XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 14:39

Obama: “İranın bütün yolları bağlandı”

ABŞ prezidenti Barak Obama da bu gün imzalanan nüvə razılaşmasıyla bağlı mövqeyini açıqlayıb. O, sazişlə İranın nüvə silahi əldə edə biləcəyi bütün yolların bağlandığını deyib.

Strateq.az-ın bildirdiyinə görə, çıxışına “bu gün əhəmiyyətli bir tarix yaşandı”-deyərək başlayan Obama məlum sazişi bir zamanlar SSRİ ilə əldə edilən razılaşmaya bənzədib: “Hansı ki, həmin sazişlə Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısı alınmışdı. Bu gün də ona bənzər böyük bir addım atıldı. İran artıq nüvə silahı əldə edə bilməyəcək. Nüvə reaktorlarının 3/2-i ləğv olunacaq. İran plutoniumu silah səviyyəsində zənginləşdirmək imkanından məhrum olacaq. 15 il ərzində ağır su reaktorundan istifadə etməyəcək”.

ABŞ prezidenti əldə edilən razılaşmasını “qorxaq saziş” adlandıran qüvvələrlə də eyni fikri paylaşmır: “Sazişin bəzi maddələri 25 il qüvvədə qalacaq. Hər hansı bir şübhə yaranacağı təqdirdə, vəziyyət yerində yoxlanılacaq”.

Sazişi imzalamaqla İranın çox əhəmiyyətli addımlar atdığını düşünən Obama fikirlərini belə əsaslandırıb: “İran önümüzdəki 10 il sazişə bağlı qalacaq. 5 il boyunca silah, 8 il də raket embarqosu davam edəcək. İran anlaşmanı pozarsa, bütün sanksiyalar yenidən tətbiq olunacaq”.

Bu tarixi sazişdə bütün beynəlxalq qurumların rolu olduğunu vurğulayan Obamaya görə, Tehran hökuməti beynəlxalq təzyiqlər nəticəsində müzakirə masasına oturdu və müqaviləni imzaladı: “Ciddi sanksiyalar tətbiq olundu və nəticəsi alındı. Saziş imzalanmasaydı, İran bu sahədə fəaliyyətlərini artırıb atom bombasına sahib olacaqdı. Qarşılıqlı razılaşmalar olmasaydı, İranın nüvə proqramı davam edəcəkdi. Diplomatik həll olmasaydı, hərbi həllin tətbiqi haqqında düşünüləcəkdi“.

ABŞ lideri konqresin bu sazişini rədd etməsi ehtimalına da münasibətini bildirərək deyib: “Bu razılaşmadan imtina məsuliyyətsizlik olardı. Konqres əgər bu addımı atarsa, mən də veto hüququmdan istifadə edəcəm”.

Qeyd edək ki, Obamanın açıqladığı bu faktlar iranlı həmkarının dedikləriylə üst-üstə düşmür. Həsən Ruhani televiziya ilə çıxışında bütün sanksiyaların, o cümlədən silah embarqosunun da qeyd-şərtsiz ləğv olunduğunu bildirmişdi.

Strateq.az