Bu gün Suriya dövləti tam mənasilə iflas həddindədir: Rusiya-çin-İran üçlüyü istisna olmaqla, ölkə beynəlxalq dəstəyini itirib və əlində aciz qaldığı silahlı qruplaşmalar kəndbəkənd, şəhərbəşəhər ölkəni qəsb etməkdədir. Dördillik vətəndaş müharibəsi ölkəni viranəliyə çevirib. 2011-ci ildən başlayan əvvəlcə Əsəd-xalq, sonra isə Əsəd-silahlı qruplaşmalar qarşıdurması 200 mindən çox insanın həyatına son qoyub. Faktiki olaraq, ölkə ərazisinin böyük hissəsi qiyamçıların – Suriya Azadlıq Ordusu, “Cəbhət ən-Nusra” və adıyaman İŞİD-in əlindədir.
Və üstəgəl, türk ordusu Suriya ərazisinə müdaxilə etmək üçün sərhəddə hazır dayanıb. Bu, artıq Ərdoğanın Dəməşqdə namaz qılmaq həvəsindən irəli gəlmir (2012-ci ildə baş nazir vəzifəsində olan Ərdoğan öz partiyasının qurultayında bildirdi: “Tezliklə Dəməşqdə Əməvilər məscidində namaz qılacağıq”): bu müdaxilə baş verməsə, uzağı, bir ildən sonra Türkiyəni də Suriyanın və digər ərəb dövlətlərinin gününə salacaqlar…
Bəli, Qərbin müəyyən dairələrində hələ 2000-ci illərin əvvəlindən işlənib hazırlanmış “Böyük Orta Şərq” layihəsi tam gücü ilə gerçəkləşməyə can atır… və bu prosesin qurbanlarından biri də Suriya xalqı və onun prezidenti Bəşər Əsəddir…
General övladı
Hafiz Əsədin ailəsi
Suriya pezidenti, “Bəəs”in bölgə rəhbərliyinin baş katibi Bəşər Əsəd 1965-ci ildə Dəməşqdə briqada generalı, Suriya HHQ və HHM komandanı Hafiz Əsədin ailəsində anadan olub. Hafiz Əsəd 1971-ci ildən Suriyanın prezidenti olub. Bəşər Əsəd “Hurriya” elitar ərəb-fransız litseyini, sonra isə Dəməşq universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirib. “Tişrin” hərbi hospitalında oftalmoloq işləyib. 1991-ci ildə təcrübə toplamaq üçün Londona yollanaraq “Western Eye Hospital” oftalmoloji mərkəzində çalışıb.
Əsəd nəslinin bütün kişiləri ələvilər və yaxud IX əsrdə yaradılmış nusayrilər icmasına məxsusdur. Bu icma üzvlərinin sayı Suriya əhalisinin 10-12%-ini təşkil edir. Sünni və şiə mühafizəkarları ələviləri kafir hesab edirlər. çünki onlar mühafizəkar İslamdakı ümumi qaydalardan kənara çıxırlar: ruhun köçməsinə, yəni reinkarnasiyaya inanır, Günəş, ulduz və Ay kultunu hifz edirlər. Bundan başqa, onlar şərab və çörəklə dini ayin keçirir, İncil oxuyur, İsanı ilahiləşdirir, Milad və Pasxa bayramların qeyd edirlər. Ələvilər iki qrupa bölünür: xassalar – müqəddəs kitab və özəl bilgi sahibləri və əsas kütlə – umma. Əsədlər nəsli məhz həmişə ummaya məxsus olub.
Hafiz Əsədin dövründə orduya və xüsusi xidmətə ancaq ələvilər nəzarət edirdilər.
Bəşər Əsəd xaricdə olarkən özünə təxəllüs götürür ki, Suriya prezidentinin oğlu olduğunu heç kim bilməsin.
1994-cü ildə təcrübəni yarımçıq qoyub Dəməşqə qayıdır, çünki atasının varis qismində hazırladığı böyük qardaşı Basil avtomobil qəzasında həlak olmuşdu. Basilin ölümündən sonra Hafiz Bəşəri varis seçdi. çünki kiçik oğlanları dövlət işinə yaramırdılar: Mahir azğın xasiyyəti ilə ad çıxartmışdı, Məcid isə narkobizneslə bağlı qalmaqallara bulaşmışdı…
Əsəd Suriyaya qayıdandan sonra Xoms şəhərində hərbi akademiyaya daxil olur. 1997-ci ildə Respublika qvardiyasının komandiri təyin edilir. Əsəd paralel olaraq atasının siyasi müşaviri kimi dövlət işləri ilə də məşğul olur.
Ata-oğul tandemi prezidentliyə gələcək mümkün iddialıların hamısını bu dövrdə bu və digər şəkildə siyasi-administrativ perspektivdən məhrum edir.
Beləliklə, oğul Əsəd tədricən yumşaq xasiyyətli adi həkimdən enerjili siyasətçiyə çevrilməyə başlayır, ata Əsədin sağlamlığı isə pisləşir və 1999-cu ilin sonunda ürək çatışmazlığından vəfat edir.
Atasının varisi
Əsəd 2000-ci il iyunun 11-də 97, 29% səslə Suriyanın prezidenti seçilir. O, andiçmə mərasimində ölkə iqtisadiyyatının modernləşdirilməsi, 1967-ci il ərəb-İsrail müharibəsi vaxtı tutulmuş Holan təpələrinin geri qaytarılması və Livandakı “Hizbullah” hərəkatına dəstək məsələlərinə toxunur.
Gənc prezident 2000-ci ildə nüfuzlu sünni tayfasından olan Əsma Əhrasla ailə qurur. İki oğlu, bir qızı var.
Hakimiyyətinin ilk ilində siyasi dustaqlar azad edilir, ölkədə ilk müstəqil qəzet nəşrə başlayır, özəl universitetlər, Dəməşqdə şəxsi banklar və fond bazarı açılır.
Əsəd, atasından fərqli olaraq, ölkənin dövlət quruluşunu liberallaşdırmağı və 1963-ci ildən ölkədə qüvvədə olan fövqəladə vəziyyəti ləğv etməyi qət edir. Yüksəkrütbəli və əsasən hərbçilərdən ibarət olan dövlət məmurları tədricən mülki şəxslərlə əvəz olunsa da, islahatlar ardıcıl və sistemli şəkil almır, ordu və xüsusi xidmətlər siyasiləşmədən azad olunmur.
Əsədin dönəmində əsas xarici düşmənlər yenə də ABŞ və İsrail olaraq qalır. 2004-cü ilin mayında Corc Buş Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir.
Əsəd 2005-ci ilin yanvarında Moskvaya səfər edir. Səfər zamanı Rusiya Suriyanın ona olan 13,4 milyard dollar borcunun 73%-ni silir.
Əsəd həm də məşhur siyasətçi və keçmiş baş nazir Həririnin qətlə yetirildiyi “sidr inqilabı”ndan sonra Livana yeritdiyi 16 minlik Suriya ordusunun bu ölkədən çıxarılmasına razılıq verir. Yeri gəlmişkən, livanlılar Həririnin qətlində məhz suriyalıları günahkar bilirdilər.
Livanın Fransada yaşayan keçmiş vitse-prezidenti Həddam 2005-ci il dekabrın 30-da bildirdi ki, Həririnin qətlə yetirilməsini məhz Əsəd əmr edib.
Ərəb qasırğası
2011-ci ilin başlanğıcında ərəb dünyasında qara yellər əsməyə başladı: Quzey Afrika və Yaxın Şərq ölkələrini iğtişaşlar bürüdü. Qərb analitikləri bu prosesi hələ də “ərəb baharı” adlandırırlar. Amma bunun nəyi “bahar”dır, anlaşılmır: “bahar”ın keçib getdiyi bütün ərəb ölkələri bu gün xarabazarlığa, qan gölünə dönüb.
Ərəb müstəbidləri domino effekti qaydasında dalbadal aşmağa başladı. Dirəniş göstərən isə başından oldu: Qəddafini “Qəddafi əxlaqı” ilə öldürdülər…
2011-ci ilin əvvəlində Suryada da mitinqlər başlandı. Tələblər isə beləydi: 1) 38 illlik fövqəladə vəziyyət ləğv edilsin; 2) ölkədə siyasi islahatlar aparılsın.
ölkə prezidenti ərəb dünyasında və ölkəsində baş verən hadisələrə incə şəkildə reaksiya verə bilmədi və bu, indi də davam edir – ilk mitinqlərdən dörd il keçib və bu gün Əsəd artıq uçurumun kənarındadır. Anlaşılan budur ki, Əsəd bütün hakimiyyəti müddətində öz xalqına deyil, İrana və Rusiyaya güvənib. Xalqına güvənsəydi, onu dinləməyi və eşitməyi bacarardı…
Martda mitinqlər polislə toqquşmaya çevrildi, yüzlərlə insan həlak oldu. Əsəd hökuməti istefaya göndərdi, fövqəladə vəziyyəti ləğv etdi, amma proses dayanmadı.
BMT-nin və nüfuzlu dövlətlərin Suriyada gedən proseslərə müdaxilə cəhdləri bu və ya digər səbəbdən nəticəsiz qaldı.
Bu arada Türkiyə ərazisində iki əsas müxalif hərəkat – Suriya Milli Şurası və Suriya Azadlıq Ordusu fəaliyyətlərini əlaqələndirmək haqda razılığa gəldi. Bəzi Avropa ölkələri isə Milli Şuranı Suriyanı rəsmən təmsil edən qurum kimi tanıdı və bu qurumu ölkəyə hərbi müdaxilə etməyə çağırdı.
Və başlandı… ölkədə qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmalar baş alıb getdi. Əsəd hökumətinin bəzi yüksək vəzifə sahibləri qiyamçıların tərəfinə keçdi. 2012-ci ilin avqustunda baş nazir Riyad Hicab ölkədən qaçdı. Onun dediyinə görə, Əsəd hökuməti ölkə ərazisinin cəmi 30%-nə nəzarət edirdi.
Suriya oyunu
Kapitan körpüsündə ABŞ+İsrail durub: Əsəd dəfələrlə İsraili terrorçu, ABŞ-ı isə düşmən dövlət elan edib və İran-Suriya münasibətlərinin yaxınlığını yada salsaq, İsrailin Suriya ilə bağlı nəhs maraqlarını tam şəkildə anlamaq olar.
Türkiyə. Suriyada gedən proseslərə əvvəlcə adi din təriqətçisi düşüncəsi ilə yanaşan Ərdoğan (“Bəşər Əsəd hakimiyyətdən getməlidir!”), təəssüf ki, durumun ciddiliyini çox gec anladı. Artıq İŞİD və PKK-ya bağlı kürd silahlıları Suriya ərazisində o qədər üstünlük əldə ediblər ki, Türkiyənin bu ölkəyə qoşun göndərməkdən başqa çıxış yolu qalmayıb. Artıq indi tam şəkildə aydın olur ki, Ərdoğan hökumətinin İŞİD-ə altdan-altdan etdiyi çeşid-çeşid yardımlar (hərbi, logistik və s.) Türkiyənin öz başına bəla olub…
İran. İranın Əsədi guya şiəliyinə görə dəstəkləməsi adi siyasi komuflyajdır. Qonşu İran Yaxın Şərqdə tam şəkildə söz sahibi olmaq niyyətindədir. Bunun üçünsə iki dənizə çıxışın onun əlində olması mühüm şərtlər sırasındadır: Qırmızı dənizə (Yəməndə gedən proseslər) və Aralıq dənizinə (Suriya prosesləri)…
Səudiyyə Ərəbistanı. Əsil vəhhabi ağlıyla hərəkət edən bu dövlət Suriyanı (və Yəməni) birinci növbədə İranın kölgəsi kimi qılınclayır. Amma güman etmirik ki, səudlar İran+Surya tandeminə dov gələ bilər…
Sonda…
Əsədi “gözüçıxmış qurd qardaşları”ndan hansının taleyi gözləyir? Mübarəkin, yoxsa Qəddafinin? Bunu zaman göstərər…
Lakin Beynəlxalq istintaq komissiyası məlumat verib ki, rəsmi sənədlərin Suriyadan çıxarılması üzrə üç il davam edən əməliyyat prezident Bəşər Əsədi və daha 24 yüksəkrütbəli məmuru məhkəməyə vermək üçün yetərincə sübutlar ortalığa qoyub. Suriya liderlərinə qarşı ittihamlar indiki Suriya münaqişəsini doğurmuş 2011-ci il etirazlarının boğulmasında onların əlinin olması ilə bağlıdır. On minlərlə özgə cür düşünməkdə ehtimal edilən insan həbs edilib, əksəriyyətinə Suriya həbsxanalarnda işgəncə verilərək öldürülüb…
Deməli, ittihamnamə hazırdır…
Strateq.az