Latın Amerikasına səfər edən katolik kilsəsinin rəhbəri Papa Francesco Bolivyada təxminən 1 milyon adamın qarşısında nitq söyləyib. Nitqində bəşəriyyətin yeni bir iqtisadi sistemə ehtiyacı olduğunu deyən dini lider xalqların müstəqilliyini əllərindən alan qurumları “yeni müstəmləkəçilər” adlandırıb.
Tez-tez kapitalizm əleyhinə mesajlar verən və bəzi çevrələr tərəfindən “kommunist” adlandırılan Papa Francesco bu dəfə də ənənəsinə sadiq qalıb. O, Bolivyanın Santa Cruz şəhərində etdiyi çıxışında deyib:
“Qorxmadan söyləməliyik: Dəyişikliyə ehtiyacımız var və bunu çox istəyirik. Gerçək və fundamental bir dəyişiklik istəyirik. Bu sistem artıq işləmir, fermerlər, işçilər, şirkətlər, kəndlər artıq dözə bilmir. Dünya – Torpaq Ana artıq dözə bilmir. Həyatlarımızda bir dəyişiklik istəyirik , məhəlləmizdə, minimum əməkhaqqında, yaxınımızda, eyni zamanda bütün dünyaya təsir edən bir dəyişiklik istəyirik. İqtisadiyyat insanların xidmətində olmalıdır, ilhamını xristianlıqdan almış gerçək mənada komminal bir iqtisadiyyat qurulmalıdır. Gəlirlər bərabər bölünməlidir, çünki bu, əxlaqi bir məsələdir. Heç bir xarici və daxili gücün xalqları tam müstəqillikdən məhrum etməyə haqqı yoxdur. Əks təqdirdə, yeni müstəmləkəçilik formaları ortaya çıxar, bu da sülh və ədalətə zərər verər. ''
Papaya görə, yeni müstəmləkəçilik fərqli-fərqli cildlərə girir və əksər hallarda ehtirasın anonim təsiri formasında gözə çarpır: “Şirkətlər, kredit təşkilatları, bəzi sərbəst bazar razılaşmaları və hər zaman işçinin və kasıbın kəmərini sıxan qənaət tədbirləri olaraq təzahür edir…”
Papa Francesco, “topraksız kəndlilərin, evsiz ailələr, haqlarından məhrum işçilər, qüruru yaralanmış insanların”, “hər nə bahasına olursa olsun, mənfəət əldə etmə məntiqi daşıyan” bir sistemin qurbanları olduğunu ifadə edib. O, 4-cü əsrdə bugünkü Türkiyə torpaqlarında yaşamış Yunan din adamı Basilio di Cesardan sitat gətirərək bu məntiqi “şeytanın nəcisi” adlandırıb.
Papa Francesco çıxışında həmçinin katolik kilsəsinin adından amerikalılardan istəyərək deyib:
“Bəziləri haqlı olaraq, 'Papa müstəmləkəçilikdən danışır, amma kilsənin etdiklərini görmür” deyə bilər. Bunu peşmanlıqla etiraf edirəm: Tanrı adına Amerikanın yerli xalqına qarşı çox ağır günahlar işləndi. Mən bunun üçün sizdən acizanə şəkildə üzr diləyirəm- yalnız kilsənin etdikləri üçün deyil, eyni zamanda Amerikanın fəthi deyilən müddətdə yerli xalqa qarşı işlənən cinayətlər üçün də. “
Boliviya lideri Evo Moralesin “kommunist” Papaya hədiyyəsi də orjinal olub – oraq-çəkic formasında xaç. İtalyan mətbuatı Papanın və Vatikan rəsmilərinin belə bir hədiyyə gözləmədiklərini yazıb. “La Repubblica” qəzeti Papanın təəccübünü belə ifadə edib: “Papa gözlərinə inana bilmədi və nəsə deməyə dili gəlmədi”.
Strateq.az