XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 07:00

Zbiqnev Bjezinski: “Hitlerlə Putinin ümumi və fərqli cəhətləri var”

“Biz soyuq müharibə vəziyyətindəyik”

Keçmiş ABŞ prezidenti Cimmi Karterin təhlükəsizlik üzrə müşaviri Ukraynaya silah tədarükünə başlamağı tələb edir və Rusiya Baltikyanı ölkələrə qoşun yeritsə, Putini müharibə ilə təhdid edir. Lakin Zbiqnev Bjezinskinin böhranın nizamlanması üzrə təklifi də var.

Rusiya qitələrarası raket cəbbəxanasını genişləndirməyə hazırlaşır. ABŞ öz növbəsində NATO-nun şərq ölkələrinə ağır silahlar yerləşdirməyə hazırlaşır. Bundan başqa, Vaşinqton öz qanadlı raketlərinin Avropada dislokasiya olunması haqda düşünür, çünki Rusiya orta və uzaqmənzilli raketlərin azaldılması haqda müqaviləni pozub. Beləliklə, Ukrayna böhranı bu ölkənin hüdudlarından kənara “sıçramaq” təhlükəsi doğurur. Zbiqnev Bjezinski nəşrimizə müsahibəsində yeni soyuq müharibədən danışır. 87 yaşlı Bjezinski hazırda Vaşinqtonda Strateji və beynəlxalq araşdırmalar mərkəzində işləyir. Bizim jurnalistlərlə orada görüşdü, “Spiegel”in son nömrəsini vərəqlədi və dedi ki, dərgidə çap olunmuş mühüm məqalələrin tərcüməsini müntəzəm şəkildə sifariş edir.

Spiegel Online: Cənab Bjezinski, hazırda Rusiya ilə ABŞ arasında yeni soyuq müharibənin başlanğıcını müşahidə edirik?

Bjezinski: Soyuq müharibə artıq çoxdan başlanıb. Lakin xoşbəxtlikdən onun əvvəlki kimi şıddətli münaqişəyə çevrilməsi ehtimalı azdır.

Keçmiş soyuq müharibə 40 ildən çox çəkdi. Yenisi də bu cür sürəkli olacaq?

-Mən belə düşünmürəm, çünki hadisələr əvvəlkindən xeyli sürətlə inkişaf edir. İndi daxili siyasətdə xarici siyasətin basqısı xeyli güclü şəkildə hiss olunur. Ona görə də Ukrayna dağılmasa, ölkə daxilində Rusiya rəhbərliyinə təzyiq onu alternativlər axtarmağa məcbur edəcək. ümid edirəm ki, hərəkətə başlamaq üçün Putin yetərincə ağıllıdır – heç olmayınca gec olmağı daha yaxşıdır.

-Bəs o, doğrudanmı, yetərincə ağıllıdır?

-Demək çətindir. İstənilən halda onda instinktiv duyum var. Lakin mən bir şeyi başa düşə bilmirəm: o niyə, demək olar ki, bilə-bilə qonşu ölkənin 40 milyonluq əhalisini özünə qarşı köklədi? Axı ukraynalılar son zamanlara qədər Rusiyaya düşməncəsinə hisslər bəsləmirdilər.

-ABŞ-ın Şərqi Avropa və Baltikyanına ağır silahlar göndərmək niyyətini düzgün hesab edirsiniz?

-Bəs siz suveren dövlətin ərazisinə qoşun və silah yeritməyi və onun ərazisində müharibə qızışdırmağı düzgün hesab edirsiniz? Həm də onun ərazisinin praktik olaraq böyük hissəsi səndə olandan sonra?

-Putinin Ukraynadakı hərəkətini nəzərdə tutursunuz?

-Həmişə hər iki tərəfə nəzər salmaq lazımdır. İndiki halda söhbət hansısa hərəkətdən və ona reaksiyadan gedir. Mən müharibənin əleyhinəyəm, lakin bu iddia ilə razılaşa bilmərəm ki, biz simmetrik reaksiyamızla müharibəyə şərait yaradırıq. Tam əksinə: biz reaksiya verməsək, onda, çox güman ki, məhz bu, müharibəyə səbəb olacaq.

-Lakin məgər Qərbin güclənməsi Putinin antiqərb təbliğatına sərf etmirmi?

-Demək istəyirsiniz ki, NATO-nun alyansa üzv ölkələrin düz yaxınlığında təhlükə meydana çıxırsa, onların ərazisində əsgər yerləşdirməyə haqqı yoxdur?

-Məsələ bundadır ki, bu, nə dərəcədə ağıllı qərardır, çünki bu, Putinə Rusiya əhalisi arasında daha populyar olmaq imkanı verəcək.

-Bu cür arqumentlə Hitlerin Sudetə qoşun yeritməyindən, həmçininAvstriyanın “udulması”ndan sonrakı ümumi passivliyə də haqq qazandırmaq olardı.

-Putini Hutlerlə müqayisə edirsiniz?

-Onların ümumi cəhətləri və fərqləri də var. Məsələn, Hitler heç vaxt şəxsən varlanmağa maraqlı olmayıb. Putin isə bunda hətta son dərəcə maraqlıdır. Ehtimal ki, məhz bu aspekt onun siyasi ehtirasını bir qədər daha mötədil edir. Lakin daha təhlükəlisi budur ki, Putin naturaca oyunçudur.

-Tutaq ki, Putin, həqiqətən də, Baltikyanına qoşun göndərəcək. NATO bu ölkələrə qahmar çıxacaqmı?

-Əlbəttə. Axı NATO məhz buna görə mövcuddur, elə deyilmi? Əgər dünyada hamıya desək ki, düşünmədən danışırıq və kimsə bizim maraqlarımıza toxunsa heç bir tədbir görməyəcəyik, onda bu ona oxşayar ki, yayda məzuniyyətə gedərkən qapımızdan belə bir lövhə asırıq: “Biz getdik, qapı açıqdır”. Sizcə, bu ağıllı təhlükəsizlik strategiyasıdır?

Bu yaxınlardakı sorğunun nəticələrinə görə, Rusiya ilə NATO-nun hər hansı qonşu ölkəsinin arasında hərbi münaqişə zamanı almanların 58%-i müttəfiqlərə köməyə gəlmək istəməzdi.

-Bəli, xəbərim var. Lakin Almaniya sakinlərinin neçə faizi deyərdi ki, Almaniya hücuma məruz qalarkən ABŞ köməyə gəlməsin?

-Ola bilsin, əksəriyyəti deyərdi ki, Almaniyaya kömək etmək lazımdır.

-Məhz belə. Şəraitin dəyişməsi ilə insan təbiəti də dəyişilir. Məsələn, litovlara baxın – kiçik bir xalqdır. Lap təzəlikcə bildiriblər ki, müstəqil şəkildə müdafiə olunacaqlar. Və nöqtə. Almaniya xəcalət çəkməlidir. Əslində, əminəm ki, almanlar döyüşərdilər. Xanım Merkel mübarizəyə girməyə hazır olardı. Həmçinin müxalifət də.

-Prezident Obama Ukrayana münaqişəsi kontekstində liderlik rolunu Merkelə güzəştə getdi. Bu, düzgün qərar idi?

-Merkel çox yaxşı bir iş görür. Obamanın isə başqa problemləri var, xüsusən də Yaxın Şərqdə.

-Merkelin fikrncə, Ukraynaya silah tədarükü haqda qərar yanlışdır, çünki münaqişəni hərbi yolla həll etmək mümkünsüzdür. Siz bu barədə nə düşünürsünüz?

-Böyük şəhərləri müdafiə etmək üçün Ukraynanı müdafiə silahları ilə, məsələn, top və minomyotlarla təchiz etmək səmərəli oladı. çünki biz anlamalıyıq ki, Rusiya tərəfdən qüvvə tətbiq ediləcəyi halda bədəl çox ağır ola bilər. Əhalisi müdafiəyə tam əzmli olan şəhəri işğal etmək isə çətin vəzifə ola bilər.

-Sonrakı yayılma olmadan bu münaqişəli durumdan çıxış yolu görürsünüz?

-Rusiya ilə Finlandiya arasında bağlanmış və nəticədə bu ölkələr arasında sabitlik və sülh yaratmış müqavilə kimi bir saziş lazımdır. Ukrayna müstəqil siyasi seçim və Avropa ilə yaxınlaşmaq haqqına malik olmalıdır. Rusiya isə öz növbəsində zəmanət almalıdır ki, Ukrayna NATO-nun üzvü olmayacaq. Bu da sizə həll formulu.

-Son illərdə Milli Təhlükəsizlik Agentliyi (MTA) haqda çox şey öyrənmişik. Bəs Siz prezidentin milli təhlükəsizlik üzrə müşaviri olarkən MTA kansler Helmut Şmidti dinləyibmi?

-Keçmiş vəzifəmə münasibətdə məndə məsuliyyət hissi var. Buna görə də bu mövzunu sizinlə müzakirə etməyəcəyəm.

Sebastyan Fişer, Holqer Ştark

“Der Spiegel” (Almaniya), 30
.06.2015