İŞİD sosial şəbəkələrdə yaydığı son viderolikdə «Həmas»a hədə tonlu mesaj göndərib. «Həmas»ı Qəzzanı yaxşı idarə etməməkdə, İslami şərtləri lazımi səviyyədə yerinə yetirməməkdə ittiham edən İŞİD belə davam edəcəyi təqdirdə, sözügedən bölgədə idarəetməni ələ alacağını bildirib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD Qəzzada şəriət qanunlarının hakim olacağını bəyan edib: «Qəzzada şəriət qanunları keçərli olacaq. Sizi və İsrail dövlətini kökündən qazacağıq. Bu gün Yarmukda (Suriyada fələstinli qaçqınların düşərgəsi-red.) yaşananlar Qəzzada da təkrarlanacaq».
Qeyd edək ki, Suriya paytaxtı yaxınlığındakı bu qaçqın düşərgəsində fələstinli üsyançılarla İŞİD silahlıları arasında qarşıdurma davam edir. «Həmas» radikal islami qrupların Qəzzada güc sahibi olmaq istədiyini, İsrail isə «Həmas»la İŞİD-in işbirliyində olduğunu iddia edir. İsrailin Milli təhlükəsizlik naziri İsrail Katz Sina yarmadasında tərəflərin silah ticarəti və hücumlar məsələsində işbirliyində olduğunu bəyan edib: «Qəzza uğrunda rəqabət apardıqlarını bilirik. Amma yəhudilərlə bağlı ortaq məqsədləri var».
Strateq.az