Böyük Britaniyanın beynəlxalq analitika mərkəzi Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) – “Chatham House” iyulun 8-də “Dağlıq Qarabağ: Regional çağırışlar” adlı müzakirələr keçirəcək.
Strateq.az bildirir ki, tədbir Chatham House-un “Rusiya və Avrasiya” Proqramı tərəfindən həyata keçirilir.
Maraqlıdır ki, separatçı qurumun rəhbəri Bako Saakyan toplantıya spiker kimi dəvət edilib. Chatham House onu siyahıda “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edib. Saakyan erməni dilində çıxış edərək daxili vəziyyət barədə məruzə edəcək və regional təhlükəsizlik barədə öz fikirlərini bildirəcək. Daha sonra bir saat ərzində sualları cavablandıracaq.
Xatırladaq ki, Böyük Britaniya Dağlıq Qarabağda “prezident” və “parlament” seçkilərini legitim hesab etməyib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
1920-ci ildə yaradılmış Beynəlxalq Münasibətlər üzrə Kral Araşdırmaları İnstitutu dünyanın nüfuzlu məkanlarından sayılır. Qraf çatamın İnstituta bağışladığı mülkün adı ilə bu institut “çatam Houz” da adlanır. İnstitutun məqsədi beynəlxalq arenadakı əsas problemlərin öyrənilməsi və anqlo-amerikan qarşılıqlı münasibətlərini möhkəmlətməyə Amerika auditoriyasının ümumi dəstəyini almaqdır.
“çatam-Houz” öz daxili qaydalarına əsasən, görüşlər və diskussiyalar təşkil edir. Bu qaydalara görə, iştirakçılar aldıqları informasiyadan azad şəkildə istifadə edə bilərlər, ancaq onlar toplantıda çıxış edənlərin adlarını və işlədikləri yeri açıqlamaq ixtiyarında deyillər. Bundan başqa, informasiyanı hardan aldıqları barədə xatırlatma vermək də qadağandır.
Kral Araşdırmaları İnstitutu Şura tərəfindən idarə olunur. Şuranın sədri lord Marşall Naytsbridc, direktor isə professor Viktor Balmer-Tomasdır.
Qurum Afrika, Şimali və Cənubi Amerika, Asiya, Avropa, Yaxın Şərq, Rusiya və Avrasiyanın beynəlxalq iqtisadiyyat və müdafiə sahələrində təhqiqatlar aparır.
Qurum vaxtaşırı Azərbaycanla bağlı məsələləri müzakirə edib. 1994-cü ildə Böyük Britaniyada olan eks prezident Heydər Əliyev “çatam Houz” da çıxış edib. 2003-cü ildə bu qurum Azərbaycanda prezident seçkilərini qapalı müzakirəyə çıxarıb. Sonuncu dəfə 2013-cü ildə “Azərbaycan seçkilərdən əvvəl və sonra” adlı bu müzakirələr 17 sentyabr 2013-cü il tarixində Londonda müzakirə keçirilib və “çatam Houz”dakı bu müzakirəyə rəsmi olaraq Azərbaycandan məruzəçi kimi REAL hərəkatının rəhbərlərindən biri – hüquqşünas Erkin Qədirli dəvət edilib.
Xaqani SƏFƏROĞLU