XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 13:40

Moskvanın qorxunc yuxusu: Orta Asiya – Təhlil

Rusiya üçün islamçılıq təhlükəsi

ABŞ İŞİD-ə və başqa radikal qruplaşmalara böyük diqqət ayırsa da, bu təhlükə ABŞ üçün olduqca uzaq sayılır. Gerçək təhlükədir, lakin ölkənin özünə qarşı deyil, dolayısı ilə Amerika və onun müttəfiqlərindən min kilometrlərlə uzaqdadır. Lakin Rusiyanı Əfqanıstanın islamçı ərazilərdən cəmi bir neçə yüz kilometr ayırır və bu təhlükə qapısının ağzında hər an görünə bilər.

İslamçıların keçmiş sovet respublikaları – Əfqanıstanla həmsərhəd özbəkistan, Tacikistan və Türkmənistanı tutmaq təhlükəsi Moskvanı çoxdan rahatsız edir. Bu məsələ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Orta Asiyaya yönəlmiş Ufa sammitində müzakirə olunacaq. Rusiya və çinin başçılıq etdiyi qrupun bütün üzvləri Orta Asiyadakı sabitlikdə maraqlıdır. Lakin ŞƏT-ə təhlükəsizlik üzrə ünsürlər daxil etmək cəhdləri qurum üzvləri arasında önəmli fikir ayrılıqları bəlirlədi.

Ekspertlər deyirlər ki, Rusiya qismən təhlükəsizliyin təməlini qoymaq, lakin həm də qaynar bölgə üzərində öz nəzarətini gücləndirməkdən ötrü Moskvanın iştirakı ilə Qırğızıstan, Qazaxıstan, Ermənistan, Belorus və Tacikistanın hərbi ittifaqının – Kollelktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ön plana çəkir.

Müstəqil hərbi ekspert Aleksandr Holts deyir: “Praktik olaraq heç bir şübhə yoxdur ki, Rusiya son bir neçə il ərzində Orta Asiyada ciddi təhdidlərlə üzləşir. Hətta İŞİD ortalığa çıxana qədər də aydın idi ki, Əfqanıstanda radikal islam qalib gəlir. Moskvada daha heç kim inanmır ki, ABŞ hadisələrin bu cür inkişafının qabağını alacaq və Rusiya nəticələrlə müstəqil şəkildə uğraşmalı olacaq”.

Zəif rejimlər

Rusiya son aylarda hərbi baxımdan daim iştirak etdiyi Tacikistanda böyük antiterror təlimləri keçirdib. Təlimə KTMT-na üzv ölkələrin hərəsindən 1000 əsgər qatılıb. Əfqanıstanda kök atmış yaraqlıların 1990-cı illərdə törətdiyi qanlı vətəndaş müharibəsindən sonra əsasən sakit qalan Tacikistanın Əfqanıstanla 1300 km-ilk sərhədi var. Lakin bu yaxınlarda “Taliban” Əfqanıstanın quzey bölgəsində Amudərya vadisində fəallaşdı və Moskva Tacikistana misli görünməmiş 1,2 milyard dollar həcmində hərbi yardım vəd etdi. Rusiya həmçinin bu ölkədəki hərbi kontingentini 6 min əsgərdən 9 minə qədər artırmaq, həmçinin sərhədlərə nəzarət üçün yeni pilotsuz uçuş aparatları göndərmək niyyətindədir.

Rusiya üçün əsas başağrısı əhalisi sıx, sovet dövrünün qocalmaqda olan avtoritar lideri İslam Kərimovun idarə etdiyi özbəkistandır.

Rusiyalı ekspertlər xəbərdarlıq edirlər ki, hakimiyyətin mirasla ötürülməsi istənilən anda böhran törədər və nəticədə ölkə hərc-mərcliyə qərq olar.

Prezident İslam Kərimov Rusiyanın səylərindən əndişələnib bir neçə il əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxdı və Orta Asiyada ən güclü ordunun təşkili ilə məşğul oldu. Lakin onu, təxminən, on il əvvəl Fərqanə vadisində islamçıların çıxışını qəddarcasına boğmaqda ittiham etdilər və o vaxtdan bəri Qərb ölkələri ilə münasibətlər daha da pisləşib. Bununla belə, ABŞ Əfqanıstanla 150 km-lik sərhədi nəzarətdə saxlamaq üçün özbəkistana özəl zirehli 300 avtomobil tədarük etməyə hazırdır.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Leonid Qusyev deyir ki, “özbəkistan və Tacikistan rejimləri zəifdir və etnik özbəklərin əksəriyyəti, tacik qruplaşmaları Əfqanıstanda baza salıb və “Taliban”la əməkdaşlıq edirlər. Son illlərdə təhlükə azalıb, lakin durum dəyişilsə, yenidən baş qaldıra bilər”.

Əfqanıstanla həmsərhəd üçüncü ölkə qazla zəngin, avtoritar və qapalı postsovet respublikası Türkmənsitandır. Qusyevin dediyi kimi, Tükmənsistan prezidenti Qurbanqulu Berdımuhəmədov bu yaxınlarda Əfqanıstanla sərhədi qorumaq üzrə “özəl hərbi xidmət” üçün Rusiya və çinə müraciət edib. Bu, taliblərin bölgədəki elektrik infrtastrukturunu məhv etmək üçün təşkil etdiyi silsilə partlayışlardan sonra baş verib. Holts deyir: “Rusiya rəhbərliyi başa düşür ki, bu bölgə, xüsusən də xeyli və yoxsul əhalisi olan özbəkistan islamçılığın artması üçün münbit zəmin təşkil edir. İğtişaşlar qaçılmazıdr. Təəssüf ki, Moskva indiyədək ancaq hərbi üsullarla reaksiya verib”.

Rusiya son illərdə KTMT-nin bölgədə istənilən təhlükəyə ləngimədən cavab verə biləcək sürətli reaksiya güclərinə təlim keçir. Holts deyir: “Rusiya qət etsə ki, bölgənin hansısa bir hissəsində baş verən hadisəyə yubanmadan müdaxilə etməlidir, KTMT burada qanunçuluq elementi rolunu oynayır”.

Qazax ssenarisi

Moskvanın baxışına görə, ən qorxunc qarabasma qocalmaqda olan avtoritar prezident Nursultan Nazarbayevin idarə etdiyi Qazaxıstanın dağılmasıdır ki, nəticədə qaçqlınlar axını və ola bilsin, cihadçılar Rusiyanın içərilərinə can atacaq. İndiki anda Qazaxıstan sabitdir, lakin Nazarbayevin varisləri arasındakı mübarizə hər şeyi dəyişə bilər.

Holtsun sözlərinə görə, “Rusiya strateqləri əvvəllər Qazaxıstanı Rusiyanın sipəri sayırdılar (Mərkəzi Asiyada mümkün hərc-məclikdən), lakin daha belə deyil. Nazarbayevin gedəcəyi halda Qazaxıstanın ciddi şəkildə sabitsizləşəcəyi ehtmalı var. Qazaxıstan-Rusiya sərhədi uzun və açıqdır. Bu, çox təhlükəli və tamamilə gerçəkdir”.

Rusiya hesab edir ki, Suriya və İraqdakı İŞİD-ə qoşulmaq üçün Orta Asiyadan Yaxın Şərqə getmiş minlərlə adam gec-tez geri qayıdacaq və ekspertlər bu döyüşçülərn evə mümkün qayıdışından rahatsızdırlar. Bəzi məlumatlara görə, İŞİD Əfqanıstanda möhkəmlənməyə cəhd edir. Qusyev deyir ki, Moskva geopolitik maraqları güdməklə təhlükənin miqyaslarını şişirdə bilsə də, bölgənin gələcəyi dumanlı olaraq qalır: “İŞİD-in Əfqanıstanda möhkmələnmək cəhdləri haqda məlumalar çox da mötəbər görünmür. Lakin Yaxın Şərq qruplaşmasının ideologiyası ekumenik xarakter daşıyır və istənilən etnik mənşəli gənci cəlb edə bilər. Bununla da “Taliban” qarşısında üstünlük qazana bilər. İŞİD gücünü artırmağı davam etdirsə və uğurlu hesab edilsə, gənc cihadçılar ona qoşulmaq istəyəcəklər. Bu haqda düşünməyinə dəyər”.

Fred Ueyr

“Christian Science Monitor” (ABŞ), 12.07.2015