Ucar rayonu S.Vurğun küçəsi, ev 8-də yaşayan Hüseynov İlqar Qulamhüseyn oğlu tərəfindən Strateq.az-a şikayət məktubu daxil olub.
Şikayətçi yazır ki, 1996-cı il tarixdə anadan olmuş oğlu Razi Hüseynov 01 mart 2015-ci il tarixdə həqiqi hərbi xidmət keçən zaman düşmən erməni gülləsi nəticəsində şəhid olsa da, ona şəhid adı verilmir:
“Oğlumun erməni gülləsi nəticəsində ölməsini təsdiq edən konkret subutlar da var. Ancaq oğlumun ölümünü öz əsgər yoldaşının üstünə qoyub, onu 12 il müddətində azadlıqdan məhrumetmə cazası ilə məhkum ediblər ki, bu da şəhid ruhuna təhqirdir”.
Ucar sakini iddia edir ki, 01 mart 2015-ci il tarixdə N saylı hərbi hissəsinin “Qala” postunda saat 12.00-da döyüş növbətçiliyini mənim oğlumla əsgər Emil Bağırovu, əsgərlər Tağıyev Cəfər İlqar oğlu və Paşayev Hüseyn Məmməd oğlu ilə dəyişiblər:
“Bundan bir neçə dəqiqə sonra oğlum Razi Hüseynov sifət nahiyəsindən dəymiş güllə yarasından dünyasını dəyişib. Oğlumun ölümünü isə belə izah etdilər ki, guya postu təhvil verdikdən sonra oğlum həmin posta yaxınlaşmış və postda olan əsgər Hüseyn Paşayev oğlumu naməlum şəxs bilib, atəş açıb. Ancaq əslində isə oğlumu erməni atıcısının atdığı güllə öldürüb. Hərbi qanunlara əsasən döyüş postunu dəyişmiş əsgərlər həmin əraziyə özbaşına gələ bilməzlər. Həmçinin naməlum şəxslərin posta yaxınlaşması halı baş verdikdə postda olan hərbiçi bir neçə dəfə xəbərdarlıq etməli, zərərət olduğu təqdirdə göyə atəş açmalı və hücum ediləcəyi təqdirdə naməlum şəxsə atəş açmalıdır. Günün-günorta vaxtı postda olanın öz əsgər yoldaşını tanımaması, ölümə səbəb olmuş güllə gilizinin hadisə yerindən tapılmaması da göstərir ki, ortaya atılan yalandır”.
Şikayətçi iddia edir ki, bu barədə məhkəmədə də danışıb:
“Dedim ki, mənim oğlumu erməni atıcısı (snayper) öldürüb, buna görə də güllənin gilizi orada ermənilər tərəfdə qalıb. Əsgər Hüseyn Paşayevin heç bir günahı yoxdur. Obyektiv araşdırsınlar, əgər günahı varsa, ona ağır cəza verilsin. Ancaq bilirəm ki, mənim oğlum düşmən mövqeyi tərəfindən düşmən atıcısı tərəfindən atılan güllə ilə qətlə yetirilib. Snayper gülləsi olduğu üçün üz nahiyəsindən dəlib keçmiş və yaraların yeri çox kiçik olmuşdur. Əgər təqsirləndirilən şəxs əsgər Hüseyn Paşayevin dediyi kimi 6 metrlik məsafədən AK-74 markalı avtomat silahından açılan güllə dəysəydi, güllənin çıxdığı yer çox dağıdıcı olardı. Bu cinayət işinin həm ibtidai, həm də məhkəmə istintaqları qondarma, yalan, saxta ekspert rəyləri, yalan ifadələrlə aparılmışdır. Əsgər Hüseyn Paşayevi isə yalan ifadə verməyə işgəncə ilə məcbur ediblər”.
Bu və ya digər faktlar əsasında ittihamlar səsləndirən şikayətçi sonda bildirir ki, oğlu torpaq, vətən uğrunda şəhid olub:
“Buna görə oğluma şəhid adı verilməlidir. O, ailənin yeganə oğlu idi. İndi bizi iki şey sarsıdıb, oğlumuzun həlak olması və saxtakarlıqla onun şəhid adının batırılması. Buna görə də mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirəm.
Cənab Prezident, mənim oğlum Razi Hüseynovun erməni gülləsi nəticəsində şəhid olmasını təsdiq edən konkret subutları müəyyən vəzifəli şəxslər gizlədib. Bununla həm Sizi, həm də bizim ailəni aldadırlar. Buna görə də Sizdən çox-çox xahiş edirəm, bu qanunsuzluq faktını şəxsən obyektiv araşdırıb, oğlum Razi Hüseynova şəhid adının verilməsinə tapşırıq verəsiniz”.
Strateq.az