İranla bağlanan nüvə sazişindən sonra dünya bazarında neftin qiymətləri birdən-birə 2%-ə qədər endi. Bu, hələ İran neftinin bazar qiymətlərinə psixoloji təsiridir. Bu gün imzalanan saziş BMT TŞ tərəfindən qəbul olunduqdan sonra İran neftinin dünya bazarına axışı qarşısında heç bir əngəl qalmayacaq, bu da qiymətlərə daha ciddi təsir edəcək. Hər halda iqtisadçı ekspektlər belə düşünür.
Bəs, görəsən bu ucuzlaşmadan biz nə qədər itiririk?
İqtisadçılara görə, 1 dollar ucuzlaşma Azərbaycan üçün gündəlik, təxminən, 400 min dollar itki deməkdir. 2%-lik enişin elə 1 dollardan bir az artıq olduğunu nəzərə alsaq, orta hesabla biz, təkcə bu gün yarım milyard dollara yaxın pul itirdik. Sabah nə qədər itirəcəyik, bunu dünya neft bazarındakı qiymətlər müəyyənləşdirəcək.
Neftin qiymətlərinin ucuzlaşmasından qazananlar da var, təbii. Bunlar sənaye ölkələridir. İstehsal tələbatı bu ölkələri böyük həcmdə neft idxalına yönəldir. Dolayısyla dünya bazarında neftin qiymətləri düşəndə onların cibində daha artıq pul qalır.
Bu gün ən çox neft idxal edən iki ölkə var – ABŞ və çin. İqtisadi göstəricilərə görə, 2013-cü ildən etibarən, gündəlik neft idxalatında çin ABŞ-a yaxınlaşmış vəziyyətdədir – gündə 6.5 milyon barel. Hazırda da hər iki ölkənin idxalatın, təxminən, eyni həcmdə olduğu bildirilir.
Ekspertlərin hesablamalarına görə, bu durumda qiymətlərdə 1%-lik eniş hər iki dövlətə, hardasa, 2.5 milyard dollar pul qazandırır. Neftin 2% ucuzlaşdığını nəzərə alsaq, həm çin, həm də ABŞ sənayeçilərinin ayrı-ayrılıqda bu gün 5 milyard dollar qazandığı məlum olur.
Sabah… Boş verin sabahı. Realist olub bu gününüzlə yaşayın!
Heydər Oğuz
Strateq.az