Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanları Xəzər dənizinin təhlükəsizliyinin təmin olunması barədə fikir mübadiləsi aparıblar.
Strateq.az Səhər beynəlxalq televiziyasına istinadən bildirir ki, bu barədə İran İslam Respublikası ordusu Dəniz Qüvvələri komandanı, kontr-admiral Həbibullah Səyyari məlumat verib.
Səyyari Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Hərbi Dəniz Donanması Beynəlxalq Sərgisi çərçivəsində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının ilk iclasının keçirildiyini bildirib: “Bu iclasda Xəzəryanı ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün anlaşmanın ilkin mətni tənzimləndi. Əcnəbi qüvvələrin iştirakı olmadan və yalnız 5 sahilyanı ölkə tərəfindən Xəzər dənizində təhlükəsizliyin bərqərar olunması bu anlaşmanın müddəalarındadır”.
Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası ilk dəfə olaraq İran İslam Respublikasının təklifi ilə keçirilib.
X.SƏFƏROĞLU