XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 19:31

Yunanıstanın defolt qərarı: məcburiyyətdən, yoxsa çoxbilmişlikdən atılan addım? – Təhlil

Yunanıstan maliyyə naziri Beynəlxalq Valyuta Fonduna 1.6 milyard avro həcmində olan borclarını ödəyə bilməyəcəklərini açıqladı. Bu isə artıq çoxdan gözlənilən defolt qərarının etirafıdır. Afina bundan əlavə gələn ay Avropa Mərkəzi Bankına da 6.6 milyard avro ödəməliydi. Yəqin ki, eyni səbəbdən bu borcun da ödənişindən imtina olunacaq. Sual oluna bilər: Yunanıstan bu vəziyyətə necə gəldi? Defolt olan ölkəni nə gözləyir? Afina bu vəziyyətdən necə çıxa bilər? Və bizim bu hadisələrdən çıxaracağımız nəticələr nələrdir?

Afina bu duruma necə gəldi?

Hər şey 2009-cu ildə hakimiyyətə gələn PASOK-un özlərindən əvvəlki Karamanlis hakimiyyətinin korrupsiya əməllərini ifşa etməsiylə başladı. Məlum oldu ki, sən demə, Karamanlis hakimiyyəti “pripiska” yoluyla ölkənin həqiqi iqtisadi durumunu gizlədirmiş. O, xarici banklardan kredit alaraq sosial siyasətlərə yönəldir, gah iş günü saatını azaldır, gah maaşları artırır, gah da müxtəlif əyləncəli proqramlarla millətin başını qatırdı. ölkə iqtisadiyyatının təməli sayılan sənayeləşmə isə ikinci plana atılırdı. Əsasən turizm sektoru inkişaf etdirilirdi ki, yalnız bununla Yunanıstanın aldığı böyük həcmli borclarını haçansa ödəmək imkanı şübhəli görünürdü. PASOK hökumətinin bu gizlinləri ortaya çıxarması nəticəsində o da məlum oldu ki, 2009-cu ilin büdcə kəsirləri proqnozlaşdırıldığı kimi, milli gəlirin 5%-nə yox, 12.7%-nə bərabərmiş. Elə bu faktın açıqlanması da Yunanıstanın beynəlxalq valyuta qurumlarındakı etibarını sarsdı, kreditorlar onun ödəmə qabiliyyətinin dərəcəsini aşağı saldılar. Yunan iqtisadiyyatının inkişafı üçün ayrılan kreditlər də bu səbəbdən daha yüksək faizlərlə verildi. Bu isə daha çox borclanmaq demək idi. Nəhayət, bu borcları geri qaytarmaq üçün Afinadan xərcləri azaltmaq tələb olundu. Kreditorların tələblərini yerinə yetirməyə məhkum olan hökumət maaşları 37% aşağı saldı. Pensiya fondunun ehtiyyatını 48% azaltdı. Məmurların 33%-ini ixtisar etdi. Nəticədə, işsizlik 27%-ə qalxdı və s.

Bütün bu sosial-iqtisadi problemlər Karanmanlis iqtidarının paxırlarını açıb ortaya qoyan PASOK hökumətinin öz başında çatladı. Sosial problemlər etiraz dalğalarıyla müşahidə olundu. İş yerlərini, maaşlarının önəmli qismini itirən əhali üsyana qalxdı. Populist çıxışlarla kreditorlara baş əyməyəcəyini və Avropa Birliyindən çıxıb əhaliyə daha rahat həyat gətirəcəyini vəd edən çipras hakimiyyətə gəldi. Onun seçkiqabağı vədlərini yerinə yetirmək səyləri isə BFV və Avropa Mərkəzi Bankı ilə münasibətləri daha da korladı, Yunanıstanı iflasın astasına gətirdi.

çipras özünü niyə “dəcəlliyə” qoyub?

ölkəsinin bu ağır durumunu nəzərə alan çipras hökuməti çarəni yenə xarici banklardan kredit götürüb həm əvvəlki borclarını yavaş-yavaş ödəməyə, həm də əhalisini bu çətin durumdan xilas etməyə ümid bağlayırdı. Dəfələrlə eyni bəhanəylə külli miqdarda kredit alan və heç bir iş görməyən Afinaya isə artıq heç kim inanmırdı. Əksinə, bütün kreditorlar ondan borclarını qaytarmağı tələb edirdilər. Prinsipcə, kreditorlarda da günah yox idi. Bir neçə il əvvəl xarici banklardan asanlıqla yüz milyardlarla borc götürən Yunanıstan indi onun cuzi bir hissəsini belə qaytara bilməyəcək durumdadır və bu, pul sahiblərini haqlı olaraq əndişələndirir.

Rəsmi Afinanın dərdi təkcə xarici borcları ilə də bitmir. Onun öz əhalisinə verəcəyi də artıq xirtdəyə dirənib. öncəki hakimiyyətlərin səhv siyasəti nəticəsində Yunanıstan əhalisinin önəmli hissəsini təşkil edən dövlət məmurları maaş ala, özəl sektor işçiləri gündəlik çörək pulu qazana bilmirlər. ölkəni bürüməsi gözlənilən sosial narazılığın Yunanıstanda əsas gəlir qaynağı sayılan turizm sektorunu da vuracağı təxmin edilir. Nədən ki, ölkənin etiraz aksiyalarıyla çalxalanması istirahətə gələn turistlərin ürəyincə olmayacaq, hər kəs daha sakit və stabil ölkələrə gedəcək. Bu isə Yunanıstanı getdikcə daha çox böhrana sürükləyəcək.

İstər xarici, istərsə də daxili təzyiqlərlə üz-üzə qalan hökumət çarəni iflasa uğradığını açıqlamaqda görür. Bir sıra iqtisadçıların fikrincə, indiki durumda Yunanıstanın bundan başqa çarəsi yoxdur. İflas etdiyini açıqlayıb avroməknadan çıxaraq yenidən öz milli pul vahidinə dönərsə, bəlkə, yunan xalqı qarşı-qarşıya qaldığı bu çətin vəziyyətdən xilas ola bilər. Yəni defolt qərarı nə qədər qəribə səslənsə belə, əslində Yunanıstan üçün həm də problemdən qurtuluş yoludur.

Defolt elanı Yunanıstana nə vəd edir?

Analitiklərə görə, defolt etirafından sonra öz milli valyutasına dönən Yunanıstan ən azı bundan sonra istədiyi qədər drahmi (yunan pul vahidi) çap edib məmurlarına maaş kimi verəcək. İndiki halda isə onun eyni maliyyə siyasətini avroyla həyata keçirmək imkanı isə yoxdur. O səbəbdən ki, avro çap etməyə heç səlahiyyəti də çatmır. Daxili borclanmasını bu yolla bağlamağa çalışan ölkə, təbii ki, yenə də çox çətin problemlərlə üzləşəcək. Qarşılaşacağı ən böyük problem bu ilin əvvəlindən Azərbaycan insanı üçün də tanış olan pulun devalvasiyasıdır. Yəni yunan drahmi də avro və dollar qarşısında qiymətdən düşəcək. İlk əvvəl ciddi sosial narazılıqlara yol açacaq olan bu hadisə perspektivdə yunanların işinə də yaraya bilər. çünki devalvasiya nəticəsində yunan bazarlarında qiymətlərin Avropaya nəzərən xeyli ucuzlaşmaq və ölkəyə daha çox turist gətirmək ehtimalı var. üstəlik, əvvəl hər gün baş verən qiymət artımı getdikcə stabilləşəcəyindən, daxili etirazlar da səngiyəcək. Eyni sözləri yunan sənaye malları üçün də demək mümkündür. Sənaye mallarının ucuzlaşması da özünə yeni alıcılar cəlb edə bilər. Bu da öz növbəsində uzun illərdən bəri işləməz hala gələn sənaye sektoru üçün yeni bir nəfəslik olacaq.

Yunanıstanın xarici borcları necə olacaq?

Yunan hökuməti BVF və Avropa Milli Bankından alınan borcların ödənməyəcəyini deməklə problemdən yaxa qurtarmaq istəyir. Bir başqa aspektdə baxanda, iflas elanını açıqlamaq da bu məsuliyyətdən xilas olmağın ən asan yoludur. Nədən ki, BVF-nun tarixində pul alıb qaytarmamaq kimi bir təcrübə olmayıb. Bu səbəbdən də fondun nizamnaməsində bu cür məqamlarda hansısa cəza tədbirləri də nəzərdə tutulmayıb.

Təcrübədə uzaqbaşı borcun qaytarılması zamanını uzatmaq var. Bu da ölkələrin “qara dəftər”ə düşməyinə səbəb olur. Gələcəkdə yenə pul istəyəndə BVF keçmişdəki ləkəli durumuna baxıb ölkəyə daha böyük faizlə kredit verə bilər və ya ümumiyyətlə verməz.

BVF-nun nizamnaməsində borcun yubadılması hallarında atılacaq addımlar isə olduqca aydın üslubla yazılıb və bunun üçün mərhələli cəzalar nəzərdə tutulub. Nizamnaməyə əsasən, yubanma 3 ay davam edərsə, dövlətlərin yenidən borc üçün müraciət imkanları məhdudlaşdırılır. ödəmə 15 ay gecikərsə, borcluyla əlaqələr tamamən kəsilir. 18 aylıq gecikmə halında d
övlətlərin fonddakı qərarvermə mexanizmindəki iştirakı dondurulur. Anlaşmazlıq 24 ayına qədəm qoyanda borclu fondun üzvlüyündən çıxmağa məcbur edilir. BVF-dan ayrılmaq isə ölkələr üçün ciddi problemlər yarada bilər. ölkəyə ondan sonra heç kim borc verməz və o, inkişafdan dayanar.

Sözsüz ki, Yunanıstanın indiki şəraitində bütün bu cəza metodlarının heç bir mənası yoxdur. Hazırda məmuruna əməkhaqqı verə bilməyən rəsmi Afina gələcəyi düşünmək iqtidarında deyil. Avropanın ən qədim ölkəsi və Qərb mədəniyyətinin beşiyi sayılan ölkə indi bir qarındolusu çörəyini fikirləşir. Belə bir dövləti gələcəkdə kredit verməməklə qorxutmaq ac bir adama “son tikəni də mənim borcumun müqabilində ver, yoxsa sabah sənə evini əsaslı təmir etdirmək üçün əl tutmayacağam” deməyə bənzəyir.

BFV və Avropa Mərkəzi Bankının təzyiqlərindən cana doyan Yunanıstan indi çarəni ödənişdən tamamilə imtinada görür. İlk baxışdan bu addım onun çarəsizliyindən irəli gəlsə də, məsələnin daha dərinliyinə nəzər salanda çiprasın burda da incə bir hiyləyə əl atdığını görürük. Ekspertlərin bildirdiyinə görə, BFV-nin nizamnaməsində indiyə qədər yaşanmadığı üçün iflasa görə borcdan imtinaya hansısa cəza tədbiri də nəzərdə tutulmayıb. Bundan sonra nizamnaməyə ediləcək hansısa dəyişiklik də qanunun geriyə qüvvəsi olmadığına görə Yunanıstan üçün keçərli də sayılmayacaq.

Başqa sözlə, rəsmi Afina defolt qərarıyla əslində BFV-nun özünü çıxılmaz vəziyyətdə qoymaq istəyir. çünki dövlət hansısa fiziki şəxs deyil ki, kreditini ödəməyəcəyi halda gedib mülkiyyətinə həbs qoyasan. Kassası tamamilə boşalan Yunanıstanın hansısa fonda hədiyyə edilməsi kimi hüquqi bir mexanizm yoxdur, olsa belə bu, ölkənin iqtisadi tərəqqisinə çalışmaq vəzifəsinin də öhdəyə götürülməsi məsuluyyətini yaradar. Bu da əslində iqtisadiyyatı tənəzzülə uğrayan Yunanıstan üçün göydəndüşmə sürpriz olardı.

Rəsmi Afinanın özünü dəcəl uşaq kimi aparmasının bir başqa səbəbi də sahib olduğu geopolitik önəmi anlamasındadır. ölkə rəsmiləri bilir ki, Kreml ilə Vaşinqton arasındakı mübarizənin artdığı indiki şəraitdə Rusiyanı çevrələyən ölkələrdən biri kimi, Yunanıstanın Avropa Birliyindən ayrılması ABŞ tərəfindən 100 milyardlarla pul xərclənən soyuq savaşın məğlubiyyətlə başa çatması deməkdir. Buna isə super güc əsla razı olmaz.

Afina bu düşüncəsində də, deyəsən, yanılmayıb. Son zamanlar Yunanıstandakı məlum böhrandan özlərinin də təsirlənəcəyini düşünən əksər Avropa olkələri defolta sürüklənən məmləkətin avrozonadan ayrılmasının daha effektli olduğunu fikirləşirlər. Məsələn, Almaniyanın İqtisadi Araşdırmalar İnstitutunun direktoru Hans-Werner Sinnə görə, Yunanıstan avrozonada qalaraq iflas etsə, Almaniya da 80 milyard evro itirəcək. Yox, əgər o, bu məkandan ayrılarsa Almaniyaya heç bir zərəri olmayacaq.

Alman iqtisadçısının bu fikirləri olduqca aydındır. Hökumətlərinin məsuliyyətsizliyi üzündən batan bir ölkənin yükünü çəkmək istəməyən avropalılar tezliklə başlarındakı bəlanın uzaqlaşmasını arzulayırlar. ABŞ isə indiyə qədər çəkdiyi xərclər də Yunanıstanla batar deyə, bu fikirı yaxına buraxmaq istəmir. Bunu ABŞ yetkililərinin bəyanatlarında da açıq aydın görə bilərik. Görünür, yunan hökuməti də ö geopolitik əhəmiyyətini həddindən artıq şişirtdiyinə görə bu gün acınacaqlı durumla qarşı-qarşıyadır.

Heydər Oğuz

Strateq.az