiq edən bütün polis əməkdaşları cəzalandırılsın! Həmçinin onlara bu göstərişi verənlər məsuliyyətə cəlb edilsin!».

Qeyd edək ki, prezident Serj Sarkisyan üç gün əvvəl Ermənistan Elektrik Şəbəkələri şirkətində auditin keçirilməsinə və proses başa çatana qədər elektrik enerjisi tariflərinin qaldırılması qərarının dondurulmasına qərar verib. Qərara əsasən, bu müddət ərzində Elektrik Şəbəkələri şirkətinin itkilərini Ermənistan hökuməti ödəyəcək. Sarkisyanın bu bəyanatı etirazçıların ilk uğuru kimi qiymətləndirilsə də, «Talana yox!» Təşəbbüs Qrupu aksiyaların davam etdirilməsinə qərar verib. Mitinqçilər qiymət artımı barədə qərarın ləğvi televiziya ilə elan olunmayanadək, meydanları tərk etməyəcəklərini bildiriblər.

Dünən etirazçıların bir hissəsi «Baqramyan» prospektini tərk edərək «Azadlıq» meydanına toplaşıb. Nümayişçilər bildiriblər ki, etirazlar üçün məkan fərqi yoxdur. Əsas odur ki, insanlar haqlarını sonadək müdafiə etsinlər və mübarizə dayanmasın. «Talana son!» qrupunun üzvləri də bəyan ediblər ki, xalq harada olsa, onlar da ora yığışacaqlar: «Biz ünvanla bağlı çağırış etmirik. Əgər insanlar hesab edirsə ki, «Baqramyan»da qalmalıdılar, biz etiraz etəməyəcəyik. Harada olsalar, yanlarındayıq. Bizim qrupun üzvləri həm prospektdə olacaq, həm «Azadlıq» meydanında. Təşkilatçı xalqdır, biz də xalqın bir hissəsiyik».

Bu arada, Gümrüdə də etirazlarların səngimədiyi bildirilir. Dünən Gümrü sakinləri növbəti dəfə mərkəzi meydana toplaşaraq İrəvandakı mitinqçilərlə həmrəylik nümayiş etdiriblər. Fəallar bildiriblər ki, dünəndən oturaq aksiyalara son verirlər və bu gündən etibarən ictimai müzakirələrə başlayıb tələblərini irəli sürəcəklər. Dünən aksiyaçılarla İrəvanın polis rəisinin müavini Valeriy Osipyan söhbət aparıb. Osipyan jurnalistlərə açıqlamasında bildirib ki, aksiya dinc şəraitdə keçirilir və polis hər hansı tədbir görmək fikrində deyil. Rəis müavini hüquq-mühafizə orqanlarının nə vaxta qədər gözləmə mövqeyində olacağını açıqlamayıb: «Gözləyək görək, nə vaxt gedəcəklər».

Strateq.az