XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 13:26

Yəhudi milyarder Sorosun təhlili: “Dünya müharibəsindən yayınmaq üçün Çinlə tərəfdaşlıq qurulmalıdır”

soros-1.jpg

“Dünya nizamı əvəzinə dünya nizamsızlığından danışmağın vaxtıdır”

(ixtisarla)

Beynəlxalq əməkdaşlıq həm siyasi, həm də maliyyə sahəsində süquta uğrayıb. BMT soyuq müharibədən sonra meydana çıxmış iri münaqişələri həll etmək gücündə deyil. İqlim dəyişiklikləri üzrə 2009-cu il Kopenhagen konfransı təlx bir dad buraxıb. ümumdünya ticarət təşkilatı isə1994-cü ildən vacib ticarət danışıqları raundunu başa çatdıra bilmir. Köhnəlmiş idarəçilik üsullarına görə, Beynəlxalq Valyuta Fondunun (BVF) legitimliyi getdikcə daha çox şübhə doğurur, 2008-ci ilin maliyyə böhranı dövründə beynəlxalq kooperasiyanın potensial qüdrətli aləti kimi yaranmış G20 isə, deyəsən, yolunu itirib. Milli, konfessional, işgüzar və dar qrup maraqları bütün sahələrdə ümumi maraqları üstələyir. Hazırda bu tendensiya elə bir nöqtəyə çatıb ki, dünya nizamı əvəzinə dünya nizamsızlığından danışmağın vaxtıdır.

Siyasi sahədə yerli maraqlar çoxalır və möhkəmlənir. Bu cür münaqişələr ayrı-ayrılıqda həllə gəlir, lakin onlar, adətən, qarşılıqlı əlaqədədir və bir münaqişədə uduzan digərlərində maneəyə çevrilmək şakəri qazanıb. Məsələn, Putin Rusiyası və İran hökuməti köməyə gələndə Suriya böhranı gücləndi. Həm də hər biri öz səbəblərinə görə köməyə gəlib. Səudiyyə Ərəbistanı öz pulları ilə İŞİD-in toxumunu səpdi, İran isə Ər-Riyada cavab qismində Yəməndə husləri qiyama təhrik etdi. Bibi Netanyahu ABŞ-la İranın nüvə sazişini önləmək üçün Amerika konqresini fikrindən daşındırmağa cəhd etdi, danışıqlar artıq gedir. Hazırda dünyada, sadəcə, çoxlu münaqişə var və beynəlxalq ictimai rəy müsbət təsir göstərmək gücündə deyil.

Bretton-Vuds sisteminin bəhrələri – BVF və ümumdünya Bankı monopoliya mövqelərini itirib. Dünyada çinin başçılığı altında paralel institutlar kompleksi əmələ gəlir. Onlar öz aralarında münaqişəyə girişəcək, yoxsa əməkdaşlıq yolu tapacaq? Maliyyə və siyasət də qarşılıqlı şəkildə əlaqəli olduğundan, tarixin gedişi çinin investisiya və ixracat əsasında daxili tələbatın yüksəlməsi hesabına iqtisadi artımdan inkişafa necə keçid etməsindən və ABŞ-ın buna necə reaksiya verməsindən son dərəcə güclü şəkildə asılı olacaq. ABŞ-la çin arsında strateji tərəfdaşlıq hərbi münaqişəyə cəlb edilə biləcək iki güc blokunun meydana çıxmasını önləməyə qabildir.

Necə oldu ki, biz bu cür dünya nizamsızlığına yetişdik? Soyuq müharibə dövründə dünyada iki fövqəldövlət hakim idi. Hər biri digər tərəflə birbaşa hərbi münaqişədən yayınmaqla müəyyən qədər öz satellit və müttəfiqlərini idarə edirdi, çünki qarşılıqlı şəkildə zəmanətli məhvin nə qədər təhlükəli olduğunu bilirdi. Bu, sərsəm sistem idi (adın özü də bundan xəbər veridi – MAD), lakin işlək idi. O, yerli hərbi münaqişələrə yol versə də, dünya müharibəsinə imkan vermirdi.

Sovet imperiyası dağılarkən, Birləşmiş Ştatların yeganə fövqəldövlət və bütün dünyada sülhün qarantı olmaq fürsəti yarandı. Lakin ABŞ öz mövqeyinə layiq olmadı. ABŞ fərdi azadlıq prinsipinə söykənir və dünya polisi roluna meylli deyil. Əslində, beynəlxalq məsələlərdə liderliyin önəmi haqda Amerikanın rabitəli təsəvvürü yoxdur. Soyuq müharibə dövründə ABŞ-da demokratlarla respublikaçılar arasında bütövlükdə həmrəyliyin mövcud olduğu ikipartiyalı xarici siyasət var idi. Lakin soyuq müharibə başa çatandan sonra partiyalararası tərəfdaşlıq dağıldı. Hər iki partiya Amerika suverenliyi haqda danışmağı davam etdirirdi, lakin indi onu beynəlxalq öhdəliklərə tabe etdirməkdə nadir hallarda razılığa gəlirdi.

Sonra 1997-ci ildə bir qrup mühafizəkar bildirdi ki, Birləşmiş Ştatlar milli maraqlarını başqalarına sırımaq üçün öz hərbi üstünlüyündən istifadə etməlidir. Onlar “ABŞ-ın kürəsəl liderliyini” yeritmək üçün “Yeni Amerika əsri layihəsi” adlı bir analitik mərkəz yaratdılar. Lakin bu, yanlış yanaşma idi: hərbi güclə dünyanı yönəltmək olmaz. Neokonlar 11 sentyabr teraktından sonra olduqca şübhəli səbəblər üzrə (bu səbəblər sonradan saxta çıxdı) prezident Corc Buşu İraqa hücum etməyə inandırdılar. ABŞ öz üstünlüyünü elə o vaxt itirdi. “Yeni Amerika əsri layihəsi”nin ömrü haradasa Hitleriin minilllik reyxinin ömrü qədər oldu: təxminən, on il.

Maliyyə tərəfinə gəlincə isə, Amerikanın dünyadakı rolu haqda aşkar yekdillik – “Vaşinqton konsensusu” göz qabağında idi. O, 1980-ci illərdə Reyqan və Marqaret Tetçerin dövründə üstünlük təşkil etməyə başladı. Bu konsensus bazar təməlçiləri tərəfindən güclü dəstək qazanmışdı. Konsensusun guya effektli bazar və rasional seçim nəzəriyyəsi formasnda elmi əsası var idi. BVF da bu konsensusla effektli şəkildə idarə edirdi. O, beynəlxalq idarəçiliklə milli maraqlar arasında incə güzəşti ifadə edirdi.

ümumiyyətlə isə Vaşinqton konsensusu öz başlanğıcını Bretton-Vuds institutlarının əsaslandığı güzəştdən götürür. Con Meynard Keyns həqiqətən beynəlxalq valyuta bankoru təklif etdi, lakin ABŞ dünya valyuta ehtiyatı qismində dollarda israrlı oldu və nəticədə məqsədinə çatdı.

Burada Oruellin (məşhur ingilis yazıçısı-red.) “Heyvan ağılı” əsərindən unudulmaz ifadəsi yada düşür: “Bütün heyvanlar eynidir, lakin bəziləri başqalarından daha çox eynidir”.

Vaşinqton konsensusu azad ticarətin inkişafı və maliyyə bazarlarının kürəsllləşməsinə şərait yaratdı. Bazar təməlçiləri 1990-cı illərin axırında hətta valyutaların sərbəst mübadiləsini dövriyyəyə qoşmaq üçün BVF haqda sazişin maddələrinə dəyişiklik etməyə cəhd etdilər. Cəhd uğurla nəticələnmədi, lakin Vaşinqton konsensusu maliyyə kapitalının sərbəst yerdəyişiminə imkan yaratdı və bununla da vergidən və nizamlanmadan yayınmağa imkan verdi. Bu, bazar təməlçiliyinin əsil qələbəsi idi. Təəssüf ki, həmin yanaşmanın elmi əsasları düşünülməmiş çıxdı. Nizamlanmayan maliyyə bazarları əzəldən qeyri-sabitdir: resurslara optimal pul buraxılmasını təmin edən ümumi tarazlıq əvəzinə maliyyə böhranları doğurur. 2008-ci ilin böhranı bunu olduqca aydın şəkidə sərgilədi. Təsadüf nəticəsində Amerikanın siyasi üstünlüyü də 2008-ci ildə sona çatdı və Vaşinqton konsensusunun qürubu başlandı. İlk növbədə Avropa Birliyi mikrokosmosunda özünü büruzə verən, sonra isə bütün dünyaya yayılan maliyyə və siyasi dezinteqrasiya prosesi işə düşdü.

2008 böhranı təkcə çin iqtisadiyyatı istisna olmaqla bütün dünya iqtisadiyyatına sürəkli mənfi təsir göstərdi. çin bank sistemi qalan dünyadan köklü şəkildə təcrid olunub və əsasən dövlətə məxsusdur. Buna görə də çin bankları hökumətin göstərişi ilə iqtisadiyyatı kreditlə doldurub xarici tələbatdan doğan
nəticələri neytrallaşdırdı.

çin iqtisadiyyatı özülüyündə kürəsəl iqtisadiyyatın mühərriki rolunda Amerika istehlakçısını əvəz etdi və bu, başlıca olaraq Amerika istehlakçısına kreditlə satış sayəsində mümkün oldu. Bu, olduqca zəif mühərrik idi, çin və Amerika iqtsadiyyatlarının nisbətinin ifadəsi oldu. Buna görə də çinin beynəlxalq qüdrətinin artması ilə kürəsəl iqtisadiyyat zəif inkişaf edir.

2008-ci il iflası həm də dolayısı ilə avronun böhranına səbəb oldu. Avro ümumi mərkəzi bankı olmaqla, lakin ümumi maliyyə naziri olmadan qüsurlu valyuta idi. Avronun yaradıcıları bu qüsuru bilir, lakin hesab edirdilər ki, tam üzə çıxanda bütün siyasi iradəni cəmləyib onu düzəltmək mümkün olacaq. Nəhayət, Avropa Birliyi belə yaradıldı – addım-addım, öz qüsurlarını tam şəkildə dərk etməklə və zəruri halda lazımi addımların atılacağı düşüncəsi ilə.

Təəssüf ki, ümumavropa valyutasının tətbiq edildiyi 1999-cu ildən belə bir zərurətin yarandığı 2008-ci illər dövründə siyasi şərait dəyişildi. Almaniya Helmut Kolun başçılığı altında öz birləşməsinə şərait yaratmaq üçün Avropa inteqrasiyasına rəhbərlik etdi. Lakin bu birləşmə baha başa gəldi və alman cəmiyyəti əlavə məsrəflərə getmək istəmədi. 2008-ci il iflasından sonra Avropanın maliyyə nazirləri bütün sistem üçün zəruri olan heç bir maliyyə institutunun ifllasına yol verməyəcəklərini bildirərkən Almaniya kansleri Angela Merkel üstünlük təşkil edən rəyləri izləyən bir siyasətçi kimi təkid etdi ki, bütünlükdə Avropa Birliyi deyil, ayrı-ayrı ölkələr məsuliyyət daşımalıdır. Bu, kəskin şəkildə zəruri olarkən ümumi maliyyə nazirliyi yaratmağa bütün şansları məhv etdi. Avroböhranın başlanğıcı bu cür olub.Yunanıstan, İtaliya və İrlandiya kimi ayrıca ölkələrdəki böhranlar, əslində, dəyişkən formalardır.

Maliyyə böhranı sonradan silsilə siyasi böhranlara keçdi. Kreditor ölkələrlə borclu ölkələr arasındakı fikir ayrılıqları Avropa Birliyini könüllülər birliyindən Almaniya kimi borc verənlə Yunanıstan kimi borc alan ölkələrin münasibətlər sisteminə çevirdi. Bu sistemdə könüllü və bərabərhüquqlu heç nə yoxdur və ancaq siyasi gərginliyi gücləndirir. Avropa Birliyi bölgəsəl miqyasda beynəlxalq idarəçilik sistemi yaratmağın cəsur cəhdi kimi başlandı. AB 2008-ci ildən sonra təlaşla daxili problemlərin həlli ilə məşğul oldu və dünya iqtisadiyyatında öz çəkisini əldə edə bilmədi.

Bir qədər başqa cür olsa da, Birləşmiş Ştatlar da özünə qapandı. AB və ABŞ tərəfdən bu cür daxilə dönüş kürəsəl miqyasda beynəlxalq əməkdaşlığın tənəzzülünə gətirib çıxartdı. Qərb dövlətləri hakim dünya düzəninin dayağı olduğundan onların təsirinin zəifləməsi beynəlxalq idarəçilik sistemində hakimiyyət boşluğu yaratdı. Yüksəlişdə olan yeni bölgə dövlətləri və hərbi güc tətbiq etməyə hazır olan qeyri-dövlət aktyorları bu boşluğu doldurmağa tələsdi. Bu gün Yaxın Şərqdən başlayıb Asiya, Afrika və hətta Avropanın müxtəlif bölgələrinə uzanan hərbi münaqişələr qol-budaq atır.

Putin Rusiyası Krımı ilhaq edib Ukraynada separatçı anklavlar yaratmaqla Qərb dövlətlərinin dəstəyindən asılı olan hakim dünya düzəninə, həmçinin AB binasının özülündə duran hədəf və prinsiplərə meydan oxudu. Bu meydanoxumanın nə qədər ciddi olduğunu tam şəkildə nə Avropa, nə də Amerika cəmiyyəti dərk edir. Prezident Vladimir Putin bütün Ukraynada siyasi və maliyyə kollapsı törətməklə oranı sabitsizləşdirmək və buna görə hər cür məsuliyyəti inkar etmək istəyir. Putin hazırda AB-də siyasi təfriqə toxumu səpmək və siyasi nüfuz əldə etməkdən ötrü Ukraynadan istifadə etmək istəyir. Rusiya təhlükəsinin ciddiliyi AB-nin zəifliyi ilə birbaşa mütənasibdir. AB maliyyə və siyasi böhranları birtəhər dəf etməyi öyrənib. Lakin hazırda bir deyil, beş böhranla üz-üzədir: Rusiya, Ukrayna, Ynanıstan və Avropa Birliynə üzvlük haqda qarşıdakı Britaniya referendumu. Bu, onun gücündən kənarda görünə bilər. AB-nin özünün mövcudluğu təhlükə altndadır.

Kürəsəl miqyasda beynəlxalq idarəçilik bu gün eyni dərəcədə dayanıqsız və kövrəkdir. Dünya, maliyyə və siyasət planında bir-biri ilə mübarizə aparan düşərgələrə bölünə bilər. çin Asiya infrastruktur investisiya bankı, Asiya obliqasiya fondu, Yeni inkişaf bankı və çian May təşəbbüsü də daxil olmaqla paralel maliyyə institutları yaratmağa girişib. Bir-birinə qarşı mübarizə aparan tərəflər öz rəqabətlərini müəyyən çərçivədə saxlaya biləcəkmi? Bu, çinin iqtisadi keçidi necə həyata keçirtməsi və ABŞ-ın buna necə reaksiya verməsindn asılı olacaq.

Beynəlxaql Valyuta Fondu burada öz müsbət rolunu oynaya bilər. O, Vaşinqton konsensusuna sadiqlikdən imtina etdi, lakin Bretton-Vuds institutları səhmlərinin sahibləri (ABŞ, Britaniya, Fransa və Almaniya bu sıradadır) öz həlledici səslərindən imtna etmək və inkiaşf edən dünyanın təmsilçiliyini genişləndirmək istəmir. Bu, onlar tərəfdən uzaqgörənlik deyil, çünki müxtəlif ölkələrin iqtisadi güclərinin dəyişilmə nisbətini, xüsusən də çinin güclənməsini qəbul etmirlər. Nəzarətçi səhmdarlar lap zəif olsalar da, çətin ki, nəzarətdən imtina edələr. Lakin BVF-nun iki düşərgə arasında möhkəm əlaqələr qurmaq imkanı var. Bu imkan 2015-ci ilin sonunda özəl borc hüququnun (SDR) tərkibinin hər beş ildən bir baş verən planlı şəkildə yenidən nəzərdən keçiriləcəyi sayəsində meydana çıxıb.

SDR BVF-nun 1969-cu ildə üzv ölkələrin mövcud rəsmi ehtyatlarına əlavə kimi yaratdıği beynəlxalq ehtiyat aktividir. çin yuanı SDR zənbilinə daxil olunmaq üçün tələblərə tam cavab vermir, lakin daxil edilmə üzrə bu tələblər, çoxlarının hesab etdiyi kimi, o qədər də aydın və dəqiq deyil. Yapon iyeni hələ az-az alınıb satıldığı bir vaxtda onu zənbilə daxil etdilər.

Hazırda çin rəhbərliyi yuanın SDR zənbilinə daxil edilməsi üçün böyük səylər göstərir və BVF buna müsbət yanaşır. Məsələn, qurum bildirib ki, yuan daha yetərincə qiymətləndirilməyən deyil.

SDR zənbilinə daxil edilmə fondun idarə heyətinin 70%-lik dəstəyini tələb etsə də, indi çox şey BVF-da veto hüququ olan Amerika hökumətinin münasibətindən asılıdır. ABŞ yuanın dolların tam potensial rəqibi olması üçün onun üzünə qapı açsa, böyük güzəştə gedəcək. Amerika çin tərəfdən qarşılıqlı, böyük güzəştlər tələb edə bilər, lakin bu yanlış addım olacaq. İki böyük dövlət arasındakı münasibətlər sıfır nəticəli antoqonist oyun deyil: bir tərəfin qələbəsi hökmən o birinin məğlubiyyəti demək deyil.

çin ABŞ-ı sevindirmək və yaxud kədərləndirmək üçün yox, Pekinin dolları öz valyutası ilə əvəz etmək və dünyada üstün valyutaya çevirmək cəhdləri ilə yalnız dolayısı ilə bağlı olan maraqlarına görə yuana SDR statusu əldə etməyə çalışır.

Amerika hökuməti çinlə münasibətə antoqonist oyun kimi baxsa, az şeyə nali olacaq, lakin çox şey itirəcək. Başqa sözlə, onun öz maraqlarını qorumağa yol verən bazar hakimiyyəti azdır. Əlbəttə, ABŞ çinin inkişafına man
e ola bilər, amma bu, olduqca təhlükəli olacaq.

Sədr Si Szinpin iqtisadiyyat və milli təhlükəsizliyə şəxsən sorumludur. Onun bazar islahatları uğursuzluğa düçar olsa, ölkənin birliyi və şəxsi hakimiyyətini qorumaq üçün hansısa xarici münaqişəyə qərar verə bilər. Belə olan halda çin təkcə maliyyə-siyasi deyil, həm də hərbi planda Rusiya ilə qarşıdurmaya gedə bilər. Xarici münaqişənin yayılması baş versə, ABŞ-ın müttəfiqlərindn biri, deyək ki, Yaponiya ilə hərbi qarşıdurmaya keçər və III dünya savaşının astanasında görünəcəyimizi demək mübaliğə olmazdı.

Demək lazımdır ki, Rusiya və çində hərbi büdcə sürətlə artır, elə ABŞ-da da son dərəcə yüksək səviyyədə qalmaqdadır.

Yenidən silahlanma daxili tələbatı artırmaqda çin üçün ən düzgün üsul olar. O, artıq Güney çin dənizində birtərəfli qaydada və daha çox təcavüzkar şəkildə hərəkət etməklə hərbi əzələ nümayiş etdirir ki, bu da Vaşinqtonda haqlı narahatlıq doğurur.

Həm Birləşmiş Ştatlar, həm də çin qarşılıqlı anlaşma əldə edilməsində olduqca maraqlıdır. Bu cür razılaşmanın faydası uzaqmənzilli ola bilər. Bu yaxınlarda iqlim siyasəti üzrə əsil ikitərəfli yarğı əldə edilib. Bu cür yanaşmanı energetika siyasətinin digər sahələrinə, həmçinin maliyyə və iqtisadiyyata da keçirmək mümkün olsa, çinlə Rusiya arasında hərbi ittifaq təhlükəsi aradan götürüləcək və kürəsəl münaqişə perspektivi azalacaq. Ona görə zəhmətə qatlaşmağına dəyər.

Corc Soros

“The New York Review of Books” (ABŞ), 23.06.2015