XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 08:03

ABŞ İranla razılaşmağa məhkumdur – Təhlil

ABŞ üçün İranla nüvə danışıqlarının əsas səbəblərindən biri və bəlkə də birincisi dünya neft bazarında “qara qızıl”ın qiymətlərini aşağı salmaqla əlaqədardır. Bunu xarici analitiklər də etiraf edirlər. Onların bildirdiyinə görə, İranla başlanan nüvə danışıqları baş tutsa, embarqolar ləğv ediləcək və dünya bazarına milyonlarla barel əlavə neft daxil olacaq, bu da öz növbəsində “qara qızıl”ın qiymətlərinin yenidən 50 dollardan aşağı düşməsiylə nəticələnəcək. Sual oluna bilər: özu də neft istehsalçısı olan ABŞ niyə qazancını itirməkdə bu qədər maraqlıdır?

Sözsüz ki, ABŞ-ın oturduğu ağacı kəsməyə bənzəyən bu hərəkəti onun Rusiya ilə yürütdü geopolitik mübarizəsində qələbə çalmaq istəyindən doğur. Vaşinqton öz əzəli düşmənini çökdürmək üçün ötən payızdan etibarən müttəfiqləriylə bərabər neft istehsalını artırdı. Məqsəd neftin qiymətini aşağı salmaq və bununla da yeraltı zənginliklərinin hesabına güclənən Rusiyanı iflas həddinə çatdırmaq, onu beynəlxalq tələbləri yerinə yetirməyə məcbur etmək idi. Neft hasilatının artırıldığı ilkin dövrlərdə, həqiqətən də, bu plan işə yarayırdı. OPEK-in hasılatı artırmaq qərarıyla birlikdə dünya bazarında neftin qiyməti birdən-birə 48 dollara enmişdir. Təxminlərə görə, neft qiymətlərində enmə prosesi davam etdiriləcək və 40 dollar həddinə çatdırılacaqdı. Bu da istehsalı xeyli baha başa gələn rus neftinin rentabelliyini azaldacaq və qısa müddətdən sonra Kermlin başında ağ bayraq dalğalanacaqdı.

Hadisələrin seyri isə fərqli mənzərələr ortaya çıxartdı. Xüsusilə Yaxın Şərqdə Səudiyyə Ərəbistanını və digər körfəz ölkələrini təhdid edən proseslərin artması dünya neftinin, təxminən, yarısını istehsal edən bu dövlətləri ABŞ-ın oyununa gəlməməyə inandırdı.Nəticədə hasilatı sabit saxlamağa qərar verən körfəz ölkələrinin əndişələri qlobal bazarda “qara qızıl”ın qiymətlərinə də təsir göstərdi. Bu günkü göstəricilərə görə, bir barel xam neft 60 dolların üzərindədir.

Sözsüz ki, bu durum bir barel nefti indiyə qədər 140 dollara satmağa öyrəşmiş Rusiya iqtisadiyyatını yenə narahat edir, amma onun çöküş prosesini də uzadır, hətta Asiya ölkələriylə əlaqələrini gücləndirərək böhrandan salamat qurtula biləcəyi ehtimalını yaradır. Girşidiyi işi yarıda dayandırmaq isə ABŞ-ın zərərinədir. Bu, super gücün qüdrətinə kölgə sala, geopolitik mübarizədən Rusiyanın qazanclı çıxmasına şərait yarada bilər. Odur ki, prosesə yeni qüvvələr cəlb olunmalıdır.

Dünya bazarında neftin qiymətinin aşağı salınmasında rol oynaya biləcək ən uğurlu variant isə İranın prosesə cəlb olunmasıdır. Uzun illər embarqo şəraitində yaşayan Tehranın iqtisadi ehtiyacları onu neft hasilatını istənilən səviyyədə artırmağa təşviq edir. Hazırda belə cənub qonşumuzun ehtiyatında embarqonun ləğvini gözləyən milyonlarla barel neft olduğu bildirilir. Bu ehtiyatın dünya bazarına axıdılması qiymətləri birdən-birə 50 dollardan aşağı sala bilər.

Bu iddianı irəli sürənlərdən biri “Outstanding Investments” (Görkəmli investisiya) bülleteninin redaktoru Bayron Kinqdir. Kinqin fikrincə, “sanksiyalar aradan qaldırılsa, İranın əlində neftlə dolu 34 böyük tanker var, və o, bir anda dünya bazara 50 milyon barrel həcmində xammal ixrac edəcək”. Bir çox analitiklər Kinqin dilə gətirdiyi bu rəqəmi şişirdilmiş hesab etsələr də, hamısı İranın neft ehtiyatının qiymətlərə ciddi təsir göstərəcəyi ehtimalında onunla həmfikirdirlər. Ən pessimist analitik olan “Strategic Energy & Economic Research” (Strateji Enerji və İqtisadi Araşdırmalar) qurumunun direktoru Maykl Linc də qiymət məsələsində onunla razılaşaraq deyir: “İranın stoku 30 ya da 40 milyon barel həcmində ola bilər, lakin bu ehtiyat belə, bazara çox sürətli təsir göstərəcək həddədir”.

İran neftinin dünya bazarına cəlbi təkcə birbaşa yox, həm də bilavasitə təsir imkanlarına malikdir. Yəni dünyanın ən böyük ikinci neft ehtiyatına malik olan ölkə, təkcə böyük həcmli ixracatıyla qalmayacaq, həm də öz bazarını itirəcəyini düşünən körfəz ölkələrini amansız rəqabətə sürükləyəcək. Beləcə, “qara qızıl”ın qiymətinin hansı həddə müəyyənləşdirilməsi ABŞ-ın əlində olacaq.

İranın “islah” olunması Rusiyaya qarşı mübarizənin ən həlledici məsələsinə çevrildiyindən, ABŞ-ın ondan vaz keçmək şansı yoxdur. Odur ki, bir həftə təxirə salınan nüvə müzakirələrinin mütləq müsbət nəticələnəcəyi güman olunur. Əks halda, boğazını super gücün əlindən çıxarmağa nail olan Rusiya kimi, İran da Uzaq Şərq ölkələriylə iqtisadi əməkdaşlığa yönələrək öz həyatını onsuz da davam etdirə biləcək.

Rəsmi Tehran üçün əsas məsələ özü ətrafında yaradılan əməkdaşlıq edilməyəcək dövlət mifini dağıtmaq idi ki, payızda başlanan müzakirələrlə buna onsuz da nail olub. Qarşıda yalnız hansı tərəfə meyllənmək ehtimalı qalıb – ABŞ-ın rəhbərliyi altında Qərb ölkələriyləmi, yoxsa BRİCS adıyla dünyada yeni balans yaratmağa calışan dövlətlərləmi iqtisadi əməkdaşlıq? Bu suala İrandan çox, ABŞ cavab verməlidir. O da, yəqin, İran qədər böyük tikəni potensial rəqiblərin ələ keçirməsini arzulamayacaq.

Heydər Oğuz

Strateq.az