XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 07:53

Ruslar Azərbaycanın kəmərini ələ keçirir? – Rəsmi açıqlamalar

“Bakı-Supsa neft kəmərinini operatoru kimi BP artıq 15 ildən artıqdır ki, Azərbaycan neftini etibarlı, səmərəli və təhlükəsiz şəkildə dünya bazarına çatdırır, bundan sonra da çatdıracaq”.

Strateq.az xəbər verir ki, bunu BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Anspress-ə açıqlamasında deyib. O, son günlərdə Bakı – Supsa kəməri ətrafında yaranmış gərginliklə bağlı xəbəri şərh edərkən heç də narahatçılıq ifadə etməyib:

“Kəmər BP üçün böyük önəm daşıyır. 35,8% paya malik şirkət “Azərii-çıraq-Günəşli” (AçG) layihəsinin operatoru kimi 1998-ci ildən fəaliyyətə başlamış və AçG-nin tərkib hissəsi olan Bakı – Supsa kəmərinin də operatorudur. AçG-dən hasil edilən neftin təxminən 10 faizi bu kəmər vasitəsi ilə nəql edilir. Məsələn, 2014-cü ildə Səngəçal terminalından 298,5 milyon barrel neft göndərilib və bunun 31,4 milyon barreli Bakı-Supsanın payına düşüb. Orta hesabla, Bakı – Supsa ilə ildə 5 milyon tona yaxın neft ixrac eləmək mümkündür”.


Bakı Supsa kəmərinin sahibləri

Gürcüstan mətbuatı isə son günlərdə kəmərin üzərini qara buludların aldığını yazır. Məlumatlara görə, Gürcüstanın Cənubi Osetiya bölgəsinə nəzarət edən Rusiya hərbçiləri işğal hüdudlarını bir neçə yüz metr artıraraq kəmərə maksimum yaxınlaşıblar. Gürcülər hazırda bəzi sahələrdə işğal zonasının hüdudları ilə Bakı- Supsa kəməri arasında cəmi 50 metr məsafə qaldığını iddia edirlər. Onların fikrincə, bu, artıq kəmərin de-fakto işğalıdır.

Məsələyə Gürcüstanın energetika naziri Kaxa Kaladze də reaksiya verib. O da dolayısı ilə məsələnin ciddi olduğunu vurğulayıb və lazım olarsa hökumətin alternativ layihəni işə salacağını bildirib: “Burada söhbət 1500-1600 metrlik yeni sahənin tikintsindən gedir. Layihə artıq mövcuddur və əgər problemlər olarsa, biz bu layihəni gerçəkləşdirəcəyik”.


Kaxa Kaladze (ortada) kəmər üçün yeni hissə tikmək istəyir

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban gürcü mətbuatının hay-küyünü əsassız sayır:

“Hər gün atlı mühafizəçilər kəmərin üzəri ilə nəzarəti həyata keçirirlər. Əgər təhlükəsizliklə bağlı hər hansı problem olsa idi, bu barədə çoxdan məlumat vermişdilər. Kəmərin artıq işğal zonasına düşməsi barədə deyilənlər də boş şeydir. Bakı-Supsa işğal zonasından bir neçə kilometr aralı keçir, bir neçə yüz metr irəliləmə kəmər təhlükə törədə bilməz. Sadəcə, gürcülər kəmərin adını çəkməklə Cənubi Osetiyada yaranmış yeni problemə beynəlxalq diqqəti cəlb eləmək isəyirlər. Rusiya Azərbaycanın beynəlxalq iqtisadi öhdəlikıləri üçün problem yaratmaz. Bu rəsmi Bakı ilə Moskvanın münasibətlərini pisləşdirə bilər. Əgər rusların kəmərdə problem yaratmaq fikirləri olsa idi, bunu 2008-ci il müharibəsi zamanı edərdilər. Onda kəmər faktiki olaraq rusların işğalı altında idi”.

Onu da qeyd edək ki, kəmərdə 11,6% ikinci paya malik Dövlət Neft Şirkətinin (SOCAR) məlumatların da BP kimi Bakı – Supsa neft kəmərində hansısa bir problemin olmasından danışılmır. Əksinə, şirkətin yaydığı xəbərlərdə 2015-ci ilin birinci yarısında Bakı – Supsa yolu ilə Azərbaycana və ARDNŞ-ə məxsus 1,6 milyon ton neftin nəql edildiyi bildirilir. Yəni iqtisadçı ekspertin kəmər barədə dedikləri dolayısı ilə SOCAR tərəfindən də təsdiqlənir.