XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 07:34

Qərb kəşfiyyatı terrorçuları niyə Şimali Qafqaza yığır? – Azərbaycana İŞİD təhlükəsi – Təhlil

“İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır. Bunların Qafqazda 2 hədəfləri var. Birinci məqsədləri Şimali Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrinin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər. Mən düşünmürəm ki, bunlar Azərbaycanda bir uğur əldə edə bilsinlər. Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır. Düşünürəm ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil. Regional ölkələr birgə səy göstərməlidirlər. Bütün region ölkələri birləşərək terrorizmin yeni növü olan İŞİD və “Əl-Qaidə” terrorçularına qarşı birgə mübarizə aparmalıdırlar.

Bu sensasiyalı bəyanatla bir neçə gün öncə, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin çıxış etmişdi. Səfirin bəyanatını ortaya çıxaran səbəblərə keçməzdən əvvəl, qeyd edək ki, Azərbaycanda İŞİD təhlükəsi ictimaiyyətin müzakirəsində olan aktual problemlərdən biridir. Radikal qrupların müxtəlif sifətlərdə ölkədə fəaliyyət göstərməsi, onların toruna düşən gənclərin Suriya, İraq, Əfqanıstan və Pakistanda terrorçu şəbəkələrə qoşulması, habelə Azərbaycanda təxribatlar törətməyə cəhd görməsi cəmiyyəti ciddi narahat edir. Doğrudur, xüsusi xidmət orqanları onların aşkara çıxarılması, zərərsizləşdirilməsi istiqamətində fəal iş aparırlar. Bu günə qədər xaricdə döyüşüb Azərbaycana qayıdan radikalların bir çoxu həbs edilib, qanunvericlik sərtləşdirilib, nəzarət gücləndirilib.

Ancaq söhbət Yaxın Şərqi iflic edən, arxasında Qərbin bəzi ölkələrinin kəşfiyyat strukturlarının dayandığı, əlində güclü silah-sursat, pul, ən əsası, ideoloji silahdan hazırki texniki tərəqqinin bütün imkanlarından maksimum yararlanmaqla istifadə edən terror qruplaşmasından gedir. İran səfirinin dediyi kimi, bu şəbəkə ilə mübarizə aparmaq bir ölkənin işi deyil.

İŞİD-ə qarşı mübarizədə Azərbaycanın mövqeyi İranla üst-üstə düşür. Hər ikisi terrorçuların düşmən elan etdiyi şiə dövlətidir, Qərbin hədəfindədir və Rusiyanın qonşuluğunda yerləşir. Bir fərq var ki, İran və Rusiya Suriyada bu təşkilata qarşı silahlı mübarizə aparır, Bəşər Əsəd rejimini qoruyur. Azərbaycan isə xaricdə bu mübarizəyə qoşulmayıb, öz sərhədləri daxilində milli təhlükəsziliyini təhdid edən problemi lokallaşdırıb məhv etməyə çalışır.

İran səfirinin məlum bəyanatından bir neçə gün əvvəl, İŞİD-in Qafqaz əmirliyini yaratdığını elan etməsi diqqət çəkdi. Bu qruplaşmanın tərkibinə Şimalı Qafqazdan Suriya çöllərinə səpələnmiş, Rusiyanın digər vilayətlərindən, Azərbaycandan getmiş başkəsənlər cəmləşdirilir. ötən əsrin 90-cı illərində Qərb kəşfiyyatının yemələdiyi terrorçuların məskəninə çevrilmiş Şimali Qafqaz yenidən geosiyasi müharibənin əsas bölgələrindən birinə çevrilə bilər.

Bölgənin strateji əhəmiyyəti ondan ibarətdir ki, Qərb kəşfiyyatı bu qruplaşmalar vasitəsi ilə həm İranı, həm Rusiyanı, həm də Azərbaycanı təhdid altında saxlamaq imkanları əldə edir. İranın “altılıq”la hər hansı razılaşmasından asılı olmayaraq belə, Qərbinə əlində ona mütəmadi təzyiq aləti lazımdır. çünki İranın Yaxın Şərqdə ABŞ-la mövqeləri toqquşur, Yəməndə, Suriyada, faktiki, Qərbin müttəfqiləri ilə müharibə aparır.

Eyni zamanda, dağılmış vəziyyətdə olan İraqa nəzarəti ələ keçirməyə ən real namizəd güclü İrandır. Sanksiyalar aradan qalxdıqdan sonra bölgədə nəzarətdən çıxmış güclü dövlət Qərbin, xüsusən İsrailin maraqlarına qətiyyən uyğun deyil. Beləliklə, İŞİD-in İrana doğru sürünməsinin səbəbləri aydınlaşdır.

Rusiyaya gəldikdə, hələ “soyuq müharibə” rejimi bərpa olunmazdan əvvəl, Moskva Vaşinqtona Şimali Qafqazdakı fəaliyyətini dayandırmaq mesajı vermişdi. Qafqazlı Tsarnayev qardaşlarının ABŞ-da kütləvi tədbirdə törətdiyi terror aktı (4 nəfər həlak olmuş, 260-dan çox insan yaralanmışdı) Amerika ictimaiyyətində dəhşətli qorxu yaratmışdı. O zaman bir çox ekspertlər bu hadisəni Kremlin Vaşinqtona xəbərdarlığı kimi dəyərləndirdilər. Ki, terroru harada bəsləməkdən asılı olmayaraq, o, hər bir ölkənin milli təhlükəsizliyini təhdid edir. Biri hadisə zamanı öldürülən, digəri edama məhkum edilən Tsarnayev qardaşları ABŞ-a Dağıstandan getmişdilər…

Putin idarəçiliyində güclənən, neft dolları ilə imperiya ambisiyaları yenidən alovlanan, Avropanı enerjı asılılığında saxlayan, dünyanın yeni super gücü olmaq iddasında olan çinlə ittifaq quran Rusiya Qərbi ciddi narahat edir.

Ukrayna uğurunda mübarizədə açıq fazaya keçən münaqişə Qərbin qayğılarını kifayət qədər artırıb. İndi zəif Baltikyanı ölkələri, Şərqi Avropanı Rusiya təhlükəsindən qorumaq lazımdır. ABŞ tələsik raketdən mühfizə sistemlərini, nüvə raketlərini, hərbi bazalarını Rusiya sərhədlərinə daşıyır.

Proseslərin gedişi ondan xəbər verir ki, dünya yeni “soyuq müharibə” dövrünə qədəm qoyub. Qarşı duran tərəflər bir-birinə qarşı istənilən vasitələrdən istifadə edəcək. Belə bir dönəmdə İŞİD kimi güclü terror şəbəkəsinin “əsas təhlükəyə” qarşı istiqamətləndirilməsi təbiidir.

Şimali Qafqazda radikalizm təhlükəsinin böyüməsinin, terror şəbəkəsi ilə gözlənilən qanlı müharibənin 20 milyondan artıq müsəlmanın yaşadığı Rusiya cəmiyyətinə güclü təsir göstərəcəyi şübhəsizdir. Rusiya bu savaşda minlərlə insan, milyardlarla pul, Putin hakimiyyəti isə nüfuz itirəcək. Kremlin ələdə etdiyi sabitlik qısa müddətdə dağılacaq, ölkəyə səpələnən kamikadzelərin törədəcəyi intihar partlayışların yaradacağı ab-havanı da bunu üzərinə gəlsək, Rusiyanın nə hala düşəcəyini təsəvvür etmək çətin deyil.

Azərbaycanın sərhədində bu miqyasda gözlənilən hadisələr ölkənin milli təhlükəsizliyini bilavasitə tədid edir. Terrorçuların ölkəyə sızması, təxribatlara, diverisyalara əl atması, üstəlik onların ölkəmizdəki uzantılarının fəallaşması fəlakətli durum yarada bilər. Nəzərə alsaq ki, hazırda Azərbaycan da Qərbin bəzi dairələrinin hədəfindədir, “sözə baxmayan” rəsmi Bakını cəzalandırmaq çağırışları artır, destabilzasiya Azərbaycanın qərbli “müttəfiqlərini” qətiyyən narahat eləməz.

Yaxın Şərqdəki prosesləri analiz etdikcə qırmızı bir xətt aydınca görünür: hansı ölkəyə ki, Qərbin nəzarət mexanizmi yoxdur, yaxud təsir rıçaqlarını əldən verib, həmin ölkələr qana boyanıb. Suriya, İraq, Misir, Liviya… inkişaf etməkdə olan ölkələrdən hansı həddə gətirildilər, məlumdur.

Son zamanlar Azərbaycana da Qərbin təsir mexanizmləri kəskin şəkildə azalıb, münasibətlər kəskinləşib. ATƏT-in Bakıda missiyasının fəaliyyətini dayandırması, Avropa Şurasından çıxamaq çağırışları, Avropa ittifaqı ilə, faktiki, dondurulan əməkdaşlıq, Vaşintonla ən aşağı həddə endirilən təmaslar bundan xəbər verir. Təbii, həri iki tərəfin öz arqumentləri var. Amma rəsmi Bakı öz maraqlarına görə, hətta böyük müsalman dövlətlərini darmadağın edən Qərbdən özünə gələn təhlükələri nəzərə almağa məcburdur…

Tuqay Kərimli

Strateq.az