XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 10:45

“Şanxay İttifaqı”yla əməkdaşlıq Azərbaycana nə verə bilər?-Təhlil

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulur. Bizimkilər bu barədə heç nə deməsələr də, iddia xeyli ciddi ağızdan səslənib. Başqırdıstanın paytaxtı Ufada keçirilən ŞƏT və BRİCS üzvlərinin toplantısının açılış nitqində Rusiya Prezidenti Vladimir Putin bu xəbəri verib. Onun sözlərinə görə, Azərbaycanla yanaşı Emənistan, Kombaça və Nepal da ŞƏT-ə qoşulmağı arzulayan dövlətlərdəndir.

Düzü, Ermənistanın iştirak etdiyi bir sıra beynəlxalq təşkilatlarla, az qala, əlaqələrini kəsmək istəyən rəsmi Bakının ŞƏT-ə qoşulmaq niyyətində onunla eyni mövqedə dayanması özü-özlüyündə cavabını gözləyən suallardandır. Əcəba, ŞƏT deyilən qurum bu qədər əhəmiyyətlidir ki, orda təmsilçiliymiz üçün hətta ermənilərlə müttəfiqliyi belə gözə alırıq?

Azərbaycan ictimaiyyəti beynini qurcalayan bu suala cavab axtararkən, gözlənilməz xəbərlərdən biri də Avropadan gəldi. Xəbərdə bildirilirdi ki, ölkəmizin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AŞPA-ya məktub yazaraq qurumu Azərbaycana bəslədiyi ədalətsiz mövqeyinə görə tənqid atəşinə tutub. Maraqlıdır ki, deputatın həmin məktubu bu zamana qədər ermənilərə dəstək verdiyinə görə Avropa qurumlarını “ağ yuyub qara sərən” mövqemizdən əsaslı şəkildə fərqlənirdi. Hətta paraqraflar arasında düşmənimizə, hardasa, “qahmar çıxan” ifadələrə də rast gəlmək olardı. E. Süleymanovun həmin məktubunda deyilir: Prezidentlər, Avropa İttifaqının nümayəndələri, siz xoş niyyətinizi və təsirinizi artıq Ukraynada, demək olar ki, itirmisiniz! Siz Moldovanı anti-Avropa partiyalarına uduzmaq üzrəsiniz. Gürcüstan da özünü kənar tutur. Belarusda heç kəs sizi dinləmir. Ermənistan da artıq müqavilələrinizə və dəyərlərinizə arxa çevirib…”.
Bir növ erməniləri də Avropa ədalətsizliyinin qurbanı kimi qiymətləndirən Elxan Süleymanov dərhal sonra sözünü Azərbaycana qarşı edilmiş haqsızlığa gətirir:

“Belə görünür ki, Azərbaycanı da itələmək üçün əlinizdən gələni edirsiniz. Bunu necə başa düşək? Mədəniyyətimizə, dinimizə qarşı qərəz kimi? Avropa Parlamenti indi dözümsüzlük və nifrət evinə çevrilibmi?”

Avropanın Azərbaycana qarşı etdiyi “haqsızlığı” şərh edərkən Elxan Süleymanov adımızı Ukrayna, Moldova və Ermənistanla eyni sırada çəkməklə, əslində, özü də fərqinə varmadan, ittihamlarını öz arqumentləriylə çürüdür. Nədən ki, bu haqsızlıqları mədəniyyətimizə, dinimizə qarşı qərəzçiliklə əsaslandırır. Ermənilərin, moldavanların və ukraynalıların bizə həm mədəni, həm dini baxımından uzaqlığını, əksinə, xristian dünyasının bir parçası olduğunu nəzərə alsaq, deputatın arqumentini əsaslı saymaq mümkün deyil.

Cənab Elxan Süleymanovu arqument tutarsızlığına sürükləyən isə əsl həqiqəti etiraf edə bilməməsidir. Axı o, necə desin ki, əziz avropalılar, bizdən demokratiya tələb edirsiniz, biz isə öz şəxsi mənfəətlərimizi, xalqımızın bədbəxtliyi üzərində qurulan xoşbəxtliyimizi Avropa mədəniyyətinin cah-cəlalına dəyişmək istəmirik. Ya bizi olduğumuz kimi qəbul edin və hər sessiyadan bir gətirdiyimiz “kürünü” alın, zəhərlənib susun, ya da biz özümüzə yeni “abilər” tapacağıq.

İnsafən, Elxan Süleymanov həmin məktubunda diplomatiyanın imkan verdiyi çərçivədə sözünün “mustafasını” deyirdi, əslində. Məsələn, bu cür: “Şərq Tərəfdaşlığı lüzumsuz bir quruma çevrilmək üzrədir“.

Avropalılar eyhamlarla danışmağı sevən şərqlilərin üslubundan anlasalar, bu cümlə “sizinlə yolumuz ayrıla bilər” mənasına gəlir. Prinsipcə, rəsmi Bakı dilanlamaz Qərbi daha aydın başa salmaq üçün bu fikirlərini eyhama belə ehtiyac duymadan dəfələrlə səsləndirib. Prezident Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun diliylə belə davam edərsə, üzümüzü ayrı səmtə tutacağımızı dilanlamazlara nə qədər çatdırmaq olar?. Di gəl ki, Novruz müəllimin gur səslə ifadə etdiyi mesajlara qulaq asmaq istəməyən Avropa özünü lap “Novruzəli”liyə qoyub. Nəticədə biz də məcbur olub Şanxay Əməkdaşlıq Təşkilatının qapısını aralamağa çalışırıq.

Bəs, Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana nə verə bilər?

Bəri başdan deyək ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Təşkilata qoşulmağın xeyri də var, zərəri də. Hansının daha çox olacağı Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətdən asılıdır. Xeyirlə şərimizin düzgün hesabını çıxarmaq üçün, gəlin, əvvəl bu suala cavab axtaraq: Şanxay Əməkdaşlıq Təşkilatı nədir, nə məqsədlə qurulub?

ŞƏT SSRİ-nin dağılmasıyla təkqütblü hala gələn dünyanı yenidən nizamlamaq zərurətindən doğub. Xüsusilə çin 1997-ci ildən etibarən, ABŞ-ın bölgədəki təsirini azaltmaq üçün bu proyekti həyata keçirməyə qərar verib. Əvvəl hərbi-strateji əməkdaşlıq məqsədilə yaranan birlik daha sonra çin iqtisadiyyatının inkişafı ilə yeni hədəflərə yönəlib.

Bilindiyi kimi, 1990-çi illərin sonuna qədər çin öz neft ehtiyyatlarını istifadə edərək sənayeləşmə planını həyata keçirirdi. Daha sonra qloballaşan dünya gerçəkləri çinin işinə yaradı və onun ucuz malına tələbləri artırdı. Dolayısıyla, getdikcə iqtisadi cəhətdən böyüyən çinin neft idxalı problemləri ortaya çıxdı.

Əvvəl İran körfəzinin neftini alıb öz sənayesinə yönəldən ölkə ABŞ-ın Yaxın Şərqi işğalıyla yeni alternativlər axtarışına başladı. Təbii ki, coğrafi cəhətdən özünə yaxın olaraq gördüyü Orta Asiyanın təbii sərvətləri ona daha əlverişli görünürdü. Ərazinin yaxınlığı həm neft idxalının maliyyətini azaldırdı, həm də ABŞ-ın Rusiyanı işğal etmək ehtimalı daha azdı. Bu da neft idxalatının təhlükəsizliyini daha rahat təmin edə bilərdi.

üstəlik, çinin yumşaq qarnı da birbaşa Orta Asiya ilə əlaqədardır. Onun tərkibində olan Şərqi Türkistan coğrafiyası hər zaman ABŞ təhdidlərinə açıqdır. Orta Asiyadakı türk respublikalarının müstəqilliyi, istər-istəməz, Şərqi Türkistanda da ictimai-siyasi vəziyyəti gərginləşdirir, çini istənilən zaman parçalanma təhlükəsi ilə üz-üzə qoyurdu. Yəni ABŞ-ın bölgədə möhkəmlənməsi Pekinin taleyini tamamilə ondan asılı vəziyyətə salırdı. Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinin xüsusilə Orta Asiya ölkələrindən seçilməsi, Hindistan, Pakistan kimi dövlətlərin isə müşahidəçi qismində quruma qoşulması bu mənada təsadüfi deyildi. Belə görünür ki, ŞƏT sırf Orta Asiya təhlükəsinin qarşısını almaq üçün rəsmi Pekin tərəfindən ortaya atılmışdı.

Əfqanıstan hadisələrindən istifadə edən ABŞ isə artıq çoxdan Orta Asiyada idi. Qırğızıstanda və özbəkistanda öz hərbi bazalarını yerləşdirən supergücün gələcəkdə Şərqi Türkistana müstəqillik ideologiyası ixrac etməyəcəyinə isə heç kim təminat verə bilməzdi.

Dünyada neft qiymətlərinin artmasıyla düşdüyü iqtisadi uçurumdan qismən xilas olmağı bacaran Rusiya da ətrafında baş verənlərdən ciddi narahatlıq duyurdu. ABŞ bir tərəfdən Ukrayna, Gürcüstan, Moldava və Qırğızıstanda rəngli inqilablar törətməklə, digər tərəfdən isə o, 2001-ci ildən etibarən Orta Asiyada möhkəmlənməklə Rusiyanın imperialist maraq dairəsinə girən bölgələri ələ keçirmişdi. Məşhur 11 sentyabr terror hadisəsini bəhanə edən Vaşinqton Əfqanıstanı işğal etməklə qalmamış, öz ordu birlikləriylə özbəkistanda oturmuşdu. Bu gedişlə Rusiyanın böyük dövlət olmaq potensialı əldən çıxırdı.

Ortaq təhdid duyğusu Rusiya ilə çini eyni hədəfdə birləşdirirdi. Şanxay Əməkdaşlıq Təşkilatı da məhz bu ortamda gündəmə gətirilmişdi. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin müxtəlif zamanlarda etdiyi çıxışlarında “təkqütblü dünyanın qəbuledilməz” olduğunu bildirir, açıq aşkar ABŞ-a qarşı yeni güc mərkəzinin ortaya çıxarılmasının vacibliyinə toxunurdu.

Şanxay Əməkdaşlıq Təşkilatının ideya mərkəzində də bu fikir var idi. Hələ 1997-ci ildə çin prezidenti Jiang Zeminin Moskvaya səfəri zamanı Yeltsinlə imzaladığı ortaq bəyanatda “çoxqütblü dünyanın dəstəklənməsi” bildirilir və konkret addımlar atılacağı elan olunurdu.

İdeya olaraq hələ 1990-ci ilin sonlarında təməlləri atılan birliyin böyüməsi Rusiyanın zəif durumda olmasından dolayı bir qədər ləngidi. Əvvəl 1996-cı ildə çin, Qazaxıstan, Qırqızıstan, Tacikistan və Rusiya ilə bağlanan sərhəd təhlükəsizliyi əməkdaşlığı özbəkistanın quruma qatılmasıyla 2001-ci ildə əsl geostrateji və iqtisadi ittifaqa çevrildi.

Şanxay müttəfiqlərinin birgə bəyanatları və basqıları nəticəsində ABŞ ordusunun özbəkistandan çıxarılmasıyla təşkilat ilk qələbəsini qazandı. Bu qələbə Yaxın Şərqdə ABŞ özbaşınalığından zinhara gələn digər ətraf ölkələrin də quruma marağını artırdı. Xüsusilə Hindistan, Pakistan, Monqolustan, İran kimi dövlətlərin müşahidəçi qismiylə təşkilatda yer alması onun geopolitik önəmindən xəbər verir.

Təşkilata üzv ölkələrin ümumi sahəsi 37 milyon km²-dir və bu, Avrasiya qitəsinin, təxminən, 74%-i deməkdir. Qurum eyni zamanda 2.7 milyard insanla dünya əhalisinin 40%-indən artığının taleyini müəyyənləşdirməyə iddialıdır. Təşkilatda BMT-nın daimi üzvlərindən 2-si və dünyanın nüvə potensialına sahib 5 ölkəsi (Rusiya, çin, Şimali Koreya, Hindistan, Pakistan və İran) təmsil olunur. çinin arzuladığı projenin reallaşacağı təqdirdə, ekspertlər 2020-ci ilə qədər dünya iqtisadi gücünün 30%-indən artığının Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin əlində olacağını proqnozlaşdırırlar.

ŞƏT-nın ABŞ imperializminə qarşı təhdidi bununla da bitmir. Təşkilatın ən böyük hədəflərindən biri dolları sıradan çıxarmaq üçün həyata keçirilən siyasətdir. Təşkilat Avropa Birliyini örnək alaraq ortaq pul vahidinə keçmək istəyir. 2009-cü ildə Rusiyanın o dövrdəki prezidenti Dmitri Medvedyev rus rubluna keçməyi təklif etmiş və bəzi ekspektlər bunu mümkün saymışdılar. Rusiyanın qarşılaşdığı iqtisadi böhran nəticəsində rubl hörmətdən düşsə də, yaxın zamanlarda bu ehtimalın yenidən müzakirəsi gözlənilir.

Qısası, ŞƏT bütün sahələrdə ABŞ-ı sıradan çıxarmağı hədəfləyən və addımbaaddım öz istəyinə yaxınlaşan qurumdur. Sözsüz ki, Azərbaycan bu təşkilatla əməkdaşlıqdan yayına bilməz. Bununla belə, qurumun çin və Rusiyanın imperialist maraqları üzərində qurulduğu da istisna edilməməlidir.

üstəlik, təşkilatın ən ümdə məqsədlərindən biri Xəzər neftinin Qərb şirkətlərinə ehtiyac duymadan çinə, Hindistana nəqlidir. Bununla bağlı Rusiya və Qazaxıstanla lazımi sənədlər də imzalanıb. Bütün neft məhsullarını Qərbə
satan, rezervləri tükənən, hətta Bakı-Ceyhan neft və TANAP qaz kəmərlərini belə doldurmaq üçün başqa ölkələrin “inayətinə” bel bağlayan Azərbaycanın ŞƏT-ə verib-ala biləcəyi çox az şeylər var. Əksinə, bəlkə də bu addım Qərbə uzanan kəmərləri belə təhlükə altına qoyur.

Qeyri-neft sektoru inkişaf etməyən ölkəmizin ŞƏT öləkələrinə sənaye malları satmaq ehtimalı da sıfıra yaxındır. Hər halda nə qiymətdə, nə də keyfiyyətdə bizim mallar çinlə rəqabətə dayanacaq gücdə deyillər. Ayrıca, ölkə sənayesinin tamamilə məhvə aparan korrupsiya və rüşvətxorluq halları da bunun yaxın zamanlarda həllini mümkünsüz edir.

Azərbaycan istər Avropa, istərsə də ŞƏT-lə əməkdaşlığa bel bağlamaqla özünü gözlənilən iqtisadi böhranlardan xilas etmək imkanına malik deyil. ŞƏT-lə əməkdaşlıq bəlkə qısa müddətdə bizi Avropanın qınağından qoruya bilər, amma perspektivdə bu arxayınlığın tamamilə iflasla nəticələnmək ehtimalı var.

Yeganə çıxış yolumuz ölkədə yeni iqtisadi sistemin əsasını qoymaq, xarici və daxili kapitalın hesabına ölkə sənayesini dirçəltməkdir. Bu isə demokratik islahatlardan keçir.

Nə yazıq ki, hakimiyyət hələ də bunu ya dərk etmir, ya da dərk etmək istəmir. Elxan Süleymanovun AŞPA-ya göndərdiyi məktub da bunun ən bariz nümunəsidir.

Heydər Oğuz

Strateq.az