XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2015 - 00:25

Qərb Çinə qarşı “İslam kartı”ndan necə istifadə edir? – Təhlil

Son zamanlar mediada və sosial şəbəkələrdə çin hökumətinin müsəlmanlara zülm etməsi ilə bağlı şəkil və paylaşmalar çoxalıb. çin hökumətinin uyğurlara oruc tutmağı qadağan etdiyi, oruc tutanlara zorla su içirdildiyi, yalnız müsəlman olduqları üçün insanların işgəncəyə məruz qaldığı haqda çoxsaylı məlumatlar yayılır. Hətta bununla da kifayətənmir, uyğur müsəlmanlarına dəstək aksiyalarına, maddi yardımlara, “kommunist çinin müsəlman uyğurlara zülmünə” seyrçi qalmamağa səsləyirlər.

Əlbəttə, çin hökuməti ilə Sincan-Uyğur əyalətində yaşayan yerli türk-müsəlman əhali arasında problemlərin olduğu hər kəsə məlumdur. Uyğurlar bir neçə dəfə çin hökumətinə qarşı etiraz aksiyaları təşkil edib. Sonuncu dəfə 2009-cu ildə baş verən uyğur ayaqlanması hökumət qüvvələri ilə ciddi toqquşmalara səbəb olmuşdu. Ancaq o zaman bu hadisələrin səbəbi müsəlmanlıq və ya İslam deyil, uyğur təşkilatlarının müstəqillik tələbləri idi. Yəni söhbət müsəlmanların cəzalanmasından deyil, müstəqillik tələb edənlərin susdurulmasından gedir.

İndi isə o hadisələrdən 6 il keçib və qəflətən “çinin uyğur müsəlmanlara zülmü” yenidən gündəmə gətirilib. Demək olar ki, hər gün bu tip xəbərlər və dəhşətli fotolar yayılır. özü də maraqlıdır ki, bu zaman vurğu etnik və ya siyasi amilə deyil, məhz din, İslam üzərinə edilir. Yəni, görünən odur ki, bütün bu kampaniyalar çinin anti-İslam siyasəti yürütdüyünü ifşa etməyə hesablanıb. Bu isə, təbii ki, birmənalı qarşılanmır və bu cür kütləvi və sistemli kapmaniyaların məqsədli olduğu ilə bağlı versiyalar ortaya atılır. Bu haqda bir az sonra…

Ancaq əvvəlcə ondan başlayaq ki, doğrudanmı kommunist çin hakimiyyəti müsəlman vətəndaşlarını əzir, onların dinlərini yaşayıb, yaşatmağa imkan vermir? Əlbəttə, indi Marko Polonun zamanı deyil və çin haqda məlumat əldə etmək, özü də birbaşa mənbələrdən xeyli asandır.

Əvvəla, saytlarda aparılan araşdırmalar zamanı məlum olur ki, “çinin müsəlmanlara işgəncəsi fotolarının” böyük əksəriyyəti saxtadır və ümumiyyətlə, çinə aidiyyəti yoxdur. Məsələn, qadının cəsədinin yarılmış forması bir elmi jurnalda verilmiş meyit yarılma nümunəsi (halbuki onu çinin uyğurlara işgəncəsi kimi təqdim edirlər) və ya adamların ağızlarına zorla su tökülməsi fotolarının ənənəvi pivə festivalından görüntü olduğu artıq sübut edilib.

Bəs, çində həqiqətənmi müsəlmanlara, uyğurlara müsəlman olduqları üçün zülm edilir?

Əvvəlcə ondan başlayaq ki, çində müsəlmanlar yalnız uyğurlar deyil. Sintsizyan (Sincan) Uyğur muxtar vilayəti çinin qərbində yerləşir və 1949-cu ildə çin tərəfindən işğal olunub. ümumilikdə isə çində 11 milyondan artıq uyğur yaşadığı güman olunur.

Ancaq uyğurlarla yanaşı, çinin öz yerli əhalisi arasında da müsəlmanlar var. çin müsəlmanları huilər adlanır və ölkənin şərq ərazilərində Ningxia muxtar vilayətində yaşayırlar. ümumilikdə isə Kansu-çinghay-Ningxia bölgələrində yaşayan huilərlə yanaşı Salar, Baoan və Dongxiang adlı müsəlman qruplar var. Ən böyük müsəlman qrup isə huilərdir. Yeri gəlmişkən, birbaşa mövzuya aid olmasa da çinə İslamın yayılması islamiyyətin ilk illərinə, təxminən 630-cu illərə gedib çıxır. Hətta çinə Məhəmməd Peyğəmbərin (s) nümayəndəsinin getməsi ilə bağlı tarixi rəvayətlər var. çin müsəlmanları bu gün də kompakt icma olaraq yaşayırlar və öz dini kimliklərini qoruyub saxlayırlar.

Bəs bu günkü kommunist çinində din necə yaşadılır? Məsələn, 8 il çində yaşayıb təhsil almış və indi də bu ölkəyə tez-tez səfərlər edən Vüsal Qurbanov facebook hesabında bununla bağlı geniş məqalə yazıb və çində heç zaman ayrı-seçkiliklə rastlaşmadığını deyir. çində rastlaşdığı yeganə problemin müsəlman qidaları tapmaq olduğunu yazan V.Qurbanov universitetlərdə ayrıca müsəlmanlar üçün halal yeməklərin olduğunu, inanclı müsəlmanlara hörmət olunduğunu qeyd edir. “Mən ilk orucumu məhz çində tutdum və o gündən də davam edirəm. Mənə orda Ramazan başqa gözəllik verirdi. Təsəvvür edin, ən çox xarici tələbənin olduğu universitetdə sahur pulsuz idi və ora gələn müsəlmanların yarısı gəlmələr idisə, yarısı da yerli çinli müsəlmanlar idi” – deyə Vüsal Qurbanov qeydlərində yazır.

çində müsəlmanlara qarşı hər hansı ayrı-seçkilik, təzyiq və ya təqibə şahid olmadığını qeyd edən V.Qurbanov uyğurların çin hakimiyyətindən narazılığının arxasında siyasi səbəblər, daha doğrusu, müstəqillik tələblərinin dayandığını yazır.

Qeyd edək ki, sorğumuza cavab olaraq eyni sözləri vaxtı ilə çində təhsil almış və yaşamış digər həmsöhbətlərimiz də təkrar etdi.

Bəs, o zaman nə baş verir? çinin anti-İslam dövləti olduğu xəbərlərini tirajlamaq kimə (və ya kimlərə) lazımdır? Bu sualın bir cavabı var: Siyasət. Kommunist çin dövləti məhz İslam düşmənliyi kartı ilə vurulur. Bunun səbəbləri isə kifayət qədərdi. çin dünyanın ən böyük iqtisadiyyata sahib olan bir neçə ölkəsindən biridir, son illərdə çin hökuməti genişlənmə siyasəti aparır və artıq çin şirkətləri Yaxın Şərq, Afrika, eləcə də Mərkəzi Asiya ölkələrinə ayaq açır. Və qəribə də olsa, çin şirkətləri bir zamanlar Qərb şirkətlərinin nüfuz sahib olduğu bölgələrdə böyük işlər görürlər. Artıq Mərkəzi və Şimali Afrikada, Mərkəzi Asiyada, eləcə də Əfqanıstanda çin təsiri xeyli güclənib. Bundan başqa, (ən mühümü) çin anti-Qərb blokunun aparıcı ölkələrindən biridir, Yaxın Şərqdə eləcə də dünyada ABŞ-ın siyasətinə qarşı çıxır. Xüsusən də Suriyada Bəşər Əsədi dəstəkləyir və BMT çərçivəsində Qərbin siyasətinə qarşı mövqe tutur. üstəlik, çinin bu mövqeyi dünyada, xüsusən də Qərbin işğalçı siyasətindən əziyyət çəkən müsəlman aləmində çinə qarşı rəğbət yaradır. Təsadüfi deyil ki, son 10 ildə çin şirkətləri və iş adamları müsəlman dünyasında böyük bir biznes şəbəkəsi yarada biliblər.

İndi isə kimlərsə çini məhz ən zəif yerindən, “yumşaq qarınaltısından” vururlar. Aydın məsələdir ki, uyğurlar mövzusu çinin zəif yeridir, müstəqillik tələb edən uyğurlara qarşı Pekin hər zaman sərt münasibət göstərib. Sonuncu dəfə bu cür ayaqlanma və sərt müdaxilə 2009-cu ildə baş verib. Ancaq hazırda Sincanda hər hansı ayaqlanma olmadığı bildirilir və özü də məsələ uyğurlar deyil, İslam üzərindən qoyulur.

Yəni, hər kəsə aydındır ki, hazırda müsəlman dünyasında radikal islamçı qrupların fəallığı, müharibələr fonunda çinin müstəqillik tələb edən uyğurlara qarşı təzyiq və təqibləri elə də ciddi təpki toplaya bilməz. Ancaq məsələ dinlə bağlı olanda indiki vəziyyətdə daha çox diqqət cəlb edir. çünki aydın məsələdir ki, ərəb və ya afrikalı müsəlman üçün uyğurun müstəqillik tələbləri o qədər də maraq
lı deyil, amma “çinin müsəlman zülmü”, “oruc tutanlara kommunist çinlilərin zorla su içirməsi” daha çox diqqət çəkir və etiraz doğurur.

Digər tərəfdən, müsəlman uyğurlara çin zülmü kimi tezislərlə aparılan kampaniya həm də diqqəti Suriya, İraq, Yəmən və Liviya kimi ölkələrdə həqiqi müsəlman faciələrindən yayındırmaq, yeni düşmən yaratmaq cəhdi kimi görünür.

Və daha bir mühüm detal: son illərdə uyğurlar arasında radikal islam cərəyanlarının təbliğatı genişlənib. Bunun nəticəsində hazırda İraq və Suriyada radikal terrorçu qrupların tərkibində çoxlu sayda uyğur var. Beləliklə, yaxın illərdə Sincan vilayətində radikal islamçı qruplar meydana çıxsa təəccüblənmək lazım deyil. Hər şey, necə deyərlər, plana uyğun gedir.

Təəssüf doğuran əsas məqam isə müsəlmanların növbəti dəfə qlobal siyasi oyuna qurban verilməsidir. Qərb-çin qarşıdurmasında “malzəmə” olaraq yenə də müsəlmanlardan istifadə edir, inanclı, dini həssaslığı olan insanların hisslərini istismar edirlər.

İslam.az