XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 16:29

İcra başçısının oğlu həbsdən necə buraxıldı? – Vəkildən etiraz
Xəbər verdiyimiz kimi, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 5 il 6 ay müddətinə həbs edilən oğlu İlham Əsgərlinin cəzası yüngülləşdirilib.
Bir daha xatırladaq ki, ötən ilin sentyabrın 27-də Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. Bu il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.
Lakin üç gün öncə- iyunun 29-da isə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edib. Beləliklə də icra başçısının oğlunun cəzası yüngülləşdirilib.
Strateq.az xəbər verir ki, “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva Modern.az saytına açıqlamsında məhkəmə qərarına münasibət bildirib:
İyunun 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə məhkəmə prosesi oldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik elədi. Məhz İlham Əsgərli barəsində təyin olunan 5 il 6 ay cəzasını 3 ilə salındı. Biz hesab edirik ki, bu qanunsuz və ədalətsiz bir qərardır. Məhkəmə üçün heç də hamı qanun qarşısında bərabər olmadı. Digər təqsirləndirilən Əhliman Süleymanovun təqsiri İlham Əsgərlinin təqsirindən yüngül idi. Baxmayaraq ki, Əhliman Süleymanova 6 il iş kəsilib. İlham Əsgərli haqda verilən ittiham isə ağır cinayətlərə aid idi. 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulduğu halda məhkəmə onun cəzasını 3 ilə endirdi. Bu da onu göstərir ki, hamı qanun qarşısında bərabər deyil. Məhkəmə İlham Əsgərli haqda verdiyi qərarla hamının qanun qarşısındakı bərabərlik prinsipini pozdu.
Biz bu qərardan kassasiya şikayəti verəcəyik. Hansı addımlar atmaq lazımdırsa, onu edəcəyik. çünki bu çox qanunsuz və ədalətsiz bir qərardır”.