XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 00:30

ABŞ-ın Yaxın Şərq siyasəti: yalanın təntənəsi – Təhlil

Yaxın və Orta Şərq daima ABŞ-ın xarici strategiyasında vacib prioritetlərdən biri olub. Vaşinqton üçün bu region yalnız neft və qaz resursları ilə zəngin ərazi deyil, həm də Birləşmiş Ştatların əsas silahı olan ekstremist qüvvələrin cəmləşdiyi ərazidir. Yaxın və Orta Şərq əvvəlki kimi ABŞ-ın qlobal strategiyada istinad nöqtəsidir və başlıca olaraq regionda siyasi burulğana düşmüş müttəfiq dövlətlərə əsaslanır. Lakin hər şeyə baxmayaraq, ABŞ-ın Yaxın Şərqdə mövqelərinin möhkəmlənməsi Amerikanın qlobal strategiyasının əsas elementlərindən biri hesab olunur.

Son 10-15 ildə strateji cəhətdən vacib olan bu regionda cərəyan edən hadisələr daha çox SSRİ-nin parçalanmasından sonra dünyada gedən geosiyasi dəyişikliyin ifadəsi və nəticəsidir. ABŞ-ın hakim dairələri həmən bu qısa dövrdən istifadə etməyə cəhd göstərdilər. Burada məqsəd ABŞ-ın bundan sonra vahid fövqəldövlət olacağını və digərlərini öyrətmək hüququnun yalnız ona məxsus olmasını, zəruri hallarda isə özünün “düzgün” dövlət quruculuğu konsepsiya və normaları ideyasını dünya ictimaiyyətinə təlqin etməkdir. Bu zaman istədiyi rejimi cəzalandıra və təşviq edə bilər.

Bu kursun həyata keçirilməsi üçün 2011-ci ilin 11 sentyabr terror aktı əsas bəhanə oldu. Bu cinayətin bütün eybəcərliyi ilə yanaşı, qeyd etmək lazımdır ki, o, əsasən Vaşinqtonun ona lazımi loyallıq göstərməyən dövlətlərə qarşı təxribat fəaliyyəti aparmaq və müttəfiqləri itaətdə saxlamaq məqsədilə yaranan dini radikalizm hərəkatı ilə manipulyasiya etmək siyasətinin nəticəsidir.

2003-cü ildə İraqda beynəlxalq sülhün amerikalıların göstərdiyi kimi, kütləvi qırğın silahına (KQS) malik olan Səddam Hüseyn rejimindən qorunması adı altında ABŞ hərbi kontingentinin əraziyə daxil olması bu siyasi kursun kulminasiya nöqtəsi oldu. Bu, klassik neokolonializm hərəkatının nümunəsi idi və bu, Yaxın Şərq xalqlarına çox baha başa gəldi: minlərlə insan həyatı, xarabalıqlar, böhran, xaos… ABŞ işğalı Körfəzdə on illərlə mövcud olan kövrək qüvvələr balansını qəfil dəyişdi, xüsusilə, sünni və şiələr arasında mövcud olan tarazlıq pozuldu. Daha sonra ərəb publisistləri tərəfindən “neokolonial quldurluq dövrü” kimi adlandırılan mərhələ başladı.

Bu zəncirvarı hərəkatın əsas həlqəsindən biri Bəşər Əsəd rejimini devirmək və Liviyanın NATO qoşunları tərəfindən bombalanması üçün Qərbin radikal dini qruplaşmadan istifadə cəhdidir. ABŞ dövlət katibliyində fəaliyyəti zamanı Hillari Klintonun yazışmaları əsasında dərc edilmiş sənədlər göstərir ki, İngiltərə və Fransa Liviya xalqından gizli Liviyanın neft sərvətlərini bölüşdürmək planı işləyib hazırlamışlar. Eyni zamanda, Liviyanın bir ölkə kimi birbaşa parçalanmasına da baxılmışdır.

Hazırda dünya KİV-ində aydın şəkildə göstərilir ki, məhz ABŞ və Qərbin digər böyük dövlətləri “İraq və Şam İslam Dövləti” (İŞİD) kimi qruplaşmanın başında dururlar və bu qruplaşma artıq xərçəng xəstəliyi kimi genişlənərək Asiya və Afrikada ərəb və digər xalqları yeni fəsadlarla üzləşdirir. İraq və Suriyanın ərazilərinin böyük hissəsini zəbt etməklə İŞİD qruplaşması İordaniya və Səudiyyə Ərəbistanının sərhədlərinə yaxınlaşıb və artıq dəfələrlə Məkkənin ələ keçirilməsi təhdidi yaranıb.

Qeyd edək ki, İŞİD-ə rəhbərlik edənlər təkcə ABŞ və Avropa dövlətlərində yeni terror aktları törətməyi deyil, həm də KQS-dən istifadəni planlaşdırırlar. Bəs əgər onların bu cəhdi uğurla nəticələnərsə, onda nə baş verər? Eyni zamanda, İŞİD ekstremistlərinin törətdiyi qəddar cinayət yalnız dünya ictimaiyyətində dəhşətli cəza vermə deyil, həm də bir faktdır ki, onların “insani düşüncə” normasını aşan və sosial ədalətin bərpası adı altında fəaliyyəti müxtəlif ölkədən minlərlə müsəlman gəncin onlara qoşulmasını təşviq edir.

Qərb dövlətləri isə mahiyyətcə reallığı görmək istəmirlər və yeni beynəlxalq terror təhlükəsini dərk etmirlər. Belə yanaşma Yaxın Şərq regionunu mürəkkəb burulğana, qeyri-müəyyənliyə aparır, çünki burada böyük həcmdə alışan kütlə toplanmışdır.

Yeni təhlükəyə münasibətdə dəqiq siyasi xəttin olmaması əhalinin müxtəlif təbəqələrində çaşqınlıq yaradır. Nəticədə, bir çox Qərb dövlətlərində radikal elementlərin hədsiz dərəcədə aktivləşməsi baş verir. Amerikalı müsəlman iqtisadçı Məhəmməd Eytan belə hesab edir ki, bu hadisələr, həmçinin Qərb liderlərinin prioritetləri düzgün müəyyən edə bilməməsi faktiki olaraq siyasəti iflic edir. Hətta senator Con Makkeyn ABŞ prezidentini xarici siyasətini düzgün müəyyən edə bilməməkdə açıq ittiham edir.

Avropa İttifaqının miqrasiya siyasətinin tam müvəffəqiyyətsizliyə səbəb olması bu plana yaxşı nümunə ola bilər. Aralıq dənizi Afrika və Asiyadan olan və Avropada yaxşı həyat ümid ilə “cənnət” şimal sahillərinə keçməyə çalışan minlərlə bədbəxt qaçqının qəbiristanlığına çevrilir. Bəs İraq və Suriya qaçqınları (onların sayı 15 mln. nəfərdir və daima artır) ilə əlaqədar vəziyyət hansı təhlükələr yaradacaq?!

Misli görünməmiş qaçqın seli hərbi konflikt ilə birlikdə regionu humanitar fəlakət həddinə çatdırır.

Əksər Qərb liderlərinin kolonialistik cəhdləri insan hüquqları adı altında yaxşıca maskalana bilir. Amerikan zabiti Ralf Petersinin on il bundan əvvəl yazdığı məqaləni xatırlatmaq yerinə düşərdi. Belə ki, ABŞ silahlı qüvvələrinin jurnalında nəşr edilmiş bu məqalədə Türkiyə, Əfqanıstan, Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin sərhədlərinin mütləq dəyişdirilməsi qeyd edilmişdir. Məhz Yaxın və Orta Şərqin bu yenidən bölgü xəritəsini biz indi müşahidə edirik və o, region xalqları üçün mühüm problemə çevrilmişdir. Bu, Qərb dövlətlərinin vicdanına qalır. Onlar səhvi o zaman görürlər ki, o, əvvəlki iqtidara aid olsun: məsələn, Barak Obama asanlıqla Buş administrasiyasının səhvini etiraf edir.

Bir sözlə, bu gün ABŞ ərəb dünyasında qüvvələr balansının tez-tez dəyişməsi, müxtəlif fraksiya və ittifaqlar arasında münasibətlərin gərginləşməsi, çətinliklər və İslam layihəsinin uğursuz olması şəraitində “Ərəb baharı”na münasibətdə öz mövqelərinin çətin adaptasiya prosesini yaşayır.

Vaşinqtonun xarici siyasətində Asiya-Sakit okean regionu əsas prioritet təşkil etdiyi müasir dövrdə ABŞ yeni Yaxın Şərq hərbi kampaniyasına artıq əvvəllər olduğu kimi o qədər də müdaxilə etmir, çünki çoxillik İraq və Əfqanıstan konfliktləri ona baha başa gəlməkdən başqa heç bir dividend gətirmədi. Lakin ABŞ çətin ki, Yaxın Şərqdən tam əl çəkə. Bu regiondan əl çəkmək dünyada fövqəldövlət statusundan imtinanı və özünütəcridi bildirir. Amerika siyasətçiləri də bunu çox yaxşı başa düşürlər. Lakin ABŞ-ın dini radikalizmi alovlandırmaq hesabına öz hakim mövqelərini möhkəmləndirmək cəhdi onu öz niyyətinə qovuşdurmaya
caq. Müasir dünyada anarxiya və qeyri-stabilliyin kütləvi yayılması qlobal xarakter və ölçü alacaq, deməli, o, ABŞ-a da sirayət edəcək.

Fərid Yusifzadə

Newtimes.az