XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 07:40

Doğu Türküstanda baş verənlərə biganə qalmayaq!

Son günlər Türk və İslam dünyasının bir parçası olan Doğu Türküstandan tez-tez ürək parçalayan xəbərlər gəlməkdədi. Nə yazıqlar ki, istər türk dünyası və istərsə də İslam dünyası yetkililəri çinin uyğur türklərinə yönəlik basqılarına seyrçi münasibət bəsləməkdədir.

Tarixdə ilk türk imperiyası kimi tanınan Hun dövlətinin, Tabğaç dövlətinin, Göytürk İmperiyasının və ilk Türk-İslam dövləti olan Qaraxanlılar dövlətinin qurulduğu coğrafiyada 18-ci yüzilliyin ortalarından – Mançu çin İmperiyasının işğal illərindən başlayaraq, Türk və İslam mədəniyyətinin yer üzündən silinməsi prosesi gedir. çin dövlətinin uyğur türklərinə qarşı basqıları 1949-cu ildən – Maonun rəhbərliyi ilə çevriliş etməyi bacarmış kommunistlərin hakimiyyətə gəlməsindən sonra daha da dözülməz hal alıb. 65 ildən artıqdır ki, çin hökuməti uyğur türklərini assimilyasiya etmək və Doğu Türküstanın zəngin yeraltı və yerüstü sərvətlərini çinə daşımaqla məşğuldur.

Son günlər, yəni Ramazan ayı başlayandan bəri Doğu Türküstana qarşı çin zülmü daha dözülməz şəkil alıb. Səbəb isə uyğurların türk və müsəlman olmasıdır. Ən qatı faşist düşüncəli diktatorların belə hakim olduğu dönəmlərdə insanların dini inancına sayğı duyulduğu halda, Doğu Türküstanda oruc tutan, namaz qılan insanlar inanclarından dolayı çin hakimiyyəti tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalır.

Son günlərdə bu torpaqlarda qətl edilənlərin sayının onlarla olduğu deyilsə də, qeyri-rəsmi bilgilərə görə vəhşicəsinə öldürülən uyğurların sayı yüzlərlədir.

Hesab edirəm ki, bütün türk dövlətləri milli və dini ortaqlığımız olan uyğur türklərinin başına gətirilən bu oyunlara biganə qalmamalı, çinin assimilyasiya siyasətinə münasibət ortaya qoymalı, hər bir türk ölkəsi ən azından ölkəsində fəaliyyət göstərən çin səfirliyinə yazılı şəkildə öz etirazını bildirməlidir.

Hesab edirəm ki, bu tarixi məqamda Türkiyə dövləti xüsusilə fəallıq göstərməli və çinin uyğur zülmünə ciddi münasibət bildirməlidi. Nədən ki, istər bağımsızlığını yeni qazanmış türk dövlətlərinin və istərsə də hər gün işgəncəyə məruz qalan uyğurların daha çox göz dikdikləri və daha çox gözləntisi olan dövlət Türkiyədir. Ancaq nə yazıqlar ki, Türkiyə dövləti bu günə qədər ciddi bir münasibət ortaya qoymamaqdadır. Türkiyədə Milli Güvənlik Kurulunun bu günlərdə düzənlənən son toplantısında Ukraynadan Liviyaya, Türkiyədən Ərəbistana qədər bütün ölkələrin dərdlərindən söz açıldı, təkçə Doğu Türküstan yaddan çıxdı. Suriyada terror sorunu, Yəməndə, Liviyada, Misirdə yaşanan son olaylar, Orta Doğuda cərəyan edən hadisələr, Türkiyə daxilindəki “parallel dövlət” və digər mövzular 4 saat davam edən bu toplantıda əsas müzakirə mövzusu oldu. Doğu Türküstandan isə bəhs edilmədi, nə yazıqlar ki…

Bundan başqa biz din ortaqlığımız var deyə, Fələstində qətl edilən insanlara acıdığımız, müsəlman ölümlərinə münasibət bildirdiyimiz, İraqda və Suriyada zülmə məruz qalanlara qucaq açdığımız, ərəb dünyası tarixində baş verən faciələrə ağrıdığımız kimi, onlar da Doğu Türküstanda baş verənlərə biganə qalmamalıdır. Ərəb dövlətlərinə yazılı müraciət olunmalı və onlardan uyğur türklərinin məhz türk və müsəlman olduğu üçün başına gətirilənlərə münasibət bildirməsi tələb edilməlidir.

Yaşadığımız bu günlərdə Yaponiyanın Doğu Türküstanda baş verənlərə seyrçi qalmaması, insan ortaqlığı olan uyğurların taleyi ilə bağlı rahatsız olması və 38 nəfər uyğurun öldürülməsi nədəniylə ayağa qalxması Türk-İslam dünyası üçün örnək ola bilər. Minlərlə yapon Tokio küçələrinə çıxdı, uyğur bayrağı dalğalandırdı və bu acılı günlərdə uyğur xalqına dəstək nümayiş etdirdi. Türk dövlətləri Yaponiyaya təşəkkür məktubu göndərməyi yubatmamalıdır.

Bu gün uyğur türklərinin başına gətirilənlərə münasibət bildirmək və onların yanında olmaq milliyətçilik deyil, bu, artıq bir insanlıq məsələsidir.

Namiq Hacıheydərli