Dünən ölkənin bir sıra xəbər portallarında AzNews.az-a istinadla ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı və bütövlükdə ABŞ administrasiyasını sərt şəkildə hədəfə alan material yayılıb.
Son iki ay ərzində Azərbaycanda fəaliyyət göstərən siyasi və ictima təşkilatlardan kimlərin hansı tarixdə ABŞ səfiri Robert Sekuta ilə görüşdüyü və nədən söhbət etdikləri haqda fikirlərin yer aldığı materialın qısa məzmunu belədir ki, ABŞ hakimiyyəti Azərbaycandakı bir sıra ictima-siyasi təşkilatların dəstəyi ilə 2016-ci ilin mayınadək ölkəmizdə dövlət çevrilişi həyata keçirməyi planlaşdırır və bununla bağlı hansısa sübutlar var (http://www.aznews.az/index.php?c=news&id=84856).
Materialda səslənən iddia və ittihamların gerçəkliyi nə dərəcədə əks etdirib-etdirmədiyi haqda bir söz deyə bilməsək də, ABŞ və Azərbaycan arasında növbəti ciddi diplomatik skandala səbəb olacaq belə bir materialın yayılması çoxsaylı suallara yol açır və bir neçə aspektdən diqqət çəkir.
Əvvəla, əgər materialdakı məlumatlar hətta səhihdirsə və onun yayılmasında hakimiyyət maraqlıdırsa belə, bu məlumatlar necə, hansı yolla əldə edilib? İkincisi də, bu məlumatların yayılması kimə, xüsusən də hakimiyyətə indiki anda nə qazandırır?
İlk baxışdan belə təəssürat yaranır ki, ya ABŞ səfirinin keçirdiyi bütün görüşlər dinlənilib, ya da səfirlə görüşən şəxslərin hamısı hökumətə bağlı adamlar olub.
Əlbəttə, hər iki variant ağla gəlsə də, inandırıcılıq əmsalları “0”-a bərabərdir.
Birincisi, ABŞ səfriliyi Azərbaycanda həm bizim hökumət, həm də elə ABŞ-ın öz xüsusi xidmət orqanları tərəfindən çox ciddi şəkildə qorunan diplomatik məkandır. Mütəxəssislərin bildirdiyinə görə, o, kənardan və daxildən bütün növ müdaxilələrə qarşı yüksək təhlükəsizlik çəmbəriylə əhatələnib, xüsusən də dinləmələrə qarşı önləyici qurğularla təchiz olunub…
İkincisi, səfirlə görüşən şəxslərin və ya tərcüməçilərin Azərbaycan hökumətinə bağlılığı fikri yaransa da, bu da peşəkar yanaşma deyil: axı, səfirin məxfi görüşləri haqda tam məlumatı olan mənbəni hansı “ağıllı” belə asanlıqla və ya hansı uduşun naminə “yandırar”?
Materialın təhlilindən ilkin yaranan qənaət belədir: ola bilsin, səfirlə görüşənlərdən kimsə hökumətə bağlı olub və Azərbaycan tərəfini səfirin “təhlükəli” söhbətindən vaxtında xəbərdar edib. İndi isə hakimiyyət belə bir söhbəti mediaya sızdırmaqla, bir tərəfdən səfirə və onun timsalında ABŞ hökumətinə onun niyyət və planlarından xəbərdar olduğunun mesajını verir, o biri tərəfdən də səfirin beyninə onunla görüşən və bundan sonra görüşəcək bütün azərbaycanlı müxaliflərdən şübhələnmək üçün “qurd salır”…
Mümkündür ki, iyulun 3-də Amerika səfirliyində keçirilən ABŞ-ın Müstəqillik Günü ziyafətində Azərbaycan hökumətinin zəif iştirakının (bir qayda olaraq, hər il bu tədbirlərə Azərbaycan böyük nümayəndə heyəti ilə qatılırdı və bu dəfə Azad Rəhimovun müavini ilə kifayətlənildi) səbəbini “izah etmək” üçün belə bir addım atılıb…
Başqa – ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqlı olan üçüncü bir qüvvənin də belə bir addım atacağı gözləniləndir, ancaq indiki halda bu, o qədər də inandırıcı variant sayılmır.
Hər bir halda bu məsələnin yeni diplomatik gərginliyə yol açacağı şübhə doğurmur.
Əgər məlumatlar yalan çıxsa, – yəqin ki, səfirlik bu məsələyə mütləq reaksiya verəcək və təkzib edəcək, belədə isə “sübutların” ortaya qoyulması zərurəti yaranacaq və ortaya heç nə qoyulmayacaq – o halda diqqət hakimiyyətin üzərinə yönələcək: olmaya, ölkədə növbəti “dövlət çevrilişinin qarşısının alınması əməliyyatı” hazırlanır?
Belədirsə, görəsən, bu dəfə kimlərin kəlləsi gedəcək?
Strateq.az