Yunanıstanın çox gərgin keçən 17 saatlıq müzakirələrdən sonra Avropa İttifaqı (Aİ) və kreditorlarla ölkənin götürdüyü borcları qaytarması və yeni yardımlar alması mövzusunda anlaşması yunanlar tərəfindən birmanalı qarşılanmayıb. Yunanların bir çoxu düşünür ki, Avropa İttifaqının sərt şərtlərini qəbul etməklə “Syirza” Partiyası və onun lideri Aleksis Tsipras seçicilərə verdikləri vədlərə xilaf çıxıblar. Hətta, Tsiprasın Aİ ilə anlaşmaya imza atması onun öz partiyasını da parçalanma və qopmaların başlaması təhlükəsi ilə üz-üzə qoyub.
Bütün bunlarla yanaşı bu gün Tsipras Aİ ilə anlaşmanın parlamentdə təsdiqinə nail olmalıdır. Əks halda Avropa İttifaqının gözlənilən maliyyə yardımı Afinaya verilməyəcək və ölkə iflas olacaq.
Yunanıstan Baş nazirinin problemləri yalnız partiyası və parlamentlə bitmir. Aİ ilə anlaşma onun şəxsi həyatında da problemlər yarada bilər. Belə ki, onun 30 ildir birgə yaşadığı xanım Peristera Batızana (Betti) da Avropa İttifaqı ilə anlaşmaya qarşı çıxdığı bildirilmişdi.
Fransada nəşr olunan nüfuzlu Paris Match nəşri Bettinin belə br anlaşma imzalancağı təqdirdə Tsiprası tərk edə biləcəyi xəbərini yaymışdı. Paris Match nəşri Fransa prezidenti Fransua Ollandın baş nazir Tsiprasla söhbəti ilə bağlı bu sözlərini də qeyd etmişdi: ” Əgər kreditorların şərtlərini qeyd-şərtsiz qəbul edərsəm, yalnız partiyamı deyil, eyni zamanda sevgilimi də itirə bilərəm”.
İndi Yunanıstan və Avropada Bettinin hansı addımı atacağı, hansı açıqlamalar verəcəyi maraqla gözlənilir.
Strateq.az