XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2015 - 13:09

Avropalı ekspertlər: “Putin Kadırovun cilovunu yığmalıdır” – Təhlil

çeçen mücahidlərinin lideri Aslan Mashadovla Moskva təmsilçisi general Lebedin 1996-cı il avqustun 31-də Xasavyurtda imzaladığı saziş əsasında Rusiya qoşunları çeçenistandan çıxarıldı və bununla da I çeçen müharibəsi çeçenlərin qələbəsi ilə başa çatdı.

Lakin…

İş burasındadır ki, indiki rus analitikləri haqlı olaraq hesab edirlər ki, Xasavyurt sazişi SSRİ-yə son qoymuş Belovejsk sazişinin tarixi analoqu idi və Rusiya Federasiyasının dağılmasının başlanğıcını qoymuşdu (General Lebedin sonralar müəmmalı şəkildə qəzaya uğrayıb ölməsi bu fikri dolayısı ilə təsdiq edir.)

Ardınca Moskva II çeçen müharibəsinə start verdi və nəticələri məlumdur: mücahidlərin liderləri – Mashadov, Basayev, Yandarbiyev, Salman Raduyev, Doku Umarov və digərləri ya döyüşlərdə, ya da Rusiya kəşfiyyatının təşkil etdiyi teraktlar nəticəsində həlak oldular. Faktiki olaraq, çeçen müqavimət hərəkatı lidersiz qaldı.

Moskva gözlənilmədən məhz bu mücahidlərin tərəfində ruslara qarşı döyüşmüş, amma vəhhabilərlə ixtilafa görə rusların tərəfinə keçmiş Ramzan Kadırovun əvvəlcə atasını, atasının qətlindən sonra isə onun özünü çeçenistana başçı qoydu.

Ramzan Kadırov qalmaqallı və həm də müəmmalı simadır. Onun Moskva ilə münasibətləri kifayət qədər cəncəlli və cəncəlli olduğu qədər də “etibarlı”dır…

Deyilənlərə görə, Putinin “ətəyində namaz qılan” Kadırov daldaya düşəndə rusları lağa qoyub rişxənd edir və bir növ, “öz saatı”nı gözləyir…

Və günlərin birində Kadırov qətlə yetirilsə və yaxud özüqarışıq avtomobilinin külü göyə sovrulsa, təəccüblənməyin…

Rus kəşfiyyatı dünyada ən mahir terror xidmətlərindən biridir…

Aşağıda oxucularımıza təqdim etdiyimiz yazı avropalı ekspertlərin qənaətləridir və mətni BBC-nin Rus xidməti dərc edib…

***

Müstəqil “Beynəlxalq böhran qrupu” çeçenistandakı durum haqda məruzə hazırlayıb. Analitiklər bölgədə sabitliyi saxlamaq üçün prezident Vladimir Putinə Ramzan Kadırovun hüdudsuz hakimiyyətini məhdudlaşdırmağı tövsiyə edirlər.

çeçenistandakı kövrək sabitlik yalnız prezident Putinlə respublikanın başçısı Kadırovun şəxsi münasibətləri sayəsində mövcuddur və Moskvadakı siyasi tərtib dəyişilsə, alt-üst ola bilər.

Araşdırma müəlliflərinin fikrincə, çeçenistan gələcəkdə Kreml üçün ciddi problemlər yarada bilər.

Sənəddə deyilir: “Rusiya ilə çeçenistanı yeni amansız münaqişədən qorumaq üçün prezident Putinin Kadırovu cilovlamağı lazımdır ki, dövlətin böyük azadlığı və orada yaşayan vətəndaşların təhlükəsizliyini, həmçinin respublika hökumətinin əhali qarşısında hesabatlılığını təmin etməkdən ötrü respublika etibarlı şəkildə Rusiyanın tərkibinə və onu hüquqi məkanına inteqrasiya olunsun”.

Ekspertlər hesab edirlər ki, respublikada indiyədək 1994-cü ildə alovlanmış çeçen münaqişəsinin siyasi həlli əldə edilməyib.

Onlar qeyd edirlər ki, yaraqlılar arasındakı çeçen millətçiliyi ideyaları yerini tədricən transmilli cihadçılıq ideyasına verdi.

İdeoloji təfriqə həm də gizli fəaliyyətçiliyin, yaraqlıların Suriyaya axışmasına və İŞİD ideologoiyasının cazibədarlığının qalib gəlməsinə şərait yaratdı.

çeçen cihadçılarının “əmir”i 2015-ci ilin iyununda İŞİD-ə biət etdi və bu qayda ilə qəti şəkildə çeçen gündəmi ilə əlaqəni kəsdi. çeçen respublikasının lideri isə biət açıqlamasını uydurma adlandırdı.

Kadırov və Putin

“çeçenistan: daxili xaric” məruzəsində bildirilir ki, respublikanın rəsmi ideologiyasında çeçen millətçiliyi, putinizm, Rusiya vətənpərvərliyi və sufiyönlü İslamçılıq qovuşur.

Kadırov Rusiya prezidentinə qarşı bütünlüklə loyallıq nümayiş etdirir, cavabında isə federal hökumətdən tam dəstək alır.

Məruzədə deyilir: “Görünür, Ramzan Kremli inandırıb ki, ancaq o, çeçenistanı nəzarət altında saxlamağa qabildir. Nəticədə o, Putindən asılı olduğu kimi, Moskva da ondan asılıdır”.

Analitiklər qeyd edirlər ki, nə qədər Kadırov bu dəstəkdən istifadə edəcək, hakimiyyətdə də özü qalacaq.

Onlar həm də çeçenistandakı xüsusi iqtisadi rejimdən danışırlar. Bir sıra göstəricilərin artmasına baxmayaraq, işsizliyin yüksək səviyyəsi qalmaqdadır.

Avropalı ekspertlərin respublikanın məhkəmə sisteminə dair də xeyli sualı var. Onların fikrincə, çeçenistan “daha çox Rusiya Federasiyasının hüquq məkanından kənarda qərarlaşıb. Hökumət nümayəndələri tərəfindən zorakılıq daha çox gözə dəyir, lakin insan haqlarının pozulması barədə məlumatlar gəlməkdə davam edir”.

İyunun əvvəlində Qroznıda “İşgəncəyə qarşı komitə” hüquq müdafiəsi təşkilatının ofisinə hücum oldu. çeçenistan lideri o zaman bildirdi ki, şöhrət qazanmaq xatirinə hücumu fəalların özləri təşkil ediblər.

Məruzə müəllifləri həmçinin qeyd edirlər ki, ənənəvi çeçen hüququnun geniş yayılması üzündən daha çox qadınlar əziyyət çəkirlər. Zorakılıq, qorxutma, həddi-buluğa çatmamışlarla nigahların sayı çoxalıb.

Mayın ortalarında çeçenistan polisi rayon şöbəsinin rəisi Najuda Quçiqovun 17 yaşlı Luiza Qoylabiyeva ilə nigahı əhvalatı geniş ictimai rezonans doğurdu. Toy şənliyinə Kadırovun özü gəlmişdi.

Nə etməli?

Beynəlxalq Böhran Qrupunun üzvləri bölgədə siyasi sabitliyi qorumaq üçün Rusiya hökumətinə bir sıra tövsiyələr verirlər. Onlar siyasi plüralizmin təminatının zəruriliynə və lider şəxsiyyəti kultundan uzaqlaşmağa, ruslarla çeçenlər arasında əsil barışın vacibliyinə, çeçenistanda dinin dövlətdən ayrılmasına diqqət yetirirlər.

çeçenistan haqda indiki məruzə Beynəlxalq Böhran Qrupunun respublikadakı son on ildəki durum barədə ilk araşdırmasıdır.

Beynəlxalq Böhran Qrupu müstəqil, beynəlxalq qeyri-kommersiya təşkilatıdır. 1995-ci ildə yaradılıb, mənzil qərargahı Brüsseldə yerləşir. Təşkilat ölüm doğuran münaqişələrin önlənməsi və qabağının alınmasına yönəlmiş hüquq müdafiəsi fəaliyyəti ilə məşğul olur.

BBC, Русская Служба, 30.06.2015