Böyük Britaniyanın beynəlxalq analitika mərkəzi – Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) – “Chatham House” Azərbaycanla bağlı məsələni müzakirə edəcək.
Strateq.az bildirir ki, iyulun 13-də keçiriləcək bu qapalı müzakirələrə “Chatham House-un “Rusiya və Avrasiya” Proqramı tərəfindən dəstək verilib.
“Azərbaycanın xarici siyasətinə elitanın baxışı” adlı bu toplantıda Azərbaycanı Zaur Şiriyev təmsil edəcək. O öz məruzəsində Azərbaycan elitasının xarici siyasətin formalaşmasında rolu, regional proseslər və Rusiyanın Azərbaycana təsiri ilə bağlı baxışı məsələlərinə diqqət çəkəcək.
Qapalı toplantıda yalnız xüsusi dəvətlə iştirak etmək mümkündür.
Qeyd edək ki, bir neçə gün əvvəl “Chatham House” iyulun 8-də “Dağlıq Qarabağ: Regional çağırışlar” adlı müzakirələr keçirəcəyi barədə elan vermişdi.
“Chatham House” həmin tədbirə separatçı qurumun rəhbəri Bako Saakyanı spiker kimi dəvət edərək “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edib.
Azərbaycan XİN-in etirazından sonra Böyük Britaniya bildirlib ki, London ölkənin suverenliyinə hörmət edir və “DQR”-i tanımır.
İndi Azərbaycanla bağlı əlahiddə müzakirələrin təyin edilməsi maraqlıdır.
Qurum vaxtaşırı Azərbaycanla bağlı məsələləri müzakirə edib. 1994-cü ildə Böyük Britaniyada olan eks-prezident Heydər Əliyev “Chatam House”da çıxış edib.
2003-cü ildə bu qurum Azərbaycanda prezident seçkilərini qapalı müzakirəyə çıxarıb. “Chatam House“da sonuncu dəfə 17 sentyabr 2013-cü il tarixində “Azərbaycan seçkilərdən əvvəl və sonra” mövzusunda müzakirə keçirilib. Bu müzakirəyə Azərbaycandan məruzəçi kimi REAL hərəkatının rəhbərlərindən biri – hüquqşünas Erkin Qədirli dəvət edilib.
1920-ci ildə yaradılmış Beynəlxalq Münasibətlər üzrə Kral Araşdırmaları İnstitutu dünyanın nüfuzlu “beyin mərkəz”lərindən sayılır. Qraf çatamın İnstituta bağışladığı mülkün adı ilə bu institut “Chatam House” adlanır. İnstitutun məqsədi beynəlxalq arenadakı əsas problemlərin öyrənilməsi və anqlo-amerikan qarşılıqlı münasibətlərini möhkəmlətməyə Amerika auditoriyasının ümumi dəstəyini almaqdır.
“Chatam-House” öz daxili qaydalarına əsasən, görüşlər və diskussiyalar təşkil edir. Bu qaydalara görə, iştirakçılar aldıqları informasiyadan azad şəkildə istifadə edə bilərlər, ancaq onlar toplantıda çıxış edənlərin adlarını və işlədikləri yeri açıqlamaq ixtiyarında deyillər.
Bundan başqa, informasiyanı hardan aldıqları barədə xatırlatma vermək də qadağandır.
Xaqani SƏFƏROĞLU
Strateq.az