XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 17:17

Azərbaycan uğrunda ABŞ-Rusiya savaşı: İlham Əliyev hansı addımı atacaq?
ABŞ-Rusiya qarşıdurmasının şiddətlənməsi region ölkələrinə də təsir edir və post-sovet regionunda yeni siyasi situasiya yaradır.
Rusiyanın Qərblə aqressiv qarşıdurma vəziyyəti heç şübhəsiz ki, region ölkələrini, xüsusən də keçmiş sovet respublikalarını təsirləndirir. Ukraynada baş verənlər göstərdi ki, əslində Rusiya – ABŞ (Qərb) savaşının əsas meydanı post-sovet respublikalarıdır və biz böyük bir davanın içindəyik.
Hal-hazırda ciddi ekspertlər regionun bir sıra ölkələrinin Vaşinqton-Moskva qarşıdurması ilə əlaqədar böyük risk daşıdığını və hətta işğal təhlükəsi altında olduğunu qeyd edirlər. Ancaq ümumilikdə yeni “soyuq müharibə” bütün dünyada, ələlxüsus da region ölkələrində ciddi təsir yaradıb. Nəzərə alsaq ki, hazırda hər keçən gün bu qarşıdurma daha da dərinləşir, o zaman sual yaranır, qarşıda daha hansı proseslər olacaq? Bizimçünsə təbii ki, ilk növbədə Azərbaycanla bağlı nüanslar daha maraqlıdır.
Getdikcə daha da kəskinləşən Rusiya-Amerika qarşıdurması Azərbaycana necə təsir edəcək? Bu vəziyyət ölkə daxilində cərəyan edən ictimai-siyasi proseslərdə, münasibətlər sistemində hansı izləri qoyacaq?
Siyasi şərhçi, Yeni Türkiyə Araşdırmaları Mərkəzinin eksperti Orxan Qafarlı deyir ki, istənilən halda bu gərginlik Qafqaza, xüsusən də Azərbaycana təsir göstərəcək:
“ABŞ-Rusiya münasibətlərində gərginlik, Cənubi Qafqaza hər zaman ən çılpaq formada təsiri göstərib. Nədən çılpaq, çünki bu regionda hər üç ölkə tam fərqli istiqamətlərdə xarici siyasətlərini qurublar. Azərbaycan balanslı xarici siyasət kursunu davam etdirdiyi halda, Gürcüstan AB və NATO-ya inteqrasiya xəttində qalır. Ermənistan isə tamamən Rusiyaya indiki halda təslim olub. Dolayısı ilə Qərbə nisbətdə Rusiya region ilə daha dərin bağlara malik olsa da, Cənubi Qafqazı təsir altına alma mübarizəsi hələ tam bitməmişdir”.
O. Qafarlının fikrincə, məhz bu səbəbdən Vaşinqtonla Moskva arasında yaranan hər hansı bir gərginlik çox tezliklə öz təsirini Azərbaycanda göstərir: “çünki Azərbaycanın Gürcüstan və Ermənistandan fərqi odur ki, birtərəfli inteqrasiya xətti yoxdur. Yəni Azərbaycan üzərində zəfər qazanan ölkə regionda hesabları 2:1 etmiş olacaq. Ya Rusiya və ya ABŞ xeyrinə. Bunun üçün Azərbaycan daxili siyasətində qarışıq durumun olması, lider axtarışları və ya xilaskar lider axtarışları davam edir. Zamanında “milyarderlər ittifaqı” və ya qərb yönlü qrupların mübarizələrini görə bilirdik”.
Ekspertin fikrincə, qlobal siyasətdə iqtisadi cəhətdən zəifləyən, Qərblə ayaqlaşa bilməyən Rusiya təbliğat və siyasi təzyiq yolu ilə region ölkələrində təsirini qoruyub saxlamağa çalışır: “Son zamanlar Rusiya ABŞ tərəfindən yalnızlaşdırılamamsı üçün post-sovet ölkələrində özünə yaxın qruplar axtarışındadır. Yeni liderlər meydana çıxarmağa çalışırlar. Rusiya bu istiqamətdə öz mövqeyini daha da gücləndirmək və post-sovet respublikaların ictimai rəyində öz təsirini qorumaq üçün yeni media orqanları qurur. Son bir necə ildə Rusiya həm dünya ictimai rəyinə və post-sovet ölkələrində ictimai rəyə təsir etmək üçün KİV siyasətində çox ciddi islahatlar aparıb. “Russian ToDay” (RT), “Sputnik” kimi yeni və daha keyfiyyətli KİV-lər qurulub. “Sputnik” bir radio və xəbər saytı olaraq demək olar bütün post sovet ölkələrinin dillərində yayımlanır. Rusiya artıq əvvəl olduğu kimi güc yolu ilə bu ölkələri ətrafında tutmağa deyil, eyni zaman “SOFT POWER” dediyimiz, “yumşaq güc”dən istifadə edərək qərbçi ictimai rəyi qırmaq üçün əlindən gələni edir. çünki Kreml də anlayır ki, güclə hər şeyi həll etmək çox zaman mümkün deyil. İndi bir yerdə uzun müddət qala bilmək üçün yalnız ictimai rəyi “işğal” etməlisən.
Azərbaycanda da istədikləri qruplara dəstək vermək və ictimai rəyə təsir etmək üçün artıq bu cür bu cür xəbər portalları qurublar. Bakıda Rusiyanın “Sputnik” xəbər portalı və onun radiosu fəaliyyətə başlayıb. Xüsusilə sabah “Milyarderlər ittifaqı” kimi bir qurumun Azərbaycanda dəstək verdiyi qruplara belə bir media dəstəyi çox vacib olacaq”.
Musavat.com.