XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 06:33

Türk yurdları – Araşdırma

Quzey Kıbrıs Türk Respublikası

Картинки по запросу kuzey kıbrıs türk cumhuriyeti

öncəki yazılarımızda tarixdə mövcud olan türk dövlətlərindən bəhs etmişdik. Birinci yazıda ən əski dönəmlərdən orta yüzilliklərə qədərki 21 türk dövləti, ikinci yazıda isə 20-ci yüzilliyin birinci yarıcında mövcud olmuş türk dövlətləri haqda danışmışdıq. Hər iki yazı Strateq.az saytında yayımlanıb. Bundan sonra isə çağdaş dövrdə dünya ölkələri sırasında yer alan türk dövlətlərindən və türk muxtar (özərk) respublikalarından söz açacağıq.

Hazırda dünyada 7 bağımsız türk dövləti, 14 muxtar (özərk) türk respublikası mövcuddur. Bundan başqa dünya dövlətləri içərisində say baxımından türklərin üstünlük təşkil etdiyi coğrafiyalar mövcuddur.

Günümüzdə bağımsız türk dövlətləri bunlardır:

1. Azərbaycan Respublikası

2. Türkiyə Respublikası

3. Qazaxıstan Respublikası

4. Qırğızıstan Respublikası

5. Türkmənistan Respublikası

6. özbəkistan Respublikası

7. Quzey Kıbrıs Türk Respublikası

Muxtar (özərk) türk respublikaları:

1. Altay Respublikası

2. Başqırdıstan Respublikası

3. çuvaş Respublikası

4. Doğu Türküstan (Sincan Uyğur Muxtar Bölgəsi)

5. Qaqauziya (Qaqauz Yeri)

6. Xakasiya Respublikası

7. Qabardin–Balkar Respublikası

8. Qaraçay–çərkəz Respublikası

9. Qaraqalpaqıstan Respublikası

10. Krım Respublikası

11. Tatarıstan Respublikası

12. Tuva Respublikası

13. Yakutiya Respublikası

14. Dağıstan Respublikası

Bütün bu türk dövlətlərinin və muxtar respublikalarının hər biri haqqında ayrıca yazı ilə görüşünüzə gələcəyik. İlk olaraq Kıbrısdan, daha doğrusu, Quzey Kıbrıs Türk Cümhuriyyətindən başladıq.

Quzey Kıbrıs Türk Cümhuriyyəti

Quzey Kıbrıs Türk Cümhuriyyəti (QKTC) Kıbrıs adasının quzey hissəsində yerləşir. Bu ölkə Azərbaycan türkləri arasında daha çox Şimali Kipr Türk Respublikası olaraq tanınır.

Kıbrıs adası Ağ dənizdə Siciliya və Sardiniyadan sonra üçüncü böyük adadır. Sahəsi 9,251 min kvadrat km.-dir. Adada 800 mindən çox insan yaşıyır. Bunun 35 faizi türklərdir. Adanın quzeyində dənizlə yanaşı uzanan Beşbarmaq dağları var. Ən yüksək zirvə hündürlüyü 2000 metrə yaxın olan Qarlıdağ zirvəsidir. Ada 1571-ci ildən başlayaraq, bütünlüklə 300 ildən artıq Osmanlı xanədanlığına mənsub olmuşdur.

Quzey Kıbrıs Türk Cümhuriyyəti də 1983-cü ildə bu adanın quzey hissəsində Kıbrıs türklərinin qurduğu bağımsız dövlətdir. Sahəsi 3,35 min kvadrat kilometr, əhalisi, son siyahıya almaya görə, 300 min nəfərə yaxındır. Paytaxtı Lefkoşa şəhəridir.

Adanın tarixinə səyahət

Kıbrıs adasında ilk yaşayışın miladdan 4000 il öncə başlandığı ehtimal edilir. Adanın mühüm dəniz ticarət yolunun üzərində yerləşməsi tarixən əski dövlətlərin bura xüsusi maraq göstərməsinə səbəb olub. Ada miladdan öncə 1450-1000-ci illər arası Misirin, miladdan öncə 1000-ci ildən 709-cu ilə qədər Hetit (Hitit), sonralar Assur və Finikiya hakimiyyətlərinin tərkibində oldu. Milladdan öncə 323-cü ildə adanı Makedoniyalı İskəndər fəth edir. Təxminən, 200 il sonra – miladdan öncə 56-cı ildə ada Roma İmperiyasının tərkibinə qatılır. Roma İmperiyası parçalalandan sonra isə ada Bizans İmperiyasının tərkibinə daxil edilir.

Eramızın 649-cu ilində Xəlifə Osmanın dönəmində Kıbrıs adası sərkərdə Müaviyənin başçılıq etdiyi ərəb ordusu tərəfindən fəth edilir. Ada 300 ildən artıq – 964-cü ildə Bizansın adanı işğal etməsinə qədər xilafətin bir parçası olur. İngiltərə 1191-ci ildə adada Bizans ağalığına son qoyur.

Osmanlı dönəmi

16-cı yüzillikdə Kıbrıs adasının Venediklilərin əlində olması Osmanlının Ağdəniz üzərində hökmranlıq etməsini əngəlləyirdi. Osmanlı gəmiləri bu sularda tam bir güvənlik içində deyildi. Sultan Səlim 1517-ci ildə Misiri fərh etmişdi. 1569-cu ildə içərisində Osmanlı xanədanlığına mənsub olan Misir dəftərdarının (dəftərdar – Osmanlı dönəmində maliyyə naziri funksiyasını həyata keçirirdi) olduğu gəmi zəbt edilir. Bu hadisədən sonra Osmanlı dövləti Kıbrıs üzərinə yeriməli oldu və Lala Mustafa Paşanın komutanlığı ilə 9 sentyabr 1570-ci ildə Lefkoşa, 1 avqust 1571-ci ildə isə Kıbrıs adası bütünlüklə fəth edildi. Kıbrısda Bəylərbəylik quruldu və Müzəffər Paşa Kıbrısa bəylərbəyi təyin edildi. 300 ildən artıq Osmanlı torpağı olan Kıbrıs 1878-ci ildə İngiltərə nəzarətinə keçir və burada ingilis bayraqları dalğalanmağa başlayır.

Kıbrıs İngilis yönətimində

İngiltərə yönətimində Kıbrısın hüzuru pozulmuşdu. Ardıcıl olaraq qarşıdırmalar və mitinqlər meydana gəlirdi. 1911-ci ildə Kıbrıs türkləri sürəkli olaraq mitinqlər keçirir, adanın Osmanlı dövlətinə geri verilməsi məsələsini qaldırırdılar. Adada hakimiyyət ingilislərin əlinə keçəndən sonra yerli türklərə basqılar meydana gəlmişdi. Türklər idarəetmədən uzaqlaşdırılmış, adaya Yunanstandan və Misirdən xeyli sayda yunan köçürülmüşdü. 1923-cü ildə on minlərlə yerli türk adanı tərk edib Türkiyəyə köçmüşdü. 19-cu yüzilliyin başlanğıcında Kıbrıs adasında yaşayan 110 min insanın 70 minə yaxını, yəni ümumi əhalinin təxminən 65 faizi türk idi. İngilis yönətiminin sonunda -1960-cı ildə bu faiz göstəricisi 25 faizə düşmüşdü. Həmin il Kıbrısda yaşayan türklərin sayı 105 min, qeyri-türklərin sayı isə 450 min idi. 1950-ci illərdə adada türklərə qarşı basqıların daha da genişlənməsi həm daxildə, həm də ada xaricində yaşayan Kıbrıs türklərinin burada bağımsız dövlət qurmaq uğrunda birləşməsini zəruri edirdi.

Kıbrısda Respublika qurulur

1950-ci illərin sonlarında beynəlxalq səviyyədə Kıbrısın ayrıca dövlət olması məsələsi meydana gəlir. Bu, adada yaşayan hər kəsin dövləti olmalı idi. 1960-cı ildə İngiltərə Kıbrısı tərk edir və burada yunanlarla türklərin birgə yönətəcəyi dövlətin əsası qoyulur. İlkin razılaşmaya görə cümhuriyyətin rəhbəri yunan, müavini türk olmalı idi. Nazirlərdən yeddisi yunan, üçü türk, Məclis üzvlərindən 35 nəfəri yunan, 15 nəfəri türk olacaqdı. Dövlət dilinin həm yunan, həm də türk dili olmasına razılaşmışdılar. Dövlətin bayrağı hər iki toplumu razı salacaq şəkildə hazırlanacaqdı. Bölgünün bu şəkildə düşünülməsinə baxmayaraq, adanın türk kəsimi sürəkli basqılarla üzləşdi. Rəsmi binalarda yalnız yunan bayrağı dalğalandı. Yunanlar yaşayan ərazilərdən türklər yavaş-yavaş sıxışdırılıb çıxarılma
ğa başladı. 1962-ci ildə Daxili İşlər Naziri Polikarpos Yorgadjisin “Rum olmayana, rum kimi düşünməyənə və özünü rum kimi hiss etməyənə Kıbrısda yer yoxdur” deməyi durumu daha da gərginləşdirmişdi. Qısa müddət sonra isə yunanlar türkləri idarətmədən və yunan ərazisindən tamamilə uzaqlaşdırmış və “Rum Milli Mühafiz Ordusu”nu yaratmışdı. 1960-cı illərin sonuna yaxın adada durum daha da gərginləşmiş və türklər tamamilə məclisdən uzaqlaşdırılmışdı. Bütün bu olanlardan sonra, 1967-ci ildə adanın quzeyində “Keçici Türk Yönətimi” elan olunur. Bir qədər sonra bu ad “Türk Yönətimi” adıyla əvəz olunur. Yönətimin başına ilk olaraq Fazil Küçük gəlsə də, 1973-cü ildə Rauf Denktaş lider seçilir. Quzey Kıbrıs türklərinin son 50 illik tarixində ən önəmli şəxs olan Rauf Denktaş haqqında ayrıca danışmaq gərəkir.

Rauf Denktaş

1924-cü ildə Kıbrısın Baf bölgəsində doğulub. Bir yaşının tamam olmasından az sonra anası vəfat edir. Nənə-babasının yanında böyüyən Rauf Denktaş 1930-cu ildə oxumaq üçün İstanbula getsə də, litseyi Kıbrısda tamamladı. Hüquq fakultəsini İngiltərədə bitirdi, 1949-cu ildən prokurorluq orqanlarında çalışmağa başladı. 1949-cu ildə Aydın xanımla evləndi və bu evlilikdən 3 oğlu, iki qızı oldu. Siyasətlə məşğul olmağa 1948-ci ildən başladı. 1948-ci ildə Fazil Küçük ilə bərabər Kıbrıs türklərinin keçirdiyi mitinqə qatıldı. O zaman Kıbrısda yaşayan türk toplumunun iki ən önəmli şəxsi olan Faiz Kaymak və Fazil Küçük arasında birlik yaratmaqla bütün Kıbrıs türklərini birləşdirmiş oldu. Bir qədər sonra işindən ayrılaraq tamamilə siyasət adamı oldu və bütün həyatını Kıbrıs türklərinin özgürlüyü uğrunda mübarizəyə həsr etdi. 1958-ci ildə Türk Müqavimət Təşkilatını yaratdı. 1963-cü ildən başlayaraq Kıbrıs türklərinin bir təşkilatda birləşməsi üçün çalışdı. 1964-cü ildə London tərəfindən “arzuolunmaz adam” elan edildi, adadan kənarlaşdırıldı və 1968-ci ilə qədər adaya girişi yasaq olundu. 1973-cü ildə Kıbrıs Türk Yönətiminin başqanı, 1976-cı ildə keçirilən ilk seçkilərdə dövlət başçısı seçildi. 1975-ci ildə Ulusal Birlik Partiyasını qurur. 1981-ci ildə yenidən dövlət başçısı seçilən Rauf Denktaş, 1983-cü ilə qədər Kıbrıs Türk Federal Dövlətinə, bundan sonra isə 2005-ci ilə qədər Quzey Kıbrıs Türk Cümhuriyyətinə rəhbərlik etdi. 2005-ci il seçkilərində namizədliyini irəli sürmədi. Həmin il Mehmet Ali Tələt Cümhuriyyətin başqanı seçilir. 2010-cu ildən 2015-ci ilin aprelinə qədər isə Dərviş Əroğlu başqan olur.

Bu ilin aprelində başqan seçilən Mustafa Akınçı hazırda Quzey Kıbrıs Türk Cümhuriyyətinə rəhbərlik edir. 1947-ci il doğumlu kıbrıslı siyasətçi Mustafa Akınçı quzey Kıbrıs Türk Cümhuriyyətinin 4-cü cümhur başqanıdır.

Əllidən artıq kitabın və bir filmin (İşğal altında) ssenari müəllifi olan Rauf Denktaş 13 yanvar 2012-ci ildə əbədiyyətə qovuşdu.

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) yaranması

Əsasən 20-ci yüzilliyin 60-cı illərindən başlayaraq Kıbrıs adasında türklərə qarşı basqıların dözülməz hal alması və adaya ardıcıl Yunanstan müdaxiləsi burada yaşayan türklərin təşkilatlanmasını və dövlət qurmaq yönündə çalışmalarını zəruri edirdi. Beləliklə, adada yaşayan türklər 1967-ci ildə “Kıbrıs Keçici Türk Yönətimi”ni qurmağı və 13 fevral 1975-ci ildə “Kıbrıs Türk Federal Dövləti”ni elan etməyi bacardı. Federal Dövlətin varlığı 8 il davam etdi.

15 noyabr 1983-cü ildə Kıbrıs Türk Federal Dövlətinin Məclisi tərəfindən Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) yarandığı elan edildi.

QKTC-nin idarə olunması

QKTC demokratik üsullarla idarə olunur. Cümhuriyyətin idarə olunmasında burada yaşayan bütün toplumlar iştirak edir. Quzey Kıbrıs Türk Cümhuriyyətində çoxpartiyalı sistem qurulub. Cümhuriyyətə 5 ildə bir dəfə seçilən cümhur başqanı ümumi rəhbərlik edir. Qanunların verilməsi və dəyişdirilməsi səlahiyyəti 50 nəfər üzvü olan Cümhuriyyət Məclisinə məxsusdur. ölkədə Baş Nazir tərəfindən yönətilən Nazirlər Şurası fəaliyyət göstərir. Millət vəkilliyinə seçimlər 5 ildə bir dəfə aparılır. Quzey Kıbrıs Türk Cümhuriyyətində 5 bölgə (rayon) var; Lefkoşa, Qazi Mağusa, Girnə, Gözəlyurt və İskələ. Cümhuriyyətin paytaxtı Lefkoşa şəhəridir.

Lefkoşa şəhəri

Şəhərin min illərlə ölçülən tarixi var. Tarix boyu müxtəlif imperiyaların tərkibində olan Lefkoşa şəhəri dəniz səviyyəsindən 150 metr yüksəklikdə yerləşir. Şəhərin yalnız quzey hissəsi QKTC-nin tərkibindədir. Güneyində yunanlar yaşayan bu şəhərin “yaşıl xətt” adlanan ara hissəsində BMT Barış gücləri (sülhməramlı qüvvələri) qərarlaşıb. Lefkoşa dünyada iki yerə bölünən yeganə paytaxt şəhərdir. Şəhər əski və yeni Lefkoşa olmaqla iki hissəyə ayrılır. Lefkoşa şəhərinin QKTC-yə aid olan hissəsində 95 min insan yaşayır. Şəhərin yunan tərəfində yaşayanların sayı isə 200 mindən artıqdır.

Paytaxt Lefkoşada Yaxın Doğu Universiteti, Atatürk öyrətmən Akademiyası, Polis Okulu və digər ali məktəblər var. ümumilikdə burada 30-dan artıq təhsil müəssisəsi fəaliyyət göstərir.

QKTC Anayasası

QKTC Anayasası 8 hissədən, 164 maddədən ibarətdir.

1-ci hissə dövlətin təməl prinsipləri haqqındadır. 2-ci hissə təməl haqqlar və özgürlüklər, 3-cü hissə qanunvericilik, 4-cü hissə dövlətin idarə olunması, 5-ci hissə məhkəmə və hüquq sistemi, 6-cı hissə müxtəlif qaydalar (dövlətin mülkiyyət haqqı, qəzeti və sair), 7-ci hissə keçici qaydalar (meşəçilik, haqqların qorunması və sair), 8-ci hissə “Son qaydalar” adlanır, Anayasının qüvvəyə minməsi və dəyişdirilməsi qaydaları haqqındadır.

Türkiyə – QKTC ilişgiləri

Türkiyə 1950-ci ildən başlayaraq Kıbrıs türklərinin haqlarının qorunması uğrunda böyük işlər görmüş, onların yunan kəsimi tərəfindən sıxışdırılaraq tamamilə adadan çıxarılmasının qarşısını almış, gərəkən anlarda iqtisadi və hərbi dəstək vermişdir. Quzey Kıbrıs türklərinin yunan kəsimi ilə uzun müddətli çarpışmaları və güney qonşularından gördükləri haqsız münasibətlər iki toplum arasındakı ziddiyətləri barışmaz duruma gətirmişdir. Rauf Denktaş dönəmində yunan qisminin yetkililəri ilə rəsmi görüşlər olsa da, iki toplum arasında barış ortamını yaratmaq mümkünsüz olmuşdur. Eyni zamanda Quzey Kıbrıs məsələsi Türkiyənin xarici siyasətində hər zaman gündəmdə olan məsələ olmuş, lakin bu sorun indiyə qədər uğurlu sonuca vara bilməmişdir. Buna baxmayaraq Türkiyə uzun illərdi ki, Quzey Kıbrısın var ol
ması üçün çabalarını və dəstəyini davam etdirməkdədir.

Hazırda adanın ən ciddi sorunlarından olan su çatışmazlığını aradan qaldırmaq üçün “QKTC İçməli Su Təmini Projesi” həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Kıbrısa 80 km. uzunluğunda su boruları çəkiləcək və Quzey Kıbrısın su ilə bağlı narahatlıqları aradan qalxacaq.

Bundan başqa Türkiyədən sualtı elektrik kabel xətlərinin çəkilməsi və Quzey Kıbrısın ikinci ən böyük çətinliyinin aradan qaldırılması layihəsi üzərində işlər gedir.

Həvəsli başlanğıc və uğursuz sonluq: Azərbaycan-QKTC ilişgiləri

Azərbaycan 19-cu yüzilliyin əvvəllərindən 20-ci yüzilliyin sonlarına qədər 200 ilə yaxın rus əsarətində, Kıbrıs türkləri isə 1878-ci ildən 1960-cı ilə qədər ingilis əsarətində olduğu üçün bu dönəmdə hər hansı ilişgilərdən danışmaq mümkün deyil.

1992-ci ildə Naxçıvan Ali Məclisi QKTC-nin baxımsızlığını tanıyır. Lakin bu qərarın hüquqi əsası olmadığı üçün Azərbaycanla QKTC arasında heç bir uğurlu əlaqə yaranmır.

2000-ci illərin ortalarında Azərbaycan – QKTC ilişgiləri gündəmə gəldi. Azərbaycandan QKTC-yə uçuşların başlayacağı, Azərbaycan şirkətlərinin QKTC-də ofislər açacağı və bu ölkədə yatırımlar qoyacağı rəsmi şəkildə səslənməyə başladı. Bu çıxışlar QKTC türkləri arasında ruh yüksəkliyinin meydana gəlməsinə və QKTC-nin dünyada rəsmən tanına biləcəyi inamının yaranmasına nədən oldu. Bu həvəsli başlanğıcın həmən ardından Azərbaycandan 60 iş adamı, 23 mətbuat mənsubu və bir neçə sənətçi Azərbaycana məxsus təyyarə ilə QKTC-yə səfər edir. Azərbaycan və QKTC-li iş adamları arasında bir neçə protokol imzalanır. İmzalanan bu protokollara görə Azərbaycanla QKTC arasında ticarət həcmi ilkin mərhələdə 5-7 milyon dollar, sonrakı illərdə isə 50 milyon dollara qədər yüksəlməli idi.

Bunun ardınca Azərbaycana QKTC Xarici İşlər Naziri Sərdar Denktaşın rəhbərliyi ilə nümayəndə heyəti gəlmişdi. QKTC-nin qurucusu Rauf Denktaş da nümayəndə heyətinin tərkibində idi. Burada da 5 işbirliyi protokolu imzalanmışdı. Bütün bu anlaşmalardan sonra, 2005-ci ilin sentyabrında Lefkoşada QKTC-Azərbaycan Vəkfi açılmışdı və açılışa Azərbaycandan nümayəndə heyəti qatılmışdı. Sözsüz ki, bu əlaqələrin qurulmasında Azərbaycan-Türkiyə əlaqələrinin böyük rolu olmuşdu. Azərbaycan Qarabağ sorunu məsələsində hər zaman onu dəstəkləyən Türkiyəyə qarşılıq vermiş, Türkiyənin və ümumilikdə türk dünyasının bir parçası olan QKTC-nin sorunlarına biganə olmadığını bəlli etməyə çalışmışdı.

Təəssüflər olsun ki, dünyanın türk aləminə və eləcə də QKTC-yə düşmən münasibəti bu gün də davam etməkdədir. Kıbrıs adasının güneyində dövlət quran Güney Kıbrıs Rum Yönətimi 2004-cü ildə Avropa Birliyinə üzv qəbul edilsə də, QKTC nəinki hələ də dünya dövlətləri tərəfindən tanınmır, üstəlik bu yurda uyğulanan embarqo bu günəcən qaldırılmayıb.

Həm Yunanstanın və həm də Güney Kıbrıs Rum Yönətiminin israrlı fəaliyyəti, Avropa Birliyindəki çıxışları sonucunda Azərbaycan –QKTC ilişgiləri uğursuz sonluqla nəticələndi. Azərbaycan-QKTC ilişgilərindən rahatsız olan Yunanstan, Azərbaycanın Afinadakı səfirini Xarici İşlər Nazirliyinə çağırmış, Azərbaycana nota ünvanlamış, həm Yunanstanın, həm də Güney Kıbrıs Rum Yönətiminin Qarabağı tanıyacağı ilə təhdid etmişdi. üstəlik həmin ərəfədə Yunanstanın ən böyük telekommunikasiya şirkəti olan “İntracom” şirkəti Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarında – Qarabağda 22,8 milyonluq yatırım qoymuşdu. Beləliklə, Quzey Kıbrıs sorunu ilə Qarabağ sorunu eyniləşdirilmiş və Avropa dövlətlərinin ədalətsiz münasibəti sonucunda iki qardaş toplum arasında yaranmaqda olan rəsmi ilişgilər uğursuzluqla sonuclanmışdı.

Günümüzdə QKTC

Hazırda dünyada 1 milyona yaxın Kıbrıs türkü var. Onlardan 300 mini Quzey Kıbrısda, 350-400 min nəfər Türkiyədə, 200 min nəfər ərəb ölkələrində, qalan hissəsi isə digər dünya ölkələrində yaşayır. Dilləri Türkiyə türkcəsinə çox yaxın olan Kıbrıs türkcəsidir. Bəzən Türk dilinin Kıbrıs ağzı da deyilməkdədir.

Quzey Kıbrıs ünlü siyasətçi və yazar Fazil Küçük, 4 dəfə Osmanlı dövlətinin Baş Naziri seçilmiş Mehmet Kamil Paşa, Milliyətçi Hərəkat Partiyasının qurucusu və ilk sədri Alparslan Türkeş, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaş və digər bu kimi ünlü insanların doğulub boya-başa çatdığı coğrafiyadır.

QKTC-nin 1983-cü ildə qurulmasına və özünü bağımsız dövlət kimi təsdiq etməsinə baxmayaraq, bu ölkənin bağımsızlığı hələ də dünya ölkələri tərəfindən tanınmamaqdadır. üstəlik bu ölkəyə uyğulanan embarqolar Quzey Kıbrısın ağır şərtlər altında yaşadığını bəlli edir. Quzey Kıbrısın çalışma və Sosial Güvənlik Nazirliyinin bu il açıqladığı hesabata görə burada işsizlərin sayı ötən illə müqayisədə 200 nəfər artıb. Ağır şərtlər altında yaşayan Quzey Kıbrıs üçün bu rəqəm heç də kiçik deyil. Hazırda burada işsizlik faizi kişilər üçün 7 faiz, qadınlar üçün isə 12 faiz olduğu qeyd olunur.

Düşünmək olar ki, bu qədər ağır şərtlər altında, embarqoların uyğulandığı bir şəraitdə ayaqda qalmağı və demokratik idarəetmə üsulları ilə dövləti yaşatmağı, varlığını sürdürməyi bacardısa, inamla söyləmək olar ki, Quzey Kıbrısın parlaq gələcəyi var. Lakin hazırki durumda türk topluluqlarının Quzey Kıbrısın yanında olması və birlik nümayiş etdirməsi tarixi zərurət və qardaşlıq borcudur.

Namiq Hacıheydərli