XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 14:48

Prezident çıxışının hədəfləri: Azərbaycan Avropadan niyə üz çevirir? – Təhlil

Prezident Ilham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin iyulun 13-də keçirilən müşavirəsində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı mühüm mesajlar verildi. Dövlət başçsı çıxışında ölkənin bundan sonrakı xarici siyasət prioritetlərini elan etdi, eyni zamanda daxildə hökumətin strateji fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.

Hökumətin toplantısı Azərbaycanın da içində olduğu mühüm beynəlxaq hadisələrin qızğın dövrünə təsadüf etdiyinə görə, onu qətiyyən cari tədbirlərdən biri saymaq olmaz. Prezidentin qaldırdığı məsələlərə, həllini tələb etdiyi problemlərin sırasına diqqət yetrdikdə, aydın görünür ki, dövlət başçısı olduqca həssas dönəmdə Azərbaycanı özünə problemlər yarada biləcək proseslərdən sığortalamağı hədəfləyib.

Gəlin, əvvəlcə Prezidentin çıxşının əsas tezislərinə diqqət yetirək:

Prezidentin çıxışında xarici siyasətlə bağlı əsas tezislər:

“Bu gün Avropadakı mənəvi və iqtisadi böhran bizi düşünməyə vadar edir və bu amillər gələcək fəaliyyətimizdə mütləq nəzərə alınacaq”.

“Gələcək aylarda yeni əməkdaşlıq mexanizmi və konsepsiya hazırlanmalıdır”.

“Azərbaycan Avropa Birliyi ilə assosiasiya sazişinə ona görə qoşulmayıb ki, bu saziş bizim maraqlarımıza uyğun deyil”.

“Bəzən məmurlar, deputatlar və ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik, amma gəlin görək, bu inteqrasiya bizə lazımdır, yoxsa yox?”

“Azərbaycanın Avropa Şurasına daxil olması ümidləri doğrultmadı. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik və yaşamışıq da”.

“Biz heç yerə inteqrasiya olmuruq… Lazım gəlsə, yenə başqa birliklərə də üzv olarıq, amma bərabərhüquqlu tərəfdaş və ləyaqətli ölkə kimi”.

“Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər”.

“Azərbaycanla diktə dili ilə danışmaq olmaz. Azərbaycanla dost, tərəfdaş olmaq olar, biz buna hazırıq. Biz gələcəkdə bu istiqamətdə gedəcəyik”.

Prezidentin çıxışında daxili siyasətlə bağlı əsas tezislər:

“İlin axırına qədər iqtisadi artımın yüksək templəri və makroiqtisadi inkişaf templərinin saxlanılması, dövlət investisiya proqramlarının, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsi vacibdir”.

“Bölgələrin qaz, su və elektrik enerjisi ilə təchizatı daha da yaxşılaşdırılmalıdır”.

“Yaxın vaxtlarda dərman preparatlarının qiyməti tənzimlənəcək və bu sahədə şəffaflıq təmin olunacaq”.

“İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacaq”.

“Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər”.

“Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.

“AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”

Azərbaycan Avrointeqrasiya kursundan niyə imtina edir?

Hazırda dünyada adı ətrafında mühüm proseslərin cərəyan etdiyi ölkələrdən, həm də əsas oyunçularından ikisi Azərbaycanın qonşularıdır – Rusiya və İran. Tehranın Qərblə danışıqları tarixi sazişlə yekunlaşdı. İran üzərindən beynəlxaq sanksiyalar götürülməsi ilə dünya enerji bazarında vəziyyət kökündən dəyişir. Gözlənildiyi kimi, neftin qiyməti sürətlə uzuclaşmağa başladı (bu gün 4 dollar). Yaxın vaxtlarda İranın milli şirkətləri neft alıcılarına 30 milyon barreldən artıq neft təklif etməyə başlayacaq. Paralel olaraq, İran bankları SWIFT sisteminə qoşulur, BMT Təhlükəszilik Şurasının sanksiyaları aradan qaldırması ilə yaxın qonşumuz beynəxalq təcriddən tamamilə çıxaraq yeni inkişaf istiqamətinə qədəm qoyur.

Azərbaycanın da rəqabət apardığı dünya enerji bazarına nəhəng potensialı olan İranın girməsi Bakının maraqlarına bir neçə istiqamətdən təsir edəcək:

Birincisi, neftin qiyməti ksəkin ucuzlaşacaq, bu da Azərbaycanın neft satşından əldə etdiyi gəlirlərin böyük ölçüdə azalmasına səbəb olacaq. Büdcə kəsiri artacaq, manat dəyərdən düşəcək, ölkənin valyuta ehtiyatları sürətlə əriməyə başlayacaq. Beləliklə, Azərbaycanda iqtisadi gərginliyin artması qaçılmazdır.

İkincisi, İran faktoru Qərbin enerji partnyoru olan Azərbaycana marağı avtomatik azaldır. İndi neft müqavilələrindən gələn gəlirlər əsas etibarilə Azərbaycanın büdcəsinə daxil olur, beynəxalq konsosrsium cəmi 15 faizlə kifayətlənir. Yeni yataqların kəşfi, istismarı xarici neft kompaniyaları üçün cəlbedici deyil. çünki nəhəng ehtiyatları olan yataqlar yoxdur, istismar olunan quyularda isə hasilat getdikcə aşağı düşür. BP və digər neft şirkətləri bu istiqamətdə böyük sərmayələr yatırmaqda maraqlı deyillər. Onlar üçün İran bazarı indi daha cəlbedici görünür.

Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsində fəallığı da Qərb ölkələrindən adekvat dəstək almır. Rusiyanın da eyni istiqamətdə Avropa bazarına can atmasının yaratdığı maneələrlə yanaşı, Qərb partnyorları olduqca ləng hərəkət edirlər. TAP, TANAP layihələri ilə bağlı bütün təşəbbüslər, sərmayəçilərin, içtirakçıların, alıcıların cəlb olunması və başqa cari problemlər Azərbaycanın üzərinə düşüb. İranın beynəlxalq bazara girməsi ilə bu istiqamətdə problemlərin, bürokratk əngəllərin daha da artacağı gözlənilir.

Belə başa düşülür ki, Prezidentin bəyanatında yaxın perspektivdə gözlənilən bu problemləri lokallaşdırmaq, ondan az itki ilə çıxmaq hədəfi qoyulub. Yəni, böhran içərisində olan, Azərbaycana qarşı qərəzli, təzyiq siyasəti yürüdən Avropa bir gün etibarlı enerji tərəfdaşı olmayacaq, rəsmi Bakı bundan itirdiyi resursları başqa bazarlardan çıxarmaq haqqında düşünməlidir.

Beləliklə, yeni dünya şərtlərinə uyğunluq yaranır: əvvəlcə iqtisadiyyat, sonra siyasət…

Azərbaycan Avropa bazarlarında enerji məhsullarından başqa, özünün heç bir markası ilə təmsil oluna bilmir. ölkənin bu bazarlara mal ixrac edib başqa inkişaf etmiş ölkələrin məhsulları ilə rəqabət aparması yaxın illərdə real görünmür.

Enerjı bazarına gəldikdə, yuxarıda qeyd etdiyimiz kimi, İran üzərindən sanksiyaların gütürülməsi ilə rəqabət daha da kəskinləşəcək. Deməli, Azərbaycanın özünə yeni gəlir mənbələri yaratmaq zərurəti yaranıb və bu, coğrafi baxımdan Avropa olmayacaq.

Prezident açıq şəkildə dedi ki, Azərbaycan, lazım gəlsə, başqa birliklərə bərabərhüqüqlu şərtlərlə qoşula bilər. Söhbət hansı birliklərdən gedir? Əlbəttə, Avrasiya İttifaqi Birliyindən və bu günlərdə inteqrasiya istiqaməti kimi elan olunan Şanxay Əməkdaşlıq Təşkilatından…

Bu istiqamətdə isə Azərbaycan hələ xeyli əvvəldən hazırlıq görüb. Məsələn, Azərbaycan, ötən il Malaziyanın milli neft şirkəti “Petronans”la əməkdaşlığa başlayıb. Norveçin “Statoil” şirkəti Azərbaycandakı layihələrdə olan payını bu şirkətə satıb.

Digər tərəfdən, Azərbaycan çinin təşəbbüsü lə yaradılan – 100 milyard dollar investisiya portfeli olacaq Asiya İnkişaf Bankının qurulmasında 265 milyon dollar sərmayə ilə iştirak edir.

Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondu vəsaitlərinin bir hissəsini çin bazarına yatırmağa başlayıb. ümumilikdə bu isitiqamətdə 1 milyard dollar investisiya edilməsi nəzərdə tutulub.

Avrasiya İttifaqına və Gömrük Birliyinə Azərbaycanın qoşulması və bu iştirakdan ölkənin dividentlər əldə etməsi bilavasitə daxili idarəetmədə problemlərin həll olunması ilə bağlıdır. Prezidentin çıxışında bəzi dövlət qurumlarını tənqid hədəfinə gətirməsi və islahatlar aparılması barədə göstəriş verməsi təsadüfi görünmür.

Azərbaycanın neftə alternativ kimi gördüyü sahələrdən biri turizmdir. Amma dövlət başçısının da dediyi kimi, aviabletlərdən tutmuş, otellərdəki baha qiymətlər, viza problemləri, sahibkarların incidilməsi bu sahəni inkişaf etməyə qoymur. Avropa Oyunları zamanı ölkəyə ümumilikdə cəmi 28 min turistin gəlməsi problemin nə qədər böyük olması barədə təsəvvür yaradır. Azərbaycandan kiçik, potensial imkanları qat-qat az olan Gürcüstan ötən il 5.1 milyon nəfər turist qəbul edib. İndi Azərbaycandan gedən turistlərin əksəriyyəti AZAL-la uçmur, Tiflisdən gürcü aviaşirkətlərinin daha sərfəli xidmətlərindən istifadə etməyə üstünlük verirlər.

Prezident Azərbaycanın yeni iqtisadi məkana inteqrasiyanı şərtləndirən daha bir neçə sahədə problemin həllini anons etdi:

Birincisi, monopoliya aradan qaldırlmalıdır, əks halda rəqabətədavamlı itisadiyyatın qurulması mümkün deyil.

İkincisi, vergi sistemi təkmilləşdirilməlidir, qanunsuz haqq yığımlarına son verilməlidir.

Deməli, Azərbaycanda “ikili mühasibatlığın” aradan qaldırılması, vergi rüsumlarının olduğu kimi ödənilməsi aidiyyəti qurumların qarşısında tələb kimi qoyulub. Bu sahədə şəffaflıq büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət-vətəndaş münasibətlərinin qaydasına düşməsinə şərait yaradacaq.

Nəticə olaraq qeyd edək ki, Prezidentin çıxışı, hər şeydən əvvəl, Azərbaycanın potensialının daha yaxşı səfərbər olunmasına, məmur-vətəndaş münasibətlərinin sahmana salınmasına yönəlib.

Eyni zamanda, böhranın kəskinləşəcəyi şəraitdə alternativ mənbələrdən büdcənin doldurulmasını, beynəlxalq səviyyədə yeni partnyorlarla münasibətlərin qurulmasını özündə ehtiva edir…

ümumiyyələ, bu müşavirədən sonra bir məsələ tam şəkildə aydınlaşdı: Avropa iqtisadi və siyası məkan, beynəlxaq bazar kimi artıq Azərbaycan üçün öz cəlbedciliyini itirmək üzrədir! Yeni istiqamət Avrasiya İttifaqı, Asiya bazarıdır…

Tuqay Kərimli

Strateq.az