XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 05:58

Prezident Vergilər Nazirliyini niyə tənqid etdi? – Fazil Məmmədovun səhvi

Prezident_5.jpg

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də vergilərin yığılması və Vergilər Nazirliyinin fəaliyyəti oldu. Dövlət başçısı bununla bağlı öz fikirlərini açıqladı və sahibkarlara mühüm mesaj, Vergilər Nazirliyinə tapşırıqlarını verdi. Dövlət başçısı Vergilər Nazirliyinin son zamanlar müşahidə olunan sərt addımalrına son qoyulmasının vacibliyini diqqətə çatdırdı.

Xarici sərmayələrin daxili səraməyələri üstələdiyini, neft gəlirlərinin azaldığını, vergilərin tam ödənilmədiyini, bu zamana qədər vergi ödənişi ilə bağlı dövlətin güzəştli mövqe sərgilədiyini qeyd edən dövlət başçısı yeni mərhələdə fərqli yanaşma olacağını bəyan edib: “Mən giriş sözümdə qeyd etdim ki, son bir neçə il ərzində bəlkə ilk dəfədir, xarici sərmayə daxili sərmayəni üstələyib. Nəyə görə? Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı – sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq.

ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

Beləliklə, artıq əminliklə demək olar ki, Vergilər Nazirliyinin sahibkarlar üçün son 7-8 ayda elan etdiyi fövqəladə vəziyyət və “vergi səfərbərliyi” başa çatacaq. Vergilər Nazirliyinin tənqid edilməsi də məhz bu “vergi səfərbərliyi”nin əvvəldən nəzərdə tutulandan çox uzanması oldu. Bununla bağlı 05.05.2015-ci il tarixdə Strateq.az saytında dərc olunan “Vergilər nazirinə qarşı güclü ittifaq” məqaləsində qeyd olunurdu ki, ayrı-seçkilik salınması, “vergi səfərbərliyi” prosesində “ogey-doğma” bölgüsünün aydın nəzərə çapması şikayətlərə səbəb olub. Yazıda Vergilər Nazirliyinin müsbət addımalrına da diqqət çəkilirdi və qeyd olunurdu: “…İnzibatı üsullarla yanaşı, vergitutma bazasının genişləndiirlməsi üçün də tədbirlər görülür. “Qara mühasibatlıq” parktikasına son qoyulması üçün işlər həyata keçirilir. “Vergi səfərbərliyi” tədbirləri hamı – oliqarxlar və iri biznes tərəfindən anlayışla qarşılansa da, Vergilər Nazirliyini bir çox hallarda “Roma papasından artıq katolik” olmağa çalışması narazılıq yaradıb”. Həmçinin yazıda vurğulanırdı ki, “söhbət vergi orqanlarının bu prosesdə balansı qorumamasından və daha çox özünü ön plana çıxarmaq səylərindən gedir”.

Görünür, son zamanlar müşahidə olunan orta və kiçik biznesin də “vergi səfərbərliyi” tədbirlərindən şikayətlərə başlaması dövlət başçısının bu istiqamətdə şəxsi müdaxiləsini zəruri edib.

Starteq.az