XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2015 - 09:03

Prezidentdən komandası üçün “sınaq müddəti” sürprizi – Təhlil

prezident_19.jpg

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında söylədikləri, mesaj və təniqdləri, anonsları, yəqin ki, hələ uzun müddət müxtəlif aspektlərdən müzakirə və təhlil olunacaq. Təbii ki, oxşar və bənzər dəyərləndirmələr, proqnozlar səslənməkdədir və bu proses davam edəcək.

Bununla belə, dövlət başçısının istər xarici siyasət, daxili siyasət, iqtisadi məsələlərlə bağlı fikir və tənqidlərini hər zamankından daha sərt və açıq şəkildə söyləməsi hamının diqqətini çəkib.

Prezident əvvəllər də tənqid edib və daha sərt açıqlamalar verib. Lakin bu tənqid və açıqlamalar çox az hallarda ünvanlı olub. Komanda etikasını gözləməyi ilə fərqlənən dövlət başçısı, ən azı, publika qarşısında, yaxud geniş auditoriyada konkret ad çəkmək, şəxs və şəxsləri tənbeh etmək praktikasını tətbiq etməyib.

Hakimiyyət dəhlizlərindən məlumatlı mənbələr “Birinci”nin komanda ilə çox sərt davranıdığını və kifayət qədər tələbkar olduğunu həmişə israrla vurğulayıblar və xarici siyasət məsələlərində dövlət başçısının prinsipiallığını misal çəkiblər.

Bu məlumatlarda qeyd olunur ki, Prezident komanda etiketini hər zaman mümükn olduğu qədər gözləməyə çalışır və publika önündə konkret fiqurları önə çəkməklə yox, daha çox bütün komandaya ünvanlanan tənqidlər səsləndirməyə üstünlük verir. Prezidentin bu yanaşması onun komanda oyun qaydalarına sadiqliyi ilə izah olunur.

13 iyul müşavirəsində isə, obrazlı ifadə etsək, Prezident həmişəki parktikanı dəyişdi. Bunu zəruri edən səbəblər də kifayət qədərdir. Neftin qiymətinin aşağı düşməsi ilə yaranan yeni iqtisadi reallıqda komanda oyunu ilə yanaşı, artıq konkret komanda oyunçularının performansı da çox vacib amilə çevrilir.

Əlverişli şərtlərdə komanda daha çox ümumi şəkildə qiymətləndirilir, çətin, şərtlərin ağırlaşması zamanı isə artıq hər bir komanda üzvünün performansı, nəyə qadir olması, potensialı çox diqqətlə təhlil olunmağa başlayır. Neft qiymətlərinin aşağı düşməsi ilə yaranmış yeni situasiyada artıq İlham Əliyev komandası üçün bu dönəm başlayıb.

Bu vaxta qədər yüksək neft gəlirləri komanda üzvlərinin fəaliyyəti üçün komfort şəraiti təmin edirdi, onlar üçün qənaət, səmərəlilik meyarları heç də ön planda deyildi və daha çox, nə qədər qəribə səslənsə də, ambisiyalı planlara üstünlük verilirdi. Bu layihələrin səmərəli həyata keçirilməsi yox, daha geniş miqyasda, parıltılı, şarmla reallaşdırılması yaxşı praktika kimi təlqin edilirdi. İndi isə vəziyyət dəyişib və komanda üzvləri əvvəlki illərlə müqayisə olunmayacaq az resurslarla işləməli və nəticələr ortaya qoymalıdırlar.

Belə vəziyyətin yaranması Prezident yanaşmasını da dəyişib və publik çıxışlarında artıq daha ünvanlı tənqid və xəbərdarlıq etməyə üstünlük verir. Bu baxımdan, uzun illərdir ki, “zirehli maşın” statusunda toxunulmaz olan Veriglər Nazirliyinin tənqidi, ərkəsöyünlüyü və yersiz inadı ilə seçilən “AZAL”-ın, “ən kübar nazirlik” Mədəniyyət və Turizm Nazirliyinin tənbeh olunması məhz söz açdığımız yeni yanşmanın ilk görsənişləridir.

13 iyul müşavirəsinin ən mühüm məqamlarından biri də komanda və komanda üzvlərinin fəaliyyətinin dəyərləndirilməsində ictimaiyyətin qiymətləndirilməsinin nəzərə alınacağının anons edilməsi oldu. Əslində dövlət başçısının tənqidləri elə məhz ictimai rəyin müşavirədəki inikası idi…

Müşahidələrimizi ümiləşdirərək, qeyd edə bilərik ki, bundan sonra Prezident tərəfindən hər bir komanda üzvünün qiymətləndirilməsi zamanı onların potensialı, performansı və faydalı iş əmsalı, ictimai rəyin dəyərləndirməsi əsas götürüləcək. “Birinci”nin nazirlərə, hökumət üzvlərinə münasibətinin xarakterini də, xeyli dərəcədə bu amillər şərtləndirəcək.

Həmçinin gözlənilən kadr islahatlarında və onların karyera perspektivində bu amillər önə çıxacaq. Beləliklə, payızada baş tutacaq parlament seçkilərindən sonra miqyaslı kadr dəyişiklikləri gözləntiləri fonunda Prezidentin 13 iyuldan etibarən komnadası üçün “sınaq müddəti” təyin etdiyini söyləyə bilərik.

Bu məqamda dövlət başçısının bir az əvvəl müşavirədə “toxunulmaz adam yoxdur”, “heç kim cəzasız qalmayacaq” xəbərdarlıqarını da xatırlatmaq yerinə düşər.

Müşavirədən sonrakı reaksiyalar göstərir ki, Prezidentin yeni yanaşması cəmiyyətlə yanaşı, komanda üzvləri üçün sürpriz olub və dərhal fəallıq nümayişi başlayıb.

Zaur İBRAHİMLİ

Strateq.az